Məhkəmə qərarları › İş №2-2(103)-992/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-992/2021

20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-992/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 15.07.2021-ci il tarixli, e-2-2(113)-3723/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" QSC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən 158.930 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 158.960 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdehə məxsus bank hesablarının üzərinə iddia tələbi həcmində, yəni 158.960 manat məbləğində həbs qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.07.2021-ci il tarixli, e-2-2(113)-3723/2021 saylı qərardadı ilə iddiaçının iddianı təmin etmək tədbiri barədə ərizəsi təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdehə məxsus bank hesablarında olan pul vəsaiti üzərinə - əmək haqqı, vergi, sosial müdafiə və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan, iddia tələbi həcmində, yəni 158.960 manat məbləğində həbs qoyulmuşdur. Cavabdeh qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh kreditorlar qarşısında olan öhdəliklərinə görə özünə məxsus bütün əmlakı ilə cavabdehlik daşıdığı üçün iş üzrə iddianı təmin etmə tədbiri görülməsinə zərurət yoxdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3723/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 20.08.2021-ci il tarixə təyin edilmiş, iddiaçı lazımı qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 15.07.2021-ci il tarixli, e-2-2(113)-3723/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər; 158.3.1-ci maddəsinə əsasən, birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə üzərinə həbs qoyulur. Məhkəmə iddianı təmin etmə tədbiri görülməsi ərizəyə qiymət verərkən bu tədbir görülmədikdə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının qanunu mənafeyinin pozulma ehtimalını, işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasında tarazlığın təmin edilməsini nəzərə almalı, hər bir ərizə həmin mübahisə kontekstində qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə tərəfindən iddianı təmin etmə tədbiri görülərkən əsas götürülməli olan məqsəd işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin də mənafeləri və onların müdafiəsindəki mütənasibliyin qorunmasıdır. Hazırkı halda iddiaçı tərəfindən pul tələbi irəli sürüldüyündən əsas borc tələbi həddində cavabdehin banklardakı hesablaşma hesablarında olan pul vəsaiti üzərinə həbs qoyulması növündə iddianı təmin etmə tədbiri görülməsi prosessual normaların tələblərinə uyğundur. Şikayətlə bağlı məhkəmə qeyd edir ki, cavabdeh gələcəkdə qətnamənin icrasını təmin etmək üçün hüquqi şəxsin əmlakları olduğunu qeyd etsə də, bu barədə sübutlar şikayətə əlavə edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 15.07.2021-ci il tarixli, e-2-2(113)-3723/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh "xxxx" QSC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 15.07.2021-ci il tarixli, e-2-2(113)-3723/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar