Məhkəmə qərarları › İş №2-2(104)-132/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-132/2023

05.05.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-132/2023 05.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi və Maraqlı şəxs Hətəm oğlunun iştirakı ilə, Ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs Hətəm oğluna qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-2(115)-296/2023 saylı qətnaməsindən ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: Ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs Hətəm oğluna qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 442,01 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 4090,47 manat, işsizlikdən sığorta fonduna olan 63,52 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan , Maraqlı şəxs Hətəm oğlu barəsində (doğulduğu tarix xx xxxx 1966-cı il, doğulduğu yer Azərbaycan, Gədəbəy, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsuyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Gədəbəy rayonu 112 saylı aptekin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2474,6 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 63,52 manat, Dövlət Sosial Müdafiə Fonduna 448,49 manat, dövlət büdcəsinə 442,01 manat məbləğində (o cümlədən, vergilər üzrə 250,55 manat, faizlər üzrə 91,46 manat, maliyyə sanksiyası üzrə 100 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1167,38 manat olmaqla, ümumilikdə 4596 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda və dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə bildiriş göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-2(115)-296/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsinin təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əczaçılıq və X2 07 aprel 2015-ci il tarixli 163 saylı əmrindən görünür ki, Gədəbəy şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən 112 saylı sərbəst balansa malik aptekin fəaliyyəti xx.xx.2015-ci il tarixdən dayandırılıb ləğv edilməsi, bununla bağlı mövcud qanunvericiliyə uyğun bütün məsələlərin həll edilməsi, o cümlədən müvafiq Vergi idarəsinə və digər təşkilatlara məlumat verilməsi aptekin müdiri Maraqlı şəxs həvalə edilməsi, əmrdən irəli gələn digər vəzifələrin həyata keçirilməsi, Maraqlı şəxs Hətəm oğlunun fəaliyyəti dayandırılıb ləğv edilən 112 saylı sərbəst balansa malik aptekin müdiri Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2015-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi, əmrin icrasına nəzarətin baş mühasib F.Qənbərliyə həvalə edilməsi qərara alınmışdır. Əmək kitabçasından görünür ki, Maraqlı şəxs xx.xx.1992-ci il tarixdən “Azərfarmasiya” DİB Gədəbəy rayon 112 nömrəli MRA-nın baş provizoru tam maddi məsuliyyət daşımaqla həmin aptekin müdir- provizoru vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixdə Gədəbəy şəhəri H.Əliyev prospektində fəaliyyəti dayandırılıb ləğv edilən 112 saylı sərbəst balansa malik aptekin müdiri Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 01 iyun 2015-ci il tarixdən isə Gədəbəy rayon Mərkəzi Xəstəxanasında işləyir. Ödəniş qəbzlərindən görünür ki, Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən DSMF-nin hesabına 449 manat, 65 manat, dövlət büdcəsinə 444 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən DSMF-nin hesabına 1170 manat pul ödəmişdir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-2(115)-296/2023 saylı qətnaməsindən ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Kommersiya Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2- 2(115)-296/2023 saylı qətnaməsinin ləğv edilməsini və Maraqlı şəxs Hətəm oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi hüquqi nəticə ilə razılaşmırlar və 23 fevral 2023-cü il tarixli, 2-2(115)-296/2023 saylı qətnaməni əsassız hesab edirlər. Məhkəmə ərizənin rədd edilməsi əsası kimi göstərmişdir ki, Maraqlı şəxs Hətəm oğlunun məhkəməyə təqdim etdiyi izahatında bildirir ki, Gədəbəy rayonu 112 saylı aptek dövlət müəsssisəsi olmuş, fəaliyyəti xx.xx.2015-ci il tarixdə dayandırılıb ləğv edilmişdir. Həmin tarixdən o, hüquqi şəxsin müdiri vəzifəsindən azad edilmişdir. Eyni zamanda "xxxx" MMC-nin və ALYANS-SS” MMC-nin icra orqanının rəhbəri odur və hər iki hüquqi şəxsin ərizədə qeyd edilən məbləğdə borcunu tamamilə ödəmişdir. Tərəflərindən təqdim edilmiş “Hüquqi şəxs haqqında məlumat”dan görsənir ki, Gədəbəy rayonu 112 saylı aptekin "xxxx" MMC-nin və ALYANS-SS” MMC-nin direktoru Maraqlı şəxs Hətəm oğludur. Məhkəmə ərizəni təmin etməməklə Gədəbəy rayonu 112 saylı aptekin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə borcu ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Məhkəmə ərizələrini təmin etməməklə qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. İş üzrə Gədəbəy rayonu 112 saylı aptekin və "PROVİZOR E” Məhdud MəsuliyyətliC əmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 2474,60 manat və İşsizlikdən Sığorta Fonduna 63,51 manat olmaqla, ümumilikdə 2538,11 manat borc icra edilməmiş vergi öhdəliyi təşkil edir. Məhkəmə xx.xx.2023-ci il tarixli ərizə əsasında Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdulaşdırılmaması Gədəbəy rayonu 112 saylı aptekin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fondu qarşısında olan mövcud vergi öhdəliyinin həmin vergi ödəyicisi tərəfindən bilavasitə icra edilməməsi ilə nəticələnəcəkdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2-2(115)- 296/2023 saylı qətnaməsi qanuni və əsaslı deyil. Birinci instansiya məhkəməsi tərəfindən Gədəbəy rayonu 112 saylı aptekin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi orqanının mövcüd olan uçot-reyestr sənədlərini, eləcədə sözügedən hüquqi şəxsin vergi ödəyicisi kimi mövcud olması ilə bağlı bütün faktiki hallar araşdırmamışdır. Belə ki, iş materiailarında mövcud olan "Hüquqi şəxs haqqında məlumat" onu deməyə əsas verir ki, Maraqlı şəxs hal hazırda Gədəbəy rayonu 112 saylı aptekin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir. Bu mənada məhkəmə Əliyev Eişən oğlunun Mülki Prosessual Məcəllənin 355-5-355-7-ci maddələrinin tələbləri çərçivəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı qətnamə qəbul etməli idi. Vergi ödəyicisi kimi vergi orqanında uçota alınmış Gədəbəy rayonu 112 saylı aptekin, “PROVİZOR E" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Maraqlı şəxs vəzifədən azad edilməsi ilə bağlı məlumatların dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəni 14 saylı Ərazi Vergilər İdarəsinə təqdim etməli. Hazırkı işin faktiki vəziyyətinə əsasən qeyd olunur ki, belə bir məlumat vergi orqanına daxil olmamışdır. Bu baxımdan sözügedən hüquqi şəxsin hüquqi vəziyyətində heç bir dəyişiklik aparılmamış, vergi öhdəliyinin icrası ilə bağlı vergi qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlərin görülməsində, eləcə də cəmiyyətin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət etməkdə ərizəçi olaraq 14 saylı Ərazi Vergilər İdarəsi haqqlı olmuşdur. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası ərizəçinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirkak edən ərizəçinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin ediməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavadbında isə bildirmişdir. “PROVİZOR E" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı öhədliklər maraqlı şəxs tərəfindən icra edilsə də Gədəbəy rayonu 112 saylı aptek üzrə öhdəliklər icra edilməmişdir. Hesab edir ki, maraqlı şəxsin Gədəbəy rayonu 112 saylı aptekin rəhbərliyindən azad olması ərizənin təmin edilməməsi üçün əsas hesab oluna bilməz. Belə ki, vergi orqanında Gədəbəy rayonu 112 saylı aptekin rəhbəri qismində Maraqlı şəxs qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən cavabdeh Maraqlı şəxs izahat verib bildirmişdir ki, Gədəbəy şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən 112 saylı aptek ləğv edilmiş və o həmin aptekin müdiri vəzifəsindən azad olunmuşdur. 01 iyun 2015-ci il tarixdən isə Gədəbəy rayon Mərkəzi Xəstəxanasında işləyir. Hesab edir ki, rəhbəri olmadığı müəssisəyə görə onun ölkədən getmək hüququnun məhdudlaşdırılması qanunsuzdur. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, Əczaçılıq və X2 07 aprel 2015-ci il tarixli 163 saylı əmri ilə aptekin ləğv edilməsi ilə əlaqədar müvafiq məsələlərin həll edilməsi, o cümlədən müvafiq Vergi idarəsinə və digər təşkilatlara məlumat verilməsi ona həvalə olunsa da, o işdən azad oluduğu üçün həmin apteklə bağlı hər hansı bir hüquqi hərəkət etməsi üçün səlahiyyəti olmamışdır. Hesab edir ki, həmin hərəkətlər apteki ləğv edən Əczaçılıq və X4 tətəfindən aparılmalı idi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-7.4-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gəncə Kommersiya Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-2(115)-296/2023 saylı qətnaməsindən ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən, o cümlədən məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Gədəbəy şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən 112 saylı sərbəst balansa malik aptekin ləğv edilməsi ilə əlaqədar olaraq aptekin müdiri Maraqlı şəxs tutduğu vəzifədən azad edilmiş və o, 01 iyun 2015-ci il tarixdən isə Gədəbəy rayon Mərkəzi Xəstəxanasında işləməklə, həmin müəssisənin rəhbəri hesab olunmur. “PROVİZOR E" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna olan borc məbləği isə xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs tərəfindən tam olaraq ödənilmişdir ki, bununla da birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab olunur. Buna görə də Gəncə Kommersiya Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-2(115)-296/2023 saylı qətnaməsindən ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Kommersiya-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-296/2023 saylı qətnaməsindən ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-296/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar