Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-110/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Tac” Kredit İttifaqının Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair kommersiya işi üzrə Gəncə İnzibati-İqtisadi Мəhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(083)-652/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “TAC” Kredit İttifaqı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Cavabdeh2 3958,25 manat, 843,75 manat faiz borcu və 1687,50 manat cərimə olmaqla, cəmi 6489,50 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(083)-652/2019 saylı qətnaməsi ilə (hakim K.Rzayev) iddianın təmin edilməsi, Cavabdeh2 kredit müqaviləsi üzrə yaranmış 3958,25 məbləğində əsas borc, 843,75 manat faiz borcu, 1687,50 manat cərimə olmaqla cəmi 6489,50 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “Tac” Kredit İttifaqının xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək Gəncə İnzibati-İqtisadi Мəhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(083)-652/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “TAC” Kredit İttifaqı ilə cavabdeh X3 (VÖEN **********) arasında 83/SKMF-62 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditverən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kreditalana 5000 (beş min) manat krediti SRMF-nin vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 18 (on səkkiz) ay olmaq şərtilə 36 (otuz altı) ay müddətinə verir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən kreditalan “TAC” Kredit İttifaqı qarşısında müqavilədə nəzərdə tutulmuş qaydada şərtlərlə aldığı vəsaiti 36 (otuz altı) ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən kreditalan kredit məbləğini kreditin verilmə tarixindən sonra bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini həyata keçiriləcəkdir. Həmin əlavə üzrə ödəniş o halda vaxtında ödənilmiş hesab edilir ki, müvafiq dövr üçün müəyyən olunmuş gün Bankın əməliyyat saatlarında kreditalan cari hesablaşma hesabına daxil edilmiş olsun. Əgər ödəniş iş günü hesab olunmayan günə təsadüf edərsə, ödəniş Həmin gündən sonra gələn növbəti iş günü ödənilməlidir. Lakin borclu bugünədək həmin məbləğdən heç bir ödəniş etməmişdir. Bununla əlaqədar olaraq kreditor borcluya borcun qaytarılması barədə bildiriş göndərsə də, borclu tərəfindən borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamışdır. Müqavilənin 5.4-cü bəndinə əsasən “TAC” Kredit İttifaqı tarif cədvəlinə uyğun olaraq kreditalan kreditverənə kreditin təhsis edilməsinə, müvafiq hesabların açılmasına və verilən kreditin nağd çıxarılmasına görə müvafiq komisyon haqqı ödəyir. Kreditalan kredit üzrə hesablanmış faiz borcunu kredit müddəti bitənədək hər ay ödəməyi öz öhdəsinə götürür. Müqavilənin. 5.3-cü bəndinə əsasən kredit üzrə faizlər illik faiz dövrü şərti olaraq 360 gün götürülməklə, illik 6% (altı) faiz dövründə kreditin istifadə edildiyi günlərin faktiki sayına görə hər gün üçün günün əvvəlinə olan qalığa hesablanır. Faizlər kreditin verildiyi gündən hesablanır. Müqavilənin 6.1-ci bəndinə əsasən Müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü, həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə 3958,25 manat, faiz borcu 843,75 manat, cərimə 1687,50 manat olmaqla cəmi 6489,50 manat borcu vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla iddiaçı arasında 83/SKMF-62 nömrəli kredit müqaviləsi üzrə 5000 (beş min) manat kredit SRMF-nin vəsaiti hesabına illik 6% və güzəştli müddəti 18 (on səkkiz) ay olmaq şərtilə 36 ay müddətinə verilmişdir. Həmin kredit müqaviləsi və ödəniş cədvəli üzrə 5 ay ödənişləri tam vaxtı vaxtında ödəmiş, bundan sonra iki ilə yaxın Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması zamanı aldığı xəsarətlərdən koma vəziyyətində xəstə yatmış və hal hazırda 1 ci qrup vətən müharibəsi əlilidir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsindən heç bir məlumatı olmamış və məhkəmə zamanı iştirak etməmişdir. Kredit müqaviləsi üzrə götürdüyü 5000 manatın 1042 manatını xəstəliyindən öncə ödəniş etmiş və əsas məbləğ olaraq 3958 manat əsas borcu qalmışdır. Müqavilə üzrə faiz borcu 843.75 manat, cərimə borcu üzrə 1687.50 manat faiz borcunun ödənilməsini təmin etməklə 6489.50 manat borcun ödənilməsi təmin edilmişdir. Bundan başqa hər ay üzrə əmək pensiyasından 180 manat tutularaq “TAC” Kredit ittifaqının hesabına ödənilir ki, bu da məhkəmənin qəbul etdiyi qətnamədən istifadə edən “TAC” Kredit İttifaqının dolayı yollarla əlavə vəsaitin əldə edilməsidir. “TAC” Kredit İttifaqının 83/SKMF-62 nömrəli kredit müqaviləsi üzrə götürdüyü 5000 manat ödənişin 2300 manatdan artıq hissəsini ödəmiş olduğu halda yenidən üzərinə 6489.50 manatın ödənilməsinə dair məhkəmə qətnaməsi əsassız hesab edilməli, faiz və cərimə pulları İ qrup Qarabağ müharibəsi əlili olmağını nəzərə alaraq ləğv edilməlidir. Düşünür ki, məhkəmələr bu kimi məsələlərə baxarkən müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi müxtəlif konstitusiya dəyərləri arasında balans gözləməli, işlə əlaqədar hər hansı qərarı qəbul etməmişdən əvvəl onun iqtisadi və sosial nəticələrini qabaqcadan görməlidir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndə vasitəsilə təmsil olunsa da özü və iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmin şikayətin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş – 1687,50 (bir min altı yüz səksən yeddi manat 50 qəpik) manat cərimə borcu hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “TAC” Kredit İttifaqı ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 83/SKMF-62 nömrəli kredit müqaviləsindən görünür ki, kreditverən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kreditalana 5000 (beş min) manat krediti SRMF-nin vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 18 (on səkkiz) ay olmaq şərtilə 36 (otuz altı) ay müddətinə vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 428 nömrəli kassa məxaric orderinin surətindən görünür ki, SKMF-dən ayrılmış 5000 (beş min) manat kredit vəsaiti X2 təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 “TAC” Kredit İttifaqına 3958,25 manat əsas kredit borcu, 843,75 manat faiz borcu və 1687,50 manat borcu olmaqla cəmi 6489,50 manat kredit borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 80/743 nömrəli bildirişdən görünür ki, həmin məktub Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Bundan başqa iş materiallarında olan poçt göndərişinin izlənməsi haqqında portaldan çıxarılmış məlumatdan görünür ki, cavabdehə ünvanlanmış pritenziya məktubu xx.xx.2019-cu il tarixdə qəbul edilmiş, lakin cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı “TAC” Kredit İttifaqı ilə cavabdeh X3 (VÖEN **********) arasında bağlanmış 83/SKMF-62 nömrəli kredit müqaviləsinə əsasən kreditverən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kreditalana 5000 (beş min) manat krediti SRMF-nin vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 18 (on səkkiz) ay olmaq şərtilə 36 (otuz altı) ay müddətinə verir. Kreditalan “TAC” Kredit İttifaqı qarşısında müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə aldığı vəsaiti 36 (otuz altı) ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirib müqavilə ilə nəzərdə tutulmuş məbləğdə krediti vaxtında cavabdehə vermiş olsa da, sonuncu müqavilə ğhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddia ərizəsinə görə xx.xx.2019-cu il tarixə əsas borc 3958,25 manat, faiz borcu 843,75 manat, cərimə 1687,50 manat olmaqla cəmi 6489,50 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh X3 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair təşkilat qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliyini icra etməmişdir. İddiaçı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi kredit borcunun tutulması hissəsində iddia tələbini 3958,25 manat əsas borc və 843,75 manat faiz borcu hissəsində tam təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Cərimə borcu ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulması qət edilmiş 1687,50 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək hesablanmışdır. Ona görə də həmin məbləğ azaldılaraq cavabdehdən iddiaçının xeyrinə tutulan dəbbə pulunun məbləöi 100 (bir yüz) manat məbləğində müəyyən edilməlidir. Kollegiyanın qənaətinə görə bu məbləğdə cərimə ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə cərimə borcu hissəsində ləğv edilərək və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati-İqtisadi Мəhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(083)-652/2019 saylı qətnaməsi qismən - iddianın təmin edilmiş 1687,50 (bir min altı yüz səksən yeddi manat 50 qəpik) manat cərimə borcu hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilsin. Cavabdeh2ndən 100 (bir yüz) manat cərimə borcu (ümumilikdə 4902 manat borc və 30 manat xidmət haqqı) alınıb “Tac” Kredit İttifaqının xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-110/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-110/2023
15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver