Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-998/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2550/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 01.07.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən cavabdehə satılmış 50.473 manat məbləğdə mühərrik yağlarının dəyərinin ödənilməyən 34.922,99 manat məbləğdə hissəsinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.07.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 34.922.99 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi kommersiya mübahisəsinə baxarkən kifayət qədər araşdırma aparmamışdır. Belə ki, məhkəmə borcun məbləğini ümumiyyətlə araşdırmamış, yalnız iddiaçının ərizəsində göstərdiyi borcun cavabdehdən tutulması barədə nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən bu istiqamətdə müvafiq araşdırma aparılmış olsaydı, təhvil aktları olmadığından cavabdehin iddiaçıya 34.922,99 manat borcunun olması təkzib olunardı. Beləliklə, məhkəmə işi ətraflı və obyektiv araşdırmamış, nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi nümayəndəsi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İşdən müəyyən edilir ki, tərəflər arasında 01.07.2019-cu il tarixli 0008 nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilənin 5.2-ci bəndinə görə, mal alıcıya təhvil verildikdən sonra alıcı 10 iş günü ərzində malın dəyərinin 100% həcmində ödəniş etməlidir. 23.01.2020-ci il tarixli EBAF 350907 nömrəli elektron qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə 33.273,20 manat, 23.08.2019-cu il tarixli EAAY 878309 nömrəli elektron qaiməyə əsasən 2.000,01 manat, 12.02.2021-ci il tarixli EBAX 391870 nömrəli elektron qaiməyə əsasən 15.200,03 manat dəyərində müxtəlif adda və çeşiddə mallar təhvil verilmişdir. Ödəniş tapşırıqlarına görə 26.08.2019-cu il tarixdə cavabdehın bank hesabından iddiaçının bank hesabına 01.07.2019-cu il tarixli 008 nömrəli müqaviləyə əsasən 1.694,92 manat, 24.01.2020-ci il tarixdə 11.016,95 manat pul köçürülmüşdür. ƏDV sub-uçot hesabından çıxarışa əsasən 01.07.2019-cu il tarixli 008 nömrəli müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya 26.08.2019-cu il tarixdə 305,09 manat, 24.01.2020-ci il tarixdə 1.983,05 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 598.1-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; 598.2-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh onunla iddiaçı arasında alqı-satqı müqaviləsinin bağlandığını, malların satışı barədə elektron qaimələrin təsdiq edildiyini, ona təhvil verilən malların dəyərinin bir hissəsinin, o cümlədən ƏDV hissəsinin ödənildiyini mübahisə etmir. O, borcun məbləğini ümumi ifadələrlə mübahisə edir ki, bununla bağlı da əvvəlcə mübahisəli məbləğ dəqiq göstərilməli və mötəbər sübutlarla əsaslandırılmalı idi. Bütün bunlar da ona dəlalət edir ki, cavabdehin dəlilləri formal mülahizələrdir, borcun ödənilməsini uzatmaq yaxud bundan yayınmaq məqsədi daşıyır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2550/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-998/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-998/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver