Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-111/2024 24.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-237/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-237/2024 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 4621 manat borc və 270 manat cərimə olmaqla, cəmi 4891 manat məbləğində borc və 100 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilməsi, Cavabdeh 68.91 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-237/2024 saylı qətnaməsini tamamilə ləğv edilib iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 5545,20 manat məbləğində borc və 100 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Ağdam filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 06 saylı alğı-satqı müqaviləsinə əsasən Ağdam rayonu, Çəmənli kəndi ərazisində 15.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 4621 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 136 manat məbləğində çöp doğrama, 19 manat məbləğində 1-ci şum, 18 manat məbləğində 2-ci şum, 238.00 manat məbləğində mala, 60.00 manat məbləğində sahə daxili kanal çəkilişi, 100 manat məbləğində kanal doldurma, 4050 manat məbləğində icarə, arat üçün avans cəmi 4621 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilə üzrə öhdəliklərininin icrasından imtina etmişdir. Buna görə müqavilənin 8.2-ci bəndinə əsasən-pambıq besərilməsi ilə bağlı İddiaçı MMC tərəfindən Fermerə verilən pul vəsaitinin başqa məqsədlərə xərclənməsi, yetişdirilmiş xam pambığın başqa məqsədlərə yönəldililməsi halları müəyyən edildikdə borcun ümumi məbləğinin 20% həcmində, yəni 924.20 manat məbləğində cəriməni nəzərə almaqla cavabdehin ümumi borcu 5545.20 manat təşkil edir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işdə olan sübutlara hərtərəfli, tam və obyektiv hüquqi qiymət verməmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin bidirişi ona rəsmi qaydada göndərilməmiş və ya verilməmişdir. İşin hallarından göründüyü kimi kommersiya məhkəməsində işə kiçik iddia qaydasında baxılmasını dair bildiriş göndərilməmişdir. Məhz bu səbəbdən o, işə kiçik iddia qaydasında baxılmasına etiraz edə bilməmişdir. Əgər ona bildiriş göndərilmiş olsaydı mütləq kiçik iddia tələbinə qarşı öz əsaslandırılmış etirazını və etirazını təsdiq edən sübutları məhkəmyə təqdim edər və məhkəmə iclasında etirazını müdafiə edərdi. Göründüyü kimi birinci instansiya məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etməklə Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumatlandırılmadığı üçün iddia tələbinə qarşı sübutlarımı birinci instansiya məhkəməsində təqdim edə bilməmişdir. Belə olan halda sübutlarını apellyasiya məhkəməsinə təqdim etmək məcburiyyətindədir. Prosessual məsələlər: Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinəyib, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin Ağdam filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 06 saylı alğı-satqı müqaviləsinin surətindən görünür ki, Ağdam rayonu, Çəmənli kəndi ərazisində 15.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən İddiaçı MMC Ağdam filialı nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı fermerdən aşağıdakı qiymətə qəbul edir: İ növ-650 manat/ton, İİ növ-630 manat/ton, İİİ növ-590 manat/ton, İV növ-550 manat/ton. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, cavabdehə xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 3750 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 300 manat olmaqla, cəmi 4050 manat məbləğində pul avans olaraq ödənilmişdir. İş materiallarında olan aktlardan görünür ki, xx.xx.2020-ci il tarixli akta əsasən 5 ha sahədə çöp doğrama, xx.xx.2020-ci il tarixli akta əsasən 3.50 ha sahədə çöp doğrama, xx.xx.2021-ci il tarixli akta əsasən 0.50 ha sahədə şumlama, xx.xx.2021-ci il tarixli akta əsasən 50 sot sahədə şumlama, xx.xx.2021-ci il tarixli akta əsasən arx çəkmə, xx.xx.2021-ci il tarixli akta əsasən 10 ha sahədə arx doldurma, xx.xx.2021-ci il tarixli akta əsasən 5 ha sahədə mala, xx.xx.2021-ci il tarixli akta əsasən 6 ha sahədə mala, xx.xx.2021-ci il tarixli akta əsasən 4 ha sahədə mala işləri görülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh qalıq borcu 4621 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞG/MT007/2023-03349 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 100 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC-nin Ağdam filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 06 saylı alğı-satqı müqaviləsinə əsasən Ağdam rayonu, Çəmənli kəndi ərazisində 15.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüş, müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 4621 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında cəmi 4621 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilə üzrə öhdəliklərininin icrasından imtina etmişdir. Buna görə də hesablanmış 924.20 manat məbləğində cəriməni nəzərə almaqla cavabdehin ümumi borcu 5545.20 manat təşkil etmiş, borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin Ağdam filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 06 saylı alğı-satqı müqaviləsinə əsasən Ağdam rayonu, Çəmənli kəndi ərazisində 15.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən 4621 manat dəyərində işlər və xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh isə müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da xam-pambıq təhvil verməmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borc hissəsində, tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 270 manat məbləğində tutulmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və cavabdehlə iddiaçı təşkilat arasında bağlanmış müqavilənin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, cavabdeh iddiaçı tərəfindən ona avans olaraq ödənilmiş vəsait miqdarında xam pambıq təhvil verməyi öhdəsinə götürmüş olsa da, öhdəliyə lazımi qaydada əməl etməmişdir. Birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməkdə haqlı olmuşdur. Borc vaxtında ödənilmədiyinə görə hesablanmış cəriməyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehdən 924.20 manat məbləğində dəbbə pulunun (cərimə) tutulmasını xahiş etmiş olsa da, məhkəmə qanunvericiliyin yuxarıda istinad olunan normasına əsaslanaraq və işin hallarını nəzərə alaraq həmin məbləği azaldaraq ödənilməsi üçün cavabdehin üzəridə 270 manat məbləğində cərimə saxlamışdır ki, iddiaçı da həmin xüsusatı da mübahisələndirməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərilir ki, işə onun iştirakı olmadan, çəkişmə prinsipinə əməl edilmədən, iddiaçının mənafeyi nəzərə alınaraq qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırki işə birinci instansiya məhkəməsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış və iş materiallarından olan xx.xx.2023-cü il tarixli bildirişdən də göründüyü kimi, Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı etirazını və ona əlavə edilmiş sənədləri, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəmə təqdim olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh isə məhkəmə bildirişini xx.xx.2024-cü il tarixdə almış olsa da, iddiaya qarşı heç bir etiraz təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini, eləcə də məhkəmə tərəfindən iddiaçının marağı nəzərə alınmaqla qətnamə çıxarılmasına dair dəlilini əsassız sayır. Çünki cavabdeh verdiyi şikayətdə məhkəmə tərəfindən iddiaçının marağı nəzərə alınmaqla qətnamə çıxarıldığını göstərilmiş olsa da, həmin şikayətə dəlilini təsdiq edən sübut əlavə edilməmişdir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-237/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-111/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-111/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver