Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-122/2023 05.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - Hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-75/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə 31 oktyabr 2022-ci il tarixdə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli 1875- GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 3586 manat gecikdirilmiş borcun və hesablanmış 3051,69 manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli 1106-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 8304 manat gecikdirilmiş borcun və hesablanmış 5938,91 manat cərimə borcunun, hüquqi yardımla bağlı 300 manatın, 100 manat mediasiyaya dair xərcin, cəmi 21280,60 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın həcminin azaldılmasına dair ərizə ilə 13 dekabr 2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 1875-GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 3051,69 manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli 1106-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 7804 manat gecikdirilmiş borcun və hesablanmış 5938,91 manat cərimə borcunun, hüquqi yardımla bağlı 300 manatın, 100 manat mediasiyaya dair xərcin, cəmi 17194 manat 60 qəpik pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia həcminin azaldılmasına dair ərizə ilə 13 yanvar 2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 1875-GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 3051,69 manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli 1106-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 5938,91 manat cərimə borcunun, hüquqi yardımla bağlı 300 manatın, 100 manat mediasiyaya dair xərcin, cəmi 9390 manat 60 qəpik pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-75/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-75/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin qanunsuz və əsassız olduğundan ləğv edilməsini, iddianın qismən (dəbbə pulu, hüquqi yardım və mediasiya xərcləri hissələrində) təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1875-GL/15 nömrəli və xx.xx.2017-ci il tarixli 1106-GL/17 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin yuxarıda göstərilən məbləğlərdə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənişləri yerinə yetirməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı qeyd edilməsi zəruridir ki, mülki qanunvericiliklə dəbbə pulu qazanc əldə etmək və ya hər hansı digər məqsədlər üçün deyil, yalnız öhdəliyin icrasının təmin üsulu kimi nəzərdə tutulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, dəbbə pulunun tənasüblüyü müəyyən edilən zaman borclunun deyil, kreditorun mənafeləri nəzərə alınmalı idi. Məhkəmə tərəfindən iddianın təmin olunmamasını əsas götürərək mediasiya və hüquqi yardım xərclərinin iddiaçıya aid edilməsi əsassızdır. Belə ki, hazırkı iş üzrə iddianın təmin edilməməsinin səbəbi iddiaçının hər hansı əsassız iddia tələbi yox, məhkəmə gedişi zamanı borclunun əsas öhdəliyi icra etməsi olmuşdur. Yəni mediasiya zamanı, habelə iş məhkəməyə təqdim olunarkən borclunun öhdəlikləri icra olunmamış vəziyyətdə olduğu üçün iddiaçı iddia tələbində haqlı olmuş və bu tələblə əlaqədar zəruri xərcləri ödəmişdir. Lakin qeyd olunan hallar da məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddia ərizəsinə əlavə olunmuş 04927 nömrəli xx.xx.2022-ci il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə mediasiya arayışından göründüyü kimi, iddiaçı özünə aid olan hissə ilə yanaşı, xərcin digər tərəfə aid olan hissəsini də ödəmişdir. Mübahisənin sonrakı mərhələsindən (işin məhkəməyə verilib-verilməməsindən, iddianın təmin edilib-edilməməsindən) asılı olmayaraq, bu xərc borcluya aid hesab olunur. Buna görə də hazırkı iş üzrə mediasiya ilə əlaqədar iddiaçı tərəfindən borclunun əvəzinə ödənilmiş vəsaitlə bağlı tələbin təmin edilməməsi cavabdehin əsassız varlanmasına gətirib çıxarır. Eyni zamanda iddiaçının büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin və mediasiya xərcinin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Odur ki, iddianın qismən təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh iclasına gəlməmişdir. Cavabdeh məhkəmə kollegiyasına göndərdiyi teleqramla məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, cavabdehin bu xahişi məhkəmə iclasının əsassız yerə uzanmasına, süründürməçiliyə xidmət edən haldır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan 14 may 2015-ci il tarixli 1875-GL/15 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" ASC ümumi məbləği 8150 manat olan və 1 nömrəli Əlavədə göstərilən traktor Belarus-892 texnikasını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Cavabdeh mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23 may 2017-ci il tarixli 1106-GL/17 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" ASC ümumi məbləği 13070 manat olan və 1 nömrəli Əlavədə göstərilən 4 gövdəli kotan AG-14-4, traktor Belarus-892, taxılsəpən TS-24 kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Cavabdeh mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verənin lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququ nəzərdə tutulmuşdur. İş materiallarında olan 14 may 2015-ci il tarixli 1875-GL/15 nömrəli lizinq müqaviləsi üzrə ödəniş qrafikinin surətindən görünür ki, Cavabdeh ödənişləri xx.xx.2015-ci il tarixdən 30 iyun 2022-ci il tarixdək hissə-hissə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. İş materiallarında olan 23 may 2017-ci il tarixli 1106-GL/17 nömrəli lizinq müqaviləsi üzrə ödəniş qrafikinin surətindən görünür ki, Cavabdeh ödənişləri xx.xx.2017-ci il tarixdən 30 iyun 2023-ci il tarixdək hissə-hissə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh xx.xx.2015-ci il tarixli 1875-GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə 3 586,00 manat gecikdirilmiş borcu və 3051,69 manat hesablanmış cərimə borcu, cəmi 6 637,69 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh xx.xx.2017-ci il tarixli 1106-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə 8 304,00 manat gecikdirilmiş borcu, 5938,91 manat hesablanmış cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 17014 nömrəli qəbzindən görünür ki, Cavabdeh həmin tarixdə, yəni iddiaçı müvafiq iddia ərizəsi iləı məhkəməyə müraciət etdikdən sonra "xxxx" ASC-nin hesabına 7804 manat pul ödəmişdir. Bundan başqa iş materiallarında olan Gəncə şəhər 1 saylı mediasiya təşkilatı tərəfindən verilmiş arayışda tərəflərin mediasiya sessiyasında iştirak etdiyi və iddiaçı tərəfindən 200 manat mediasiya xərcinin ödənildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş hüquqi yardımın göstərilməsi haqqında 2556 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəfindən 300 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1980-ci il tarixdə Əsgəran rayonu Xanabad kəndində anadan olmuş, qeydiyyat yeri Ağdam rayonu Mərzili kəndi olmaqla məcburi köçkündür. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh arasında 14 may 2015-ci il tarixdə və 23 may 2017-ci il tarixdə kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilələr bağlanmış, ümumi məbləği 8150 manat və 13070 manat olan kənd təsərrüfatı texnikaları ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Müqaviləyə əsasən lizinq verən öz öhdəliyini yerinə yetirmiş, kənd təsərrüfatı texnikalarını lizinq alana vermiş, lizinq alan isə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, ona görə də ona əsas borcla yanaşı cərimə də hesablanmışdır. Lakin mübahisəyə məhkəmədə baxılarkən cavabdeh hər iki müqavilə üzrə əsas borc məbləğlərini tamamilə ödəmiş olsa da, hər iki müqavilə üzrə hesablanmış cərimələrdən ödəniş etməmişdir. İddiaçı da iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizələr verərək cavabdeh tərəfindən əsas borc məbləğləri ödənildiyinə görə hesablanmış cərimə məbləğlərinin, habelə hüquqi yardıma və mediasiyaya çəkilmiş xərclərin ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Cavabdeh isə 14 may 2015-ci il tarixli müqavilə üzrə ödənilməsi nəzərdə tutulan 8150 manat məbləğin yarıdan çox hissəsini, yəni 4564 manatını, 23 may 2017-ci il tarixli müqavilə üzrə ödənilməsi nəzərdə tutulan 13070 manat məbləğin isə xeyli hissəsini, yəni 3840 manatını məhkəmədə mübahisə ilə bağlı iddia qaldırılmazdan əvvəl müqavilə şərtlərinə uyğun ödəmiş, hər iki müqavilə üzrə qalan borc məbləğini isə məhkəmə gedişi zamanı tam olaraq ödəmişdir. Cavabdeh həmçinin məcburi köçkündür. Qeyd edilən halları nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyindən, yəni lizinq ödənişlərini tam olaraq iddiaçıya ödədiyindən hər iki müqavilə üzrə cərimənin tətbiq edilməsi onun əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Ona görə də iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş pul vəsaiti iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1875-GL/15 nömrəli və 23 may 2017-ci il tarixli 1106-GL/17 nömrəli lizinq müqavilələrinin 4.2-ci bəndində göstərilir ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materiallarından görünür ki, Cavabdeh mübahisəyə məhkəmədə baxılarkən hər iki müqavilə üzrə gecikdirilmiş borc məbləğini tamamilə ödəmiş olsa da, lakin hesablanmış cərimə məbləğlərini, iddiaçı tərəfindən ödənilmiş hüquqi yardım və mediasiya xərcini ödəməmişdir. Birinci instansiya məhkəməsi isə bunları nəzərə almadan cavabdehin gecikdirilmiş əsas borcu ödəməsinə istinad edərək iddianı rədd etmişdir. Halbuki iddiaçının hüquqi yardım üçün müraciət etməsinin, həmçinin mediasiya qurumuna müraciət etməsinin səbəbi cavabdehin öhdəliyini lazımi qaydada icra etməməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Ona görə də iddiaçının xx.xx.2015-ci il tarixli 1875-GL/15 nömrəli müqavilə üzrə tələb etdiyi 3051,69 manat hesablanmış cərimə borcu azaldılaraq ödənilməsi üçün üzərində 300 (üç yüz) manat miqdarında, xx.xx.2017-ci il tarixli 1106-GL/17 nömrəli müqavilə üzrə tələb etdiyi 5938,91 manat hesablanmış cərimə borcu azaldılaraq ödənilməsi üçün üzərində 500 (beş yüz) manat cərimə borcu saxlanılmalıdır. Kollegiyanın qənaətinə görə bu məbləğdə cərimə ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Məhkəmə xərci ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət edərkən zəruri xərcləri ödəmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, hüquqi yardımla bağlı 300 manat xərcin çəkilməsi ağlabatan deyil və məhkəmə kollegiyası hesab edir ki, 200 manat hüquqi yardımın cavabdehdən tutulması daha məqsədəuyğundur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsində göstərilmişdir ki, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia ərizəsinə əlavə olunmuş 04927 nömrəli xx.xx.2022-ci il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə mediasiya arayışından göründüyü kimi, iddiaçı 200 manat mediasiya xərci ödəmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-75/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. Cavabdeh xx.xx.2015-ci il tarixli 1875-GL/15 nömrəli müqavilə üzrə 300 (üç yüz) manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 1106- GL/17 nömrəli müqavilə üzrə 500 (beş yüz) manat cərimə borcu, 200 (iki yüz) manat hüquqi yardımla bağlı, 100 (bir yüz) manat mediasiyaya dair xərcin əvəzi, cəmi 1100 (bir min yüz) manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-122/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-122/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver