Məhkəmə qərarları › İş №2-2(103)-990/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-990/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-990/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2232/2024 saylı qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC ilə Cavabdeh QSC arasında № 690 saylı, 12 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi və qiymət razılaşma protokolu imzalanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşma protokolunda göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya tam və vaxtında ödəməyi öz öhdəsinə götürür.

3. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir.

4. Müqavilə və qiymət razılaşma protokolu hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.

5. İddiaçı MMC tərəfindən Cavabdeh QSC –yə EBAK seriyalı, 743662 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 63,607,55 manat, EBAD seriyalı, 940254 nömrəli, xx.xx.2019cu il tarixli, dəyəri 35.196,57 manat, EBAC seriyalı, 436154 nömrəli, xx.xx.2019-cu il tarixli, dəyəri 68.486,49 manat, EAAZ seriyalı, 537723 nömrəli, xx.xx.2019-cu il tarixli, dəyəri 35.624,20 manat, EAAy seriyalı, 752873 nömrəli, xx.xx.2019-cu il tarixli, dəyəri 25.973,81 manat, EAAY seriyalı, 320543 nömrəli, xx.xx.2019-cu il tarixli, dəyəri 54.744,09 manat və EAAX seriyalı, 910601 nömrəli, xx.xx.2019-cu il tarixli, dəyəri 10.794,25 manat olan, cəmi 294.426.96 manat olan elektron qaimələr göndərilmişdir.

6. 01.01.2019-xx.xx.2021 dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh QSC tərəfindən xx.xx.2019-cu il tarixdə 9.147,67 manat, xx.xx.2019-cu il tarixdə 8.000 manat və 22.011,70 manat, xx.xx.2019-cu il tarixdə 38.393,30 manat və 30.190 manat, xx.xx.2019-cu il tarixdə 58.039,40 manat, xx.xx.2021-ci il tarixdə 10.000 manat, xx.xx.2021-ci il tarixdə 15.000 manat, xx.xx.2019- cu il tarixdə 1.646,58 manat, xx.xx.2019-cu il tarixdə 1.440 manat və 3.962,11 manat, 0xx.xx.2019-cu il tarixdə 6.910,79 manat və 5.434,20 manat, xx.xx.2019-cu il tarixdə 10.447,09 manat, xx.xx.2021-ci il tarixdə 1.800 manat, xx.xx.2021-ci il tarixdə isə 2.700 manat olmaqla, ümumilikdə 225.122.84 manat məbləğində pul İddiaçı MMC-nin hesabına köçürülmüşdür. Birinci instansiya məhkəməsindəki icraat:

7. İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 690 saylı alğı-satqı müqaviləsi əsasında yaranmış 69.304,12 manat pul vəsaitinin Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, 2019-cu il tarixində İddiaçı MMC ilə Cavabdeh QSC arasında № 690 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni satıcı bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi sayılan qiymət razılaşma protokolunda göstərilən malları Cavabdeh MMC-yə, yəni alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilənin “Ödəniş şərtləri” başlıqlı maddəsinə əsasən alıcı bu müqavilə üzrə satılan mallara görə satıcıya Müqaviləyə əlavə edilmiş Qiymətlərin razılaşma protokoluna uyğun olaraq və qaimə-faktura ilə nəzərdə tutulmuş malların 100% dəyərinin ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Bu bənddə göstərilmiş qaydada malların tam dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməkdə haqlıdır. Lakin 690 saylı müqavilə əsasında baş tutmuş alğı-satqı proseslərini təsdiq edən elektron qaimə əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı, yəni Cavabdeh MMC elektron-qaiməyə əsasən ƏDV daxil 69.304,12 manat məbləğində malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni İddiaçı MMC-yə ödəməmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3580/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəf iddiaçı tərəfindən ona göndərilmiş olan elektron qaimələr üzrə müvafiq ödənişlər etmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, tərəflər arasında olan işgüzar münasibətlər (indiki halda mal mübadiləsi) məhz elektron qaimələr üzərindən həyata keçirilmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, elektron qaimədə göstərilmiş olan 294.426.96 manat dəyərində mallar cavabdehə verilmiş, cavabdeh isə ümumilikdə 225.122.84 manat məbləğində ödəniş etmiş və 69.304,12 manat məbləğində borcu qalmışdır. Odur ki, 690 saylı, 12 iyul 2019-cu il tarixli alqısatqı müqaviləsi üzrə 69.304,12 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

11. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin məhkəmə müdafiəsi hüququnu pozaraq, ədalətli qərar qəbul etməmişdir. Belə ki, məhkəmə cavabdehin nümayəndəsinin işə qoşulması və işlə tanış olmasına dair ərizəsində xahişinə baxmayaraq, faktiki olaraq, işlə tanış olmaq üçün şərait yaratmamışdır. Belə ki, bunun üçün hansı tarixdə və saatda tam tikilmiş və hazır vəziyyətdə olan (protokolları yazılmış halda) kommersiya işi ilə tanış olmağın mümkünlüyü barədə nümayəndəni rəsmi və ya qeyri-rəsmi məlumatlandırmamışdır. Bununla da hansı vəsatətlərin verilməsi zərurəti və cavabdehin təqdim edə biləcəyi mötəbər sübutların mövcud olub-olmaması barədə məlumatsız qalmışdır. Digər tərəfdən cavabdehin nümayəndəsinin təyin edilmiş məhkəmə proseslərində iştirakının üzrlü səbəblərdən mümkünsüzlüyünə dair təqdim edilmiş mötəbər sübutlar olmasına baxmayaraq, qətnamədə cavabdeh tərəfin işdə iştirak etməməsinə qəsdlə bağlamış, yanlış olaraq, qənaətə gəlmişdir ki, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmişdir. Hesab edirlər ki, bu səbəbdən məhkəmə qətaməsi ləğv edilməli, cavabdeh tərəfindən də təqdim edəcəyi, vəsatət, ərizə və sübutlar əsasında kommersiya mübahisəsinə yenidən baxılmalıdır. Apellyasiya baxışı zamanı cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək hazırkı iddianın iddia müddəti buraxılmaqla verildiyini əsas göstərərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini xahiş etdi. Cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisəli alqı-satqı müqavilə üzrə sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə edildiyindən iddia müddətinin buraxılması barədə cavabdehin dəlilləri əsassızdır. Tətbiq edilən hüquq

14. Mülki Məcəllənin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -598.3-ci maddəsin görə əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

15. Mülki Prosessual Məcəllənin:

77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, biqinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında № 690 saylı, 12 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır.

21. Həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə cəmi 294.426,96 manat dəyərində malların təqdim edilməsinə dair elektron qaimələr göndərilmiş, cavabdeh isə həmin qaimələr üzrə 225.122,84 manat məbləğində ödəniş etmişdir.

22. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, tərəflər arasında malların təqdim edilməsinin elektron qaimə göndərilməklə rəsmiləşdirilməsinə dair işgüzar adət formalaşmışdır. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, malların təqdim edilməsi faktı cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində işə baxılması zamanı, nə də apellyasiya şikayətində mübahisələndirilmişdir.

23. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə 294.426.96 manat məbləğində təqdim edilmiş malların müqabilində cavabdeh tərəfindən 225.122.84 manat məbləğində ödəniş edildiyindən cavabdehin iddiaçıya həmin müqavilə üzrə borcu 69.304,12 manat təşkil edir. Odur ki, Mülki Məcəllənin 567-ci və 598.3-cü maddələrinə əsasən iddiaçının cavabdehdən 69.304,12 manat məbləğində pulun tutulmasına dair iddiası əsaslıdır.

24. Birinci instansiya məhkəməsində baxılarkən iştirakının təmin edilməməsi, bununla müdafiə hüququnun pozulması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə işə birinci instansiya məhkəməsində baxılarkən proses iştirakçısı kimi elektron işə (xx.xx.2024-cü il tarixdə) əlavə edilmişdir. Bununla yanaşı məhkəmənin vaxtı və yeri barədə bildirişlər həm Cavabdeh QSC-nin, həm də cavabdehin nümayəndəsi və vəkilinin elektron kabinetlərinə göndərilmişdir. Eyni zamanda elektron işə proses iştirakçısı qismində əlavə edilmiş cavabdehin nümayəndəsi və vəkilinin elektron işlə tanış olmaq imkanı da olmuşdur. Odur ki, cavabdehin qeyd olunan dəlilləri formal mülahisələrə söykənməklə qətnamənin ləğvi üçün əsas vermir.

25. İddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə münasibətdə məhkəmə qeyd edir kİ, cavabdeh birinci instansiya məhkəməsində baxılarkən məhkəmə prosesləri barədə lazımi qaydada məlumatlandırıldığından onun həmin ərizəni məhkəmə qərarı çıxarılanadək birinci instansiya məhkəməsinə təqdim edilməsi imkanı olmuşdur.

26. Odur ki, məhkəmə həmin ərizəni apellyasiya instansiya məhkəməsində qəbul edilməsini və ərizəyə münasibət bildirilməsini mümkün hesab etmir.

27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

28. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti rədd edilditindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavbadeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2232/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar