Məhkəmə qərarları › İş №2-2(104)-129/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-129/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-129/2024 02.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı cavabdeh “X1-Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borc tələbinə dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 180/2024 saylı qətnaməsindən “X1-Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi kimi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İddiaçı cavabdeh “X1-Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 07 yanvar 2020-ci il tarixli 001 nömrəli müqavilənin dəyəri olan 56758 manat, 28208,73 manat cərimə, 400 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 220 manat xidmət haqqı olmaqla ümumilikdə 85586,73 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 yanvar 2020-ci ildə “X1-Nur” MMC ilə "xxxx" MMC (VÖEN: **********) hazırki adı İddiaçı MMC arasında bağlanan 30 dekabr 2020-ci il tarixli, 001 saylı müqaviləyə əsasən satıcı alıcıya həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşma protokolunda qeyd edilmiş malları satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilədə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 16 dekabr 2020-ci il tarixli 4 nömrəli qiymətlərin razılaşdırılması protokoluna və digər sənədlərə əsasən İddiaçı MMC tərəfindən “X1-Nur” MMC-yə 56758 manat dəyərində müxtəlif markalı nasoslar təhvil verilmişdir. Satılmış avadanlıqların dəyərinin ödənilməsinə dair "xxxx" MMC tərəfindən “X1-Nur” MMC-yə 16 dekabr 2020-ci il tarixli 726 nömrəli hesab-faktura və 24 dekabr 2021-ci il tarixli elektron qaimə təqdim edilmişdir. Dəfələrlə şifahi şəkildə müraciət etmələrinə və rəsmi qaydada pretenziya ünvanlamaqlarına baxmayaraq cavabdeh tərəfindən həmin iddia ilə məhkəməyə müraciət edilənədək 56.758 manat vəsait İddiaçı MMC-yə (keçmiş "xxxx" MMC) ödənilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cq il tarixli, e-2-2(115)-180/2024 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “X1-Nur” Məhdud Məsuliyyətli Cəmiyyətindən 56758 manat borc, 3000 manat cərimə olmaqla, cəmi 59758 manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 220 manat və 400 manat mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi, cavabdeh “X1-Nur” Məhdud Məsuliyyətli Cəmiyyətindən 269.27 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən “X1-Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi kimi vəkil Nümayəndə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini, iddianın təmin edilməməsini və iş üzrə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Lakin apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən məlum olmuşdur ki, həmin apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbinə riayət olunmamış, yəni apellyasiya şikayəti həmin Məcəllə ilə müəyyən edilmiş formada verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Hazırki apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayətinə etibarnamə əlavə olunsa da etibarnamədə verilmə tarixi göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 363.1-ci maddəsinə əsasən bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-180/2024 saylı qətnaməsindən “X1-Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi kimi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, vəkil Nümayəndə apellyasiya şikayətini imza etmək səlahiyyəti olmadığından onun Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-180/2024 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Beləliklə, Azərbaycan Respublikası MPM-in 69.2, 366-368, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-180/2024 saylı qətnaməsindən “X1-Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi kimi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar