Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-127/2025 11.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-277/2025 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-277/2025 saylı qətnaməsi ilə (hakim Ə.Məmmədli) iddianın qismən təmin edilməsi, xx.xx.2017-ci il tarixli 277-L/17 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixə 3722 manat gecikdirilmiş borc və hesablanmış 186,10 manat cərimə borcu olaqla, cəmi 3908,1 (üç min doqquz yüz səkkiz manat on qəpik) manat pulun Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumunun əvəzi olaraq 59,08 (əlli doqquz manat səkkiz qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat pulun Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-277/2025 nömrəli qətnaməsinin hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə tam həcmdə təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkşaf Agentliyi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixli 277-L/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 3722 manat gecikdirilmiş borcun və hesablanmış 4814,05 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, cəmi 9036,05 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış, "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığın, damazlıq heyvanların kənd təsərrüfatı istehlakçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 277-L/17 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2017-ci il tarixli 277-L/17 nömrəli müqavilə üzrə 3722 manat gecikdirilmiş borcu və hesablanmış 4814,05 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Аpellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hüquqi yardıma görə ödənilmiş vəsaiti tam həcmdə təmin etmədiyindən həmin hissədə qətnamə ləğv edilməlidir. Belə ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən icra edilmişdir. Bütün bunlar vəkilin iddianın təmin edilməsi üçün bütün zəruri hərəkətləri etdiyini sübuta yetirir. Bundan əlavə, 8 536,05 (səkkiz min beş yüz otuz altı manat 05 qəpik) manat pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 500 (beş yüz) manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən həyata keçirilmişdir. Göründüyü kimi, məhkəmənin hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin ağlabatanlılığına zəruri hüquqi qiymət verməməsi düzgün olmayan qətnamə çıxarması ilə nəticələnmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, iddiaçının dövlət orqanı və büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Məhkəmə tərəfindən vəkilə ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaitin azaldılması əsassız olduğuna görə ləğv edilməlidir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək həmin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüququ məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və apellyasiya şikayətinin təmin edilməməsinə dair cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə araşdırmanın hədləri ilə bağlı qeyd edir ki, qətnaməni yalnız iddiaçı tərəf, həm də hüquqi yardıma görə tutulan xərc hissəsində mübahisələndirdiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı həmin hissədə, maddi və prosessual qanunvericiliyin tələblərinə riayət edilməsi hissəsində isə tam yoxlanılır. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 277-L/17 nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 12700 manat olan və spesifikasiyada göstərilən (1 ədəd “ACM-G5” markalı Kultivator (5 cərgəli) Gübrəsəpən) kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-cı il tarixli 1294/ü saylı əmrin sürətindən görünür ki, Tovuz rayonu, Aşağı Ayıblı kənd sakini Cavabdeh ilə bağlanmış xx.xx.2017-ci il tarixli 277-L/17 nömrəli lizinq müqaviləsinin rəsmiləşdirilməsi məqsədilə 1 ədəd “ACM-G5” markalı, 12700 manat dəyərində olan Kultivator (5 cərgəli) Gübrəsəpən kənd təsərrüfatı texnikasının Cavabdeh lizinqə verilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli təhvil aktından görünür ki, "xxxx" MMCyə məxsus 1 ədəd “ACM-G5” markalı, 12700 manat dəyərində olan Kultivator (5 cərgəli) Gübrəsəpən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışdan və cərimənin hesablanması qrafasından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 277-L/17 nömrəli lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 3722 manat gecikdirilmiş əsas borcu və 4814,05 manat cərimə borcu vardır. Müqavilə barədə məlumat: müqavilə məbləği 12700 manat, ödənilib 3898 manat, tətbiq edilən güzəşt məbləği 5080 manat. Lizinq alanın maliyyə borcu: Gecikdirilmiş borc 3722 manat, Qalıq əsas borc: 3722 manat, hesablanmış cərimə 4814,05 manat, cəmi 8536,05 manat. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, 3722 manat gecikdirilmiş borc məbləğinin və 4814,05 manat hesablanmış cərimənin qısa zaman ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Aqrolizinq” ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 277-L/17 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2017-ci il tarixli 277-L/17 nömrəli müqavilə üzrə 3722 manat gecikdirilmiş borcu və hesablanmış 4814,05 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 277-L/17 nömrəli lizinq müqaviləyə əssən lizinq verən 1 ədəd “ACM-G5” markalı, 12700 manat dəyərində olan Kultivator (5 cərgəli) Gübrəsəpəni dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. Lizinq verən öz öhdəliyini yerinə yetirmiş, lizinq obyektlərini lizinq alanın sahiblik və istifadəsinə vermiş, lakin lizinq alan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, lizinq ödənişini tam ödəməmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışdan və cərimənin hesablanması qrafasından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 277- L/17 nömrəli lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 3722 manat gecikdirilmiş əsas borcu vardır. Beləliklə, məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. İddia ərizəsində iddiaçı 4814,05 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 277-L/17 nömrəli müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onlun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, hər müqavilə üzrə hesablanmış dəbbə pulu (cərimə,penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulunun (cərimə,penya) azaldılaraq 186,10 manat həddində (əsas borcun 5%-i həddində) müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin edilmiş hissəsinə mütanasib olaraq 59,08 manat dövlət rüsumu cavabehdən tutulmalıdır. İddiaçı, həmçinin, 500 manat hüquqi xidmətin göstərilməsi üçün pul da tələb edir. . Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərclərlə bağlı konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 300 manat məbləğində pulun tutulması daha ağlabatan hesab edilə bilər. Belə ki, hazırki iş üzrə 3 məhkəmə iclası keçirilmiş və iddiaçının vəkili və nümayəndəsi həmin məhkəmə iclaslarında iştirak etməyərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi barədə məhkəməyə ərizə ünvanlamışdır. Belə olan halda məhkəmə hesab edir ki, yalnız iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin hazırlanması üçün xidmət haqqı olaraq 300 manat məbləğində pulun tutulması daha ağlabatandır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 277-L/17 nömrəli nömrəli müqavilələrin şərtləri baxımından cavabdeh X1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüş olsa da, lakin öz üzərinə düşən öhtəliyi lazimi qaydada icra etməmiş, əsas borcun ödənilməsini gecikdirdiyinə görə ona cərimə borcu da hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdeh isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan cərimənin (dəbbə pulunun) məbləği məsələsini müzakirə edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən tələb olunan cərimə iddiaçıya vurulmuş ziyana tənasübsüz dərəcədə uyğun olmamaqla yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-ci maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.Lakin dəbbə pulunun miqdarı zərərdən tənasübsüz dərəcədə yüksək olmamalıdır. Dəbbə pulunun məbləği kreditorun zərərinə tənasübsüz surətdə uyğun olmadıqda istər qanun üzrə istərsə də müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun məbləği məhkəmənin təşəbbüsü ilə azaldıla bilər. Məhkəmənin dəbbə pulunu azaltmaq səlahiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddədə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq cavabdehə hesablanmış dəbbə pulunu azaltmışdır ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə mübahisələndirməmiş, məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır. İddiaçı apellyasiya şikayətində hüquqi yardımla bağlı tutulmalı olan xərcin qanunsuz azaldıldığını göstərmiş və məhkəmənin hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin ağlabatanlığına hüquqi qiymət verərkən yalnız Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə istinad etdiyini, əlavə heç bir əsaslandırma aparmadığına görə, vəkilin məhkəmə iclasında iştirakını əsas götürməsi məhkəmənin düzgün olmayan qətnamə çıxarması ilə nəticələndiyini göstərmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunvericiliyin tələbindən də göründüyü kimi iddia tələbini təmin etmiş məhkəmə iddia ilə bağlı vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərc məsələsini müzakirə edərkən işin konkret halları və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hazırkı işdən görünür ki, vəkil tərəfindən müvafiq iddia ilə məhkəməyə müraciət edilməsi ilə bağlı müəyyən hazırlıq işləri görülmüş, o cümlədən zəruri sənədlər toplanılaraq, pretenziya göndərilmiş və iddia ərizəsi hazırlanaraq iş məhkəməyə göndərilmişdir. Yəni müəyyən qədər əmək sərf etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə alaraq iddia tələbini həmin hissədə 300 manat miqdarında təmin etməkdə haqlı olmuşdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə də razılaşmır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, həmin şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-277/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-277/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-127/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-127/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver