Məhkəmə qərarları › İş №2-2(104)-115/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-115/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-115/2024 22.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh İddiaçınə qarşı malın verilməsi və ya pul tələbinə dair qarşılıqlı iddiası ilə bağlı kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-90/2024 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-90/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ilkin iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 mart 2023-cü il tarixli D/S-04/23 saylı alğı-satqı müqaviləsi üzrə yaranmış 241664 (iki yüz qırx bir min altı yüz altmış dörd) manat 07 (yeddi) qəpik məbləğində borc, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 254 (iki yüz əlli dörd) manat dövlət rüsumunun ilkin iddia üzrə Cavabdehndən tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdehnə arasında bağlanmış 03 mart 2023-cü il tarixli D/S-04/23 saylı alğı-satqı müqaviləsi üzrə 80251 (səksən min iki yüz əlli bir) manat 96 (doxsan altı) qəpik məbləğində qurudulmuş tütün yarpağı məhsulu və 330 (üç yüz otuz) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə verilməsi, ilkin iddianın və qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsi, ilkin iddia üzrə Cavabdehndən 277 (iki yüz yetmiş yeddi) manat 66 (altmış altı) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək Gəncə Komersiya Məhkəməsinin e-2-2(115)-90/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini qismən - ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edib, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı 03 mart 2023-cü il tarixli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış D/S-04/23 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə Cavabdeh MMC-dən mal dəyəri olaraq xx.xx.2023-cü il tarixli EBDA seriyalı 801863 saylı 417164,07 manat dəyərində müqavilə və onun 1 saylı əlavəsi ilə nəzərdə tutulmuş 241664,07 manat dəyərində ödənilməmiş müqavilə dəyərinin, xx.xx.2023-cü il tarixli EBDL seriyalı198700 saylı e-qaimə əsasında 121813 manat dəyərində cavabdehin vurduğu zərərə görə məbləğin, ümumilikdə 363477,07 manatın, iddia tələbinin mediasiya və məhkəmə orqanlarında baxılması üçün 400 manat dövlət rüsumunun, iddianın məhkəmədə baxılması üçün 254 manat əlavə dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Yapon investisiyası əsasında və regionda kənd təsərrüfatının inkişafı üçün yaradılmış bir müəssisədir. Həmin cəmiyyət vasitəsi ilə kənd təsərrüfatının tütünçülük sahəsinin inkişafı və bu sahədə çalışan fermerlərin rifahının yüksəlməsi məqsədi ilə də Yaponya investorları qeyd edilən sahəyə əhəmiyyətli yatırımlar etmiş, sahənin inkişafı üçün yerli fermerlərə əvəzi qaytarılmayan ianələr etmişdilər. Cəmiyyətin fəaliyyətinin əsasını tütünçülük təsərrüfatı təşkil edir. Bu istiqamətdə fermerlərlə bağlanmış müqavilələr əsasında tütün yetişdirilməsinə əvəzi natura ilə ödənmək şərti əsasında avans verilməklə, yaşıl tütün məhsullarını qəbul etmək, qəbul edilmiş məhsulları sənaye yolu ilə qurudulmasını həyata keçirmək və hazır fermentləşmiş ququr tütün məhsullarını çeşidlərinə müvafiq şəkildə Azərbaycan brendi altında dünya və daxili bazarlara satışını həyata keçirmək təşkil edir. Cəmiyyətin bütün gəlirləri bu fəaliyyəti əsasında formalaşır və əldə edilmiş gəlirlərdən hesablaşmalar həyata keçirilir. Quru tütün məhsullarının satışı istiqamətində 03 mart 2023-cü il tarixində "X6" MMC ilə Cavabdeh MMC arasında D/S-04/23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "X6" MMC 2022-ci istehsal mövsümü üzrə topladığı bütün quru tütün məhsullarını xüsusi ixrac qeydi əsasında xarici ölkələrə ixrac edilməsi məqsədi ilə Cavabdeh MMC-yə satmışdır. Qeyd edilən müqavilənin xx.xx.2023-cü il tarixli 1 saylı əlavəsinə əsasən cəmiyyətlər arasında alqı-satqı öhdəlikləri belə olmuşdur: VİRGİNİYA növlü qurudulmuş tütün yarpağı İ növ 21326,6 ton 1 kq-nın qiyməti 2,10 ABŞ dolları olmaqla ümumi məbləği 44785,86 ABŞ dolları, İİ növ 30822 ton 1 kq-nın qiyməti 1.90 ABŞ dolları olmaqla ümumi məbləği 58561,8 ABŞ dolları, İİİ növ 82649,1 ton 1 kq-nın qiyməti 1,70 ABŞ dolları olmaqla ümumi məbləği 140579,97 ABŞ dolları, K növü 1045 ton 1 kqnın qiyməti 1,40 ABŞ dolları olmaqla ümumi məbləği 1463 ABŞ dolları, yekun 245390,63 ABŞ dolları. Cavabdeh MMC müqavilə əsasında mal dəyəri olaraq 245390,63 ABŞ dolları dəyərində ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtləri əsasında 135842,7 kq qurudulmuş, fermentlənmiş, çeşidlənmiş, qablaşdırılmış tütün məhsulları tam şəkildə Cavabdeh MMC-nin tam öhdəliyinə verilmiş və həmin məhsullar tam şəkildə İddiaçı MMCnin anbarlarından Cavabdeh MMC-nin səlahiyyətli şəxslərinə təhvil verilmişdir. Bu barədə İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, S07/23 saylı malların anbarda saxlama müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilə və təhvil-təslim aktları məhkəmə sənədlərinə əlavə edilmişdir. Mal dəyəri olaraq, cavabdehin elektron vergi kabinetinə malın dəyərinə uyğun şəkildə bir ədəd elektron qaimə göndərilmiş və e-qaimə cavabdeh tərəfindən qəbul edilmişdir. İki qaimə üzrə cavabdeh müqavilə şərtlərindən kənar uzun fasilələrlə ödənişlər etsə də malları hissə-hissə qəbul etməsinə baxmayaraq, 175500 manat dəyərində müqavilə öhdəliyini icra etdikdən sonra müqavilə dəyərini ödəməkdən imtina etmişdir. Cavabdeh MMC 417164,07 manat dəyərində müqavilə öhdəliyindən, müxtəlif vaxtlar üzrə İddiaçı MMC-nin cari hesablarına 175500 manat dəyərində ödənişlər edərək, 34455,4 kq müxtəlif çeşidlərdə mal qəbul etmiş, 99053,15 manat üzrə tam hesablaşma etmiş, qalan ödəniş etdiyi 76446,85 manat dəyərində malı gələcək malların təminatı kimi İddiaçı MMC-nin anbarlarında təminat məqsədli saxlayaraq, yerdə qalan müqavilə dəyərinin 241664,07 manat məbləğini ödəməmişdir. Cavabdeh malları sataraq gəlir əldə etsə də müxtəlif bəhanələrlə müqavilə dəyərini ödəməkdən yayınır. İddiaçı MMC müqavilənin bütün bəndləri üzrə şərtlərə əməl etməklə öhdəliklərini tam şəkildə icra etmişdir. Lakin Cavabdeh MMC qeyd edilən müqavilənin şərtlərini pozmaqla, müqavilə öhdəliklərini tam icra etməmişdir. Müqavilə dəyərinin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə bildirişlər verilməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə icranı gecikdirmiş ödəniş öhdəliyini icra etməmişdir. Cavabdehin icranı gecikdirməsi nəticəsində İddiaçı MMC müqavilə münasibətində olan fermerlərə tütün becərilməsi üçün avans verə bilməmiş, bunun nəticəsində də faktiki müqavilə öhdəlikləri üzrə avans məbləğlərini ödəyə bilmədiyindən, fermerlərə 83915 manat borclu qalaraq, ziyan etmiş, iki ay fərqi ilə cəmiyyətdə çalışan işçilərin 31800 manat dəyərində əmək haqlarını və İddiaçı MMC-yə məxsus istehsalat məntəqəsinin istehsalatla bağlı 6098 manat kommual xərclərini ödəyə bilməmişdir. Bunun nəticəsində iqtisadi göstəricilər həddindən aşağı düşmüş, dövlət və fermerlər qarşısında götürülmüş öhdəliklər icra oluna bilməmişdir. Bu məqsədlə də yaranmış vəziyyətə görə cavabdehlə danışıqlar aparılmış və cavabdeh mövcud vəziyyətlə bağlı zərəri ödəyəcəyinə vəd vermiş, bu razılıq əsasında dəymiş zərərin ödənilməsinə görə e-qaimə göndərilməsini tələb etmişdir. Bu səbəblə cavabdehin electron vergi kabinetinə vurulmuş zərərin ödənilməsinə görə xx.xx.2023-cü il tarixli EBDL seriyalı 198700 saylı 121813 manat dəyərində zərər həcmində e-qaimə göndərilmişdir. Cavabdeh tərəf zərər məbləğini qəbul edərək qaiməni təsdiq etmişdir. İddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03 mart 2023-cü il tarxli müqavilə üzrə ödənilmiş 80251,96 manat dəyərində olan tütünün onlara təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, bü mümkün olmadıqda artıq ödənilən həmin məblğin, həmcinin 62000 manat maddi zərərin və ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-dən alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, iddiacı İddiaçı MMC ilə müqavilələri vardı. Həmin müqavilə əsasında ödənişlər edilməsinə baxmayaraq tütün onalra təhvil verilməmişdir və onlara verilməli olan mal satılmışdır. Belə ki, İddiaçı MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli D/S-04/23 nömrəli müqavilə və xx.xx.2023-cü il tarixli əlavə 1 (qiymətlərin razılaşdırılması protokolu) üzrə, tərəflərindən xx.xx.2023-cü il tarixdə 70000 manat, xx.xx.2023-cü il tarixdə 70000 manat və xx.xx.2023-cü il tarixdə 35500 manat, ümumilkdə 175500 manat ödəniş edilmişdir. İddiaçı MMC tərəfindən 95248,04 manat dəyərində 32957,80 kq-lıq mal təqdim edilmişdir. Cavabdeh MMC tərəfindən ödəniş edilməsinə baxmayaraq, qarşı tərəfdən 80251,96 manat dəyərində mallar təqdim edilməmişdir. Bu səbəbdən də ixracatçısı olduğuqları müəssisələrə tərəflərindən malların ixracı təmin edilməmişdir. Cəmiyyət olaraq, ixracatçısı olduqları müəssisə qarşısında qarşılıqlı şəkildə razılaşdırılmış müqavilədə (bağlaşmada) göstərilmiş müddətdə təmin edilmədiyi halda onların müəssisəsinə cərimə tətbiq olunacaq. Bu hal baş verərsə dəymiş zərərin qarşılığı qanunvericilik çərçivəsində tələb ediləcək. İddiaçı MMC öhdəliklərini yerinə yetirmədiyinə və onların alacağı malı xaricə ixrac edə bilmədikərinə görə Rusiyada olan şirkət qarşısında çətin vəziyyətdə qalmışlar. Bu səbəbdən müəyyən öhdəliklərini icra edə bilməmişlər. Müqavilə şərtləri İddiaçı MMC tərəfindən pozulduğundan onlar həm dəymiş ziyanı, həm də əldən çıxan faydanı ödəməlidirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilk iddianın təmin olunması və qarşılıqlı iddianın rədd edilməsi hissəsində maddi və prossesual hüququ normalarının pozulması ilə qəbul edildiyindən qismən ləğv edilməli, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, İddiaçı MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli D/S- 04/23 nömrəli müqavilə və xx.xx.2023-cü il tarixli əlavə 1 (qiymətlərin razılaşdırılması protokolu) üzrə, tərəflərindən xx.xx.2023-cü il tarixdə 70000 manat, xx.xx.2023-cü il tarixdə 70000 manat və xx.xx.2023-cü il tarixdə 35500 manat, ümumilkdə 175500 manat ödəniş edilmişdir. İddiaçı MMC tərəfindən 95248,04 manat dəyərində 32957,80 kq-lıq mal təqdim edilmişdir. Cavabdeh MMC tərəfindən ödəniş edilməsinə baxmayaraq, qarşı tərəfdən 80251,96 manat dəyərində mallar təqdim edilməmişdir. Bu səbəbdən də ixracatçısı olduqları müəssisələrə tərəflərindən malların ixracı təmin edilməmişdir. Cəmiyyət olaraq, ixracatçısı olduqları müəssisə qarşısında qarşılıqlı şəkildə razılaşdırılmış müqavilədə (bağlaşmada) göstərilmiş müddətdə təmin edilmədiyi halda onların müəssisəsinə cərimə tətbiq olunacaq. Bu hal baş verərsə dəymiş zərərin qarşılığı qanunvericilik çərçivəsində tələb ediləcək. İddiaçı MMC öhdəliklərini yerinə yetirmədiyinə və onların alacağı malı xaricə ixrac edə bilmədiklərinə görə Rusiyada olan şirkət qarşısında çətin vəziyyətdə qalmışlar. Bu səbəbdən müəyyən öhdəliklərini icra edə bilməmişlər. Müqavilə şərtləri İddiaçı MMC tərəfindən pozulduğundan onlar həm dəymiş ziyanı, həm də əldən çıxan faydanı ödəməlidirlər. Lakin məhkəmə nəzərə almamışdı ki, onların da digər şirkətlər qarşısında öhdəlikləri vardır və malı vaxtında almadıqları üçün ziyana düşmüşlər. Eyni zamanda məhkəmə ilk iddianı təmin edərək onlardan bütün müqavilə üzrə ödəməli olduqları pulun tutulmasını qət etmişdir. Lakin məhkəmə nəzərə almamışdı ki, iddiaçı təşkilat onlara mal vermir. Belə olan halda məhkəmə ən azından onlar tərəfindən pul ödənildiyi halda malın qalan hissəsinində onlara təhvil verilməsi barədə qərar qəbul etməli idi. Hazrkı iş üzrə məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş, bununla da prossesual hüquq normalarını pozmuşdur. Prosessual məsələlər tərəfin izahatı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçının nümayəndəsinin apellyasiya şikayətinin təmin edilməməsinə dair izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-90/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 03 mart 2023-cü il tarixli D/S-04/23 saylı alğı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protollarında, alış sifarişlərində və/ və ya əlavələrində göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları istifadə məqsədləri üçün yararlı halda alıcının mülkiyyətinə verməyi, alıcı Cavabdeh MMC isə həmin malları təhvil alıb dəyərini bu müqaviləyə və/ və ya əlavələrdə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 10 aprel 2023-cü il tarixli xx.xx.2023-cü il tarixli D/S-04/23 saylı alğı-satqı müqaviləsinə 1 nömrəli əlavə - qiymətlərin razılaşdırılması protokolundan görünür ki, bağlanmış müqaviləyə əsasən mal-materialların dəyərinin 245390,63 ABŞ dolları məbləğində olması, VİRGİNİYA növlü qurudulmuş tütün yarpağı İ növ 1 kq-nın qiyməti 2,10 ABŞ dolları olmaqla 21326,6 ton ümumi məbləği 44785,86 ABŞ dolları, İİ növ 1 kq-nın qiyməti 1.90 ABŞ dolları olmaqla 30822 ton ümumi məbləği 58561,8 ABŞ dolları, İİİ növ 1 kq-nın qiyməti 1,70 ABŞ dolları olmaqla 82649,1 ton ümumi məbləği 140579,97 ABŞ dolları, K növü 1 kq-nın qiyməti 1,40 ABŞ dolları olmaqla 1045 ton ümumi məbləği 1463 ABŞ dolları olaraq razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli S-07/23 saylı malların anbarda saxlama müqaviləsinə əsasən tapşıran müxtəlif növ quru tütün kütlələrini saxlayanın anbarına saxlanca verməyi və saxlama müqabilində aylıq haqq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli İddiaçı MMC-nin anbardarı X2, mühafizə rəisi X5 və "xxxx" MMC-nin anbardarı X4 tərəfindən tərtib edilmiş aktlardan görünür ki, İddiaçı MMC-nin anbarında saxlanılan "xxxx" MMC-yə məxsus quru tütün məhsulu (quru tütün 1-ci növ 145 tay 21326,6 kq, quru tütün 2-ci növ 208 tay 30822 kq xx.xx.2023-cü il tarixdə, quru tütün 3-cü növ 553 tay 82694,1 kq, quru tütün K növü 8 tay 1045 kq) çəkilərək İddiaçı MMC-nin anbarına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli EBDG seriyalı 801863 nömrəli elektron qaiməyə əsasən 417164,07 manat dəyərində malların qaiməsi İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ötürülümüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə alqı-satqı müqaviləsi əsasında 127676,20 manat məbləğində dəymiş ziyanla bağlı qaimə ötürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli aklardan görünür ki, Cavabdeh MMC İddiaçı MMC-nin və "xxxx" MMC-nin anbarından xx.xx.2023-cü il tarixdə 112 tay 16720 kq İİİ növ, xx.xx.2023-cü il tarixdə 112 tay 16710 kq İİİ növ, xx.xx.2023-cü tarixdə 72 tay 7515 kq İİİ növ, 8 tay 1025,4 kq K növü quru tütün məhsulu çıxarmışdır. İş materiallarında olan bank çıxarışından görünür ki, Cavabdeh MMC xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı MMC-nin hesabına 175500 manat köçürmüşdür İş materialllarında olan 07 yanvar 2024-cü il tarixli ZAİ-001/24 saylı maliyyə arayışında qeyd edilmişdir ki, cavabdehin öhdəliklərini yerinə yetirməməsi səbəbindən İddiaçı MMC-yə əhəmiyyətli dərəcədə maddi ziyan dəymiş, istehsal edilmiş mallar satılmamış qalmış, müəssisə külli miqdarda kreditor borcları, məcburi büdcə ödənişləri, kommunal xərclər və əmək haqlarını ödəyə bilməyərək, dövlər orqanları tərəfindən məcburi sanksiyalar və məcburi tədbirlərlə üzləşmişdir. Cavabdeh qəsdən, məqsdəli şəkildə bilərəkdən müəssisənin fəaliyyətini məhdudlaşdırmışdır. Fermerlərə tütün istehsalına görə müqavilə üzrə verəcəkləri avansı təmin edə bilmədiklərinə görə 83915 manat borc yaranmış müqavilə öhdəliyini təmin edə bilmədiklərinə görə 300000 manat dəyərində əlavə gəlirdən məhrum olsalar da hazır yaş məhsulun dəyəri ödənilmədiyindən iddia ərizəsi təqdim edilən tarixdən indiyə qədər əlavə 51911 manat əlavə kreditor borc yaranmışdır. Bundan əlavə müqavilə üzrə onlara çatacaq vəsaiti ala bilmədiklərinə görə xx.xx.2024-cü il tarixə 94000 manat (2023-cü ilin noyabr və dekabr ayları üzrə əmək haqlarının ödənilməməsinə görə) və 106210 manat (kommunal xərclər) üzrə də cari borcları yaranmışdır ki, bütün bu vəsaitləri başqa mənbələrdən borc alaraq müəyyən qismdə enerji təchizatı qurumlarından möhlət alaraq saxlamışlar. Başqa şəxlsərdən 100000 manat dəyərində faktiki borc alaraq, əlavə maliyyə yükü ilə yüklənərək müflisləşmə ilə üzləşmişdir. İş materiallarında olan “X1” MMC ilə X3 arasında bağlanmış 05 avqust 2023-cü il tarixli 08 saylı borc müqaviləsindən görünür ki, müqaviləyə əsasən borc verən X3 130000 ABŞ dolları məbləğində pul vəsaitini borc alan “X1” MMC-yə müxtəlif vaxtlarda və hissəhissə verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə borc məbləğini hissə-hissə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ZAİ-062A/23 saylı bildirişin surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 03 mart 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protokollarında, alış sifarişlərində və/ və ya əlavələrində göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları istifadə məqsədləri üçün yararlı halda alıcının mülkiyyətinə verməyi, Cavabdeh MMC isə həmin malları təhvil alıb dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 nömrəli əlavəyə əsasən malların dəyəri ümumilikdə 245930,63 ABŞ dolları məbləğində razılaşdırılmışdır. Satıcı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malları Alıcıya təhvil vermiş, Alıcı müqavilədə nəzərdə tutulmuş malları tam şəkildə təhvil alaraq Satıçıya məxsus anbarda saxlama müqaviləsi əsasında saxlamaya qoymuşdur. Alıcı aldığı malın dəyərindən 175500 manatını ödəmiş, qalan hissəsini isə, yəni 241664,07 manatını ödəməmişdir. Cavabdeh MMC İddiaçı MMC-yə müqavilə üzrə 175500 manat pul köçürmüş, təhvil aldığı mallardan yalnız anbardan onlara 95248,04 manat dəyərində məhsulun çıxarılmasına icazə verilmiş, 80251,96 manat dəyərində isə məhsulun çıxarılmasına maneə yaradılmışdır. İlk və qarşılıqlı İddia tələbləriini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini ilkin iddia üzrə cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 241664,07 manat məbləğində pul ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Bundan başqa ilkin iddia üzrə iddiaçı iddia tələbində ilkin iddia üzrə cavabdehdən vurduğu zərərə görə 121813 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin təqsirli hərəkətləri nəticəsində ona ziyan vurulduğunu iddia etsə də, tələbini əsaslandıran mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı məhkəməyə hüquqi şəxsin təsisçisinin başqa şəxslə bağladığı borc müqaviləsini təqdim etsə də, fermerlərlə müqavilələr bağladığını bildirsə də fermerlərə hansı məbləğdə pul ödəməsi, hansı məbləğdə ödəyə bilməməsi, məhz cavabdehin icranı gecikdirməsi nəticəsinə ödənişləri həyata keçirə bilməməsi ilə bağlı, eləcə də təsisçinin borc alması ilə bağlı iddiaçının ziyana düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də ilkin iddia üzrə iddia tələbi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC 80251,96 manat məhsulun çıxarılmasına maneə yaratdığından 80251,96 manat məbləğində qurudulmuş tütün yarpağı məhsulu qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməlidir. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbində qarşılıqlı iddia üzrə cavabdehdən vurduğu zərərə görə 62000 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin təqsirli hərəkətləri nəticəsində ona ziyan vurulduğunu iddia etsə də, tələbini əsaslandıran mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.2-ci maddəsinə əsasən alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 441.1-ci maddısinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, ilə Cavabdeh MMC alğı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-dən almış olduğu malın dəyərindən 175500 manatını ödəmiş, qalan hissəsini isə, yəni 241664,07 manatını ödəməmişdir. Malların dəyərini ödəmədiyi məhkəmə iclasında müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Qarşılıqlı iddia ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən 80251,96 manat məbləğində qurudulmuş tütün yarpağı məhsulu qarşılıqlı iddia üzrə iddiaçıya təhvil vermədiyindən birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə də təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası ilk iddia tələbinin vurulmuş zərərə görə 121813 manat məbləğində pulun tutulması, qarşılıqlı iddia tələbinin vurulmuş zərərə 62000 manat məbləğində pulun tutulması hissəsində aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə ilk və qarşılıqlı iddiaçılara zərər vurulması müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) verdiyi apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi ilk iddia üzrə iddiaçı ilə cavabdeh arasında 245390,63 ABŞ dolları və ya 417164,07 manat dəyərində quru tütün məhsulunun alğı-satqısına dair müqavilə bağlanmış, iddiaçı göstərilən miqdarda məhsulu cavabdehə təhvil vermiş, cavabdeh həmin məhsuli iddiaçıya məxsus anbara yığmış, həmin məhsulun dəyərindən 175 500 manat ödəniş etmiş olsa da, razılaşdırılmış məbləğin qalan hissəsini, həmçinin anbarda saxlama xərcini ödəməmişdir. Kollegiya hesab edir ki, ilk iddia üzrə iddiaçı müqavilədə nəzərdə tutulmuş məhsulu cavabdehə tam şəkildə təhvil verdiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini 241664,07 manat məbləğində pulun ilkin iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh həmin məhsulu çəkilərək tam şəkildə qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin qətnamənin məhkəmə tərəfindən ilk iddianın təmin edilmiş hissəsində ləğv edilməli olmasına dair dəlili əsassızdır. Apellyasiya şikayətinin digər ixracatçılar qarşısında öhdəliyini ilk iddia üzrə iddiaçının təqsirindən yerinə yetirə bilməməsinə dair dəlili də əsassızdır. Ona görə ki, müqavilədə nəzərdə tutulmuş çəkidə keyfiyyətdə və qiymətdə quru tütün məhsulu ilk iddia üzrə cavabdehə təhvil verilmiş olsa da, sonuncu həmin məhsulun dəyərini iddiaçıya tam olaraq ödəməmişdir. Yəni zərərli nəticənin baş verməsi heç də ilk iddia üzrə iddiaçının hərəkəti ilə bağlı deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-90/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar