Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-128/2023 14.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, e-2-2(115)-60/2023 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixə xx.xx.2016-cı il tarixli D-928-L/15 nömrəli müqavilə üzrə yaranmış 9582 manat gecikdirilmiş əsas borc və 3717.94 manat cərimə borcunun, eləcə də xx.xx.2017-ci il tarixli 1482-GL/17 nömrəli müqavilə üzrə yaranmış 3472 manat gecikdirilmiş əsas borc və 1201.31 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 manatın, cəmi 18473.25 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli D-928-L/15 nömrəli və xx.xx.2017-ci il tarixli 1482-GL/17 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2016-cı il tarixli D-928-L/15 nömrəli müqavilə üzrə 9582.00 (doqquz min beş yüz səksən iki) manat gecikdirilmiş əsas borcu və 3717.94 (üç min yeddi yüz on yeddi manat, 94 qəpik) manat cərimə borcu, eləcə də xx.xx.2017-ci il tarixli 1482-GL/17 nömrəli müqavilə üzrə 3472.00 (üç min dörd yüz yetmiş iki) manat gecikdirilmiş əsas borcu və 1201.31 (bir min iki yüz bir manat, 31 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 24 yanvar 2023-ci il tarixli, 2-2(115)-60/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia qismən təmin edilərək, xx.xx.2016-cı il tarixli D-928-L/15 nömrəli müqavilə üzrə 2715 (iki min yeddi yüz on beş) manat əsas borc, 100 (bir yüz) manat cərimə, xx.xx.2017-ci il tarixli 1482-GL/17 nömrəli müqavilə üzrə 3472 (üç min dörd yüz yetmiş iki) manat əsas borc, 150 (bir yüz əlli) manat cərimə olmaqla, ümumilikdə 6437(altı min dörd yüz otuz yeddi) manat məbləğində borc və hüquqi yardımla bağlı ödənilmiş 100 (bir yüz) manat və 200 (iki yüz) manat mediasiya xərcinin tutularaq, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, Cavabdeh 84,37 (səksən dörd manat otuz yeddi qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 24 yanvar 2023-ci il tarixli, 2-2(115)-60/2023 saylı qətnaməsindən narazı qalan iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək, qətnamənin xx.xx.2016cı il tarixli D-928-L/15 nömrəli müqavilə üzrə 2715 (iki min yeddi yüz on beş) manat əsas borc məbləğinin tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır Cavabdeh xx.xx.2016-cı il tarixli D-928-L/15 nömrəli müqavilə üzrə yaranmış 9582 manat gecikdirilmiş əsas borc tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilsə də Gəncə Kommersiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, e-2-2(115)-60/2023 nömrəli qətnaməsi ilə əsassız olaraq xx.xx.2016-cı il tarixli D-928- L/15 nömrəli müqavilə üzrə 9582 manat borcun tam şəkildə deyil, 2715 manat hissəsini tutulmalı hesab etmişdir. Məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununlada lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli D-928-L/15 nömrəli lizinq müqaviləsinin 5.1.5-ci bəndində nəzərdə tutulmuşdur ki, texnikadan istifadə üçün 1 saylı və 2 saylı əlavələrdə nəzərdə tutulan məbləği ödəniş müddətləri üçün birdəfədən artıq ödəmədikdə lizinq alan tərəfindən müqavilənin şərtlərinin pozulması halları hesab edilir. xx.xx.2015-ci il tarixli müqavilənin 5.2-ci bədinə əsasən müqavilənin şərtlərinin pozulması hesab olunan və lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə səbəb olan hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, texnikanı saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlmişdir ki, müqavilənin lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişdir. Belə ki, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə səbəb olan hallar mövcud olduğu halda, hətta lizinq alan da müqaviləyə xitam verilməsini təklif etdiyi halda lizinq verən müqavilənin ləğvi ilə bağlı hərəkətsizlik göstərmiş, səbəbsiz yerə müqavilə münasibətlərini davam etdirmişdir. Bununla da borcun artmasına bilərəkdən şərait yaratmışdır. Beləliklə, məhkəmə xx.xx.2016-cı il tarixli D-928-L/15 nömrəli SK-5ME-1 markalı taxıl yığan kombayn üzrə 9582 manat borcun, xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsindən və lizinq alanın xx.xx.2020-ci il tarixdə müqavilənin ləğvi barədə müraciət etməsindən sonra hesablanmış 6867 hissəsinin azaldılmalı olması qənaətinə gəlir, 2715 manat hissəsini tutulmalı hesab etmişdir. İlk növbədə bildirir ki, nə tərəflər arasında, nə də lizinq münasibətlərini tənzimləyən qanunvericilik müddəalarında lizinq obyektinin müqavilənin şərtlərinə və həmin əmlakın təyinatına uyğun olmayan halda (vəziyyətdə) təqdim edildiyi hal istisna olmaqla, lizinq alana lizinq müqaviləsinə vaxtından əvvəl xitam vermək hüququ tanınmamışdır. Məhkəmə lizinq verənin bu hüququna istinad edərək müqavilənin lazımınca icra edilməməsini həmçinin lizinq alan tərəfindən ödənişin gecikdirilərək müqavilənin şərtlərinin pozulduğu halda iddiaçının müqaviləyə xitam verməməsi ilə əlaqələndirmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, göstərilən hallarda müqaviləyə xitam vermək iddiaçının vəzifəsi yox, hüququdur. Bundan başqa tərəflər arasında bağlanan müqavilə lizinq müqaviləsinin maliyyə lizinqi növündə olmaqla müqavilənin məbləği tam şəkildə ödənildikdən və müvafiq sənədləşdirilmə aparıldıqdan sonra lizinq obyektinin lizinq alanın mülkiyyətinə verilməsi şərtilə bağlanmışdır. Maliyyə lizinqində operativ lizinqdən fərqli olaraq avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. Operativ lizinqdə isə maliyyə lizinqi ilə müqayisədə müqavilə müddəti daha qısa müddətli, lizinq ödənişləri isə daha yüksək olur. Bu lizinq növündə lizinq şirkəti avadanlığın bütün cari və əsaslı təmir xərclərini özü çəkir və bu xərclər lizinq ödənişlərinə əlavə edilir. Operativ lizinqdə müqavilə sonunda avadanlığın mülkiyyəti lizinq şirkətində qalır. Buna görə də, operativ lizinqdə müqavilə müddəti adətən çox qısa olur və lizinqalan tərəfindən ödənilən lizinq ödənişləri avadanlığın dəyərini tam əhatə etmir. Lizinq alan tərəfindən lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənilmədiyi halda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etməkdən ibarət hərəkətlər lizinq verənin hüququ olduğu halda, məhkəmə əsassız olaraq hesab etmişdir ki, lizinq verən müqaviləyə xitam verməli olduğu halda bunu etməmiş, səbəbsiz yerə müqavilə münasibətlərini davam etdirmişdir. Buna görə də müqavilənin lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişdir. xx.xx.2016-cı il tarixli D-928-L/15 nömrəli müqavilənin 1.1 və 3.3-cü maddələrinə əsasən lizinq verən ümumi məbləği 29938,00 manat olan Spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşdirmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verir. Bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq ödəniş qrafiki üzrə sonuncu ödənişin həyata keçirilməsindən sonra mülkiyyət hüququ lizinq alana keçir. Müqavilə texnikanın qiymətinin tam məbləğini əhatə etməklə, uzun müddətə və bütün ödənişlər edildikdən sonra lizinqalanın mülkiyyətinə keçməsi şərtilə bağlanmışdır. İştirakçılıla bağlı prosessual məsələlər və apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan sübutlar: xx.xx.2015-ci il tarixli, D-928-L/15 nömrəli lizinq müqaviləsinin surətindən görünür ki, ümumi məbləği 29938 manat olan kənd təsərrüfatı texnikası (SK-5ME-1 markalı taxılyığan kombayn) Cavabdeh 1550 manat ilkin dəyəri, qalıq dəyəri isə 2020-ci ilin 2-ci rübünədək ödənilməsi və texnikaların dəyəri tam ödənildikdən sonra texnikaların lizinq alalnın mülkiyyətinə keçməsi şərti ilə lizinqə verilmişdir. xx.xx.2016-cı il tarixli, D-928-L/16 nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə razılaşmadan görünür ki, xx.xx.2015-ci il tarixli D-928-L/15 nömrəli müqavilənin müddəti 2022ci ilin 3-cü rübünədək müəyyənləşdirilmişdir. xx.xx.2016-cı il tarixli, D-928-L/16 nömrəli müqavilə xx.xx.2015-ci il tarixli, D-928-L/15 nömrəli lizinq müqaviləsinin tərkib hissəsidir. xx.xx.2017-ci il tarixli 1482-GL/17 nömrəli lizinq müqaviləsinin surətindən görünür ki, ümumi dəyəri 10525 manat olan kənd təsərrüfatı texnikası ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə Cavabdeh lizinqə verilmişdir. Müqavilələrin 4.2-ci bəndinə lizinq alanın ödəniş qrafikinə əsasən ödənişi bir dəfədən artıq yerinə yeritmədiyi halda gecikdirilən hər günə görə 0,1% həcmində cərimə hesablanması qeyd edilmişdir. xx.xx.2014-cü il tarixli texnikaların təhvil qəbulu barədə aktlardan görünür ki, texnikalar(Belarus-892 markalı traktor və AG-14-4, 4 gövdəli kotan) saz vəziyyətdə nizamlanmış və kompelekt halda qəbul edilmişdir. xx.xx.2015-ci il tarixli texnikaların təhvil qəbulu barədə aktlardan görünür ki, texnikalar (SK-5ME-1 markalı kombayn) nizamlanmış və kompekt halda qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdeh yaranmış tələblə bağlı xəbərdar edilmişdir. Cavabdehun iddiaçıya ünvanladığı 16 oktyabr 2020-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2015-ci il tarixli D-928-L/15 nömrəli lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməməsinin 17 avqust 2020-ci il tarixli, e-2-2(115)-296/2020 saylı qətnaməsindən görünür ki, xx.xx.2015-ci il tarixli, D-928-L/15 nömrəli lizinq müqaviləsi ( o cümlədən xx.xx.2016-cı il tarixli, D-928-L/16 nömrəli müqavilə) və xx.xx.2017-ci il tarixli 1482- GL/17 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh 17848 manat pulun tutulması qət edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh borcu xx.xx.2015-ci il tarixli D-928-L/15 nömrəli müqavilə üzrə 9582 manat əsas borc və 3717.94 manat cərimə olmaqla, cəmi borc 13299.94 manat təşkil edir. Gəncə Kommersiya Məhkəməməsinin 17 avqust 2020-ci il tarixli, e-2-2(115)-296/2020 saylı qətnaməsi üzrə ödənilməmiş 15731 manat qeyd olunan borc məbləğinə daxil deyildir. xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh borcu xx.xx.2017-ci il tarixli 1482-GL/17 nömrəli müqavilə üzrə 3472 manat əsas borc və 1201.31 manat cərimə olmaqla, cəmi 4673.31 manat təşkil edir. Gəncə Kommersiya Məhkəməməsinin 17 avqust 2020-ci il tarixli, e-2-2(115)-296/2020 saylı qətnaməsi üzrə ödənilməmiş 1917 manat qeyd olunan borc məbləğinə daxil deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, e-2- 2(115)-60/2023 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, e-2- 2(115)-60/2023 nömrəli qətnaməsi xx.xx.2016-cı il tarixli, D-928-L/15 nömrəli müqavilə üzrə 6867 (altı min səkkiz yüz altımış yeddi) manat əsas borc məbləğinin cavabdehdən tutulmasının təmin edilməməsi və ümumilikdə 6437 (altı min dörd yüz otuz yeddi) manat borc məbləğinin cavabdehdən tutulması hissəsində ləğv edillməli, həmin hissədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi xx.xx.2016-cı il tarixli, D-928-L/16 nömrəli (əslində xx.xx.2015-ci il tarixli, D-928-L/15 nömrəli) lizinq müqaviləsi üzrə iddiaçının tələbini qismən təmin etməsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə cavabdeh iddiaçıya müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı müraciət etmiş, iddiaçı isə cavadbehin müraciətinə cavab verməmişdir. Halbuki, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinin, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli D-928-L/15 nömrəli lizinq müqaviləsinin 5.1.5 və 5.2ci bədindlərinə əsasən lizinq verənin lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ olmuşdur. Lakin, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə səbəb olan hallar mövcud olduğu halda, hətta lizinq alan da müqaviləyə xitam verilməsini təklif etdiyi halda lizinq verən müqavilənin ləğvi ilə bağlı hərəkətsizlik göstərmiş, səbəbsiz yerə müqavilə münasibətlərini davam etdirmişdir. Müqavilənin lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermiş, bununla da iddiaçı borcun artmasına bilərəkdən şərait yaratmışdır. Buna görə də birinci instansiya məhkəməsi cavadbehin xx.xx.2020-ci il tarixdə müqavilənin ləğvi barədə müraciət etməsindən sonra hesablanmış 6867 manat lizinq ödənişi hissəsində iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı sayamaqla, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə isə razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinin tələbi, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli D-928-L/15 nömrəli lizinq müqaviləsinin 5.1.5 və 5.2-ci bədindlərinin şərtləri lizinq verən qismində iddiaçıya hüquq müəyyən etməklə vəzifə yaratmamaqdadır. Hüquqdan sui-istifadə halı istisna olmaqla, müqavilə və ya qanundan irəli gələn hüquq üzrə şəxsin hüququndan istifadə etməməsi ona məsuliyyət və öhdəlik yaratmamaqdadır. Hazırkı işin hallarına görə isə iddiaçının hüququndan sui-istifadə etməsi halı müəyyən edilməməkdədir. Hazırkı iş üzrə mübahisə predmeti cavabdehin lizinq müqaviləsi üzrə ödənişləri icra etməməsi olmuşdur ki, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlərin icra edilməməsində iddiaçının hər hansı bir təqsirinin olması müəyyyən edilməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin mübahisəyə Mülki Məcəllənin 458.1-ci maddəsinin tətbiqi də əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh 16 oktyabr 2020-ci il tarixli ərizə ilə iddiaçıya müraciət edərək, lizinq obyekti olan kombaynın digər markalı kombaynlarla rəqabət gətirmədiyini, yəni sifarişçilərin biçini digər markalı kombayn sahiblərinə verdiyini iddia edərək xx.xx.2015-ci il tarixli D-928-L/15 nömrəli lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsini xahiş etmişdir. İşin hallarına əsasən iddiaçı cavadbehin müraciətinə cavab verməmişdir ki, bununla da iddiaçı tərəflərin razılaşması ilə müqavilənin vaxtından əvvəl ləğv edilməsinə razı olmadığını nümayiş etdirmiş olmuşdur. Cavabdeh isə Mülki Məcəllənin yuxarıda qeyd olunan 423.2-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə etməyərək, müqavilənin ləğv edilməsi ilə bağlı məhkəmə qaydasında iddiaçıya qarşı hər hansı bir tələb irəli sürməmiş, həmin tarixdən hazırkı vaxtadək lizinq obyektini sahibliyində saxlamışdır ki, bununla da müqavilə üzrə öhdəlik daşımaqda davam etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının tələbi əslində xx.xx.2015-ci il tarixli D-928-L/15 nömrəli müqavilə üzrə olmuş, xx.xx.2016-cı il tarixli, D-928-L/16 nömrəli müqavilə isə həmin müqaviləyə əlavə kimi bağlanmışdır. Buna görə də qeyd olunan hal da məhkəmə kollegiyası tərəfindən nəzərə alınmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, e-2-2(115)-60/2023 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, e-2-2(115)-60/2023 nömrəli qətnaməsi xx.xx.2016-cı il tarixli, D-928- L/15 nömrəli müqavilə üzrə 6867 (altı min səkkiz yüz altımış yeddi) manat əsas borc məbləğinin cavabdehdən tutulmasının təmin edilməməsi və ümumilikdə 6437 (altı min dörd yüz otuz yeddi) manat borc məbləğinin cavabdehdən tutulması hissəsində ləğv edillməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia həmin hissədə tam təmin edilərək, Cavabdehdan xx.xx.2016-cı il tarixli, D-928-L/15 nömrəli müqavilə üzrə 9582 (doqquz min beş yüz səksən iki) manat əsas, 100 (yüz) manat cərimə, xx.xx.2017-ci il tarixli, 1482-GL/17 nömrəli müqavilə üzrə 3472 (üç min dörd yüz yetmiş iki) manat əsas və 150 (bir yüz əlli) manat cərimə məbləği olmaqla, cəmi 13304 (on üç min üç yüz dörd) manat və hüquqi yardımla bağlı ödənilmiş 100 (yüz) manat və 200 (iki yüz) manat mediasiya xərci tutularaq, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Kommersiya-Prosessual Məcəlləsinin 372, 384, 3128 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, e-2-2(115)-60/2023 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, e-2-2(115)-60/2023 nömrəli qətnaməsi xx.xx.2016-cı il tarixli, D-928-L/15 nömrəli müqavilə üzrə 6867 (altı min səkkiz yüz altımış yeddi) manat əsas borc məbləğinin cavabdehdən tutulmasının təmin edilməməsi və ümumilikdə 6437 (altı min dörd yüz otuz yeddi) manat borc məbləğinin cavabdehdən tutulması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə təmin edilsin. Cavabdehdan xx.xx.2015-ci il tarixli, D-928-L/15 nömrəli (xx.xx.2016-cı il tarixli, D-928- L/15 nömrəli əlavə müqavilə) müqavilə üzrə 9582 (doqquz min beş yüz səksən iki) manat əsas, 100 (yüz) manat cərimə, xx.xx.2017-ci il tarixli, 1482-GL/17 nömrəli müqavilə üzrə 3472 (üç min dörd yüz yetmiş iki) manat əsas və 150 (bir yüz əlli) manat cərimə məbləği olmaqla, cəmi 13304 (on üç min üç yüz dörd) manat və hüquqi yardımla bağlı ödənilmiş 100 (yüz) manat və 200 (iki yüz) manat mediasiya xərci tutularaq, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.