Məhkəmə qərarları › İş №2-2(104)-109/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-109/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-109/2024 17.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 04 mart 2024-cü il tarixli e-2-2(115)-1446/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 34913 manat və ödənilmiş dövlət rüsumuna görə 194 manat 74 qəpik olmaqla cəmi 35107 manat 74 qəpik pulun cavabdehdən alınaraq “X1 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1446/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın qismən təmin edilməsi, 34913 manat məbləğində borcun Cavabdeh iddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, ödənilməli olan 194 manat 74 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Cavabdeh həmin tarixdə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1446/2023 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilərək işə apellyasiya qaydasında yenidən baxılması, apellyasiya şikayətinin Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, o, qətnaməni rəsmi olaraq almamış, qətnamənin qəbul olunmasından sadəcə İcra və probasiya şöbəsinin icra məmuru çağırdığı zaman məlumatı olmuşdur. Qətnamədən apellyasiya şikayəti vermək üçün elektron məhkəmə sisteminə daxil olduğu zaman 2- 2(115)-1446/2023 saylı kommersiya işində sənədlər içərisində anası Gözəl Məmmədovanın xəbərnaməyə imza edərək qətnaməni almasını görmüşdür. Lakin anası savadsız və yaşlı olduğu üçün qətnamənin gəlməsi barədə ona heç bir məlumat verməmişdir. Anası savadsız olduğundan bilməmişdir ki, evə gələn və qəbul olunmuş qətnamə onun ziyanınadır. Nəticədə, apellyasiya şikayəti üçün nəzərdə tutulmuş müddəti keçirmişdir. Buna əsasən prosessulal müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1446/2023 qərardadı ilə məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli е-2-2(115)-1446/2023 nömrəli qərаrdаdının ləğv еdilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1446/2023 qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)- 1446/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin 04 mart 2024-cü il tarixli e-2-2(115)-1446/2023 saylı və həmin qərardadla bağlı 27 mart 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsində göstərilir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materialları ilə müəyyən olunmuşdur ki, iş materiallarında olan sənədlərdən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)- 1446/2023 saylı qətnaməsi Cavabdeh ünvanına poçt vasitəsilə göndərilmiş və həmin ünvanda Cavabdeh anası Gözəl Məmmədova tərəfindən xx.xx.2023-cü il tarixdə alınmışdır. Cavabdeh isə apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə vermiş, bununla da, apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh vəsatətində 2 ay 26 gün ərzində apellyasiya şikayətinin verilməsinin mümkünsüzlüyü barədə sübütlarını məhkəməyə təqdim etməmişdir Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1446/2023 saylı qətnaməsindən şikayət vermə müddəti ötürüldüyündən cavabdehin xahişi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İşdən göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə həm məhkəmə bildirişi göndərilməklə, həm də SMS xəbərdarlığı ilə xəbərdar edilmiş olsa da, məhkəmə iclaslarına gəlməmiş, məhkmə tərəfindən məhkəmə bildirişləri, o cümlədən məhkəmə qətnaməsi onun yaşadığı ünvana göndərilmiş, məhkəmə qətnaməsi ailə üzvü tərəfindən qəbul edilmiş olsa da, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermə müddətini üzrlü səbəb olmadan buraxmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 04 mart 2024-cü il tarixli e-2-2(115)-1446/2023 saylı və həmin qərardadla bağlı 27 mart 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 264, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 04 mart 2024-cü il tarixli e-2-2(115)-1446/2023 saylı və həmin qərardadla bağlı 27 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad onun çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə biməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar