Məhkəmə qərarları › İş №2-2(104)-124/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-124/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-124/2024 17.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏTNAMƏ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “pul tələbinə” dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-156/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarında qeyd edilmişdir ki, Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-nin 6 saylı yataqxanasının ətrafında müvəqqəti məskunlaşan İddiaçı Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Şəmkir rayonu Düyərli kəndində yaşayan Aqil adlı şəxsin 2013-2017-ci illər ərzində ondan və mərhum qardaşı Telmandan 20000 manat dəyərində sement almasını, lakin pulunu mənimsəyib, dələduzluq etməsini bildirmişdir. İddiaçı ərizəsi 24 noyabr 2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin növbətçi hissəsində HK-1/4Q04 nömrəsində qeydə alınaraq yoxlanılması üçün icraata daxil olmuşdur. İlkin yoxlama zamanı İddiaçı izahatında göstərmişdir ki, Şəmkir rayonu Düyərli kənd sakini Cavabdeh 2013-cü ildən tanıyır. Onların hər hansı bir ədavəti yoxdur. Təxminən 2013-cü ildən mərhum qardaşı X1 ilə birlikdə şirkətlər tərəfindən İran və Akkord sementlərini götürüb ətraf rayonlara satış üçün paylamışlar. Həmin çeşiddə olan sementləri ondan Cavabdeh da topdan götürüb pərakəndə satışını etmişdir. Cavabdeh sementi götürüb satdıqdan sonra hissə-hissə ödəsə də ona və qardaşına verməli pulların 20000 manatını verməyib başqa şəxslərə borclu olduğu pulun yerinə ödəmişdir. Həmin 20000 manat pulu digər borclarının yerinə verdiyini özü etiraf etmişdir. O, bir neçə dəfə Aqildən borclu olduğu pulu istəməsinə baxmayaraq Aqil müxtəlif bəhanələr gətirib pulunu verməmişdir. O, Aqildən pulunu ala bilmədiyi üçün bu barədə polisə müraciət etmək qərarına gəlmişdir. Həmin material üzrə izahatı alınmış Cavabdeh Şəmkir rayon Polis şöbəsində bildirmişdir ki, barəsində şikayət edən İddiaçı İsrafil oğlunu Gəncə şəhərində yaşayan Kəlbəcərli kimi tanıyır, O, onun özü və mərhum qardaşı Telmanla birlikdə ticarətlə məşğul olmuşdur. Belə ki, o, İsa və mərhum qardaşı ilə birlikdə Şəmkir və Tovuz rayonu ərazisində sement satışı ilə məşğul olmuşdur. İsa ilə onun mərhum qardaşı Telman ona gətirdikləri sementlərin satışı ilə məşğul olmuşdur. Təxminən 2015-ci ildən bəri fəaliyyətini dayandırmışdır. Buna səbəb nisyə verdiyi sementlərin pullarının müxtəlif şəxslərdən ala bilməməsi olmuşdur. İsanın yazmış olduğu ərizə ilə tanış olmuşdur. Bildirmək istəyir ki, o İsadan və mərhum qardaşı Telmandan sement almışdır, lakin onun ona 20000 manat borcu yoxdur. Onun təxminən İsaya 4000 manat borcu qalmışdır. Bəlkədə onun ona borcu qalmamışdır. Belə ki, onun mərhum qardaşı Telman ilə qazancı hesablanmamışdır. Material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır.

2. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş SD diskdə olan səs yazısı aşağıdakı qaydada qeyd olunmuşdur: İddiaçı: -Şirkətə olan borcun ya 16000 manat, ya da 17000 manatdır. Cavabdeh: -Dəftərlər obyektdədir, baxıb araşdıracam. İddiaçı: -Hardasa 17000 manata yaxındır. Cavabdeh: -Xeyr, şirkətlə olan haqq-hesabım ayrıdır, Telmanla olan haqq-hesabım ayrı. İddiaçı: -Xeyr, elə pulun hamısını Telman şirkətə aid puldan vermişdir. Cavabdeh: -Borcum 17000 manat olmaz, 9000 manata yaxın olar. İddiaçı: -16000 manat nə qədərsə olmalıdır, qeydiyyatda var. Cavabdeh: -Orda bizim qazancımız da vardı, mal paylamışdıq. İddiaçı: -Mal paylamışdın mal gedib, pulları da yığmadız. Bəs bunlara kim cavab verməlidir? Telmanın səhhəti yaxşı deyil, mənə tapşırdı ki, siyahını dəqiqləşdirim və şirkətə verim. Cavabdeh: -Sabah dəftərlərdən araşdıracam. İddiaçı: -Borc 16000 manat nə qədərsə olmalıdır. Cavabdeh: - Araşdırıb dəqiq deyərəm. İddiaçı: -Bəs mənə olan borcun nə qədərdir? Cavabdeh: -O da yadımdan çıxıb gərək dəftərə baxam. İddiaçı: -Hardasa 3200 ABŞ dollarına yaxın olmalıdır. Cavabdeh: -Dollar olmaz, manat olmalıdır. İddiaçı: -2013-cü il hara indi hara. Cavabdeh: -Onda mənim dəftərimdə nə qədər pullar batıb. İddiaçı: -Telmanla mənə olan borcun ikisi birlikdə manatla 20000 manat olar. Borclardan verə bilmirsən. Cavabdeh: - Virusa görə işləyə bilmədik, arendanı belə verə bilmirəm. İddiaçı: -İşləyirsən orda? Cavabdeh: -Yox, bağlanmış kimi bir şeydir. İddiaçı: -Mal-materialın var? Cavabdeh: -Yox. İddiaçı: -Bəs o qədər mal-material hara getdi? Cavabdeh: -Şərikim apardı. İddiaçı: -Burda şərikin var? Cavabdeh: -Yox, şərikimin öz malları idi deyə apardı. İddiaçı: -2013-cü il buda indi ikimizə 20000 manata yaxın borcun var. Başqa yerə borcun var yox bilmirəm. Ən azından hissə-hissə 1000 manat, 2000 manat ödəyə bilərsən. Cavabdeh: -Bu il edəcəm. İddiaçı: -Sabah uçotu çıxar. Cavabdeh: -Olar, bizim qazancımız var, o qazancı hesablamamışıq, pulun hamısı batmadı. İddiaçı: -Arada indi 300-500 manat qazanc olub o heç, onu sonra aranızda bölərsiz. Borcun 16000 manat nə qədərdir. Cavabdeh: -Yaxşı, sabah baxaram, danışarıq.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 19566.80 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o uzun müddətdir sement alqı-satqısı ilə məşğul olmaqla “Akkord” və İran İslam Respublikası şirkətlərindən sement götürərək Gəncə şəhər və ətraf rayonlarda topdan və pərakəndə satışı ilə məşğul olmuş və cavabdehi də 2013-cü ildən tanımışdır. Belə ki, cavabdeh əvvəlcə mərhum qardaşı X1 ilə birlikdə ondan topdan sement götürərək Şəmkirdə və ətraf rayonlarda satmış və satışdan sonra pulunu ödəmişdir. Cavabdeh müxtəlif vaxtlarda ondan sement götürərək satmış və cavabdehin ona 20000 manat borcu qalmışdır. Cavabdeh götürdüyü sementi borca verdiyini, pullarını yığan kimi qaytaracağını desə də sonradan müxtəlif bəhanələr edərək ondan aldığı sementin pulunu qaytarmaqdan imtina etmişdir. O dəfələrlə görüşərək ondan pulunu ödəməsini xahiş etsə də müxtəlif bəhanələr edərək borcu ödəməkdən yayınmışdır. Bir neçə dəfə mobil telefonla əlaqə saxlamışdır, sonuncu dəfə isə bildirmişdir ki, 9000 manat borcu qalıb, o ondan Şəmkir Rayon Polis şöbəsinə şikayət etmişdir, cavabdeh orada bildirmişdir ki, 4000 manat borcu qalıb. Şikayəti üzrə mübahisənin mülki xarakterli olması bildirildi, cavabdehin əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edildi. Hazırda cavabdehin günahı üzündən o 20000 manat ziyana düşmüşdür.

5. Şəmkir Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(076)-1056/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 19566,80 (on doqquz min beş yüz altmış altı manat səksən qəpik) manat pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 148,7 (bir yüz qırx səkkiz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli 2(104)-1999/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(076)-1056/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-156/2024 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh 4000 (dörd min) manat pul alınaraq İddiaçı verilməsi, Cavabdeh 60 (altmış) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi yekun məhkəmə aktında qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl polis orqanına müraciət etmiş, cavabdehin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən alınan, Şəmkir rayon Polis şöbəsində aparılan araşdırma materiallarından görünür ki, Cavabdeh izahatı alınmış, o izahatında İsaya 4000 manat borcu qaldığını, bəlkə də onun ona borcu qalmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən 4000 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Bu qənaətə gələrkən məhkəmə yuxarıda qeyd edilən cavabdehin Şəmkir rayon Polis şöbəsinə verdiyi izahatını nəzər almaqla yanaşı tərəflər arasında gedən danışıqda (audio yazıda) cavabdehin ümumiyyətlə iddiaçıya borcunun olmamasına istinad etməməsini də nəzərə alır.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 448, 567 və 600-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.

11. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. O, cavabdehin səs yazılarını sübut kimi təqdim edərək cavabdehin ona 19566.80 manat borcunun olmasını sübuta yetirmişdir, eyni zamanda da cavabdehin özünün Şəmkir rayon məhkəməsində verdiyi izahatında da borcunun olması məhkəmə iclas protokollarında var.

13. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

14. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, o vaxt elektron qaimə yox idi, sement məhsullarını zavod onlara verirdi, onlar isə paylayırdı. Şirkətə 16500 manata yaxın məbləği o, ödəmişdir və cavabdehdən 19566 manat pul tələb edir. Hazırki iş üzrə səs yazısını təqdim etmiş, həmin səs yazısında o bildirir ki, 17000 manata yaxın Akkorda borcu var, cavabdeh isə deyir ki, yox onun 9000 manat Akkord şirkətinə borcu var, qalanı isə Telmanla onun arasında olan məsələdir.

15. Əvvəlki məhkəmə iclasında izahat verən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, cavabdeh əvvəlcədən borcunun olmasını etiraf etmirdi. Səs yazısını dinlədikdən sonra borcunu etiraf etdi. Şəmkir Rayon Məhkəməsində aparılan məhkəmə araşdırmasında cavabdeh etiraf edir ki, pulu almış, hətta ondan da çox borcu var, lakin qaytarmışdır. Buna baxmayaraq qaytamağı ilə bağlı hər hansı sübutu yoxdur.

16. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdeh apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, iddiaçıya cəmi 4000 manat borcu vardır. Onun əsas borcu Telmana, yəni iddiaçının qardaşınadır. İkisinə birlikdə borcu 4000 manat olub. Üzərindən uzun müddət keçdiyi üçün nə qədər mal götürdüyünü unutmuşdur. CD diskdəki səs yazısı ona məxsusdur. Telman ona 9000 manatlıq mal vermişdi və 4000 manat 9000 manatın içində idi. Belə ki, o, mal satıb pul qazanmışdı. Danışıq olanda 9000 manat borc ola biləcəyini desə də haqq-hesab kitablarına baxmamışdır, ona görədə dəqiq borcunu deyə bilmir. Hesab edir ki, iddiaçıya heç bir borcu yoxdur.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

20. İşin halları ilə müəyyən edilmişdir ki, tərəflər İsa Cərayılov və Cavabdeh arasında sahibkarlıq fəaliyyətindən irəli gələrək işgüzar əlaqələr mövcud olmuşdur. Belə ki, İddiaçı sement malların topdan və pərakəndə satışı ilə məşğul olduğundan “Akkord” şirkətlərindən və İran İslam Respublikasından əldə etdiyi sement malları Cavabdeh satılması üçün vermiş, sonuncu isə malların dəyərini ödəməsini öhdəsinə götürmüşdür.

21. Bundan sonra, cavabdeh nisyə malların dəyərini ödəmədiyindən hazırki mübahisə üzrə iddiaçı məhkəməyə müraciət etmiş, Gəncə Kommersiya Məhkəməsi iddianı qismən əsaslı hesab edərək yekun məhkəmə aktında qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl polis orqanına müraciət etmiş, cavabdehin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən alınan, Şəmkir rayon Polis şöbəsində aparılan araşdırma materiallarından görünür ki, Cavabdeh izahatı alınmış, o izahatında İsaya 4000 manat borcu qaldığını, bəlkə də onun ona borcu qalmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən 4000 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Bu qənaətə gələrkən məhkəmə yuxarıda qeyd edilən cavabdehin Şəmkir rayon Polis şöbəsinə verdiyi izahatını nəzər almaqla yanaşı tərəflər arasında gedən danışıqda (audio yazıda) cavabdehin ümumiyyətlə iddiaçıya borcunun olmamasına istinad etməməsini də nəzərə alır.

22. Qeyd olunan məhkəmə aktı iddiaçı tərəfindən mübahisələndirilmiş, iddia tələbinin tam təmin olunması xahiş edilmiş və onunla əsaslandırılmışdır ki, cavabdehin borcun etirafına dair səs yazısı təqdim olunsa da məhkəmə tərəfindən həmin sübuta düzgün hüquqi qiymət verilməmişdir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

24. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında müəyyən edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

25. Hazırki halda sübut kimi təqdim edilmiş CD diskdə Cavabdeh İddiaçı 9000 manat borcun olmasını etiraf etmiş, tələbin digər hissələrinə dair təsdiqedici ifadə işlətməmişdir.

26. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdeh səs yazısının ona məxsus olduğunu bildirmiş, 9000 manat borcun olmasını qeyd etsə də həmin borcun qaytarılmasını subut edən sənədi təqdim etməmiş, səs yazısında qeyd olunan haqq-hesab kitabına əsasən nə qədər borcunun qalmasına dair dəqiq məlumat verməmişdir.

27. Məhkəmə kollegiyası təqdim olunan audio yazının mötəbərliyi ilə bağlı qeyd edir ki, həmin yazı sübut kimi qiymətləndirilməlidir və gəlinən nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 12 aprel tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğundur.

28. Belə ki, “Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur.

29. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.

30. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

31. Göründüyü kimi CD diskdə təqdim edilən audio yazının sübut kimi qiymətləndirilməsini istisna edən hal mövcud olmamışdır. Habelə, cavabdeh məhkəmə araşdırması zamanı izahatında 9000 manat borcu dolayısı ilə etiraf etsə də, həmin borcun ödənilməsi ilə bağlı sübut təqdim etməmişdir.

32. Belə olduqda məhkəmə kollegiyası tərəfindən cavabdeh tərəfindən etiraf edilən 9000 manat hissəyə dair iddiaçının tələbi əsaslı hesab edilir. İddia tələbinin qalan həcminə dair iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilmədiyindən təmin edilməsi üçün heç bir hüquqi əsas müəyyən edilmir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 19 aprel 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir”.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

qətetdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-156/2024 nömrəli qətnaməsi iddia tələbi rədd edilən hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul alınaraq İddiaçı verilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-156/2024 nömrəli qətnaməsi qalan hissədə dəyişdirimədən saxlanılsın. Qətnamədən, İddiaçı rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar