Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-103/2025 05.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair İş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-122/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları “X1 Kompleksi” MMC, “X1 Kompleksi” MMC-nin “Tərtər Pİ və TM” Filialı (birlikdə alıcı) və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 101 nömrəli xam-pambığın alğısatqı müqaviləsinə görə cavabdeh öhdəsində olan 7 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 32 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə yalnız iddiaçıya satmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında ümumilikdə 6340,27 manat məbləğində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini lazımınca icra etməmiş mövsüm başa çatsa da, 799,08 manat məbləğində xam pambıq təhvil vermiş və çəkilmiş xərclərdən hazırkı dövrə kimi ümumilikdə 5541,19 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 5541 manat, hesablanmış cərimə borcuna görə 1108 manat və ödənilmiş dövlət rüsumuna görə 87 manat olmaqla cəmi 6736 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı qismində “X1 Kompleksi” MMC, tədarükçü qismində “X1 Kompleksi” MMC-nin “X2 və Emalı Zavodu” filialı və fermer Cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə xx.xx.2023-cü il tarixli, 101 saylı xampambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilələrin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan ümumilikdə 6340,27 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 799,08 manat dəyərində pambıq təhvil verərək ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2023-cü il mövsümü üzrə xx.xx.2023-ci il tarixli, 101 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 5541,19 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.1-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xampambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 800 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 1108 manat təşkil edir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə hec bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, Müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-122/2025 nömrəli qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddia qismən təmin edilmiş, cavabdehdən 5541 manat məbləğində borc, 200 manat cərimə olmaqla, ümumilikdə 5741 manat məbləğində pulun və 77,41 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “X1 Kompleksi” MMC, tədarükçü qismində “X1 Kompleksi” MMC-nin “Tərtər Pİ və TM” filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 101 saylı xam-pambığın alğı-satqı müqaviləsinə görə cavabdeh öhdəsində olan 7 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 32 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçının mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə 6340,27 manat məbləğində avans vəsaitlər (nağdsız qaydada pul vəsaiti, dərman, toxumluq çiyid, gübrələr və s.) verilmiş, işlər görülmüş və müxtəlif xidmətlər göstərilmişdir Müqavilə şərtlərinə əsasən, cavabdeh iddiaçı tərəfindən verilmiş avans vəsaitlərin, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyərini istehsal etdiyi xampambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, avans məbləğindən artıq təhvil verdiyi xam-pambığın dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. İddiaçı tərəfindən təqdim olunan maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən 6340,27 manat avans borcundan 799,08 manat ödəniş olunmuşdur. Odur ki, iddiaçı tərəfindən 6340,27 manat avans verildiyi və cavabdeh tərəfindən 799,08 manat ödəniş olunduğu nəzərə alınarsa cavabdehin 5541 manat əsas borcunun olduğu müəyyən olunur. Cavabdeh məhkəmə iclasında sahədə suvarılma aparılmasının mümkün olmamasını və şirkətin nümayəndələri tərəfindən bununla bağlı akt tərtib olunduğunu əsas götürərək, iddianın rədd edilməsini xahiş etsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanılmış müqavilədə əkin sahəsinin suvarılması ilə bağlı iddiaçının hər hansı bir öhdəliyi olmamışdır. Müqavilənin 6.2-ci maddəsində yalnız suvarma üçün vəsaitin ayrılması nəzərdə tutulmuş, lakin həmin vəsaitin ödənilməsi iddiaçının hüququ olmuş və onun ödənilməməsinə görə fermer qarşısında heç bir məsuliyyət daşımadığı qeyd olunmuşdur. Suvarılma olmaması səbəbi ilə cavabdehin öz sahəsindən lazımi qədər məhsul əldə edə bilməməsi onun iddiaçı qarşısında olan öhdəliyindən azad etmir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 567, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216- 220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və ya düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə hazırki iş üzrə yaranmış mübahisəli hüquq münasibətlərinə tətbiq edilməli olan MPM-in 6-8, 9.1, 9.2, 13, 14.1, 78.2, 85.1, 88, 89.1, 89.3, 106.3, 106.4, 184.4, 188.1, 217.2 və 220-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 12, 24-26-cı maddələrini, 60-cımaddəsinin İ, 71-cimaddəsinin İ, İİ, 125-cimaddəsinin İİİ, Vİİ, 127-cimaddəsinin İİİ, İV, Vİİ və 129cumaddəsinin İİİ hissələrini tətbiq etməmiş, iş üzrə tətbiq etdiyi AR MM-nin 6.2, 385.1, 386.1, 390.4, 442, 443.1, 445.2, 448.1, 448.2, 567, 598, 460.1, 462.1, 467-ci, AR MPMnin 14.2, 77.1, 217.1, 217.3 və 217.5-ci maddələrini düzgün tətbiq etməmiş, yəni həmin normaların məzmunu və mahiyyəti düzgün başa düşülməmiş və bu səbəbdən məhkəmə tərəflərin hüquq və vəzifələri barəsində düzgün olmayan nəticəyə gəlmişdir ki, bu hallar da AR MPM-nin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Qətnamənin qanunsuz və əsassız olmasına dair üçüncü dəlili ondan ibarətdir ki, məhkəmənin qətnamə çıxararkən gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, mübahisənin maddi və prosesual hüquqi əsasları düzgün müəyyən edilməmiş və məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir ki, bu hallar da MPM-in 385.1.1-385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Belə ki, məhkəmə onlara məhkəmə iclasının keçirilməsi barədə lazımi qaydada məlumat verməmiş və bu səbəbdən də keçirilən məhkəmə iclasına tərəfindən etiraz yazılıb göndərilməmiş və bununla da MPM-in 77.1, 88 və 217-ci maddələrinin müddəalarını pozmuşdur. Qeyd olunan hallar isə MPM-in 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə isə qanuna və sübutlara əsaslanmamışdır. Belə ki, iş materiallarında olan aktda onun becərdiyi sahəni üzürlü səbəblərdən suvara bilmədiyi təsdiq edilsə də məhkəmə onu nəzərə almamışdır. Bu isə onu deməyə əsas verir ki, məhkəmə işin bütün faktiki hallarını araşdırmadan iddianı təmin etmiş və nəticədə maddi və prosessual hüquq normalarını pozmuşdur. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi(vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598. Alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alğı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans və xidmətlərin dəyərinin xam pambıq şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş xam pambığın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Cavabdeh öhdəliyini lazımınca icra etməyərək borcunu ödəmədiyindən tərəflər arasında alğı-satqı baş tutmamış və yalnızca tərəflər arasında münasibətlər podratdan irəli gəlmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilə həqiqi hüquqi vəziyyəti əks etdirməklə tərəflərin iradə ifadəsinə uyğun bağlanmış, həqiqi hüquqi nəticələr yaratmış və etibarsız olmamışdr. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında xam-pambığın alğı-satqısına dair xx.xx.2023-cü il tarixli, 101 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh öhdəsində olan 7 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 32 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə 6340,27 manat məbləğində avans vəsaitlər (nağdsız qaydada pul vəsaiti, dərman, toxumluq çiyid, gübrələr və s.) verilmiş, işlər görülmüş və müxtəlif xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən təqdim olunan maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən 6340,27 manat avans borcundan 799,08 manat ödəniş olunmuşdur. Odur ki, iddiaçı tərəfindən 6340,27 manat avans verildiyi və cavabdeh tərəfindən 799,08 manat ödəniş olunduğu nəzərə alınarsa cavabdehin 5541 manat əsas borcunun olduğu müəyyən olunur. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması eyni zamanda cavabdeh tərəfindən birinci instasniyası məhkəməsində verdiyi izahatı və apellyasiya şikayətinin məzmunu ilə öz təsdiqini tapır. Cavabdehin apellyasiya şikayətinin dəlili isə ondn ibarətdir ki, əkin sahələrinin suvarılmasında çətinliklər olduğundan və vaxtında suvarılma aparılmadığından bol məhsul əldə edə bilməmiş və bu hal fors-major hal olmuşdur. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 390-cı maddəsinin hüquqi təbiətindən irəli gələrək tərəflər azad şəkildə müqavilə bağlaya bilər və müqavilə şərtlərini müəyyən edə bilərlər. Hazırki iddianın əsası kimi qeyd olunan tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 101 nömrəli müqavilədə fermerin öhdəliklərinin icrasını istisna edən və ya digər istisnalar nəzərdə tutan fors major hallar müəyyən edilməmişdir. Habelə, müqavilənin 2.1.2-ci maddəsinə əsasən fermer aqrotexniki tədbirləri optimal müddətdə və keyfiyyətdə aparmağı bağlı öhdəliyi üzərinə götürmüşdür. Müqavilənin 6.2-ci maddəsində yalnız suvarma üçün vəsaitin ayrılması nəzərdə tutulmuş, lakin həmin vəsaitin ödənilməsi iddiaçının hüququ olmuş və onun ödənilməməsinə görə fermer qarşısında heç bir məsuliyyət daşımadığı qeyd olunmuşdur. Suvarılma olmaması səbəbi ilə cavabdehin öz sahəsindən lazımi qədər məhsul əldə edə bilməməsi onun iddiaçı qarşısında olan öhdəliyindən azad etmir. Apellyasiya şikayətinin digər dəlili birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin iştirakının təmin edilməməsi olmuşdur. Bununla bağlı qeyd olunur ki, mülki iş materiallarından birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsi müəyyən olunur (iş vərəqi 94-96). Dəbbə puluna münasibətdə qeyd edilməlidir ki, dəbbə pulunun ödənilməsi ilə bağlı tərəflər arasında bağlanmış müqavilənin 2.4.2-ci bəndində razılaşma mövcuddur və çatışmayan məbləğin 20 faizi həddində pul tələb etmək hüququ iddiaçıya verilmişdir. Birinci instansiyası məhkəməsi cərimə borcunu 200 manat həddində müəyyən etmişdir ki, sonuncunun mövqeyini məhkəmə əsaslı hesab edir. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, qəbul edilmiş qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, apellyasiya şikayətləri ilə mübahisələndirilən məbləğ 10000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-122/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-103/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-103/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver