Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-100/2023 01.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1765/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 6440 manat əsas borcun, 200 manat cərimənin, ödənilmiş 105 manat mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-1765/2022 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 28 may 2020-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsinə əsasən 6440 manat əsas borc məbləği, 100 manat cərimə borcu və 105 manat mediasiya xərci olmaqla, cəmi 6645 (altı min altı yüz qırx beş manat) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1765/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi, X2 və təhvil-təslim aktı imzalanmışdır. Həmçinin müqavilənin 5.2-ci bəndində nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəməsi müəyyənləşdirilmişdir. Müqaviləyə və X1 əsasən cavabdeh iddiaçıdan sahibkarlıq fəaliyyəti ilə əlaqədar ümumi dəyəri 20000 manat olmaqla, mal almışdır. Həmin məbləğdən 3000 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 17000 manatı xx.xx.2020-ci il tarixli X1 əsasən müəyyən olunmuş qrafikə uyğun olaraq xx.xx.2020-ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin 17000 manat qalıq borcdan 10560 manatını ödəmiş və hal-hazırda əsas məbləğ üzrə qalıq borcu 6440 manat, cərimə borcu isə 200 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanuna zidd olaraq qəbul edilmişdir. O, qətnaməni qismən qəbul edir. Belə ki, o, İddiaçı MMC ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlayaraq 20.000 manat olmaqla 1 ədəd lazer epilyasiya aparatı götürmüşdür. Müqaviləyə əsasən təyin olmuş 20.000 manat puldan ilkin ödəniş kimi 3000 manat, daha sonra isə 10.560 manat pul ödəmişdir. Müqavilə əsasında olan pulun bir qismini ödədikdən sonra hazırda onun İddiaçı MMC-yə 6440 manat borcu var. Hazırda İddiaçı MMC ondan 6440 manat pulu tələb etdiyi zaman onlarla əlaqə saxlayaraq müqavilənin ləğv edilərək lazer epilyasiya aparatını heç bir zaman işlətmədiyi üçün geri qaytarmasını və ödədiyi 10.000 manat pulun geri qaytarılmasını tələb etmişdir. Lakin İddiaçı MMC onun tələbi ilə razılaşmayaraq 6440 manat pulu və 200 manat cərimə pulunu tələb edir. O, lazer epilyasiya aparatının ilkin ödənişini ödədikdən sonra ödəniləcək aylıq pulunu ödəmək üçün 10.000 manat pul almaq qarşılığında lazer aparatını qohumunun evinə qoyaraq həmin pulu götürmüş və 560 manat pulu da özündən qoyaraq şirkətə ödəmişdir. İndi isə lazerin pulunu ödəmək üçün pul aldığı şəxs 10.000 manatını tələb etdiyi üçün onu məhkəməyə veribdir. Hazırda lazer epilyasiya aparatı işlənməyib və tam şəkildə qohumunun evindədir. "xxxx" MMC onunla razılaşmadığı üçün lazer onda qalıbdır. Məhkəmə iclasları zamanı məhkəmədə iştirak etmədiyi üçün yetərli izahat verərək iddianın təmin edilməməsini deyə bilməmişdir. Hazırda buradan da görünür ki, hakim heç bir əsaslı səbəb olmadan iddianı qismən təmin edibdir. Hal-hazırda onun qanunla qorunan hüquqları pozulmuşdur. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəmə kollegiyasına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-1765/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 28 may 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı malları alıcıya satmağı, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.2-ci bəndindən görünür ki, alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci bəndində göstərilən müddətdə icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində satıcıya cərimə ödəməlidir. İş materiallarında olan tərəflər arasında bağlanmış 28 may 2020-ci il tarixli alqı-satqı müqaviləsinə dair X2ndan görünür ki, alıcı ümumi dəyəri 20000 manat olan malı almağı, bu məbləğdən 3000 manatını ilkin ödəniş olaraq ödəməyi, qalıq məbləği, yəni 17000 manatı isə “X2” ilə müəyyən olunmuş qrafikə uyğun olaraq xx.xx.2020-ci il tarixdən başlayaraq satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan tərəflər arasında bağlanmış 28 may 2020-ci il tarixli alqı-satqı müqaviləsinə dair təhvil-təslim aktından görünür ki, satıcı “Təhvil-təslim” aktı ilə siyahısı müəyyən olunmuş malları qüsursuz olaraq alıcıya təhvil vermiş, alıcı isə həmin malları təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 120 nömrəli maliyyə arayışından görünür ki, alıcı 28 may 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 17000 manat qalıq borcundan 10560 manat ödəniş etmişdir. Hazırda onun müqavilə üzrə ödənilməmiş 6440 manat əsas borcu, 200 manat cərimə borcu vardır. İş materiallarında olan borcun qaytarılması tələbinə dair xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi və İddiaçı MMC-nin nümayəndəsi tərəfindən 100 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. Məhkəmə kollegiyasının iclasın müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi, X2 və təhvil-təslim aktı imzalanmış, həmçinin müqavilədə nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəməsi müəyyənləşdirilmişdir. Müqaviləyə və X1 əsasən cavabdeh iddiaçıdan sahibkarlıq fəaliyyəti ilə əlaqədar ümumi dəyəri 20000 manat olmaqla mal almış, həmin məbləğdən ümumilikdə 13560 manatını ödəmiş və hal-hazırda əsas məbləğ üzrə qalıq borcu 6440 manat, cərimə borcu isə 200 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 28 may 2020-ci il tarixdə alqısatqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə malın alınıb-verilməsi, ödənişin məbləği, ödəmə müddəti, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişi vaxtında icra etməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 6440 manat əsas borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 200 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin alğı-satqı müqaviləsinə əsasən iddiaçıdan haqqını sonradan ödəmək şərti ilə almış olduğu malların 6440 manat əsas borc təşkil edən hissəsinin dəyərini sonradan ödəmədiyi məhkəmə iclasında müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə qismən təmin etməkdə haqlı olmuşdur. Cərimə hissəsinə gəldikdə kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-ci maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.Lakin dəbbə pulunun miqdarı zərərdən tənasübsüz dərəcədə yüksək olmamalıdır. Dəbbə pulunun məbləği kreditorun zərərinə tənasübsüz surətdə uyğun olmadıqda istər qanun üzrə istərsə də müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun məbləği məhkəmənin təşəbbüsü ilə azaldıla bilər. Məhkəmənin dəbbə pulunu azaltmaq səlahiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddədə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq cavabdehə hesablanmış dəbbə pulunu azaltmışdır ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmiş, məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, o, həmin lazer epilyasiya aparatını almış olsa da, lakin onu işlətməmiş və onu qaytarmaq istəyir, lakin iddiaçı onunla razılaşmır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin hallarından göründüyü kimi iddiaçı müqavilə şərtlərinə uyğun olaraq lazımi keyfiyyətdə olan malı cavabdehə təhvil vermiş, cavabdeh müqavilə öhdəliyi üzrə müəyyən ödənişlər etmiş, lakin sonradan ödəniş etməkdən imtina etmiş və bunu iddiaçıya ödəmiş olduğu pulun 10000 manat hissəsini digər şəxsdən borc olaraq götürdüyünü və borcunu ödəyə bilməməsi ilə əsaslandırır ki, həmin dəlil iddiaçının müqavilə öhdəliyini lazımi qaydada icra etməməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1765/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-100/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-100/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver