Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-105/2025 12.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Ağentliyinin (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-295/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış, xx.xx.2016-cı il tarixli, 03-GL/17 nömrəli lizinq müqaviləyə əsasən lizinq verən ümumi məbləği 11000 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını (1 ədəd “Belarus892” tarktoru) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. Lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə şərtləri yerinə yetirilərək müqavilənin spesifikasiyasında adı göstərilən kənd təsərrüfatı texnikası cavabdehə lizinqə verilmişdir. Cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və ödəniş qrafikinə əsasən ödənilməli məbləği vaxtıvaxtında və tam həcmdə ödəməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış, "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığın, damazlıq heyvanların kənd təsərrüfatı istehlakçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış xx.xx.2016-cı il tarixli, 03-GL/17 nömrəli müqavilə üzrə 2020 manat gecikdirilmiş borc və hesablanmış 2367,28 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 03-GL/17 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) lizinq obyektini lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2016-cı il tarixli, 03-GL/17 nömrəli müqavilə üzrə 2020 manat gecikdirilmiş borc və hesablanmış 2367,28 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısındaməsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2-2(115)-295/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2020 manat əsas borc, 100 manat cərimə borcu olmaqla, cəmi 2120 manat borc, hüquqi yardımla bağlı ödənilmiş 300 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış, xx.xx.2016-cı il tarixli, 03- GL/17 nömrəli lizinq müqaviləyə əsasən lizinq verən ümumi məbləği 11000 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını (1 ədəd “Belarus892” tarktoru) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. Lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə şərtləri yerinə yetirilərək müqavilənin spesifikasiyasında adı göstərilən kənd təsərrüfatı texnikası cavabdehə lizinqə verilmişdir. Cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və ödəniş qrafikinə əsasən ödənilməli məbləği vaxtıvaxtında və tam həcmdə ödəməmişdir. Nəticədə cavabdehin xx.xx.2016-cı il tarixli 03-GL/17 nömrəli müqavilə üzrə 2020 manat əsas borcu qalmışdır. Bu səbəbdən həmin əsas borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2016-cı il tarixli 03-GL/17 nömrəli müqavilə üzrə 2367,28 manat cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Cavabdeh lizinq predmetindən istifadə haqqını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 747.1, 747-5.2, 748-1.12.4, 748-10.1, 748- 10.2 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)- 295/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-295/2025 nömrəli qətnaməsinin hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə tam həcmdə təmin olunması haqqında yeni qətnamə çıxarılması xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin qismən əsaslı hesab edərək, MPM-in 119.1 və 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 500 manat vəsaitin 200 manat hissəsini cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün nəzərdə tutulmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 904-VİQD nömrəli Qanunu ilə 121.1-ci maddədə “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” sözləri “təqdim edilmiş məlumatlar qiymətləndirilməklə” sözləri ilə əvəz edilmişdir. Odur ki, məhkəmə sözü gedən maddədə olunan dəyişikliyi nəzərə almamış və normanı düzgün tətbiq etməmişdir. Həmin maddədən də göründüyü kimi hüquqi yardımla bağlı məbləğin ağlabatanlılığı müəyyən edilərkən “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınması” tamamilə əsassızdır. Lakin məhkəmə hüquqi yardım üçün 200 manatın tutulmasını əsaslandırmamış, hüquqi yardıma görə məbləğin 2 dəfədən də artıq azaldılmasının və ağlabatanlığının əsaslarını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Plenum qərarında da qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Qanunverici bütün hallarda prosesin çəkişmə prinsipini təmin etmək vəzifəsini hakimin üzərinə qoymuşdur. Bu ilk növbədə hakimin öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandırması ilə şərtləndirilmişdir. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli qərarlarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir. Beləliklə, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin ağlabatanlılığı müəyyən edilən zaman nəzərə alınan “konkret hallar və təqdim edilmiş məlumatlar” vəkil tərəfdən tam şəkildə təqdim edilərək, hüquqi yardım üçün nəzərdə tutulan xidmətlər vəkil tərəfindən tam icra edilmişdir. Nəzərə almaq lazımdır ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən icra edilmişdir. Bütün bunlar vəkilin iddianın təmin edilməsi üçün bütün zəruri hərəkətləri etdiyini sübuta yetirir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” işi üzrə 18 dekabr 2008-ci il tarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yol verilir. Bundan əlavə, 4387,28 manat pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 500 (beş yüz) manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən həyata keçirilmişdir. Göründüyü kimi, məhkəmənin hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin ağlabatanlılığına zəruri hüquqi qiymət verməməsi düzgün olmayan qətnamə çıxarması ilə nəticələnmişdir. İddiaçının dövlət orqanı və büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Qeyd olunanlardan əlavə, eyni hakimin icraatında olan başqa kommersiya işlərində (e-2-2(115)-145/2024, e-2- 2(115)-132/2024, e-2-2(115)- 126/2024, e-2-2(115)-82/2024 nömrəli məhkəmə işi üzrə 150 manatın hüquqi yardıma görə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qətt edilmişdir.) eyni hallar mövcud olduğu halda hüquqi yardıma görə ödənilən vəsait cavabdehdən fərqli məbləğlərdə tutulmuşdur. Eyni mühüm faktiki hallara malik işlər üzrə eyni hakim tərəfindən fərqli qərarların çıxarılması məhkəmə hakimiyyətinə qarşı etimadı zədələyən haldır. Bununla əlaqədar, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarlarında dəfələrlə qeyd olunub ki, məhkəmə təcrübəsində vahid mövqenin təmin edilməsi vacibdir. Eyni faktiki hallar olan işlərdə fərqli qərarların qəbul edilməsi məhkəmə təcrübəsinin ziddiyyətli olmasına səbəb ola bilər. Bu, hüquqi bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı tərəf isə hüququ yardım məbləği hissəsində mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamə hüquqi yardım məbləğinə münasibətdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-295/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış, xx.xx.2016-cı il tarixli, 03- GL/17 nömrəli lizinq müqaviləyə əsasən lizinq verən ümumi məbləği 11000 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını (1 ədəd “Belarus892” tarktoru) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. Lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə şərtləri yerinə yetirilərək müqavilənin spesifikasiyasında adı göstərilən kənd təsərrüfatı texnikası cavabdehə lizinqə verilmişdir. Cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və ödəniş qrafikinə əsasən ödənilməli məbləği vaxtıvaxtında və tam həcmdə ödəməmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab etdiyindən qismən təmin etmişdir. İddiaçının apelyasiya şikayətinin dəlili kimi birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya edilmiş hüquqi yardıma görə məbləğin əsassız az tutulması ilə bağlı olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iddiaçının vəkillə təmsil olunmasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, vəkilin məhkəmə iclaslarında iştirak etməməsini və ödənilməli olan məbləğin ağlabatanlığını nəzərə alaraq hesab edir ki, birinci instansiyası məhkəməsi vəkilə ödənilməli olan xərcin məbləğini 300 manat miqdarında müəyyən etməkdə haqlı olmuşdur. Belə ki, vəkilin işin hazırlanması və məhkəmə araşdırmaları dövründə çəkdiyi xərclərin məbləğinə münasibətdə 300 manat ağlabatandır. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, apellyasiya şikayətləri ilə mübahisələndirilən məbləğ 10000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Ağentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-295/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.