Məhkəmə qərarları › İş №2-2(104)-118/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-118/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-118/2025 29.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-186/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-186/2025 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 311021 saylı məhsulların alqı-satqı müqaviləsinə əsasən 10201 manat 32 qəpik əsas borc, 510 manat faiz borcu olmaqla cəmi 10711 (on min yeddi yüz on bir) manat 32 (otuz iki) qəpik borc, 121 (bir yüz iyirmi bir) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, Cavabdeh 01 (bir) manat 13 (on üç) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-186/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın əsassız olduğu üçün tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış və cavabdeh tərəfindən ödənilməmiş 10201,32 manat əsas borcun və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 510 manat gecikdirmə faizinin və məhkəməyə müraciət üçün ödənilmiş 121 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 1 fevral 2023-cü il tarixli məhsulların alqı-satqı müqaviləsinə əsasən iddiaçı razılaşdırılmış miqdarda, çeşiddə, adda və keyfiyyətdə malları cavabdehə satmağı, cavabdeh isə öz növbəsində satılan malları almağı və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçının öz öhdəliklərini tam şəkildə yerinə yetirməsinə baxmayaraq cavabdeh öz öhdəliklərinin icrasından boyun qaçırmış, həmçinin bu öhdəliklərin yerinə yetirilməsi üçün iddiaçı tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymamışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümümilikdə 30727,32 manat məbləğində mallar qəbul etmiş və bunun müqabilində isə cəmi 20526 manat ödəniş həyata keçirmişdir. Nəticədə 10201,32 manat təşkil edən malların ödənişini həyata keçirməmiş və bu hal xx.xx.2023-cü il tarixli aktla (aktda borc yanlışlıqla 100 manat artıq göstərilib) da təsdiq olunmuşdur. Qeyd olunan mallarla bağlı göndərilmiş e-qaimələr barədə məlumat, eləcə də borcun hesablanması qaydası, həyata keçirilmiş ödənişləri təsdiq edən kassa mədaxil çekləri iddia ərizəsinə əlavə olunur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosesual hüquq normalalrının pozulması ilə qəbul olunmuşdur. Belə ki, onunla iddiaçı arasında hər hansı bir müqavilə imzalanmasına baxmayaraq iddia ərizəsində göstərilmiş məbləğ şirkət tərəfindən kifayət qədər şişirdilmiş məbləğdir. Ona qarşı belə bir iddia tələbi ilə çıxış edən iddiaçının iddiasının əsaslı hesab edilməsi barədə qətnamə çıxarılması mülki qanunverciliyin tələblərinin pozuntusudur. İddiaçının ona qarşı irəli sürdüyü borc tələbi ilə bağlı məhkəməyə verdiyi sübut qismində məhkəmə tərəfindən qəbul olunan sənəd müqavilə deyil, aktdır. Akt ilə isə heç bir öhdəlik əmələ gəlməsi mülki qanunvercilikdə nəzərdə tutulmamışdır. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. İddiaçı tərəfin onunla heç bir müqavilə razılaşması olmadığı halda birinci instansiya məhkəməsi yalnız hansısa akt əsasında ona qarşı borc öhdəliyinin təmin olunmasına dair özünün mübahisəli qətnaməsini çıxardıbdır. Məhkəmənin özü qətnaməsinin əsaslandırma hissəsində istinad etdiyi maddi hüquq normaları bu iş üzrə tətbiq edilməli deyildi. Çünki məhkəmə qətnaməsində işin halları ilə bağlı məhkəmənin gəldiyi yanlış nəticənin hüquqi əsasını göstərən normalar olaraq verilmiş Mülki Məcəllənin 385-386, 442-445 və 600-cü maddələri müqavilə ilə yaranan münasibətlərə aiddir və bu maddi hüquq normalarının ona qarşı irəli sürülən iddia tələbinin əsasını təşkil edən akt adlı sənədlə heç bir əlaqəsi yoxdur. Məhkəmənin qərarında hüquq normalarının şərhi və tətbiqində səhvlərə yol verilib ki, bu da ona qarşı iddiaçının iddiasının düzgün təmin edilməməsinə ona qarşı ədalətsizliyə yol verilməsinə səbəb olub. Həmçinin hesab edir ki, iddiaçı kreditor onu əvvəlcədən xəbərdar etmədiyi üçün və razılaşma üzrə şərtlərin yerinə yetirilməsi ilə bağlı tərəf olaraq öz aralarında danışıqlar yolu ilə mübahisənin həllinə üstünlük vermək haqqını tanımamışdır və birinci instansiya məhkəməsi də tərəflər arasında müqavilə hüququnun üstünlüyü prinsipinə əhəmiyyət verməyərək işin məhkəməyə qədər həlli üçün iddiaçının etməli olduğu hərəkətlərin real olaraq nədə ifadə olmasına dair mötəbər sübutlar üzərindən qiymətləndirmə aparmamışdır. İddiaçı borcun şişirdilmiş məbləğini təsdiqləyici hesablamalar təqdim etmədən göstərib. Həmçinin, onun ödənişləri gecikdirməyilə bağlı iddiaçının mülahizələri iddiaçının nöqtəyi nəzərindən məhkəməyə təqdim olunan ümumi mülahizlər olmuşdur. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi və iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-186/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2023-cü il tarixli 311021 nömrəli məhsulların alqı-satqısı müqaviləsindən görünür ki, satıcı razılaşdırılmış miqdarda, çeşiddə, adda və keyfiyyətdə malları alıcıya satmağı, alıcı isə həmin malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu 10301,12 manat təşkil edir. İş materiallarında olan elektron qaimələrdən görünür ki, xx.xx.2023-cü il tarixdə 4172,50 manat, xx.xx.2023-cü il tarixdə 990,92 manat, xx.xx.2023-cü il tarixdə 3099,83 manat, xx.xx.2023-cü il tarixdə 1128,60 manat, xx.xx.2023-cü il tarixdə 3586,69 manat, xx.xx.2023-cü il tarixdə 546,91 manat, xx.xx.2023-cü il tarixdə 4902,68 manat, xx.xx.2023cü il tarixdə 4246,61 manat, xx.xx.2023-cü il tarixdə 252,70 manat, xx.xx.2023-cü il tarxidə 3906,92 manat, xx.xx.2023-cü il tarixdə 3893,04 manat məbləğində mallara dair "xxxx" MMC tərəfindən Cavabdeh elektron qaimələr ötürülmüş, qaimələr elektron qaydada təsdiq edilmişdir. İş materiallarında olan kassa mədaxil qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 6963 manat, 1412 manat, xx.xx.2023-cü il tarxidə 6302 manat, xx.xx.2023-cü il tarixdə 3907 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 1642 manat pul ödənilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 1 fevral 2023-cü il tarixli məhsulların alqı-satqı müqaviləsinə əsasən iddiaçı razılaşdırılmış miqdarda, çeşiddə, adda və keyfiyyətdə malları cavabdehə satmağı, cavabdeh isə öz növbəsində satılan malları almağı və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüş, iddiaçının öz öhdəliklərini tam şəkildə yerinə yetirməsinə baxmayaraq cavabdeh öz öhdəliklərinin icrasından boyun qaçırmış, həmçinin bu öhdəliklərin yerinə yetirilməsi üçün iddiaçı tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymamışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümümilikdə 30727,32 manat məbləğində mallar qəbul etmiş və bunun müqabilində isə cəmi 20526 manat ödəniş həyata keçirmişdir. Nəticədə 10201,32 manat təşkil edən malların ödənişini həyata keçirməmiş və bu hal xx.xx.2023-cü il tarixli aktla (aktda borc yanlışlıqla 100 manat artıq göstərilib) da təsdiq olunmuşdur. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında 01 fevral 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı razılaşdırılmış miqdarda, çeşiddə, adda və keyfiyyətdə malları alıcıya satmağı, alıcı isə həmin malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, elektron qaimələri təsdiq etsə də malın pulunu tam ödəməmiş, nəticədə onun iddiaçıya 10201,32 manat əsas borcu qalmış və əsas borcun gecikdirilməsinə görə 510 manat faiz borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borc məbləğini və faiz borcu cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 10201,32 manat əsas borc və 510 manat faiz borcu olmaqla 10711,32 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin alğı-satqı müqaviləsinə əsasən iddiaçıdan haqqını sonradan ödəmək şərti ilə almış olduğu malların 10201,32 manat təşkil edən hissəsinin dəyərini sonradan ödəmədiyi məhkəmə iclasında müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. İşdən göründüyü kimi cavabdeh aldığı malın dəyərini mal ona təhvil verildikdən 30 gün ərzində ödəməli olduğu halda müqavilənin şərtini pozaraq malların verildiyi sonuncu tarixdən bir ildən artıq müddət keçməsinə və edilmiş xəbərdarlıqlara baxmayaraq borcunu ödəməmişdir. Ona görə də iddiaçının gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində bir tərəfdən iddiaçı ilə müqavilə bağlamadığını, digər tərəfdən iddia ərizəsində göstərilmiş məbləğin şirkət tərəfindən kifayət qədər şişirdilmiş məbləğ olduğunu vurğulayır. Kollegiya apellyasiya şikayətinin birinci dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında mal alğı-satqısı ilə bağlı 1 fevral 2023-cü il tarixli müqavilə bağlanmış və cavabdehə malların verilməsi də həmin vaxtdan başlanmışdır. İddiaçı aralarında müqavilənin olmadığını göstərmiş olsa da, həmin dəlil işdəki 1 fevral 2023-cü il tarixli müqavilə, cavabdehə ötürülmüş çoxsaylı elektron qaimələr və cavabdeh tərəfindən edilmiş ödəniş sənədləri ilə təkzib olunur. Qaldı ki, şikayətin iddia ərizəsində göstərilmiş məbləğin şişirdilmiş məbləğ olması dəlilinə kollegiya həmin dəlili də əsassız sayır. Belə ki, işdəki elektron qaimələrdən iddiaçının cavabdehə 30 727,32 manat dəyərində mal verdiyi, cavabdehin isə 20 526,00 manat ödəniş etdiyi və 10 201,32 borcunun qaldığı təsdiq olunur. İşdən həm də görünür ki, cavabdeh bir neçə dəfə kassa mədaxil orderləri ilə birbaşa iddiaçının kassasına ödənişlər etmişdir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasы MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yuxarıda göstərilən məbləğdə borcunun olması iş materialları ilə təsdiq olunduğundan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)- 186/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-186/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar