Məhkəmə qərarları › İş №2-2(104)-102/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-102/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-102/2023 01.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 17 may 2022-ci il tarixli, e-2-2(115)-402/2022 saylı qətnaməsindən cavabdeh «Turanyol Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 11837 manat 16 qəpik məbləğində müqavilə üzrə borcun, 5000 manat məbləğində maddi ziyanın, 5000 manat məbləğində mənəvi zərərin əvəzinin və ödənilmiş 222 manat 60 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdehn Baş direktoru X2 ilə 14 aprel 2021ci il tarixdə, Ziya Bünyadov küçəsində Azərbaycan Respublikası Beynəlxalq Bankın yaxınlığında yerləşən, ona məxsus ofisdə görüşüb söhbət etmişlər. Söhbət əsnasında Qurban Əliyev bildirdi ki, Bakı-Rusiya yolunun çəkilməsi ilə əlaqədar torpaq işlərinin görülməsi və yolun hamarlanması xidmətlərinin həyata keçirilməsi məqsədilə ona, hər ay xidmət haqqı ödəmək şərti ilə, ağır texnika lazımdır. Buna görə onunla razılaşmış və özünə məxsus olan 10BA159 dövlət qeydiyyat nişanlı və **-BA-*** dövlət qeydiyyat nişanlı iki ədəd “Buldozer” texnikası vasitəsi ilə işlərin icra olunmasını öhdəsinə götürmüşdür. Xidmətlərin göstərilməsi haqqında Cavabdeh MMC ilə 14 aprel 2021-ci il tarixində müqavilə imzalayıblar. Görüləcək işlərin icrası ilə əlaqədar olaraq yuxarıda qeyd etdiyi texnikaları Siyəzən rayonuna yola salmışdır. Ona məxsus texnikalar vasitəsi ilə qarşıya qoyulan xidmətlər icra olunmuşdur. Lakin, Cavabdeh MMC-nin Baş direktoru X1 4-cü bəndində göstərilən öhdəlikləri yerinə yetirməkdən imtina etmişdir. Belə ki, həmin müqavilənin 4-cü bəndində göstərilmişdir ki, bir Buldozerlə icra olunan işlərin müqabilində aylıq ödəniş 8650 (səkkiz min altı yüz altmış) Azərbaycan manatı təşkil etmişdir. Bundan başqa, razılaşmaya əsasən texnikaların daşınması üçün 600 manat MMC tərəfindən ödənilməli idi. Ona məxsus iki ədəd Buldozrlərlə icra olunan işlərin məbləği 14,837.16 (on dörd min səkkiz yüz otuz yeddi manat, 16 qəpik) manat, texnikaların daşınması xərci 600 manat olmaqla, cəmi yaranmış borc 15,437.16 (on beş min dörd yüz otuz yeddi manat, 16 qəpik) manat təşkil etmişdir. İcra olunan işlərin müqabilində Cavabdeh MMC-nin Baş direktoru Qurban Əliyev tərəfindən ona cəmi 3000 (üç min) manat ödənilmişdir. Qalan, 12,437.16 (on iki min dörd yüz otuz yeddi manat, 16 qəpik) manat məbləğində pul vəsaiti Cavabdehn Baş direktoru X2 tərəfindən bu günə qədər ödənilməmişdir. Xeyli müddətdir ki, Cavabdeh MMC-nin Baş direktoru Qurban Əliyevlə əlaqə saxlasa müsbət nəticə verməmişdir. Cavabdeh Qurban Əliyev hər dəfə bir bəhanə gətirərək pul vəsaitinin ödənilməsindən yayınmışdır. Aralarında aparılan danışıqlardan məlum olmuşdur ki, Qurban Əliyev 12,437.16 (on iki min dörd yüz otuz yeddi manat, 16 qəpik) manat məbləğində pul vəsaiti ödəməkdən qəsdən yayınmışdır. Beləliklə, cavabdehdən pulun alınması üçün 08 oktyabr 2021-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib. Şikayət ərizəsi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi RPİ-nə göndərilmişdir. Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən alınmış cavab məktubunda göstərilmişdir ki, “məsələ ilə bağlı Sizə olan 12437 manat 16 qəpik icarə haqqı borcunu ödəmədiynə görə, Binəqədi rayonu, Z. Bünyadov prospektində fəaliyyət göstərmiş Cavabdeh MMC barəsinədə mülki qaydada məhkəməyə müraciət etməyiniz məqsədə müvafiqdir”. Odur ki, müqavilə üzrə cavabdehdən pulun alınması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehn Baş direktoru X2 etibardan sui-istifadə etmək və aldatmaq yolu ilə aralarında bağlanmış müqavilə üzrə icra olunmuş işlərin müqabilində ödənilməli olan pul vəsaitini mənimsəmiş və bununla da, ona xeyli miqdarda maddi və mənəvi zərər vurmuşdur. Onun vurduğu zərərə görə ailəsinin dolanışıq vəziyyəti xeyli pisləşmişdir. Cavabdeh X2 müqavilə üzrə 12,437 manat 16 qəpik (on iki min dörd yüz otuz yeddi manat 16 qəpik) məbləğində pulun ödənilməsi istiqamətində hər hansı təşəbbüs göstərməmiş və beləliklə, onu aldatmaqla vaxt udmağa cəhd etmişdir. Cavabdeh X2 müqavilə üzrə 12,437 manat 16 qəpik (on iki min dörd yüz otuz yeddi manat 16 qəpik) məbləğində pul vəsaitindən istifadə etməklə və onu vəd verdiyi müddət bitdikdən sonra da özündə saxlamaqla əsassız şəkildə varlanmışdır. Onun hərəkətləri onun əsəblərinə toxunmuş və səhhətinin pisləşməsinə səbəb olmuşdur. Həmin məbləğdə pulun yeddi aydan artıq müddətdə ailənin büdcəsindən kənarlaşması nəticəsində ailənin maddi vəziyyətinin xeyli pisləşməsinə səbəb olmuşdur. Gəncə Kommersiya Məhkəməsinin 17 may 2022-ci il tarixli, e-2-2(115)-402/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismən təmin edilərək, 11837 manat 16 qəpik məbləğində borc və ödənilmiş 122 manat 60 qəpik məbləğində dövlət rüsumunun Cavabdehndən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: Sifarişçi İddiaçı ilə icraçı Cavabdeh arasında bağlanmış T/Y002 nömrəli 14 aprel 2021-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, sifarişçi Bakı- Rusiya Federasiyası yol çəkilişi əlaqədar torpaq işlərinin görülməsi və yolun hamarlanması xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada həmin xidmətləri özünə məxsus buldozer texnikası vasitəsi ilə göstərməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.5-ci bəndindən görsənir ki, göstərilən xidmətin aylıq xidmət haqqı 8560 manat təşkil etmişdir. EBBK seriyalı 093351 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, X3 tərəfindən buldozerlə göstərilən torpaq işləri və yolun hamarlanması xidmətinin haqqı 5991 manat 93 qəpik təşkil etmişdir. EBBK seriyalı 093137 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimədən görünür ki, X3 tərəfindən buldozerlə göstərilən torpaq işləri və yolun hamarlanması xidmətinin haqqı 8845 manat 23 qəpik təşkil etmişdir. 14 aprel 2021-ci il tarixli, xəzinə məxaric orderindən görünür ki, İddiaçı 3000 maant pulu almışdır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 17 may 2022-ci il tarixli, e-2-2(115)-402/2022 saylı qətnaməsindən narazı qalan cavabdeh «Turanyol Group” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 17 may 2022-ci il tarixli, e-2-2(115)-402/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh «Turanyol Group” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar tərəfindən müqavilə şərtlərinə əməl edilmiş, icarə haqqı tam ödənilmiş və hazırda iddiaçıya ödənilməmiş icarə pulu ilə bağlı borcları yoxdur. Əksinə iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl edilməmiş, yəni iddiaçı tərəfindən 14 aprel 2021-ci il tarixli müqavilə 1 il müddətinə bağlanmasına və müqavilədə həmin müddət ərzində iddiaçı tərəfindən texnikalar cavabdehin tam istifadəsinə verilməsi qeyd edilməsinə baxmayaraq, iddiaçı müqavilə şərtlərinə əməml etməyərək onlara ziyan vurmuşdur. Onların birinci instansiya məhkəməsində iştirakları təmin edilmədiyindən onlar məhkəməyə sübut təqdim edə bilməmişlər. Həmçinin müqavilə 18 aprel 2021-ci ildə Bakı şəhərində bağlanmasına baxmayaraq qanunvericilikdə nəzərdə tutulan ərazi aidiyyatı qaydalarına əməl edilməmiş və hazırki işə Gəncə Kommersiya Məhkəməsində baxılmışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, müqavilə üzrə ona yalnız müqavilə bağlandığı zaman avans kimi 3000 manat pul ödənilmiş, başqa hər hansı bir məbləğ ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavadbeh apellyasiya şikayətində hər hansı bir əsaslı dəlil irəli sürməmişdir. Aidiyyət qaydası isə pozulmamışdır. Cavabdeh məhkəmə iclasına gəlməməklə işi uzatmağa çalışır. Buna görə də işə cavabdhein nümayəndəsinin iştirakı olmadan baxılmasını tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh «Turanyol Group” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

752. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab ki, Gəncə Kommersiya Məhkəməsinin 17 may 2022-ci il tarixli, e-2-2(115)-402/2022 saylı qətnaməsindən cavabdeh «Turanyol Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh «Turanyol Group” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 14 aprel 2021-ci tarixdə T/Y002 nömrəli podrat müqaviləsi bağlanaraq, sifarişçi Cavabdeh MMC Bakı- Rusiya Federasiyası yol çəkilişi ilə əlaqədar torpaq işlərinin görülməsi və yolun hamarlanması xidmətlərinin göstərilməsini icraçı İddiaçı sifariş vermiş, icraçı isə ona məxsus **-BA-*** dövlət qeydiyyat nişanlı “Buldozer” texnikası vasitəsilə göstərilən xidməti göstərməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş elektron qaimələrdən görünür ki, X3 tərəfindən buldozerlə göstərilən torpaq işləri və yolun hamarlanması xidmətinin haqqı 5991 manat 93 qəpik və 8845 manat 23 qəpik olmaqla, ümumilikdə 14837,16 manat dəyərində xidmət göstərilmişdir. Həmin məbləğdən isə cavabdeh tərəfindən 3000 manat ödənilmişdir. Məhkəmə kollegiyası cavabdehin işə aidiyyət qaydalarının pozulması ilə baxılmasına dair apellyasiya şikaytinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan vergi ödəyicisinin məlumat vərəqindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman cavabdeh olan hüquqi şəxsin ünvanı ünvan 1ndığı yerə görə isə aidiyyət qaydası prosessual qanunvericilikdə nəzərədə tutulmamışdır. Mülki prosessual Məcəllənin 36.11-ci maddəsinin tələbinə görə isə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər ki, bu da iddiaçının seçiminə görə mümkündür. Hazırkı mübahisə üzrə isə iddiaçının seçimi hüquqi şəxsin hüquqi ünvanı üzrə olmuşdur. Buna görə də işə baxılan zaman ərazi aidiyyət qaydalarının pozulması müəyyən edilməmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində onlar tərəfindən müqavilə şərtlərinə əməl edildiyini, icarə haqqının tam ödənildiyini, hazırda iddiaçıya ödənilməmiş icarə pulu ilə bağlı borclarının olmadığını, əksinə iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl edilmədiyini, yəni iddiaçı tərəfindən 14 aprel 2021-ci il tarixli müqavilə 1 il müddətinə bağlanmasına və müqavilədə həmin müddət ərzində iddiaçı tərəfindən texnikalar cavabdehin tam istifadəsinə verilməsi qeyd edilməsinə baxmayaraq, iddiaçının müqavilə şərtlərinə əməl etməyərək onlara ziyan vurduğunu qeyd etmişdir ki, məhkəmə kollegiyası cavadbehin şikayətinin dəlillərini əsassız hesab etmişdir. Belə ki, məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə icarə deyil, podrat müqaviləsi olmuşdur ki, həmin müqavilə üzrə göstərlmiş xidmətlər üzrə ödənilməli olan muzd məbləğinin 14837,16 manat dəyərində olması və həmin xidmətlərə görə 3000 manatın cavadbeh tərəfindən ödənilməsi sübut olunmaqdadır. Cavabdeh digər qalıq məbləği ödədiyini iddia etsə də hər hansı bir ödəniş sənədini apellyasiya şikayətinə əlavə etməmiş, o cümlədən məhkəməyə də təqdim etməmişdir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış 14 aprel 2021-ci il tarixli müqavilənin 1 il müddətinə bağlanmasına və həmin müddət ərzində iddiaçı tərəfindən müvafiq xidmətlərin göstərilməli olmasına baxmayaraq, iddiaçının müqavilə şərtlərinə əməl edilməməsi və cavadbehə ziyan vurulması ilə bağlı cavadbehin apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, qeyd edilən mübahsiə hazırkı iddianın predmetinə daxil olmamışdır. Hazırkı mübahisə üzrə iddianın predmeti podrat müqaviləsi üzrə göstərilmiş xidmətlərə görə ödənilməli olan muzdla bağlı olmuşdur. İddiaçı tərəfindən müqavilə şərtlərinin pozulduğu iddia edildiyi halda məhkəmə müdafiəsi hüququndan istifadə edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Buna görə də Gəncə Kommersiya Məhkəməsinin 17 may 2022-ci il tarixli, e-2-2(115)-402/2022 saylı qətnaməsindən cavabdeh «Turanyol Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 17 may 2022-ci il tarixli, e-2-2(115)-402/2022 saylı qətnaməsindən cavabdeh «Turanyol Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 17 may 2022-ci il tarixli, e-2-2(115)-402/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar