Məhkəmə qərarları › İş №2-2(104)-108/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-108/2025

12.05.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-108/2025 12.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-799/2025 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları “X1” MMC (VÖEN: **********) və "xxxx" ASC-nin (VÖEN: **********) qeydiyyat sənədlərinə əsasən müəssisələrin icra orqanının rəhbəri Maraqlı şəxsdur. Vergi orqanı tərəfindən vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli bildirişlərin və xx.xx.2023-cü il tarixli xəbərdarlıqla müraciət olunaraq yaranmış borcların ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə müəssisələrə xəbərdarlıq edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişə əsasən, Maraqlı şəxs "xxxx" ASCdəki icraçı direktor vəzifəsindən xx.xx.2023-cü il tarixdə azad edilmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, Maraqlı şəxs “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “İstisu” X5” Məhdud Məsuliyyətli Cəmiyyətində bölmə rəhbəri vəzifəsində işləyir. Birinci instansiya məhkəməsində icraat Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, “ElmX2” Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə olan ümumilikdə 49910,79 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 5,6 manat, İşsizlikdən sığorta fonduna olan 2,48 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan “X1” MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 2,4 manat, Dövlət Sosial Müdafiə Fonduna 5,6 manat, "xxxx" ASC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 0,08 manat, dövlət büdcəsinə 49910,79 manat məbləğində (o cümlədən, vergilər üzrə 43721,03 manat, faizlər üzrə 6189,76 manat) olmaqla, ümumilikdə 49918,87 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********321300, xx.xx.2019-cu il tarixli **********561200 xx.xx.2022-ci il tarixli **********164500, xx.xx.2023-cü il tarixli **********601400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək vergi orqanının müraciətinə etiraz etmiş və etirazını onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən halların maraqlı şəxs ilə hər hansı hüquqi əlaqəsinin olması əsassızdır. Belə ki, maraqlı şəxs "xxxx" ASC-yə 01 iyul 2022-ci il tarixdə icraçı direktor vəzifəsinə işə götürülmüş, daha sonra səhmdarların ümumi yığıncağının qərarı ilə qanuni təmsilçi təyin edilmişdir. 01 mart 2023-cü il tarixində isə onun bu şirkətdə əmək fəaliyyətinə xitam verilmiş və o başqa bir hüquqi şəxs tərkibində əmək fəaliyyətini davam etdirmişdir. Göründüyü kimi, maraqlı şəxsin adıçəkilən hüquqi şəxsin vergi borcları ilə hər hansı bağlılığı mövcud deyil və onun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün hüquqi əsaslar yoxdur. İnzibati Orqan məsələyə düzgün hüquqi qiymət vermədən əsassız ərizə təqdim etmişdir. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə "xxxx" ASC arasında sözügedən vergi borcu ilə bağlı iş hal-hazırda Bakı İnzibati Məhkəməsində icraatdadır. İnzibati Orqan ilkin iddia ərizəsində şirkətin 70622.35 manat vergi borcunun olduğunu göstərmiş, bu səbəbdən şirkətin balansında olan 74500 manat dəyərində əmlak siyahıya alınmış və bununla bağlı xx.xx.2024-cü il tarixli, **********3 saylı protokol tərtib edilmişdir. Məhkəmə icraatı çərçivəsində uzunmüddətli danışıqlar aparılmış və geniş müzakirələr həyata keçirilmişdir. Sözügedən müzakirələrin nəticəsi olaraq İnzibati Orqan vergi borcunun azaldılması barədə qərar qəbul etmiş, İnzibati Orqanının 3-2İ-2-3/2-İ-33- 43/2025 nömrəli, 07 yanvar 2025-ci il tarixli məktubuna əsasən, əlavə hesablanmış vergi məbləğinin 36537,45 manat hissəsi azaldılmış və şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər aparılmışdır. Lakin qalan borc üzrə mübahisə hələ də davam edir və İnzibati Orqanın 3-21-2-3/2-194647/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli məktubuna əsasən, həmin tarixə "xxxx" ASC-nin qərar üzrə 29068.62 manat borcu mövcuddur. Eyni zamanda uzun sürən məhkəmə icraatı ərzində İnzibati Orqan adekvat mövqe sərgiləməmiş, heç bir məhkəmə iclasında iştirak etməmiş və müvafiq vergi araşdırmalarının uzadılması ilə bağlı ardıcıl şəkildə məktublar göndərmişdir. Göründüyü kimi, İnzibati Orqan məhkəmə icraatının obyektiv və operativ aparılmasını təmin etmək əvəzinə, prosesi əsassız olaraq uzatmış, son olaraq isə icraatın müddətinin yenidən uzadılması barədə qərar qəbul etmişdir ki, bu da vergi orqanının rəsmi məktubu ilə təsdiq olunur. Bütün hüquqi və faktiki hallardan aydın olur ki, İnzibati Orqanın ərizəsi hüquqi cəhətdən əsassızdır və mütənasiblik prinsipinə uyğun gəlmir. Belə ki, iş materiallarından açıq şəkildə göründüyü kimi, Maraqlı şəxs "xxxx" ASC-nin əməkdaşı və ya onun fəaliyyətinə cavabdeh olan şəxs deyil. Bu səbəbdən, şirkətin vergi borclarına görə sırf Maraqlı şəxs ölkədən çıxış hüququnun məhdudlaşdırılması barədə tələb hüquqi baxımdan əsassız olmaqla yanaşı, heç bir hüquqi və faktiki əsasla təsdiqlənmir. Bundan əlavə, İnzibati Orqanın icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılınası barədə ərizəsi mütənasiblik prinsipinə və Azərbaycan Respublikasının Konstitutsiyası ilə müəyyən olunmuş insan və vətəndaş hüquq və azadlıqlarına ziddir. İşə baxan məhkəmələr hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Hazırkı işin faktiki halları nəzərə alındıqda, Maraqlı şəxs "xxxx" ASC-də əmək fəaliyyətinə xitam verilməsi, mübahisələndirilən vergi borcu üzrə azalma barədə qərarın mövcudluğu. İnzibati Orqan tərəfindən məhkəmə prosesinin əsassız şəkildə uzadılması və məhkəmə iclaslarında iştirak etməməsinə baxmayaraq onun ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbinin irəli sürülməsi, inzibati orqanın fəaliyyətində mütənasiblik prinsipinin pozulmasına dəlalət edir. Belə ki, tətbiq edilən məhdudiyyət, borcun yaranmasında heç bir hüquqi məsuliyyət daşımayan və şirkətin fəaliyyətinə cavabdeh olmayan şəxsin fundamental hüquqlarının məhdııdlaşdırılmasına yönəlmiş və mütənasiblik prinsipi baxımından əsaslandırılmamışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-799/2025 nömrəli qətnaməsi ilə (hakim Ə.Məmmədli) ərizə təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, maraqlı şəxs "xxxx" ASC-nin icraçı direktoru vəzifəsində əmək müqaviləsi əsasında işlədiyindən həmin vəzifənin icra edilməsi ilə bağlı maraqlı şəxs ilə "xxxx" ASC arasında münasibətlər Əmək Məcəlləsi ilə tənzimlənən əmək münasibətləri olmuşdur. Odur ki, maraqlı şəxs xx.xx.2023cü il tarixdə tutduğu direktor vəzifədən azad edilməklə sonuncular arasındakı əmək münasibətlərinə xitam verildiyindən hazırda maraqlı şəxsin "xxxx" ASC-nin icra orqanının rəhbəri olması istisna olunur. Həmçinin, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, Maraqlı şəxs “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “İstisu” X5” Məhdud Məsuliyyətli Cəmiyyətində bölmə rəhbəri vəzifəsində işləyir. Bundan əlavə məhkəmə qeyd edir ki, müəssisənin rəhbəri işçi olmaqla onunla müəssisə arasındakı əmək münasibətlərinin yaranması, dəyişməsi, habelə xitamı yalnız Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəllə isə 83-cü maddəsinin 1-ci bəndində bu münasibətləri dəqiq tənzimləmiş, əmr, sərəncam və qərarı işçinin işdən azad edilməsinin rəsmiləşdirilməsinin mühüm qaydası kimi müəyyən etmişdir. Maraqlı şəxsin tutduğu vəzifədən azad olunması əmək qanunvericiliyində nəzərdə tutulan qaydada rəsmiləşdirilmişdir. Odur ki, vergi ödəyicisi olan şəxsin vergi və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyin tələblərini pozaraq reyestr məlumatlarında dəyişiklik edilməsi ilə bağlı məlumatı vergi orqanına təqdim etməməsi, maraqlı şəxsin vergi borcu yaranmış hüquqi şəxsin icra orqanının rəhbəri olmaması faktını dəyişdirmir. Bu baxımdan maraqlı şəxsin "xxxx" ASC-nin işçisi, qanuni təmsilçisi, faktiki rəhbəri olmamasına baxmayaraq, bununla bağlı dəyişiklik dövlət qeydiyyatına alınmadığından "xxxx" ASC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hesablanmış borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə tutulmasının səmərəliliyini istisna etməklə, "xxxx" ASCnin borclarının vaxtında ödənilməsindən yayınmasına, maraqlı şəxsin isə hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Məhkəmə “X1” MMC-nin borcuna görə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının mümkünlüyü ilə bağlı qeyd etmişdir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. "X1" MMC-nin xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsinə əsasən həmin hüquqi şəxsin dövlət büdcəsinə olan borcu 0 manat, İşsizlikdən sığorta fonduna 2,4 manat, Dövlət Sosial Müdafiə Fonduna 5,6 manat təşkil etdiyindən, həmçinin qalıq borc məbləği cüzi həcmdə olduğundan məhkəmə hesab edir ki, maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq AİHM-in və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16, 24, 78-ci Mülki Prosessual Məcəllənin 355-5, 355-7-ci maddələrinə istinad etmişdir. Ərizəçi apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsinə görə, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Həmin Məcəllənin 47.3-cümaddəsinə əsasən, nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. Lakin hüquqi şəxslər və onların təsisçiləri (iştirakçıları) həmin dəyişiklikləri nəzərə almaqla hərəkət etmiş üçüncü şəxslərlə münasibətlərdə həmin dəyişikliklərin qeydə alınmadığına istinad edə bilməzlər. Eyni zamanda Məcəllənin 91.3-cü maddəsi ilə cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir. Göründüyü kimi, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə əsasən mülki hüquqlar əldə edirlər, o cümlədən mülki vəzifələri yaranır. Bundan başqa, qeyd olunur ki, hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə və öhdəsinə mülki vəzifələr götürə bilir. Beləliklə, hüquqi şəxsin icra orqanının rəhbərinin hüquqi şəxsin icra olunmamış vəzifələrinə görə məsuliyyət daşımağı qanunvericilikdə təsbit olunmuşdur. Qanunun 9-cu maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Göründüyü kimi, dəyişiklik faktlarının dövlət reystrində qeydə alınması mütləqdir. Qeydiyyata alınmamış dəyişiklik faktlarına istinad olunması qanunsuzdur. Odur ki, məhkəmə tərəfindən qeydiyyata alınmamış dəyişiklik faktlarına istinad olunması nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən hüquqi şəxslərin reyestrində qeydə alınmamış fakt nəzərə alınmışdır. Həmin faktın təqdim edilməsi ilə bağlı hər hansı bir sübut təqdim edilməmiş, o cümlədən Cəmiyyətin icra orqanının rəhbərinin dəyişdirilməsi ilə bağlı vergi orqanına müraciət edilməmişdir. Bütün bunlarla yanaşı, reyestrdə müvafiq dəyişiklik edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Göstərilən maddi hüquq normaları məhkəmə tərəfindən nəzərə alınmamış, tətbiq edilməli olduğu halda tətbiq edilməmiş, nəticədə əsassız olaraq iddia tələbi təmin edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 28. Azadlıq hüququ İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı ... İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. ... Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanunu Maddə 3. Qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər ... 3.6. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51-ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; Konstitusiyanın 32-ci, 33-cü, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı həmçinin iğtişaşların qarşısının alınması üçün; Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar, 47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi üçün, Konstitusiyanın 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar həmçinin ölkənin iqtisadi rifahı mənafeləri üçün; Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı və 50-ci maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyü mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün; Konstitusiyanın 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər. 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək; 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; .. Maddə 77. Vergi öhdəliyi 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. ... Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. ... Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X3 (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarı “...borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır...” Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, ərizəçi qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, hüquqi şəxslər “X1” MMC (VÖEN: **********) və "xxxx" ASC-nin (VÖEN: **********) dövlət büdcəsinə vergi v digər məcburi ödəmələr üzrə borcu vardır. Bundan sonra vergi orqanı hazırki ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs hüquqi şəxslərin icra orqanın rəhbəri oması əsası ilə ölkədən çıxmaq hüququnun məhdudlaşdırlması tələbini irəli sürmüş, birinci instansiya məhkəməsi ərizəni əsaslı hesab etmədiyindən təmin etməmişdir. Məhkəmə qeyd edir ki, vergi və digər dövlət ödənişlərini ödəmək vergi orqanının vəzifəsi olmaqla yanaşı yaranmış borcların ödənilməsini təmin etməök məqsədi ilə vergi qanunvericiliyinə müxtəlif üsullar müəyyən edilmişdir. Borclu hüquqi şəxsin rəhbərinin ölkədən çıxışına qadağanın tətbiq edilməsi borcun ödənilməsinin təmin edilməsi üsullarından biridir ki, vergi qanunvericiliyində borcun ödətdirilməsinin başqa vasitələrindən biridə borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə borclunun əmlakının siyahıya alınmasıdır. İş materiallarının araşdırılması zamanı borclu hüquqi şəxslərin əmlakın siyahıya alınmasının təmin edilməsi ilə bağlı qəbul edilmiş qərarlar və görülmüş tədbirlərin nəticəsi verməməsi ilə bağlı sübutlar aşkar edilməmiş və ərizəçi bu halların mövcudluğunu ərizəsində əsaslandırmamışdır. Maraqlı şəxsin məhkəməyə müraciətindən isə müəyyən edilmişdir ki, borclu hüquqi şəxs "xxxx" ASC-nin əmlakı siyahıya alınmış və borcla bağlı vergi orqanı ilə məhkəməyə araşdırması davam edir. Lakin ərizəçi bu halların təsdiqi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, borcun dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədi ilə borclunun əmlakının siyahıya alınması və soiyahıya alınmış əmlakın satışı nətcəsində borcun ödənilməsinin təmin edilməsi daha səmərəli vasitədir. Vergi orqanı borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə vergi qaanunvericiliyi ilə müəyyən edilmiş bütün hərəkətləri etməli və zəruri hərkərətlərin edilməsi nəticəsində borcun ödənilməsi təmin edilmədiyi təqdirdə sonuncu prosessal addın olaraq vergi ödəyicisinin ölkədən çıxışına qadağanın tətbiq edilməsi ilə bağlı məhkəməyə müaciət etməlidir. Lakin hazırki işin məhkəmə araşdırması zamanı əriəzçi tərəfindən vergi qanunvericiliyi ilə borcun ödənilməsinin təmin edilməsi istiqamətində bütün zəruri hərkətləri etməsinə dair sübut mövcud deyildir. Maraqlı şəxsin "xxxx" ASC-nin əmlakının siyahıya alınmasına dair dəlilləri qəbul edilən olduğu halda ərizəçinın hazırki müraciətinin təmin edilməsindən söhbət gedə bilməz. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi maraqlı şəxs "xxxx" ASC-nin icra orqanın rəhbəri vəzifəsindən azad edilmiş və hazırda onun əmək fəaliyyəti başqa müəssisədə davam edir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2-ci maddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.3-cü maddəsinə əsasən, bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən hüquqi şəxsin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı və bu dəyişiklik yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Bu baxımdan hazırki vəziyyətdə maraqlı şəxsin "xxxx" ASC-nin icra orqanının rəhbəri vəzifəsindən azad edilməsi ilə bağlı müəssisənin qərarı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi qüvvəyə minəcəyindən məhkəmə hesab edir ki, ərizəçi qeydiyyatına istinadən maraqlı şəxsin hüququnun məhdudlaşıdırlması ilə bağlı məhkəməyə müraciət edə bilər. Lakin məhkəmə araşdırması zamanı müəyyən edidiyi kimi, maraqlı şəxs hazırda "xxxx" ASCdə deyil əmək fəaliyyətini başqa hüquqi şəxsin rəhbəri kimi davam edir və sonuncunun iş yeri dövlətin tabeliyində olan hüquqi şəxsdir. Belə olan halda məhkəmə hesab edir ki, maraqlı şəxsin "xxxx" ASC ilə əlaqəsi olmadığından və onun işdən azad olunması ilə bağlı hüquqi şəxsin sənədlərinə dəyişiklik qeydə alınmasa belə maraqlı şəxsin "xxxx" ASC-nin borcuna görə hüquqlarının məhdudlaşıdırılması bu əsasla da yolverilən deyildir. Təkrar qeyd edilməlidir ki, hüquqi şəxsin ölkədən getmək hüqunun məhdudlaşdırılması borcun ödənilməsinin təmin edilməsinə xidmət edən vasitələrdəndir. Hazırki vəziyyətdə maraqlı şəxsin "xxxx" ASC-yə aidiyyətinin olmaması borcun ödənilməsinə xidmət etməyəcək və aidiyyəti olmayan şəxsin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Digər hüquqi şəxs “X1” MMC-nin borcuna görə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının mümkünlüyü ilə bağlı qeyd edilir ki, xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsinə əsasən həmin hüquqi şəxsin dövlət büdcəsinə olan borcu 0 manat, İşsizlikdən sığorta fonduna 2,4 manat, Dövlət Sosial Müdafiə Fonduna 5,6 manat təşkil etdiyindən, həmçinin qalıq borc məbləği cüzi həcmdə olduğundan, həm də hüquqi şəxsin əmlakının siyahıya alınması ilə bağlı ərizəçi tərəfindən tədbir görülmədiyindən məhkəmə hesab edir ki, maraqlı şəxsin konstitusion hüququnun mütənasib deyildir. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən ərizəçi tərəfindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 355-7, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-799/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar