Məhkəmə qərarları › İş №2-2(103)-996/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-996/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-996/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (Açar sözlər: tapşırıq müqaviləsi, əqdin etibarsızlığı, şifahi müqavilə, vicdanlılıq prinsipi) X7 Qocayevin sədrliyi ilə, hakimlər və ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 263/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. xx.xx.2021-ci il tarixli, AZRC/2022/3 saylı Xidmət müaviləsinə əsasən icraçı bu müqavilə ilə müəyyən edilmiş qaydada sifarişçinin (inzibati şöbənin nümayəndəsinin) yazılı sifarişi əsasında (elektron məktub vasitəsilə) səyahət və aid xidmətlərin qiymət təklifini təqdim edir və sifarişçi qiymət təklifini aldıqda, müvafiq seçimini edir və alış təsdiqindən sonra alış sifarişi tərtib edir, bu müqavilədə müəyyən olunmuş xidmətlərin aparılması sifarişçi isə xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür(1.1-ci bənd). Müqavilə üzrə sifariş edilmiş turizm məhsulunun dəyəri ƏDV daxil 5320,19 manat təşkil edir (1.3-cü bənd). İcraçı müvafiq aviadaşıma və turizm xidmətlərinin yalnız satışını təşkil edir və turizm xidmətlərinin razılaşdırılmış keyfiyyət və kəmiyyəti faktiki göstərilən turizm xidmətlərinə uyğun olmadığı təqdirdə, belə turizm xidmətlərini bilavasitə təqdim edən aviaşirkətlər, təşkilatlar, otellər və xidməti təmin edən təşkilatlar məsuliyyət daşıyır (7.2-ci bənd).

2. xx.xx.2022-ci il tarixli, AZRC/2022/1 saylı Xidmət müqaviləsinə əsasən icraçı bu müqavilə ilə müəyyən edilmiş qaydada sifarişçinin (inzibati şöbənin nümayəndəsinin) yazılı sifarişi əsasında (elektron məktub vasitəsilə) səyahət və aid xidmətlərin qiymət təklifini təqdim edir və sifarişçi qiymət təklifini aldıqda, müvafiq seçimini edir və alış təsdiqindən sonra alış sifarişi tərtib edir, bu müqavilədə müəyyən olunmuş xidmətlərin aparılması sifarişçi isə xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür (1.1-ci bənd). Müqavilə üzrə sifariş edilmiş turizm məhsulunun dəyəri ƏDV daxil 308.174,87 manat təşkil edir (1.3-cü bənd). İcraçı müvafiq aviadaşınma və turizm xidmətlərinin yalnız satışını təşkil edir və turizm xidmətlərinin razılaşdırılmış keyfiyyət və kəmiyyəti faktiki göstərilən turizm xidmətlərinə uyğun olmadığı təqdirdə, belə turizm xidmətlərini bilavasitə təqdim edən aviaşirkətlər, təşkilatlar, otellər və xidməti təmin edən təşkilatlar məsuliyyət daşıyır (7.2-ci bənd).

3. İddiaçı tərəfindən cavabdehə aşağıdakı elektron qaimələr göndərilmişdir : - Bakı-ismayıllı-Bakı istiqaməti üzrə xx.xx.2021-ci il tarixli nəqliyyat xərcləri ilə bağlı 96 nömrəli invoysa əsasən 743,40 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBT seriyalı 947366 nömrəli; - Bakı-Ağdam-Bakı istiqaməti üzrə xx.xx.2021-ci il tarixli nəqliyyat xərcləri ilə bağlı 97 nömrəli invoysa əsasən 1053,15 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBT seriyalı 947341 nömrəli; - Bakı-Sumqayıt-Bakı istiqaməti üzrə xx.xx.2021-ci il tarixli nəqliyyat xərcləri ilə bağlı 98 nömrəli invoysa əsasən 223,02 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBT seriyalı 947286 nömrəli; - Nəqliyyat xidməti ilə bağlı 99 nömrəli invoysa əsasən 446,04 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBT seriyalı 947224 nömrəli; - Aviabiletlərin xərcləri ilə bağlı 157 nömrəli invoysa əsasən 3299,43 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBS seriyalı 215845 nömrəli; - Aviabiletlərin xərcləri ilə bağlı 214 nömrəli invoysa əsasən 720 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı 723129 nömrəli; - Aviabiletlərin xərcləri ilə bağlı 67 nömrəli invoysa əsasən 823,93 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBBS seriyalı 960642 nömrəli; - Aviabiletlərin xərcləri ilə bağlı 306 nömrəli invoysa əsasən 1814,09 manat məbləğində xx.xx.2021-ci il tarixli, EBBN seriyalı 752240 nömrəli; - Aviabiletlərin xərcləri ilə bağlı 300 nömrəli invoysa əsasən 34.842,72 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı 952043 nömrəli; - 26-31 iyul otel xərcləri ilə bağlı 264 nömrəli invoysa əsasən 9835,18 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı 952045 nömrəli; - Otel xərcləri ilə bağlı 255 nömrəli invoysa əsasən 19.791,08 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı 952047 nömrəli; - Nəqliyyat xidməti üçün 341 nömrəli, xx.xx.2021 tarixli invoysa əsasən 124,07 manat məbləğində; - Nəqliyyat xərcləri ilə bağlı 342 nömrəli invoysa əsasən 82,60 manat məbləğində xx.xx.2023-cü il tarixli, EBDT seriyalı 679335 nömrəli; - Aviabilet xərcləri ilə bağlı 399 nömrəli invoysa əsasən 3790 manat məbləğində xx.xx.2022-cİ il tarixli, EBCJ seriyalı 952002 nömrəli; - Otel xərcləri ilə bağlı 401 nömrəli invoysa əsasən 1755,90 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı 951997 nömrəli; - Aviabilet xərcləri (cərimələr), viza xərcləri (cərimələr) ilə bağlı 410 nömrəli invoysa əsasən 8168,82 manat məbləğində xx.xx.2023-cİ il tarixli, EBDT seriyalı 681161 nömrəli; - Aviabilet xərcləri, sığorta xərcləri (Fransada UNESCO-nun Baş Qərargahında Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert) ilə bağlı 412 nömrəli invoysa əsasən 174.123,26 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı 951982 nömrəli; - Aviabilet xərcləri (X3 səfəri) ilə bağlı 413 nömrəli invoysa əsasən 12.185,73 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı 951966 nömrəli; - Otel xərcləri ilə bağlı 420 nömrəli invoysa əsasən 2692,36 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı 951906 nömrəli; - Otel xərcləri ilə bağlı 430 nömrəli invoysa əsasən 3835 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı 988384 nömrəli; - “İbis” otelində qidalanma xidməti ilə bağlı 452 nömrəli invoysa əsasən 11.206,93 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCK seriyalı 492252 nömrəli; - Aviabilet xərcləri ilə bağlı 466 nömrəli invoysa əsasən 11.899,51 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCK seriyalı 987113 nömrəli; - Aviabilet xərcləri, sığorta xərcləri ilə bağlı 478 nömrəli invoysa əsasən 1332,62 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCM seriyalı 307869 nömrəli; - Aviabilet xərcləri, sığorta xərcləri ilə bağlı 479 nömrəli invoysa əsasən 2213,40 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCL seriyalı 891858 nömrəli; - Aviabilet xərcləri ilə bağlı 496 nömrəli invoysa əsasən 4519,90 manat məbləğində xx.xx.2023-cü il tarixli, EBDT seriyalı 680143 nömrəli; - Aviabilet xərcləri, visa xərcləri ilə bağlı 497 nömrəli invoysa əsasən 1317,63 manat məbləğində xx.xx.2023-cü il tarixli, EBDT seriyalı 680623 nömrəli; - Oteldə qidalanma xidməti ilə bağlı 498 nömrəli invoysa əsasən 371,46 manat məbləğində xx.xx.2023-cü il tarixli, EBDT seriyalı 681540 nömrəli; - Otel xərcləri ilə bağlı 499 nömrəli invoysa əsasən 709,78 manat məbləğində xx.xx.2023-cü il tarixli, EBDT seriyalı 683504 nömrəli; - Viza xərcləri ilə bağlı 500 nömrəli invoysa əsasən 1088,16 manat məbləğində xx.xx.2023-cü il tarixli, EBDT seriyalı 683780 nömrəli; - Otel xərcləri ilə bağlı 342 nömrəli invoysa əsasən 8335,50 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı 952034 nömrəli; - Aviabilet xərcləri ilə bağlı 364 nömrəli invoysa əsasən 529,08 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı 952022 nömrəli; - Aviabilet xərcləri ilə bağlı 368 nömrəli invoysa əsasən 812,75 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı 952020 nömrəli; - Aviabilet xərcləri ilə bağlı 389 nömrəli invoysa əsasən 1741,29 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı 952018 nömrəli; - Aviabilet xərcləri ilə bağlı 391 nömrəli invoysa əsasən 1473,61 manat məbləğində xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı 952016 nömrəli;

4. Göndərilən elektron qaimələrin siyahısına əsasən bu elektron qaimələr sistem tərəfindən təsdiq edilmişdir (cild 2, səhifə 7).

5. İddiaçı ərizəsində (cild 2, səhifə 200) qaimələrin bəzilərində ödəniş və dəqiqləşmələr olduğunu, 214 nömrəli invoysa əsasən 200 manat, 430 nömrəli invoysa əsasən 568,60 manat, 466 nömrəli invoysa əsasən 1274,57 manat qalıq borc qaldığını bildirmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/9523 nömrəli ekspert rəyinə əsasən İddiaçı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında bağlanmış 01 07.2021-ci il tarixli AZRC/2021/3 saylı və xx.xx.2022-ci il tarixli AZRC/2022/1 saylı xidmət müqavilələri üzrə iş materiallarında olan elektron qaimələr və invoyslar əsasında göstərilmiş xidmətlərin ümumi dəyəri 327906,40 manat məbləğində müəyyən edilir. İddiaçı MMC tərəfindən təqdim edilmiş cədvəl məlumatlarında ektron qaimələr və invoyslar üzrə xx.xx.2022-ci il tarixdə 720,00 manat azaldılaraq 200,00 manat, xx.xx.2022-ci il tarixdə 3835 manat azaldılaraq 568,60 manat və xx.xx.2022-ci il tarixdə 11899,51 manat azaldılaraq 1274,57 manat olmaqla ümumilikdə 14411,21 manat azaldılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat:

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli AZRC/2021/3 saylı və xx.xx.2022-ci il tarixli AZRC/2022/1 saylı xidmət müqavilələri üzrə 313.495,19 manat əsas borc, 75238 manat real zərər, əsas borca illik 5 faizlə hesablanmaqla 31.349 manat pul olmaqla ümumilikdə 420.082,19 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında turizm xidmətlərinin göstərilməsinə dair xx.xx.2021-ci il tarixli AZRC/2021/3 saylı və xx.xx.2022-ci il tarixli AZRC/2022/1 saylı müqavilələr bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh tərəfindən turizm xidmətlərinin göstərilməsi üçün öncədən sifarişlər verilir və iddiaçı tərəfindən həmin sifarişlər yerinə yetirildikdən sonra sifarişlərin dəyəri icraçıya ödənilməlidir. Hazırda cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 313.495,19 manat məbləğində sifariş verilmiş və dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Həmçinin cavabdeh tərəfindən planlaşdırılan X4 Forumu çərçivəsində iddiaçıya ümumilikdə 35.239,98 manat dəyərində turizm məhsulu (aviabiletlər və vizalar) sifariş verilmişdir. Lakin cavabdeh tərəfindən forum təxirə salındığından həmin sifarişlərin ləğv edilməsi zərurəti yaranmışdır. Bununla bağlı iddiaçı və cavabdeh tərəfindən aidiyyəti olan uçuşları həyata keçirən şirkətlərə məktublar göndərilmişdir. X1ydalarına əsasən, uçuşları həyata keçirən şirkətlər sifarişdən imtina edildiyi təqdirdə sifariş verənə cərimələr tətbiq edirlər. Sifariş verilmiş biletlərin əksəriyyətində cərimələr olmasına baxmayaraq, iddiaçı və cavabdeh tərəfindən edilmiş müraciətlərə əsasən cərimələrin bir hissəsi ləğv edilməmişdir. Belə ki, "xxxx" QSC-yə müraciət edilmiş və sonuncu tərəfindən cərimələr tam ləğv edilmişdir, lakin digər şirkətlər biletləri cərimə tətbiq etməklə ləğv etmişlər. Nəticədə ümumilikdə ləğv edilmiş biletlərə görə uçuşları həyata keçirən şirkətlər tərəfindən 7728,82 manat cərimə tətbiq edilmişdir. Həmçinin X4 Forumu çərçivəsində gələn qonaqlara viza təmin edilməsi xidməti göstərilmişdir ki, həmin xidmət həyata keçirildiyindən və viza verilməsi təmin edildiyindən həmin vəsaitin geri qaytarılması mümkünsüzdür. Belə ki, viza verilməsinə dair xidmət haqqı ümumilikdə 440 manat təşkil edir. Bununla yanaşı, tədbirlə əlaqədar iddiaçıya yeni sifarişlər verilmiş və sifarişlər icra olunmuşdur. Həmin sifarişlə əlaqədar cavabdehin iddiaçıya 8089,53 manat borcu yaranmışdır. İddiaçı bununla bağlı cavabdehə hesab-faktura göndərmişdir. Hazırda müqavilə əsasında verilmiş sifarişlərlə bağlı cavabdehin iddiaçıya 313.495,19 manat borcu yaranmışdır. Təqdim edilən bank sənədlərində də göründüyü kimi, bankdan 12%-lə kredit götürülmüşdür. Hətta borc ödənilmədiyindən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı məhkəməyə verilmişdir. Faktiki olaraq banka cavabdehin hərəkətsizliyi ucbatından 75.238 manatdan çox faiz ödənilmişdir. Bu da cavabdehin iddiaçıya vurduğu ziyandır. Bundan əlavə, cavabdehdən əldən çıxmış fayda da tələb olunur ki, bu da illik 5% hesablanmaqla ümumilikdə 31.349 manat edir. Cavabdeh tərəfindən pul vəsaitləri vaxtında ödənilsə idi, iddiaçı işini daha da genişləndirə bilər və tələb olunan vəsaitdən də çox pul vəsaiti qazana bilərdi. Məhkəməyə təqdim edilmiş elektron qaimələrdən və digər sənədlərdən də göründüyü kimi, sifariş verilmiş məhsulların (biletlər, otellər, turlar və s) hamısı cavabdehin tədbirləri ilə bağlıdır. Həmçinin bəzi tədbirlər də vardır ki, yuxarıda qeyd edilən kimi baş tutmamış və biletlər geri qaytarılmayan olduğundan cərimələr yazılmışdır. Həmçinin cavabdeh tərəfindən ödənişlər edilmədiyindən iddiaçının problemləri yaranmış və xidməti göstərən idarələrə ödənişlər edilmişdir. Bunun üçün də məbləğ çox olduğundan bankdan kreditlər götürülmüş və bu günədək də banklara faiz ödənilir. Bu səbəbdən də cavabdeh tərəfindən vurulan ziyan tam ödənilməlidir.

9. Cavabdehin nümayəndəsi X6 iddiaya etiraz və ona əlavə təqdim edərək, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. İddiaya etiraz və ona əlavə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq, iddia tələbinin əsaslılığının müəyyən edilməsi üçün ilk növbədə tələbin istinad etdiyi əqdin etibarlılığı, yəni əqd bağlanarkən qanunla həmin əqdlər üçün tələb olunan etibarlılıq şərtlərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin iddia olunan müqavilə tərəfi kimi iradə ifadəsi realizə olunmamışdır. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən bağlandığı iddia edilən müqavilələr üzrə müvafiq işlər görülsə belə, bu, onun hazırkı kommersiya mübahisəsi üzrə cavabdehə qarşı subyektiv hüququnu istisna edir. Çünki iddiaçının tələb hüququnu meydana gətirən müqavilələr etibarsızdır, bu da həmin müqavilələr üzrə hüquqi nəticəni, yəni iddiaçının tələb hüququnu istisna edir. Əgər iddiaçı tərəfin iddia etdiyi kimi cavabdeh həmin müqavilələri bağlasa idi, müvafiq satınalma prosedurları həyata keçirilməli idi. Hazırkı mübahisə üzrə dövlət satınalmaları ilə bağlı qanunvericiliklə müəyyən edilmiş həmin prosedurların mövcud olmaması ilə yanaşı, sözügedən müqavilələr qanunvericiliklə müəyyən edilmiş satınalma müqaviləsinin nümunəsinə uyğun olmayan formada bağlanmışdır. Bundan başqa, qeyd olunmuş müqavilələr çərçivəsində görülmüş işlər müvafiq qaydada cavabdehə təhvil verilməmiş, habelə bu barədə məhkəməyə də zəruri sübutlar təqdim edilməmişdir. Çünki müqavilələr çərçivəsində müvafiq işlər görüldüyü halda, cavabdehə müvafiq qaydada təhvil verilməli və görülmüş işin nəticəsi rəsmi sənədlər əsasında (təhvil-təslim aktı və s.) qəbul edilməli idi.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-263/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən 313.495,19 manat əsas borc, əsas borca illik 5% ilə hesablanmış 17.607,26 manat olmaqla ümumilikdə 331.102,45 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 560 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən tutularaq İddiaçınə ödənilməsi, ekspertiza xərci olaraq 69 manatın İddiaçındən, 257 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-263/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 263/2025 nömrəli qətnaməsində yol verilmiş yanlışlıq düzəldilərək qətnamənin 67 və 68-ci paraqraflarında və nəticə hissəsinin 2-ci abzasında “17607,26” ədədinin “1932,5” kimi, nəticə hissəsinin 2-ci abzasında “331 102,45” ədədinin “315 427,69” kimi oxunması qərara alınmışdır.

12. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmiş, elektron qaimələrin bir hissəsi düzəlişə və ləğvə qaytarılmış, qalan hissəsi cavabdehin özü və ya sistem tərəfindən təsdiqlənmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən elektron vergi sisteminə aktiv nəzarət edilmişdir. Məhkəmə iclaslarında dəyəri tələb olunan elektron qaimələrin sistem tərəfindən təsdiqləndiyi cavabdehin nümayəndəsinin diqqətinə çatdırılmış, lakin sonuncu qeyd olunan halın əsasını izah edə bilməmişdir. Bundan başqa, cavabdehin nümayəndəsi elektron poçt üzərindən yazışmaların cavabdehin işçiləri tərəfindən aparıldığını qəbul etsə də, işçilərin hərəkətlərinə görə cavabdehin məsuliyyət daşımadığını bildirmişdir. Cavabdehin işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün Mülki Məcəllənin 448.3 və 456-cı maddələrinə müvafiq olaraq cavabdeh məsuliyyət daşıyır. İstisnanı isə iddiaçının cavabdehin əməkdaşlarının müvafiq hərəkətləri barədə məlumatı olması təşkil edir. Cavabdeh tərəf isə iddiaçının belə bir məlumatlılığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, güman və formal mülahizələrini çatdırmışdır. Cavabdeh müqavilənin rəsmiləşdirilməsi qayda və formasına istinadən iddianın rədd olunmasını xahiş etmişdir. Lakin işin müəyyən olunan hallarından cavabdehin hissə-hissə xidmətləri sifariş etdiyi, xidmətlərlə bağlı zəruri olan bütün məlumatları iddiaçıya təqdim etdiyi, xidmətlərin nəticələri ona təqdim olunduqdan sonra heç bir etiraz etmədiyi görünür. Bu isə onu deməyə əsas verir ki, cavabdeh öz maddi və prosessual hüquqlarından suiistifadə edərək öz davranışı ilə şübhəsiz olaraq bağladığı müqaviləni, qəbul etdiyi xidmətləri məhkəmə icratında mübahisələndirmişdir.

13. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-263/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki müqavilə qeyrimüəyyən şəxs tərəfindən imzalanmış, imza edən şəxsin vəzifəsi və şəxsiyyətini identifikasiya edən digər məlumatlar həmin müqavilələrdə öz əksini tapmamışdır. Ekspert rəyi ilə hazırda mübahisələndirilən əqdlərin mədəniyyət nazirinin birinci müavini tərəfindən imza edilmədiyi öz təsdiqini tapmışdır. Digər tərəfdən hər iki müqavilə Mədəniyyət Nazirliyinin möhürü ilə təsdiq edilməmiş, bu hal da həmin müqavilələr üzrə cavabdehin iradə ifadəsinin realizə olunmadığının, yəni onun etibarsızlığının digər mühüm elementi kimi çıxış edir. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən bağlandığı iddia edilən müqavilələr üzrə müvafiq işlər görülsə belə, bu, onun hazırki kommersiya mübahisəsi üzrə cavabdehə qarşı subyektiv hüququnu istisna edir. Çünki, iddiaçının tələb hüququnu meydana gətirən müqavilələr etibarsızdır. Əgər iddiaçı tərəfin iddia etdiyi kimi cavabdeh Mədəniyyət Nazirliyi həmin müqavilələri bağlasaydı, müvafiq satınalma prosedurları keçirilməli idi. Hazırki mübahisə üzrə dövlət satınalmaları ilə bağlı qanunvericiliklə müəyyən edilmiş həmin prosedurların mövcud olmaması ilə yanaşı, sözügedən müqavilələr həmçinin qanunvericiliklə müəyyən edilmiş satınalma müqaviləsinin nümunəsinə uyğun olmayan formada bağlanılmışdır. Əlavə olaraq birinci instansiya məhkəməsi qanunvericiliyin qeyd olunan imperativ tələblərinin icra olunmamasına əhəmiyyət verməyərək, tərəflər arasında ancaq dövlət satınalmalarının əhatə dairəsinə düşən və ancaq bu aspektdə formalaşdırılmalı olan müqavilə münasibətlərinin rəsmiləşdirilməsini mülki qanunvericiliklə tənzimlənməyən “xidmət müqaviləsi” kimi qiymətləndirmiş və anologiya tətbiq etməklə maddi hüquq normalarının tətbiqində kobud səhvə yol vermişdir. İddiaçı iddia tələbini dəyişdirməmiş, müqavilədən irəli gəldiyini göstərmişdir. Belə olan halda, yuxarıda qeyd olunanlara əsasən iddia rədd edilməli idi. Məhkəmə isə iddia tələbindən kənara çıxaraq iddiaçının faktiki gördüyünü iddia etdiyi işlərə əsasən mübahisəyə qiymət vermişdir. İddiaçının iddia etdiyi məbləğin formalaşmasına əsas kimi göstərilən iş həcminə dair sifarişlərin kimlər tərəfindən verilməsi, qeyd olunan yazışmaları icra edən şəxslərin kimliyi, Mədəniyyət Nazirliyinə aid olub-olmaması və aid olduqları halda belə hansı vəzifədə olması, müvafiq sifariş vermək səlahiyyətlərinə malik olan əlaqələndirici və ya məsul şəxslər olub-olmaması barədə araşdırma aparılmamış, bu barədə sübutlar iddiaçı tərəfindən də əlavə edilməmişdir. Əlavə olaraq iddiaçı tərəfindən görüldüyü iddia edilən işlərin cavabdehin müvafiq səlahiyyətli məsul şəxsləri tərəfindən qəbul edilərək təhvil alınması barədə mötəbər sübutlar təqdim edilməmişdir. Halbuki, iddiaçının istinad etdiyi və birinci instansiya məhkəməsinin etibarlı hesab etdiyi müqavilələrin məzmunundan görünür ki, tərəflər arasında icra olunduğu iddia edilən işlərin nəticələrinin qəbul edilməsinə dair təhvil-təslim aktının imzalanması nəzərdə tutulmuşdur. Lakin, tərəflər arasında təhvil-təslimə dair hər hansı bir sənəd rəsmiləşdirilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verlməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

17. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

18. Cavabdehin nümayəndəsi iş materiallarında olan yazışmaların aparıldığı elektron poçt ünvanlarının məxsus olduğu işçilərin siyahısını təqdim etmiş, siyahıda adları qeyd olunan şəxslərin cavabdehin əməkdaşları olduğunu, bir qisminin hazırda da Mədəniyyət Nazirliyində işlədiyini, Acalova soyadlı şəxsin və Emin Əliyev adlı şəxsin adlarının bazada aşkar edilmədiyini, lakin bazada müəyyən boşluqlar olduğunu bildirmişdir. Yazışmalarda iştirak edən əməkdaşlar barəsində heç bir intizam və digər tədbir görülmədiyini, əməkdaşların hər birinin fərqli vəzifəli şəxslərdən tapşırıq aldıqlarını bildirmişdir.

19. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. ... Maddə 357. Bəyənmə (sonradan verilən razılıq) Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

Maddə 360. Səlahiyyət verilməyən şəxsin əqd bağlaması ... 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. ... Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. ... Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. ... Maddə 407. Müqavilənin bağlanması anı 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. ... Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. ... Maddə 783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. ...

21. F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsi Plenumunun 03.03.23-cü il tarixli qərarı: Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ... Apellyasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Cavabdeh isə həmin qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qətnamənin əsaslılığını iddianın təmin edildiyi hissədə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Tərəflər arasında bağlanmış müqavilələr “xidmət müqaviləsi” adlandırılsa da, onların məzmunundan və faktiki icra mexanizmindən görünür ki, iddiaçı cavabdeh üçün xidmətləri bilavasitə özü göstərməmiş, yalnız üçüncü şəxslərdən (otel, aviadaşıyıcı, nəqliyyat və s.) həmin xidmətlərin sifariş edilməsini və təşkilini həyata keçirmişdir. Bu səbəbdən tərəflər arasındakı münasibətlər öz hüquqi mahiyyətinə görə Mülki Məcəllənin 777-ci maddəsində nəzərdə tutulmuş tapşırıq müqaviləsinə uyğundur. Müqavilənin hüquqi kvalifikasiyası zamanı məhkəmə yalnız müqavilənin adını deyil, tərəflərin həqiqi iradəsini və faktiki davranışlarını nəzərə alır (MM, maddə 404.1).

28. Mübahisə edilən müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmişdir. Göndərilən qaimələrin siyahısından görünür ki, həmin elektron qaimələrin vəziyyəti “sistem tərəfindən təsdiqləndi” kimi qeyd olunmuşdur. Cavabdeh bu qaimələri əsassız hesab etdiyi təqdirdə onlara etiraz edə və ya ləğvini tələb edə bilərdi. Lakin cavabdehin bu istiqamətdə hər hansı addım atmaması və qaimələrin sistem tərəfindən təsdiqlənməsi, onun öhdəlikləri qəbul etdiyini göstərir. Cavabdehin dövlət orqanı olması və müvafiq struktura uyğun olaraq ciddi mühasibat uçotu sisteminə malik olması nəzərə alındıqda, sözügedən qaimələrdən xəbərsiz qalması ağlabatan hesab edilə bilməz.

29. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iş materiallarında şəxslərin cavabdehin əməkdaşları olduğunu təsdiq edən siyahını məhkəməyə təqdim etmişdir. Həmin siyahıda göstərilən əməkdaşların adları iddiaçı tərəfindən təqdim olunmuş yazışmaları aparan elektron poçt ünvanları ilə uyğunluq təşkil edir. Bundan əlavə, yazışmaların bir hissəsinin iddiaçıya məxsus rəsmi domenə (culture.gov.az) aid elektron poçt ünvanları vasitəsilə aparılması da bu yazışmaların məhz cavabdehin əməkdaşları tərəfindən həyata keçirildiyini təsdiq edir. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında bu faktı təkzib etməmişdir.

30. Cavabdehin nümayəndəsi məhkəmənin suallarına cavab olaraq qeyd edilən əməkdaşlar barəsində heç bir tədbir görülmədiyini bildirmişdir. Bu fakt cavabdehin apellyasiya şikayətində müqavilə münasibətlərinin mövcudluğunu inkar etməsi ilə ziddiyyət təşkil edir. Belə ki, cavabdeh bir tərəfdən müqavilələrin mövcudluğunu inkar etdiyi halda, həmin münasibətlər çərçivəsində sifarişləri icra etmiş əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət verməmiş və onları məsuliyyətə cəlb etməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi suallara cavab olaraq, sifarişlərin vəzifəli şəxslərin tapşırıqları əsasında icra edildiyini də təsdiq etmişdir.

31. İş materiallarında mövcud olan elektron poçt yazışmalarında iştirak etmiş iki əməkdaşın adı cavabdeh tərəfindən təqdim edilən siyahıda öz əksini tapmasa da cavabdehin nümayəndəsi bununla bağlı verilən suallara cavab olaraq daxili kadrlar bazasında həmin dövrdən müəyyən boşluqların mövcud olduğunu bildirmiş, mahiyyət etibarilə həmin şəxslərin cavabdeh quruma aidiyyətini təkzib etməmişdir. Bu hallar bütövlükdə onu göstərir ki, sifarişlər cavabdehin vəzifəli şəxslərinin göstərişi ilə verilmişdir.

32. İş materiallarından göründüyü kimi, elektron qaimə-fakturalar invoys əsasında tərtib edilmiş, invoysların əlavəsində isə yerinə yetirilmiş konkret sifarişlər göstərilmişdir. Elektron poçt yazışmalarının məzmunu ilə invoysların əlavələri arasında mövcud olan uyğunluq, sifarişlərin icra edildiyini təsdiq edir. Bu uyğunluq tapşırıqların sifarişçinin birbaşa göstərişləri əsasında həyata keçirildiyini və tərəflər arasında faktiki mülki-hüquqi öhdəliklərin yarandığını sübuta yetirir.

33. Cavabdeh müqavilələr üzrə dövlət satınalma prosedurlarına əməl edilmədiyini, müqavilələrin satınalma müqaviləsinin nümunəsinə uyğun olmadığını qeyd edərək onların etibarsız olduğunu iddia etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu satınalma müqaviləsinin mahiyyətini deyil, malların (işlərin, xidmətlərin) əldə edilməsinin prosedur qaydalarını tənzimləyir. Mülki Məcəllədə nəzərdə tutulmuş və ya ona zidd olmayan müqavilələr yalnız həmin qanunda müəyyən edilmiş prosedurlara əməl edildikdə satınalma müqaviləsi statusunu qazanır. Beləliklə, satınalma müqaviləsi özlüyündə müstəqil bir müqavilə növü deyil, mülki-hüquqi müqavilənin xüsusi rəsmiləşdirmə üsuludur.

34. Müqavilənin nümunəvi formadan kənara çıxması və ya satınalma proseduruna əməl edilməməsi tərəflərin qarşılıqlı iradə ifadəsi əsasında yaranmış öhdəliklərin hüquqi mahiyyətini dəyişmir. Əks yanaşma dövlət qurumlarının daxili prosedur pozuntularına istinad etməklə sonradan müqavilə öhdəliklərindən imtina etməsinə imkan yaradar ki, bu da hüquqi müəyyənlik və vicdanlılıq prinsiplərinə ziddir. Cavabdeh sifarişlər verməklə müqavilə münasibətlərini qəbul etmiş və qarşı tərəfdə bu müqavilənin hüquqi qüvvəyə malik olması barədə əsaslı gözlənti formalaşdırmışdır.

35. Bundan əlavə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən satınlama prosesinin təşkili və müvafiq prosedurlara əməl edilməsi satınalan təşkilatın vəzifəsidir. Cavabdehin öz vəzifəsini lazımi qaydada yerinə yetirməməsi nəticəsində bağlanmış müqavilələrin sonradan etibarsız sayılması vicdanlı davranış prinsipi ilə uzlaşmır.

36. Cavabdehin müqavilələrdəki imzaların mübahisələndirilməsi ilə bağlı iddialarına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yazılı müqavilələrin bağlanması zamanı imzanın kimə məxsus olmasının müəyyən edilməməsi tərəflər arasındakı faktiki davranışlar əsasında formalaşmış münasibətlərin hüquqi mahiyyətinin qiymətləndirilməsinə mane olmur. Əqdin sonradan bəyənilməsi əqdi bağlayan şəxsin kimliyi məlum olduğu halda tətbiq edilə biləcəyindən, bu institutun hazırkı iş üzrə yazılı müqavilələrə münasibətdə tətbiqi mümkün deyil. Bununla belə, iş üzrə müəyyən edilmiş faktiki hallar göstərir ki, cavabdehin əməkdaşları tərəfindən verilmiş sifarişlər əsasında tapşırıqlar icra edilmiş, cavabdeh isə tapşırığın icrası nəticəsində əldə olunmuş nəticələrdən istifadə etmiş və bu hərəkətlərə qarşı etiraz etməmişdir. Cavabdehin bu davranışı, sifarişləri verən şəxslərin səlahiyyətlərinin olub-olmamasından asılı olmayaraq, tapşırıq münasibətlərinin faktiki olaraq mövcudluğunu və tərəflər arasında şifahi tapşırıq müqaviləsi üzrə öhdəliklərin yarandığını təsdiq edir.

37. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Türk Hava Yolları şirkətinin Bakı ofisinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun məzmunu (cild 2, səhifə 11) tərəflər arasındakı müqavilə münasibətlərini təsdiq edən mühüm sübutdur. Həmin məktubdan görünür ki, keçirilməsi planlaşdırılan X4 Forumu təxirə salındığına görə əməkdaşlıq etdikləri İddiaçı MMC tərəfindən həmin tədbirlə bağlı əldə edilmiş biletlərin cəriməsiz qaytarılmasına köməklik göstərilməsi xahiş edilir. Nazirlik tərəfindən üçüncü şəxsə ünvanlanmış bu rəsmi müraciət, iddiaçının dəlillərini təsdiq etməklə yanaşı, cavabdehin sifarişlərin verildiyini və tapşırığın məhz onun göstərişi ilə icra edildiyini qəbul etdiyini göstərir.

38. Mülki Məcəllədə tapşırıq müqaviləsi üçün xüsusi forma tələbi müəyyən edilmədiyindən və tərəflər arasında yazılı forma barədə razılıq olmadığından bu müqavilə şifahi formada da bağlana bilər. Elektron poçt yazışmaları vasitəsilə sifarişlərin verilməsi və həmin sifarişlərin icra edilməsi iddiaçının tapşırığı qəbul etdiyini və tapşırıq müqaviləsinin qüvvəyə mindiyini təsdiq edir.

39. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tərəflər arasındakı münasibətlərin etibarsız əqd kimi qiymətnləndirilməsi ehtimalında belə, bu hal iddianın rədd edilməsi üçün əsas təşkil etməzdi. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Hazırkı iş üzrə cavabdehin tapşırıqlar icra edilmiş, cavabdeh tapşırığın icrasının nəticələrindən istifadə etmişdir. Bu nəticələrin təbiətinə görə qaytarılması mümkün olmadığından, onların dəyəri cavabdeh tərəfindən ödənilməlidir.

40. İş materiallarından göründüyü kimi, sifarişlərin icrası zamanı ödənişlər icraçı tərəfindən edilmiş, cavabdeh sifariş olunan xidmətlərdən istifadə etmişdir. Mülki Məcəllənin 783-cü maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməlidir. Bu baxımdan iddiaçının cavabdehin tapşırıqları əsasında çəkdiyi xərclər ödənilməlidir.

41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğundur, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin mahiyyətcə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət e t d i : Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 263/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 263/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar