Məhkəmə qərarları › İş №2-2(104)-131/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-131/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-131/2025 05.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair İş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-114/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları “X3 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış 23 fevral 2023-cü il tarixli 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 277 saylı müqaviləyə əsasən, fermer Cavabdeh mülkiyyətində, istifadəsində və ya icarəsində olan 11,90 ha torpaq sahəsində pambıq əkib yalnız alıcı “X3 Kompleksi” MMC-nə satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.2-ci maddəsinə əsasən fermer üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam-pambıq təhvil verərsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam-pambığın dəyərinin 20% həcmində cərimə ödənilməsini üzərinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, iddiaçı tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il dövrü üzrə cavabdehin hesabına 7735 manat pul köçürülmüşdür. Malların fiziki şəxslərə təhvil-qəbul qəbzlərinə əsasən, xx.xx.2023-cü il tarixli XHE 481990 nömrəli qəbzə əsasən vahidinin qiyməti 5,30 manat olan 300 kq 1590 manat dəyirində BA-1010, xx.xx.2023-cü il tarixli XGL 067484 nömrəli qəbzə əsasən vahidinin qiyməti 5,25 manat olan 100 kq 525 manat dəyərində orion, xx.xx.2023-cü il tarixli XGL 067769 nömrəli qəbzə əsasən vahidinin qiyməti 0,50 manat olan 1800 kq 900 manat dəyərində karbomid 2023, xx.xx.2023-cü il tarixli XGL 025437 nömrəli qəbzə əsasən vahidinin qiyməti 18,50 manat olan 10 lt 185 manat dəyərində kalium humat, vahidinin qiyməti 30 manat olan 8 kq 240 manat dəyərində dalton məhsulun, ümumilikdə 3440 manat dəyərində məhsul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Xidmət aktlarına əsasən, 23 fevral 2023-cü il tarixdə 1 ha üçün qiyməti 50 manat olan (qiymətlər tərəflərin təqdim etdiyi qiymət cədvəli və hesabdan çıxarışa əsasən hesablanmışdır) 3,5 ha torpaq sahəsində 175 manat dəyərində 1-ci şum, 23 fevral 2023cü il tarixdə 1 ha üçün qiyməti 50 manat olan 5 ha torpaq sahəsində 250 manat dəyərində 1-ci şum, 25 fevral 2023-cü il tarixdə 1 ha üçün qiyməti 50 manat olan 3,5 ha torpaq sahəsində 175 manat dəyərində 1-ci şum, 6 mart 2023-cü il tarixdə 1 ha üçün qiyməti 27 manat olan 11,9 ha torpaq sahəsində 440,30 manat dəyərində riperlə şum işi, 7 mart 2023-cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 11,9 ha torpaq sahəsində 190,40 manat dəyərində kanal çəkmə, 14 mart 2023-cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 1 ha torpaq sahəsində 16 manat dəyərində kanal çəkmə, 10 aprel 2023-cü il tarixdə 1 ha üçün qiyməti 23 manat olan 2,4 ha torpaq sahəsində 55,20 manat dəyərində diskli mala, 10 aprel 2023-cü il tarixdə 1 ha üçün qiyməti 20 manat olan 8 ha torpaq sahəsində 160 manat dəyərində mala, 13 aprel 2023-cü il tarixlərdə 1 ha üçün qiyməti 20 manat olan 3,9 ha, 8 ha, 3,9 ha =15,8 ha torpaq sahəsində 516 manat dəyərində mala, 13 aprel 2023-cü il tarixdə 1 ha üçün qiyməti 17 manat olan 11,9 ha torpaq sahəsində 202,30 manat dəyərində səpin, 15 aprel 2023-cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 11,9 ha torpaq sahəsində 190,90 manat dəyərində dərmanlama, 17 aprel 2023-cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 1 ha torpaq sahəsində 16 manat dəyərində arx çəkmə, 20 aprel 2023-cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 1 ha torpaq sahəsində 16 manat dəyərində arx çəkmə, 2 may 2023- cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 2 ha torpaq sahəsində 32 manat dəyərində kanal çəkmə, 28 may 2023-cü il 1 ha üçün qiyməti 20 manat olan 3,2 ha torpaq sahəsində 64 manat dəyəridnə 2-ci mala, 28 may 2023-cü il tarixdə 1 ha üçün qiyməti 23 manat olan 3,2 ha torpaq sahəsində 73,60 manat dəyərində diskli mala, 28 may 2023-cü il tarixdə 1 ha üçün qiyməti 17 manat olan 3,2 ha torpaq sahəsində 54,40 manat dəyərində təkrar səpin, 29 may 2023-cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 1 ha torpaq sahəsində 16 manat dəyərində arx çəkmə, 31 may 2023-cü il tarixdə 1 ha üçün qiyməti 18 manat olan 5,7 ha torpaq sahəsində 102,60 manat dəyərində kultivasiya, 01 iyun 2023-cü il tarixdə 1 ha üçün qiyməti 18 manat olan 3 ha torpaq sahəsində 54 manat dəyərində kultivasiya, 06 iyun 2023 cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 1 ha torpaq sahəsində 16 manat dəyərində arx çəkmə, 10 iyun 2023-cü il tarixdə 1 ha üçün qiyməti 18 manat olan 8 ha torpaq sahəsində 144 manat dəyərində gübrə ilə kultivasiya, 14 iyun 2023- cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 1 ha torpaq sahəsində 16 manat dəyərində arx çəkmə, 24 iyun 2023-cü il tarixdə 1 ha üçün qiyməti 17 manat olan 8 ha torpaq sahəsində 136 manat dəyərində kultivasiya, 06 iyul 2023- cü il tarixdə 1 ha üçün qiyməti 18 manat olan 1,5 ha torpaq sahəsində 27 manat dəyərində kultivasiya, 12 iyul 2023-cü il tarixdə 1 ha üçün qiyməti 18 manat olan 2 ha torpaq sahəsində 36 manat dəyərində becərmə gübrə ilə, 14 iyul 2023-cü il tarixdə 1 ha üçün qiyməti 18 manat olan 0,5 ha torpaq sahəsində 9 manat dəyərində kultivasiya gübrə ilə, 19 iyul 2023-cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 10,5 ha torpaq sahəsində 168 manat dəyərində dərmanlama, 20 iyul 2023-cü il tarixdə 1 ha üçün qiyməti 17 manat olan 10,5 ha torpaq sahəsində 178,50 manat dəyərində kultivasiya, 20 iyul 2023-cü il tarixdə 1 ha üçün qiyməti 16 manat olan 1 ha torpaq sahəsində 16 manat dəyərində kanal açma, 20 dekabr 2023-cü il tarixdə 1 ha üçün qiyməti 150 manat olan 2 ha torpaq sahəsində 300 manat dəyərində 1-ci pambıq yığımı, 22 dekabr 2023-cü il tarixdə 1 ha üçün qiyməti 150 manat olan 5 ha torpaq sahəsində 750 manat dəyərində 1-ci pambıq yığımı, 23 dekabr 2023-cü il tarixdə 1 ha üçün qiyməti 150 manat olan 5 ha torpaq sahəsində 750 manat dəyərində 1-ci pambıq yığımı işlərinin, ümumilikdə 5145,70 manat dəyərində xidmətlər iddiaçı tərəfindən göstərilmişdir. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında ümumilikdə 16336,70 manat məbləğində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 5044,50 manat məbləğində xam pambıq təhvil vermiş və çəkilmiş xərclərdən hazırkı dövrə kimi borcu qalmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin müqavilə üzrə 16336,70 manat avans borcu yaranmışdır. Yaranmış avans borcdan 5044,50 manat dəyərində xam pambıq verməklə ödənmiş, nəticədə onun cəmiyyətə 11292,20 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc olaraq 11292 manatın, hesablanmış cərimə borcu olaraq 2254 manatın və ödənilmiş dövlət rüsumuna görə 131 manatın, cəmi 13677 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2023-cü il mövsümü üzrə xx.xx.2023-cü il tarixli 277 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə alıcıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə ümumilikdə 16336,70 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh yaranmış borcdan 5044,50 manat dəyərində pambıq təhvil verərək ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən müqavilənin tələbləri pozulmuş, götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 11292,20 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.1-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xampambığın 1 tonunun qiyməti 800 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 2254 manat təşkil edir. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müracit edərək etirazını onunla əsaslandırmışdır ki, iddianı qəbul etmir. İddiaçı tərəfə heç bir borcu yoxdur, əksinə iddiaçının hərəkətsizliyi nəticəsində o, əldə edəcəyi gəlirdən məhrum edilmişdir. Belə ki, müqavilə ona məxsus Tərtər rayonu ərazisində yerləşən 11.9 ha torpaq sahəsində pambıq əkininə dair bağlanmışdır. Müqavilə onun tərəfindən imzalandıqdan sonra bir nüsxəsi ona təqdim edilməmiş və iddiaçının nümayəndələri tərəfindən əkin prosesinin başlanacağı bildirilmişdir. Müqaviləyə əsasən pambıq əkilməli və pambıq açdıqdan sonra iddiaçı pambığın yığımını təşkil etməli idi. Ona sonradan məlum olmuşdur ki, pambıq əkini dövründə iddiaçının nümayəndələri görülən işlərə dair sənədlərdə məbləğləri nəzərdə tutulduğundan artıq yazmaqla onun öhdəlik yükünü artırmışdır. Ona təqdim edilən fermerin hesabı cədvəlindən görünür ki, 11.9 ha ərazidə kanal açma işləri görülmüşdür. Şirkət 11.9 ha ərazinin hamısında kanal açıbsa, pambıq hansı sahəyə əkilmişdir. Daha sonra eyni əraziyə 3 gün ərzində 2 dəfə mala işləri yazılıbdır ki, bu da heç bir məntiqə uyğun gəlmir. xx.xx.2023-cü il tarixdə 11.9 ha torpaq sahəsində çiyid əkini göstərilsə də həmin işlər təkrarən 28 may 2023-cü il tarxidə 3.2 ha ərazidə göstərilməklə təkrarlanmışdır. Belə ki, ilk əvvəl təkrar çiyid səpini qeyd edilir, sonra çiyid səpilən əraziyə mala işləri qeyd edilir, daha sonra isə həmin tarixdə 3.2 ha əraziyə disk mala işləri qeyd edilir. Heç kim toxum səpildikdən sonra mala işlərini gördürmür. Bu isə iddiaçı tərəfindən həmin məbləğlərin sadəcə olaraq silinməsindən və onun öhdəliyinin süni yolla artırılmasından başqa bir şey deyil. Əkilmiş pambığın toxumu iddiaçının özü tərəfindən verilmişdir və əkilən zaman pambığın ən geci noyabr ayında yığılacağı bildirilmişdir. Lakin 2023-cü ilin nə noyabr, nə də ki, dekabr ayında pambıq iddiaçı tərəfindən vəd edildiyi vaxtda açmamışdır. 2023-cü ilin dekabr ayında yalnız 7000 kq pambıq yığılmışdır ki, bu da heç cür pambıq toxumunun spesifikasiyasında ona göstərilənlərə uyğun gəlmirdi. Əkilmiş pambıq 2024-cü ilin mart ayında tam olaraq açımış, o da bu barədə iddiaçının bütün nümayəndələrinə məlumat vermişdir. Lakin iddiaçı tərəf zavodun yalnız dekabr ayına kimi pambıq qəbul etdiyini bildirərək pambığın sahədən yığılmasından imtina etmişdir. Bundan başqa pambığın yığılması üçün qrafada 12 ha ərazidən pambığın yığılması göstərilmişdir. Əgər sahədə pambıq olmasaydı kombayn işlədiyi həcmi 12 ha göstərməzdi. O həmin akta imza etməmişdir. Pambıq əkilməmişdən əvvəl zavod nümayəndələri ilə razılaşmalarına əsasən pambıq yığılana kimi bütün xərclər zavod tərəfindən qarşılanmalı idi, lakin reallıq belə olmadı, gübrə və dərman yetərincə verilmədi, alaq pulu hər hektara görə təxminən 770 olduğu halda 280 manat verildi. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının Tərtər filialı ilə cavabdeh arasında müqavilə bağlanmışdır. Müqavilə əsasında cavabdehə 16336 manat avans verilmiş və müxətlif işlər görülmüşdür. Cavabdeh isə 5044,50 dəyərində xam pambıq təhvil vermiş, nəticədə iddiaçıya 11292,20 manat borcu yaranmışdır. Məhkəməyə cavabdehə 7735 manat avans verilməsi ilə bağlı bank çıxarışı, xidmətlərin göstərilməsi və malların verilməsi ilə bağlı aktlar təqdim edilmişdir ki, həmin aklar cavabdeh tərəfindən imzalanmışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərmişdir ki, ona məxsus torpaq sahəsinin ölçüsü 11.9 hektar olmuşdur. Şirkətlə müqavilə bağlamışdır. Müqavilə bağlayan zaman müqavilənin bir nüsxəsini istəmiş, ona müqavilə Bakı şəhərindəki baş idarədə təsdiq edildikdən sonra veriləcəyi vəd edilsə də verilməmişdir. Ona yalan vəd verərək bütün xərcləri şirkətin qarşılayacağını bildirmişlər. Pambığı şirkət əkmişdir. Pambıq əkilən zaman müvafiq sənədlərə ona imza çəkdirmişlər. Nağd pulu iddiaçıdan almışdır. İddiaçıdan götürdüyü mallarla bağlı etirazı yoxdur, onun etirazı görülən işlərlə bağlıdır. Təsərrüfat xərcləri çəkilən xərclərdən artıq hesablanmışdır. 13 aprel 2023-cü il tarixdə onun ərazisində səpin edilmişdir. O, dəfələrlə bildirsə də iddiaçı gəlib pambığı yığdırmamışdır. Özü pambığı yığdırmağa çalışsa da bu mümkün olmamışdır. Onun ərazisi 11.9 hektar olsa da iddiaçı hesablamaları 12 hektara əsasən hesablamışdır. Görülən işlərlə bağlı bir neçə yerdə 2.4 hektar əvəzinə 3.2 hektar yazılmışdır. Fevral ayının 22, 23 və 25-i birinci şum işləri, martın 6-na isə riperlə şum işi yazılmışdır. Birinci şum işləri qutaran kimi onun yerinin su qıtlığını nəzərə alıb fevralın 26 və 27-si sahəsində arat işlərinə başlanılmışdır. Necə ola bilər ki, o arat işlərini bitirmədən onun sahəsində riperlə şum işləri görülsün. 11.9 hektara çəkilən kanal heç 1 hektarın əziyyəti deyildir, lakin iddiaçı hesablamanı hər hektar üçün aparmışdır. Təkrar səpin edilsə də, 3 yerdə 3.2 hektar qeyd edilmiş, bundan əlavə 2.4 hektar sahədə iş görüldüyü qeyd edilsə də belə bir iş görülməmişdir. 15 faiz çıxıldıqdan sonra 6304 kiloqram 5044.50 manat dəyərində pambıq təhvil vermişdir. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən X4 İnkişaf Mərkəzində sektor müdiri vəzifəsində işləyən X2 izahatında göstərmişdir ki, səpindən qabaq arat üçün hər bir hektara suvarma məqsədi ilə kanal çəkilməlidir. Hər bir hektar üçün ayrıayrı kanal çəkilməlidir. 11.9 hektarın hamısında arat aparılması üçün kanal çəkilə bilər. Eyni torpaq sahəsinə minimum 3 gün ara ilə təkrar mala çəkilə bilər. Eyni günə eyni torpağa təkrar mala çəkilə bilməz. Eyni günə həm mala çəkilməsi və səpin aparılması mümkündür. Təkrar səpin odur ki, 10-15 gün ərzində toxum bitiş verməsə, eyni günə gəlib mala edilib təkrar səpin edilə bilər. Təkrar səpin zamanı eyni gündə diskli mala, daha sonra ütü mala edilib toxum səpilə bilər. Eyni sahəyə 2 dəfə şum edilə bilər. 1-ci və 2-ci şum arasında təxminən 1 ay, 1 ay yarım vaxt olmalıdır. Səpindən qabaq mala gedə bilər. 11.9 hektarda 1- ci mala getdikdən sonra, sonradan eyni günə 3.9 hektara yenidən 1-ci mala aparıla bilməzdi. Eyni gündə 11.9 hektara mala gedib toxum səpilə bilər. 20 iyulda sonuncu kultivasiya edilməsi mümkündür. Martda qoza aça bilməz. Qozanın yetişməsi sentyabr ayının axırı, oktyabr ayının birinci, ya da ikinci on günlüyündən başlayır. Pambıq gec əkilərsə noyabr ayının birinci on günlüyündə də qoza açılmağa başlaya bilər. Audio-video diskdən görsənir ki, həmin sahədəki pambıq bir dəfə yığılmışdır, orda yığılası pambıq qalmamışdır. Qalan pambıq tək-tükdür. Onlar pambıq kolların üzərində qalmış qozalardır. Pambığın birinci üzü yığılmışdır. Pambığın 2-ci üzü yığıla bilərdi, ancaq görünür ki, 2-cü üz qoza gec açdığı üçün yığılmamışdır. 1-ci və 2-ci üz arasında yığım hardasa 25 gün fərq edir. Ancaq martda qoza aça bilməz. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-114/2025 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh tərəflər arasında bağlanmış 23 fevral 2023-cü il tarixli 277 nömrəli 2023-cü il mövsümü üzrə xam-pambığın alğı-satqısına dair müqavilə üzrə yaranmış 9295 manat 60 qəpik məbləğində borc, 100 manat cərimə borcu olmaqla 9395 (doqquz min üç yüz doxsan beş) manat 60 (altmış) qəpik pul və ödənilmiş 113 (bir yüz on üç) manat 96 (doxsan altı) qəpik dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, fermerə avans olaraq 7735 manat vəsaitin verilməsi, 3440 manat mal verilməsi, fermerin isə 5044,50 manat dəyərində xam pambıq təhvil verməsi tərəflərin izahatları və işdə olan sübutlarla təsdiq edilir. İddiaçı tərəfindən 3165,10 manat dəyərində (5145,70 manat - 1902,60 manat - 78 manat = 3165,10 manat) xidmət göstərilmişdir. Ümumlikdə avans olaraq 7735 manat vəsaitin verilməsi, 3440 manat malın verilməsi, 3165,10 manat xidmətin göstərilməsi nəzərə alınmaqla iddiaçı tərəfindən fermerə 14340,40 manat məbləğində xərc çəkilmişdir. Fermerin 5044,50 manat dəyərində pambıq təhvil verməsi nəzərə alımaqla fermerin 9295,90 (14340,40 - 5044,50 manat = 9295,90 manat) manat borcu qalması müəyyən edilir. Məhkəmə hesab edir ki, 9295,90 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin cavabdehin etirazında göstərdikləri məsələlərlə, xidmətlərin miqdarının və məbləğinin şişirdilməsi ilə bağlı bildirir ki, iddiaçı tərəf digər xidmətlərin göstərilməsi ilə bağlı məhkəməyə təqdim etdiyi aktlarla fermer razılaşaraq imza etmiş, göstərilmiş xidmətlərlə razılaşmış, həmçinin məhkəmədə iştirakı təmin edilmiş mütəxəssis də aktlarda qeyd edilən xidmətlərin ardıcıllıqla həcmi də nəzərə alınmaqla görülməsinin mümkün olduğunu qeyd etmişdir. Bundan başqa cavabdeh əkilmiş pambığın 2024-cü il tarixdə açması, həmin tarixdə isə iddiaçıya məlumat versə də pambığın yığılması üçün heç bir tədbir görməməsini qeyd etsə də tərəflər arasında bağlanmış müqavilədən görünür ki, fermer müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq istehsal etdiyi xam pambığı bütünlüklə 2023-cü ilin mövsümü üzrə pambıq yığımı bitənədək tam yetişmiş halda, təmiz, içərisində kənar qalıqlar olmadan Azərbaycan Respublikasında qüvvədə olan mövcud standartlara və müqavilənin tələblərinə uyğun şəkildə yalnız filiala təhvil verməsi öhdəliyini öz üzərinə götürmüşdür. Yəni müqavilə üzrə pambığın yığılması və təhvil veriməsi öhdəliyi fermerə məxsus olmuşdur. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması alıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, alıcı avansı verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 2254 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 461.1, 462.1, 467, 567, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220 və 360-cı maddələrinə istinad etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, alğı-satqı müqaviləsi ona icarə hüququ üzrə məxsus olan Tərtər rayonu ərazisində yerləşən 11.9 ha torpaq sahəsində pambıq əkininə dair bağlanmışdır. İlk olaraq onu qeyd etmək istərdim ki, alqı satqı müqaviləsi mənim tərəfimdən imzalandıqdan sonar bir nüsxəsi mənə təqdim edilmədi və bundan sonra iddiaçının nümayəndələri tərəfindən əkin prosesinin başlanacağı bildirilmişdir. Müqaviləyə əsasən pambıq əkilməli və pambıq açdıqdan sonar iddiaçı pambıq yığımını təşkil etməli idi. Ona sonradan məlum olmuşdur ki, pambıq əkini dövründə iddiaçının nümayəndələri görülən işlərə dair sənədlərdə məbləğləri nəzərdə tutulduğundan artıq yazmaqla onun öhdəlik yüklülüyünü artırmışdır. Ona təqdim edilmiş “Fermerin hesabı” cədvəlində göstərilir ki, “0000-007038” saylı sənədlə 11.9 ha ərazidə kanal açma işləri görülübdür. Sual yaranır ki, bu şirkət 11.9 ha ərazinin hamısında kanal açıbsa, pambıq hara əkilib. Daha sonra eyni əraziyə 3 gün ərzində 2 dəfə mala işləri yazılıbdır ki, bu da heç bir məntiqlə uyğun gəlmir. xx.xx.2023 – cü il tarixdə 11.9 ha torpaq sahəsində çiyid əkini göstərilsə də, həmin işlər təkrarən 28 may 2023-cü il tarixdə 3.2 ha ərazidə göstərilməklə təkrarlanır. Belə ki, xx.xx.2023-cü il tarixli 0000-028530 saylı sənədlə ilk əvvəl Təkrar çiyid səpini qeyd edilir, sonra yeni bir növbəti 0000-028546 saylı sənədlə çiyid səpilən əraziyə mala işləri qeyd edilir, daha sonra həmin tarixdə 0000-028558 saylı sənədlə həmin 3.2 ha əraziyə Disk mala çəkmə işləri qeyd edilir. Heç kim, toxum səpildikdən sonra mala işləri etdirmir. Bu isə iddiaçı tərəfindən həmin məbləğlərin sadəcə olaraq silinməsindən və fermer olaraq mənim öhdəliyimin süni yolla artırılmasından başqa bir şey deyildir. Əkilmiş pambığın toxumu iddiaçının özü tərəfindən verilmişdir və əkin zamanı pambığın ən geci noyabr ayında yığılacağı bildirilmişdir. Lakin 2023 – cü ilin nə noyabr nədə ki, dekabr ayında, pambıq iddiaçı tərəfindən vəd edildiyi vaxtda açmadı. 2023-cü ilin dekabr ayında yalnız 7000 kq pambıq yığılmışdır ki, bu da heç cür pambıq toxumunun spesifikasiyasında ona göstərilənlərlə uyğun gəlmirdi. Əkilmiş pambıq 2024-cü ilin mart ayında tam olaraq açmış və oda bu barədə iddiaçının bütün nümayəndələrinə məlumat vermişdim. Lakin iddiaçı tərəf, zavodun yalnız dekabr ayına kimi pambıq qəbul etdiyini bildirərək pambığın sahədən yığılmasından imtina etmişdir. Dəfələrlə pambığın yığılmasını tələb etsə də, həmin sözləri təkrar edərək məhsulun yığılmasından imtina etdilər. Bu hal tək onun deyil, Tərtər rayonunda iddiaçı təşkilat ilə müqavilə bağlayıb pambıq əkmiş bir çox fermerlərin də başına gəlmişdir. Birlikdə və tək-tək müxtəlif orqanlara müraciət etsələr də, bütün müraciətləri “araşdırılması üçün” elə iddiaçının özünə göndərilmişdir. Belə bir araşdırmanın nə qədər obyektiv olmasını təsəvvür etmək çətin deyildir. 2024-cü ilin mart ayının 1 də növbəti əkin ilə əlaqədar, pambıq əkilmiş sahəni pambıq çöplərindən təmizləyərkən pambıq qozaları tam olaraq açılmışdır. O, bu barədə iddiaçının baş aqronomu olan Elxan müəllimə məlumat vermişdir ki, “onun sahəsindən gözlədiləri pambıq açıb, pambıq sahədədir, onun da zavoda borcu vardır. Kombayn göndərin pambığı yığsın, onun borcundan çox pambıq var sahədə, yığın aparın, artığını da istəmir. Təki ona yazdıqları borc bağlansın”. Həmin gün iki dəfə Elxan müəllimə zəng edəndən sonar ona bildirdi ki, “Baş idarə razılıq vermir pambıq yığımına”. Elxan müəllim bunu ona dedikdən sonra, o, video çəkiliş etmiş sahədə, həmin videoda, tam açılmış pambıq sahəsinin çəkilişini etmiş və pambıq sahəsinin şumlatmışdır. Bir daha qeyd etmək istəyir ki, o, dəfələrlə iddiaçı zavoda müraciət etməyinə baxmayaraq, heç bir nəticə əldə edə bilməmişdir. İddiaçı tərəf bildirir ki, sahədə pambıq yoxdur. Lakin tərəfindən edilmiş çəkiliş sübut edir ki, sahədə pambıq olmuş, sadəcə olaraq zavod nümayəndələri həmin pambığın yığılmasında heç bir maraqları olmamışdır. Daha sonra, iddiaçının pambığın olmamasını qeyd etməsinin yalan olmağını elə iddiaçı özü təsdiq edir. Belə ki, pambığın yığılması üçün qrafada 12 ha ərazidən pambığın yığılması göstərilmişdir. Əgər sahədə pambıq olmasa idi, niyə kombaynın işlədiyi həcm hissəsində 12 ha göstərilibdir. O, həmin akta imza etməmişdir. Göründüyü kimi, elementar olaraq, iddiaçı tərəfindən tərtib edilmiş sənədlərin özünü az araşdırdıqda məbləğin hansı yolla şişirdilməsi görünür. Məhkəmə qətnamədə mütəxəssis qismində X1 iştirak etdiyini göstərsə də, o kimin təşəbbüsü ilə dəvət edildiyini və mütəxəssis qismində dəvət edilməsi üçün razılığının olub olmamasını soruşmamışdır. Belə ki, onun həmin şəxslə əvvəllər mübahisələri olmuş və onun verəcəyi obyektiv ifadəyə əsaslı şübhələri vardır. Əlavə olaraq pambığın Fors major olaraq mart ayında açması nəzərə alınmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, 11.9 ha pambıq əksə də sənədləşmədə 12 ha göstərilmişdir. Pambıq toxumu onlara verilərkən oktyabr ayında yığılacağı bildirilsə də pambığın birinci üzü dekabr ayında yığılmışdır. Sonradan pambıq 2024-cü ilin mart ayının 1-də acmış və iddiaçı tərəf pambığın yığılmasından yayınaraq ona texnika veməmişlər. Mütəxxəsis kimi birinci məhkəmədə iştirak edən şəxsi o, söymüşdür və onunla ədavəti vardır. O, 5044,50 manat dəyərində pambıq təhvil vermişdir. Borcundan çox pambıq sahədə mart ayında açsada iddiaçı pambığı yığmamışdır və ona ziyan dəymişdir. Ona görə də iddiaçıya borcu yoxdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598. Alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməninin ləğc olunasını xahiş etsə də, əslində o qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını iddianın təmin olunmuş mübahisələndirilə hissəsində yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alğı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans və xidmətlərin dəyərinin xam pambıq şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş xam pambığın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Cavabdeh öhdəliyini lazımınca icra etməyərək borcunu ödəmədiyindən tərəflər arasında alğı-satqı baş tutmamış və yalnızca tərəflər arasında münasibətlər podratdan irəli gəlmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilə həqiqi hüquqi vəziyyəti əks etdirməklə tərəflərin iradə ifadəsinə uyğun bağlanmış, həqiqi hüquqi nəticələr yaratmış və etibarsız olmamışdr. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh 23 fevral 2023-cü il tarixli 2023-cü il mövsümü üzrə xam-pambığın alğı-satqısına dair 277 saylı müqavilanmışdır. Müqaviləyə əsasən, cavabdeh mülkiyyətində, istifadəsində və ya icarəsində olan 11,90 ha torpaq sahəsində pambıq əkib yalnız alıcı “X3 Kompleksi” MMCnə satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında ümumilikdə 16336,70 manat məbləğində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 5044,50 manat məbləğində xam pambıq təhvil vermiş və çəkilmiş xərclərdən hazırkı dövrə kimi 9295,60 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması işlərin və xidmətlərin göstərilməsi barədə aktlar, malların təhvil verilməsinə dair kartlar və avansın ödəniməsinə dair bank tərəfində verilmiş məlumat və sənədlərlə təsdiq olunur. Cavabdeh aktları imzaladığını qəbul etmişdir. Cavabdehin iddiaçı tərəfindən pambığın yığılmasımaması ilə aprllyasiya şikayətinin dəlillərinə ünasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə iddiaçının və müqavilənin üçüncü tərəfi olan Filialın belə bir öhdəliyi mövcud deyildir. Bundan başqa müqavilənin 2.1.8-ci bəndində pambığın əl ilə yığılması ilə bağlı şərtlər nəzərdə tutulmuşdur ki, cavabdehin dedikləri, yəni pambığın yığılması üçün texnikanın verilməməsi ilə bağlı cavabdeh sahədə olan pambığı əl ilə və ya başqa yerdən icarəyə götürə biləcəyi texnika vasitəsi ilə həyata keçirə bilərdi. Cavabdehin şikayət dəlillərindən biridə pambıq toxumunun spesifiasiyaya uyğun olmaması və pambığın növbəti ilin mart ayında yığıma hazır olması ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, pambıq toxumunun spesifikasiyaya uyğun olmamasına dair sübutlar mövcud deyil və hazırki vaxtda bunu müəyyən etmək mümkün deyildir. Cavabdeh bu halda istinad etdiyindən həmin halı sübut etmək vəzifəsi də onun üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM – maddə 77.1). Lakin cavabdeh tərəfindən iddia edilənlərin sübutu qismində məhkəməyə sübut təqdim edilməmişdir. Bundan başqa cavabdeh bununla bağlı müraciətlər etdiyini və müraciətlərinin iddiaçıya göndərildiyini də iddia edir, lakin bununla bağlı da məhkəməyə sübutlar təqdim olunmamışdır. Cavabdehin apaellyasiya şikayətinin dəlillərindən biridə 11,9 ha torpaq sahəsində pambıq əkdiyini, lakin iddiaçı tərəfindən 12 ha torpaq üçün hesabat aparıldığını bildirir. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılmış və mütəxəssiz tərəfindən izahlar vermişdir. Bunlkardan başqa növbəti 2023-cü ilin mövsümü üçün əkilmiş pambığın növbəti ilin mart ayında yetişməsi isə ağlabatan deyildir. Belə ki, sübuta ehtiyacı olmayan hal ondan ibarətdir ki, pambıq yaz aylarında əkilir və soyuğa həssasdır. Soyuq qız aylarından çıxaraq bitkinin məhsul verməsi isə praktikaya uyğun olmamaqla ağlabatan deyildir. İddiaçı tərəfindən tələb edilən cərimə məbləğinə münasibətdə qeyd olunmalıdır ki, cərimənin ödənilməsi tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndlərində nərdə tutulmuşdur ki, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsi ilə ona verilmiş səlhaiyyətdən çıxış edərək cərimə məbləğini 100 manatadək azaltmış və iddiaçının cərimə məbləğinin azaldlmasından şikayəti olmamışdır. İddiaçı birinci instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən məhkəmə cərimə məbləğinin tutulmasının qanuniliyinə qiymət verərək qeyd edir ki, cərimənin tutulması tərəflər arasında bağlanmış müqavilənin tələbidir ki, birinci instansiyası məhkəməsi tərəfindən tutulan 100 manat cərimə borcu əsas borca münasibətdə yüksək deyildir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 390-cı maddəsinin hüquqi təbiətindən irəli gələrək tərəflər azad şəkildə müqavilə bağlama bilər və müqavilə şərtlərini müəyyən edə bilərlər. Hazırki iddianın əsası kimi qeyd olunan tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 296 nömrəli müqavilədə fermerin öhdəliklərinin icrasını istisna edən və ya digər istisnalar nəzərdə tutan fors major hallar müəyyən edilməmişdir. Habelə, müqavilənin 2.1.3-cü maddəsinə əsasən fermer işləri vaxtında, qüsursuz, aqrotexniki şərtlərə uyğun yerinə yetirərək məhsulu alıcı iddiaçıya satılması ilə bağlı öhdəliyi üzərinə götürmüşdür. Fors major dedikdə tərəflərin iradəsindən asılı olmayaraq baş verən və inkişaf edən, onların və ya onlardan birinin müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsini qeyri-mümkün edən aşağıdakı hadisə və hallar nəzərdə tutulur: hərbi akt, hərbi müdaxilə, silahlı münaqişə, embarqo, terror aktı, hərbi vəziyyətin elan olunması, birgə fəaliyyətin davam etdirilməsinə mane olan dövlət orqanının qərarı və s. bu kimi hadisələr; təbii qəzalar (ildırım, zəlzələ, yer sürüşməsi, sunami, daşqın və s.); texnogen qəzalar (yanğın, partlayış, kimyəvi zəhərlənmə və s.). Göründüyü kimi, fors major hal fövqəladə və qarşısıalınmaz elə hadisələrdir ki, bu hadisələrin baş verməsi müqavilə iştirakçılarının kontrolundan kənar olan, öncədən təxmin edilməyən və qarşısıalınmaz hadisələri ifadə edir. Pambığın yetişməməsi və ya sonradan dekabr ayına yetişməsi mümkün olan haldır ki, tərəf bu halı nəzərə almayaraq hansısa hüquq münasibətlərinə girməsi və bunun nəticəsində zərərə uğramasının məsliyyətini özü daşıyır. Belə ki, pambığın gec yetişmə fors major hal deyildir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arsında podratdan irəli gələn münasibətlər formalaşmış, iddiaçı müqavilə üzrə öhdəliklərini icra etsə də cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməmişdir ki, cavabdehdən müqavilə üzrə yaranmış borc tutulmalıdır. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, qəbul edilmiş qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən cavabdehdən tutulan və cavabdeh tərəfindən mübahisələndirilən 9395,60 manat pul 10000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-114/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar