Məhkəmə qərarları › İş №2-2(103)-989/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-989/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-989/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3325/2024 saylı qətnaməsindən iddiaçı “X2” MMC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. “Ekspeditor İddiaçı MMC ilə Sifarişçi Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 0522/2023 saylı yükdaşıma və ekspeditor xidmətləri haqqında müqaviləyə əsasən ekspeditor müştərinin xərci və məsrəfi hesabına müştərinin yükünün yük maşını, dəmir yolu, dəniz, hava nəqliyyatı və/və ya hər hansı digər nəqliyyat vasitəsi ilə daşınmasını təşkil etməyi, müştəri isə, bu müqavilənin 3-cü bölməsinə uyğun olaraq, nəqliyyat xidmətlərinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Daşıma şərtləri, marşrutu, yük nomenklaturası, həcmi, tariflər, xidmətlərin siyahısı, ödəniş şərtləri və digər xüsusi şərtlər tərəflər arasında razılaşdırılaraq sifarişdə və bu müqavilənin müvafiq əlavəsində göstəriləcək.

2. Müqavilənin 3.1-ci bəndinə əsasən müştəri ekspeditorun kommersiya təklifində göstərilən və iş (xidmət) sifarişinin verilməsi ilə müştəri tərəfindən təsdiqlənmiş tariflərə və qiymətlərə əsasən əvvəlcədən ödəniş edir. Avans məbləği ödənildikdən sonra ekspeditor müştərinin tələbi və ya göstərişi istisna olmaqla, hən hansı səbəbdən öhdəliklərinin yerinə yetirilməsinə başlamadıqda və ya yubaddıqda, o cümlədən təhvil verilən xidmətlərdə hər hansı qüsur aşkarlandığı və ya xidmətlərin sifarişçinin tələblərinə uyğun gəlmədiyi təqdirdə ekspeditor ödənilmiş avans məbləğinin tam həcmdə geri qaytarmalıdır.

3. Müqavilənin 3.2-ci bəndinə əsasən müştəri hesab-fakturanın və digər ödəniş sənədlərinin təqdim edildiyi tarixdən etibarən 15 bank günü ərzində ekspeditorun hesabına bank köçürməsi yolu ilə ödəniş etməlidir.

4. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə ödəniş gecikdirilərsə, ekspeditor ödənişin gecikdirildiyi hər təqvim günü üçün müvafiq Əlavədə göstərilən xidmətlərin ümumi dəyərinin 0.1%-i həcmində müştəriyə cərimə tətbiq edəcək, lakin cərimə məbləği müvafiq əlavədə göstərilən xidmətlərin ümumi dəyərinin 10%-dən çox olmamalıdır.

5. EBDS seriyalı, 753109 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 340 manat, EBDJ seriyalı, 944306 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5100 manat, EBDJ seriyalı, 944140 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5793,60 manat, EBDS seriyalı, 020891 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5793,60 manat, EBDP seriyalı, 918362 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 25252 manat, EBDS seriyalı, 753109 nömrəli, xx.xx.2023 cü il tarixli elektron qaiməyə əsasən 340 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir 11 oktyabr 2023-cü il tarixli 5316 saylı satınalma sifarişinə əsasən 6700 ABŞ dolları dəyərində xidmətin göstərilməsi sifariş olunmuşdur, xx.xx.2023-cü il tarixli müqavilə üzrə görülmüş işlərin və xidmətlərin yerinə yetirilməsinə dair akta əsasən xidmətlərin göstərilməsi təsdiq edilmişdir, 1069 nömrəli hesab fakturaya əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə göstərilmiş xidmətində dəyəri 11390 manat müəyyən edilmişdir.

6. 08 iyun 2023-cü il tarixli 5054 saylı satınalma sifarişinə əsasən 3000 ABŞ dolları dəyərində xidmətin göstərilməsi sifariş olunmuşdur, xx.xx.2023-cü il tarixli müqavilə üzrə görülmüş işlərin və xidmətlərin yerinə yetirilməsinə dair akta əsasən xidmətlərin göstərilməsi təsdiq edilmişdir, 0939 nömrəli hesab-fakturaya əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətin dəyəri 5100 manat müəyyən edilmişdir. 18 may 2023-cü il tarixli 4972 saylı satınalma sifarişinə əsasən 3408 ABŞ dolları dəyərində xidmətin göstərilməsi sifariş olunmuşdur, xx.xx.2023-cü il tarixli müqavilə üzrə görülmüş işlərin və xidmətlərin yerinə yetirilməsinə dair akta əsasən xidmətlərin göstərilməsi təsdiq edilmişdir, 0938 nömrəli hesab fakturaya əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətində dəyəri 5793,60 manat müəyyən edilmişdir.

7. 06 noyabr 2023-cü il tarixli 5397 saylı satınalma sifarişinə əsasən 3200 ABŞ dolları dəyərində xidmətin göstərilməsi sifariş olunmuşdur, xx.xx.2023-cü il tarixli müqavilə üzrə görülmüş işlərin və xidmətlərin yerinə yetirilməsinə dair akta əsasən xidmətlərin göstərilməsi təsdiq edilmişdir, 1105 nömrəli hesab fakturaya əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətində dəyəri cəmi 5440 manat müəyyən edilmişdir. 22 iyun 2023-cü il tarixli 5049 saylı satınalma sifarişinə əsasən 21400 ABŞ dolları dəyərində xidmətin göstərilməsi sifariş olunmuşdur, xx.xx.2023-cü il tarixli müqavilə üzrə görülmüş işlərin və xidmətlərin yerinə yetirilməsinə dair akta əsasən xidmətlərin göstərilməsi təsdiq edilmişdir, 1001 nömrəli hesab fakturaya əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətində dəyəri 25252 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "X4" MMC tərəfindən "xxxx" MMC-nin ƏDV sub-hesabına 432 manat ödəniş edilmişdir.

8. 18.03.2024-cü il tarixli ********** ödəniş tapşırıqlarına əsasən "X4" MMC tərəfindən 18 saylı Vəkil Bürosunun hesabına 350 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** ödəniş tapşırıqlarına əsasən "X4" MMC tərəfindən "xxxx" MMC-nin hesabına 2400 manat məbləğində ödəniş olunmuşdur. Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 0522/2023 saylı yükdaşıma və ekspeditor xidmətləri haqqında müqavilə üzrə 47,875,60 manat məbləğində borcun, müqavilə üzrə borcun ödənilmədiyi üçün yaranmış 4787,56 manat məbləğində cərimənin, vurulmuş zərərin əvəzi olaraq 3182 manat məbləğində vəsaitin, 262 manat məbləğində dövlət rüsumunun, yəni ümumilikdə 56107,16 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (Ekspeditor) ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 0522/2023 saylı “Yükdaşıma və Ekspeditor xidmətləri haqqında müqavilə” üzrə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, ekspeditor müştərinin xərci və məsrəfi hesabına müştərinin yükünün yük maşını, dəmir yolu, dəniz, hava nəqliyyatı və/və ya hər hansı digər nəqliyyat vasitəsi ilə daşınmasını təşkil edəcək, müştəri isə bu müqavilənin 3-cü Bölməsinə uyğun olaraq, nəqliyyat xidmətlərinin dəyərini ödəyəcək. Qeyd edilən müqavilə şərtlərinə uyğun olaraq ekspeditor müştərinin verdiyi sifarişlər əsasında yüklərini daşıyıb, tərəflər arasında bu daşımalarla bağlı müvafiq təhvil-təslim aktları imzalanıb, lakin müştəri ekspeditora etməli olduğu ödənişləri icra etməyib. Borcun ödənilməsi ilə bağlı ekspeditorun tələbləri müştəri tərəfindən bu günədək yerinə yetirilməyib. Cavabdeh tərəfindən müqavilə üzrə yüklərin daşınması xidmətinə iddiaçı qarşısında 47,875.60 manat həcmində borc öhdəliyi yaranıb. Bu borc məbləğinin təsdiqi hər iki tərəfin təsdiq etdiyi aşağıdakı aktlarda öz əksini tapıb: xx.xx.2023-cü il tarixli, №-li 20230083 saylı Akt üzrə- 5100 manat, xx.xx.2023-cü il tarixli, №-li 20230084 saylı Akt üzrə- 5793,60 manat, xx.xx.2023-cü il tarixli, №-li 20230160 saylı Akt üzrə- 25252 manat, xx.xx.2023-cü il tarixli, №-li 20230172 saylı Akt üzrə- 11390 manat, xx.xx.2023-cü il tarixli, e-qaiməyə əsasən, boşdayanmaya görə- 340 manat müqavilənin 3.2-ci bəndinə əsasən, müştəri hesab fakturanın və digər ödəniş sənədlərinin təqdim edildiyi tarixdən etibarən 15 bank günü ərzində Ekspeditorun hesabına bank köçürməsi yolu ilə ödəniş etməlidir. Lakin müqavilənin qeyd edilən tələbinə zidd olaraq, müştəri tərəfindən ödəniş edilməyib. Cavabdeh yuxarıda qeyd edilən borc məbləğini ödəməklə yanaşı, bu borc öhdəliyini vaxtında yerinə yetirmədiyinə görə həmin məbləğdən iddiaçıya cərimə məbləğini də ödəməlidir. Belə ki, müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəniş gecikdirilərsə, ekspeditor ödənişin gecikdirildiyi hər təqvim günü üçün müvafiq əlavədə göstərilən xidmətlərinin ümumi dəyərinin 0.1%-i həcmində müştəriyə cərimə tətbiq edəcək, lakin cərimə məbləği müvafiq əlavədə göstərilən xidmətlərin ümumi dəyərinin 10%-dən çox olmamalıdır. Cavabdehə pretenziya məktubunun yazıldığı 14 mart 2023-cü il tarixə əsasən ödənişin gecikdirilməsinə görə yaranmış cərimə məbləğləri aşağıdakı həcmdə olub: xx.xx.2023-cü il tarixli, №-li 20230083 saylı Akt üzrə- 5100 manat üzrə: E-qaimə təqdim edilib: xx.xx.2023. Gecikdirilən gün sayı:- 243 Peniya: 1239.30 manat 2) xx.xx.2023-cü il tarixli, №-li 20230084 saylı Akt üzrə- 5793.60 manat üzrə: E-qaimə təqdim edilib: xx.xx.2023. Gecikdirilən gün sayı:- 243 Peniya: 1407.84 manat 3) xx.xx.2023-cü il tarixli, №-li 20230160 saylı Akt üzrə- 25252 manat üzrə: E-qaimə təqdim edilib: xx.xx.2023. Gecikdirilən gün sayı: 160 Peniya: 4040,32 manat 4) xx.xx.2023-cü il tarixli, №-li 20230172 saylı Akt üzrə- 11390 manat üzrə: e-qaimə təqdim edilib: xx.xx.2023. Gecikdirilən gün sayı: 130 Peniya: 1480.70 manat 5) xx.xx.2023-cü il tarixli, e-qaiməyə əsasən, boşdayanmaya görə- 340 manat üzrə: Gecikdirilən gün sayı- 75 Peniya: 25.50 manat. Beləliklə, müştəri ödəməli olduğu 47,875.60 manat borc məbləğindən əlavə, bu vəsaiti əldə olunmuş razılıq üzrə ekspeditora ödəməkdən boyun qaçırdığı üçün 4787.56 manatı məbləğində cərimə məbləği də ödəməlidir. Cavabdehin öz öhdəliklərini icra etməməsi iddiaçıya maddi zərərin vurulması ilə nəticələnib ki, bu zərər də cavabdeh tərəfindən iddiaçıya ödənilməldir. Belə ki, xx.xx.2023-cü il tarixli, 0522/2023 saylı “Yükdaşıma və Ekspeditor xidmətləri haqqında müqavilə” üzrə vəsaitin cavabdehdən tələb edilməsi üçün iddiaçı hüquqlarının müdafiə edilməsi məqsədilə "xxxx" MMC şirkəti ilə hüquqi xidmət göstərilməsi üçün müqavilə bağlamalı olub. Hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin tələblərinə əsasən, iddiaçı ümumilikdə 3182 manat məbləğində vəsait ödəyib. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 430.1, 442.1, 443.1-443.2-ci maddələrinə istinad olunmuşdur.

11. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində iddia tələbinə münasibətdə mülahizə təqdim edilərək qeyd edilmişdir ki, hazırkı işdə tərəf qismində çıxış edən İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 0522/2023 saylı “Yükdaşıma və Ekspeditor xidmətləri haqqında müqavilə” bağlanmışdır. Müqavilə üzrə cavabdeh müştəri, iddiaçı isə ekspeditor qismində çıxış edir. Müqaviləyə əsasən iddiaçı müştərinin yükünün yük maşını, dəmir yolu, dəniz, hava nəqliyyatı və/və ya hər hansı digər nəqliyyat vasitəsi ilə daşınmasını təşkil etməyi, cavabdeh isə nəqliyyat xidmətlərinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 7.1-ci maddəsinə əsasən bütün mübahisələr və ya iddialar ilk növbədə tərəflər arasında vicdanla və dostcasına danışıqlar yolu ilə həll edilməlidir. Buna baxmayaraq iddiaçı danışıqlar üçün heç bir real addım atmamış, müqavilənin 7.1-ci bəndinin tələbini də nəzərə almayaraq (hansı ki, həmin bənddə mübahisələr danışıqlar yolu ilə həll edilə bilmədikdə məhkəməyə müraciət olunması qeyd olunub) bilavasitə məhkəməyə müraciət etmişdir. Bu isə tərəflərin müqavilədə razılaşdırdıqları vicdanla və dostcasına danışıqlar anlayışının çərçivəsi daxilində hesab edilməməlidir. Belə ki, 25 yanvar 2024-cü il tarixli “Mediasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunun təsdiqlənməsi ilə kommersiya mübahisələri mediasiyanın tətbiq dairəsindən çıxarılıb. Bununla da, cavabdeh haqlı olaraq 29 yanvar 2023-cü ilə təyin olunan mediasiya sessiyasında iştirak etməmişdir və bu mübahisənin qanuni yolla həlli forması sayılmamalıdır. İddiaçı mövcud mübahisənin həlli üçün, öncəliklə, danışıqlar yoluna əl atmalı olsa da, cavabdehə bununla bağlı heç bir təşəbbüs irəli sürməmiş, eləcə də məhkəməyə qeyd olunan məsələ ilə bağlı hər hansı qanuni sübut təqdim etməmişdir. Halbuki tərəflər arasındakı alqı-satqı münasibətləri 2023-cü ilin fevral ayından mövcuddur və bu müddət ərzində cavabdeh müqaviləyə sadiq qalaraq digər öhdəliklərini vaxtlı-vaxtında, lazımi qaydada icra etmişdir. Bu isə cavabdehin müqavilə üzrə öhdəliklərinə vicdanlı yanaşdığını və danışıqlar yolu ilə digər bütün öhdəliklərini də icra edəcəyinin göstəricisidir. İddiaçının "xxxx" MMC ilə bağladığı dəyəri 2400 manat olan müqavilənin vəkilin göstərdiyi vəkillik xidmətləri ilə hər hansı əlaqəsi yoxdur. Belə ki, iddiaçı hüquqi xidmətlərin göstərilməsi üçün vəkillə müqavilə bağlamışdır. Vəkillə bağlanılan müqavilə üzrə göstərilən hüquqi xidmətlərin dəyəri məhz elə həmin müqavilədə də qeyd edilir. Hazırkı işdə həmin məbləğ 350 manat olaraq razılaşdırılmışdır. Bu da iddiaçı tərəfindən vəkil xidmətlərinin göstərilməsi ilə əlaqədar vəkilə ödənilməli olan yeganə məbləğdir. Burdan da görünən odur ki, İddiaçı vəkil xərci kimi cavabdehdən əlavə olaraq 2400 manat tələb etməklə əsassız varlanmaq niyyətində olmuşdur. Yuxarıda da göstərildiyi kimi İddiaçı qanunsuz və əsassız tələblərlə məhkəməyə müraciət etmişdir. Bu isə iddiaçının əsassız varlanmaq niyyətində olduğunun bilavasitə göstəricisidir. İddiaçı tərəfindən cavabdehə qarşı verilən iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. xx.xx.2024-cü il tarixli e-2-2(113)-3325/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən xx.xx.2023-cü il 0522/2023 saylı müqaviləyə əsasən 47875 manat 60 qəpik əsas borc, 2393 manat 78 qəpik cərimə məbləği, hüquqi xidmətə görə ödənilmiş pulun 800 manatın və ödənilmiş dövlət rüsumunun 241 (iki yüz qırx bir) manat hissəsinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh mübahisəli müqavilə üzrə göstərilmiş daşınma haqqı olan 47875,60 manat pulu ödəmədiyindən, iddiaçı isə daşımanın dəyərini tələb etmək hüququna malik olduğundan 47875,60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, tərəflər arasında bağlanmış daşıma müqaviləsində işin yerinə yetirilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsini əsas götürməklə iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 2393,78 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 3182 manat ağlabatan hesab edilmədiyindən məhkəmə hesab etmişdir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə, 800 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

14. İddiaçı MMC apellyasiya şikayəti verərək qətnamənin cavabdehdən dəbbə pulu və məhkəmə xərclərinin, o cümlədən hüquqi yardıma çəkilən xərclərin tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilərək, həmin hissədə iddianın tam təmin edilməsi və məhkəmə xərclərin tam şəkildə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin ona borclu olduğu 47.875,60 manat borc məbləğinin bir il ərzində ödənilməməsinə görə tərəflərin qarşılıqlı razılığı ilə müqavilə üzrə müəyyən edilmiş borc məbləğinin 10%-dən artıq olmayan məbləğdə, yəni 4787,56 manat məbləğində cərimə məbləğinin ödənilməsini tələb edib. Məhkəmə qətnaməsində kifayət qədər bahalı yük avtomobilləri almasına baxmayaraq, bir il ərzində iddiaçıya olan 47.875,60 manat borcunu ödəməyən cavabdehə qarşı 4787,56 manat məbləğində cərimənin nə üçün tənasübsüz yüksək məbləğdə cərimə hesab edilməsi əsaslandırılmayıb. Mülki Məcəllənin 443.1-ci və 21.2-ci maddələri düzgün tətbiq edilməyib. Cavabdehin öz öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya vurulmuş zərərin həcmi ən azı 3182 manat həcmindədir. Bu faktiki çəkilmiş xərci təsdiq edən müvafiq sənədlər məhkəməyə təqdim edildiyi halda, məhkəmə bu məbləğdən yalnız heç bir əsaslandırma gətirmədən ancaq 800 manat ödənilməsini təmin edib. Hesab edirlər ki, iddiaçı tərəfindən cavabdehin öz öhdəliklərini yerinə yetirmədiyinə görə çəkilmiş xərclər tam şəkildə ödənilməlidir.

17. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının "xxxx" MMC ilə bağladığı dəyəri 2400 manat olan müqavilənin vəkilin göstərdiyi vəkillik xidmətləri ilə hər hansı əlaqəsi yoxdur. Belə ki, iddiaçı hüquqi xidmətlərin göstərilməsi üçün vəkillə müqavilə bağlamışdır. Vəkillə bağlanılan müqavilə üzrə göstərilən hüquqi xidmətlərin dəyəri məhz elə həmin müqavilədə də qeyd edilir. Hazırkı işdə həmin məbləğ 350 manat olaraq razılaşdırılmışdır. Bu da İddiaçı tərəfindən vəkil xidmətlərinin göstərilməsi ilə əlaqədar vəkilə ödənilməli olan yeganə məbləğdir. Burdan da görünən odur ki, iddiaçı vəkil xərci kimi cavabdehdən əlavə olaraq 2400 manat tələb etməklə əsassız varlanmaq niyyətində olmuşdur. Məhkəmə isə 1091.1-ci maddənin tələblərini nəzərə almayaraq, cavabdehdən ümumiyyətlə tələb olunmamalı olan 2400 manatı azaldaraq əvəzinə 800 manat tutulmasını qət etmişdir. Halbuki 2400 manat tələbin heç bir hüquqi əsası yoxdur. Bununla yanaşı tərəflər arasında bağlanmış müqavilənin 7.1-ci maddəsinə əsasən bütün mübahisələr və ya iddialar ilk növbədə tərəflər arasında vicdanla və dostcasına danışıqlar yolu ilə həll edilməlidir. Buna baxmayaraq iddiaçı danışıqlar üçün heç bir real addım atmamış, Müqavilənin 7.1-ci bəndinin tələbini də nəzərə almayaraq bilavasitə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə iddiaçının ən başda tərəflər arasındakı müqavilənin mübahisələrin həllinə dair tələblərini pozaraq məhkəməyə müraciət etdiyi üçün iddiasının rədd edilməli olduğunu düzgün qiymətləndirməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.

20. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

21. Mülki Məcəllənin: -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -850.1-ci maddəsinin tələblərinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. -852.1-ci maddəsinə görə ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. -852.4-ci maddəsinə görə ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Apellyasiya baxışının hədləri

22. Mülki Prosessual Məcəllənin: 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Məhkəmə qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamədən hər iki tərəf apellyasiya şikayətləri vermiş, iddiaçı qətnaməni iddianın rədd edilməsi hissəsində, cavabdeh isə iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, İddiaçı MMC(ekspeditor) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2023-cü il tarixli 0522/2023 saylı yükdaşıma və ekspeditor xidmətləri haqqında müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında cəmi 47,875.60 manat dəyərində nəqliyyat (yükdaşıma ekspeditor) xidmətləri göstərilməsinə dair tərəflər arasında aktlar imzalanmış və şirkətlərin möhürləri ilə təsdiq edilmişdir. Həmin aktlarda əks olunan xidmətlərə görə cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq edən sübutlar isə məhkəməyə təqdim etməmişdir.

26. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən olunur ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişi əsasında sonuncuya yükdaşıma və ekspeditor xidmətləri göstərmiş, lakin sonuncu həmin xidmətlərin ödənişini həyata keçirməmiş, nəticədə cavabdehin iddiaçıya 47,875.60 manat borcu yaranmışdır.

27. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 850.1-ci və 852.4-cü maddələrinə əsasən cavabdehdən ödənilməyən 47,875.60 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.

28. Müqavilədə mübahisənin danışıqlar yolu ilə həll edilməsi şərtləndirildiyi halda iddiaçının birbaşa məhkəməyə müraciət etməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə (həm EMİS-də, həm də Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış elektron kabinetə)pretenziya məktubu göndərmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin sözügedən dəlilləri formal mülahizələrə söykənməklə qətnamənin ləğvi üçün əsas vermir.

29. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən kollegiya Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğin azaldılaraq 2393,78 manat məbləğində müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

30. İddianın maddi zərərə görə 3182 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində həmin tələbin cavabdehin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində dəymiş zərər olmasını qeyd etsə də, tələb olunan məbləğ mahiyyət etibarilə iddiaçının hazırkı işə məhkəmədə baxılması ilə bağlı hüquqi yardıma çəkdiyi xərcdir.

31. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbi məhkəmə xərcinin tutulması tələbi kimi qiymətləndirərək MPM-in 121.1-ci maddəsinə əsasən hüquqi yardıma görə çəkilmiş xərclərin əvəzi olaraq cavabdehdən 800 manat tutulmasını ağlabatan hesab etməkdə haqlı olmuşdur.

32. Vəkil xidmətinə çəkilmiş xərcin 350 manat olması və MPM-in 121.1-ci maddəsinə əsasən cavabdehdən tutulmalı olan məbləğin məhz həmin məbləğlə məhdudlaşması, "xxxx" MMC ilə bağlanılmış müqavilənin hazırkı mübahisəyə aidiyyətinin olmaması barədə cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillərinə münasibətdə məhbkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsi xeyrinə qətnamə çıxarılan tərəfin yalnız vəkil xidmətlərinə görə deyil, ümumilikdə vəkil və nümayəndə tərəfindən göstərilmiş hüquqi yardıma çəkilmiş xərclərin qarşı tərəfdən tutulmasını tələb etmək hüququnu təsbit edir.

33. Digər tərəfdən iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış bağlanmış müqavilə şərtlərindən də göründüyü kimi həmin müqavilə məhz hazırkı mübahisə üzrə iddiaçıya hüquqi yardım göstərilməsi ilə bağlı bağlanmışdır. Odur ki, cavabdehin dəlilləri əsassızdır.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

35. Apellyasiya şikayətləri rədd edildiyindən həmin şikayətlər verilərkən verilməsinə görə ödənilmiş dövlət rüsumları müvafiq olaraq apellyasiya şikayəti verən tərəfə aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı “X2” MMC və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3325/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları müvafiq olaraq apellyasiya şikayəti verən tərəfə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

X5

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar