Məhkəmə qərarları › İş №2-2(103)-998/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-998/2023

23.11.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-998/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, e-2-2(113)-4073/2023 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 615451,58 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2,02 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 615451,58 manat məbləğində (o cümlədən, vergilər üzrə 455603,48 manat, faizlər üzrə 159848,1 manat) , İcbari Tibbi Sığorta Fonduna 2,02 manat olmaqla, ümumilikdə 615453,6 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********131400, xx.xx.2022-ci il tarixli **********389100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, e-2-2(113)-4073/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.

4. Həmin qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, e-2-2(113)-4073/2023 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi öhdəliyini vaxtında yerinə yetirməyən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması həmin öhdəliyin yerinə yetirilməsini təmin etmək, tezləşdirmək üsuludur. Yəni, yerinə yetirilməmiş vergi öhdəliyinin icra edilməsini təmin etmək, tezləşdirmək mümkün olmayacaqsa, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin görülməsinə lüzum yoxdur. Artıq vəzifəsindən uzaqlaşdırılmış əvvəlki rəhbər Maraqlı şəxs praktiki baxımdan hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişikliyin edilməsi üçün müraciət etmək və ya hüquqi şəxsin bu müraciəti etməsini təmin etmək imkanına malik olmur. Hazırda faktiki və hüquqi baxımdan MMC-nin qanuni təmsilçisi (icra orqanının rəhbəri) olmayan maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması əsassız və ədalətsiz olmaqla yanaşı, həmçinin qeyri-səmərəli hesab edilməlidir. Maraqlı şəxsin müəssisənin işçisi, qanuni təmsilçisi, habelə faktiki rəhbəri olmamasına baxmayaraq, bununla bağlı dəyişiklik dövlət qeydiyyatına alınmadığından, habelə ərizəçinin yol verilmiş nöqsana dair nəzarətedici funksiyasını lazımi formada icra etməməsi səbəbindən maraqlı şəxsin MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hesablanmış borcun dövlət büdcəsinə tutulması səmərəliliyini istisna etməklə MMC-nin borclarının vaxtında ödənilməsindən yayınmasına, maraqlı şəxsin isə hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına səbəb olur. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, maraqlı şəxsin və aidiyyəti şəxslərin məhkəmə prosesinə cəlb edilməsi təmin edilməmişdir. Nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Göründüyü kimi məhkəmə maraqlı şəxsin hüquqlarını qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmə obyektivliyi təmin etmədən, yalnız ərizəçinin dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və maraqlı şəxsin hüquqları pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, müdafiə etdiyi şəxs birinci instansiya məhkəməsində icraat aparılarkən məlumatsız olmuş, bir müddət sonra belə bir vergi borcu olduğunu bilmişdir. Vergi orqanına belə bir vergi borcunun ona aid olmadığı barədə məlumat vermiş, lakin hüquqi savadsızlıqla əlaqədar olaraq reyestrdən adının çıxarılmasını təmin edə bilməmişdir. Maraqlı şəxs heç bir direktorluq fəaliyyəti olmamış, heç bir işçinin işə götürülməsini həyata keçirməmişdir. Bu faktı təsdiqləyəcək şahidləri də var.

8. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

10. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

11. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

12. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

13. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

14. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

15. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 615451,58 manat məbləğində (o cümlədən, vergilər üzrə 455603,48 manat, faizlər üzrə 159848,1 manat), İcbari Tibbi Sığorta Fonduna 2,02 manat olmaqla, ümumilikdə 615453,6 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********131400, xx.xx.2022-ci il tarixli **********389100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

21. Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinin tələblərinə görə hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə yalnız hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur.

22. Lakin kollegiya hesab edir ki, hazırkı işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün heç bir əsas yoxdur.

23. Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, reyestrdə “OTZ İNSHAAT" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi kimi X1 göstərilmişdir.

24. Bu baxımdan kollegiya hesab edir ki, ərizəçi, hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını tələb edilə bilməz. Ona görə də, ərizə rədd edilməlidir.

25. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, e-2-2(113)-4073/2023 saylı qətnaməsi ləğv edilməli, ərizə təmin edilməməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, e-2-2(113)-4073/2023 saylı qətnaməsi ləğv edilsin. Ərizə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar