Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-137/2024 24.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-196/2024 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-196/2024 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın qismən təmin edilməsi, Cavabdeh 8550 manat əsas borc, 100 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və 210 manat çəkilmiş mediasiya xərci olmaqla, cəmi 9160 manatın tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, Cavabdeh 106,50 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-196/2024 nömrəli qətnaməsinin hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə tam həcmdə təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli, 120-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 8550 manat gecikdirilmiş borcun və hesablanmış 7464,15 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, 210 manat mediasiyaya dair xərc olmaqla, cəmi 16724,15 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 120-GL/17 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2017-ci il tarixli, 120-GL/17 nömrəli müqavilə üzrə 8550 manat gecikdirilmiş borcu və hesablanmış 7464,15 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış tərtib edilmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 manat məbləğində mediasiyaya dair xərc də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilib. Hesab edirlər ki, bu məbləğ də məhkəmə xərci kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumunu ödəməkdən azaddır. Eyni zamanda bildirirlər ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 (beş yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Аpellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi tamamilə əsassızdır və ona görə də məhkəmənin qətnaməsi ləğv edilərək hüquqi yardıma görə ödənilmiş vəsait tam həcmdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, məhkəmə qətnaməsində Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə istinad etsə də, həmin maddəni düzgün əsaslandırmaması düzgün olmayan qətnamə çıxarması ilə nəticələnmişdir. İş materiallarından göründüyü üzrə, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin ağlabatanlılığı müəyyən edilən zaman nəzərə alınan "konkret hallar və təqdim edilmiş məlumatlar vəkil tərəfdən tam şəkildə təqdim edilərək, hüquqi yardım üçün nəzərdə tutulan xidmətlər vəkil tərəfindən tam icra edilmişdir. Bununla yanaşı, məhkəmə hüquq islahatı çərçivəsində iş yükünün azaldılması və prosessual qənaət prinsipinin təmin edilməsi baxımından işlərə tərəflərin və onların vəkillərinin iştirakı olmadan yazılı icraat qaydasında baxılması hallarının qanunvericilikdə müəyyən edilməsi də işlərin məhkəmədə deyil, məhkəməyə qədər hazırlanmasını zəruri edir. Ona görə də vəkilin əsas öhdəliyi işi məhkəməyə qədər düzgün hazırlamaq və məhkəməyə təqdim etməkdir. Həmçinin nəzərə almaq lazımdır ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən tam icra edilmişdir. Bundan əlavə 16724,15 manat pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 500 manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən həyata keçirilmişdir. Eyni zamanda bildirirlər ki, iddiaçının büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Məhkəmə tərəfindən vəkilə ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaitin azaldılması əsassız olduğuna görə ləğv edilməlidir. Prosessual məsələlər və tərəfin izahatı: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə araşdırmanın hədləri ilə bağlı qeyd edir ki, qətnaməni yalnız iddiaçı tərəf hüquqi yardıma görə tutulan xərc hissəsində mübahisələndirdiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı həmin hissədə, maddi və prosessual qanunvericiliyin tələblərinə riayət edilməsi hissəsində isə tam yoxlanılır. İddiaçı apellyasiya şikayətində hüquqi yardımla bağlı tutulmalı olan xərcin qanunsuz azaldıldığını göstərmiş və məhkəmənin hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin ağlabatanlığına hüquqi qiymət verərkən yalnız Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə istinad etsə də həmin maddəni düzgün əsaslandırmadığına görə vəkilin məhkəmə iclasında iştirakını əsas götürməsi məhkəmənin düzgün olmayan qətnamə çıxarması ilə nəticələndiyini göstərmişdir. Apellyasiya şikayətinin dəlillərində həmçinin göstərilir ki, hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən tam icra edilmişdir. Əlavə olaraq 16724,15 manat pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 500 manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Kollegiya qeyd edir ki, iş materiallarındakı vəkil orderindən göründüyü kimi, iddiaçıya hüquqi yardım Bakı şəhəri 5 saylı Vəkil Bürosunda çalışan Vəkil1 tərəfindən göstərilmişdir. İş materiallarında olan 000İPX12334725A5 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, Bakı şəhəri 5 saylı Vəkil Bürosuna hüquqi yardıma görə 500 manat məbləğində vəkil haqqı ödənilmişdir. Kollegiya qeyd edir ki, tərəfin hüquqi yardımla bağlı çəkdiyi xərc tələbi təmin edildiyi halda MPM-in 121-ci maddəsinin tələbləri nəzərə alınmaqla təmin edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunvericiliyin tələbindən də göründüyü kimi iddia tələbini təmin etmiş məhkəmə iddia ilə bağlı vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərc məsələsini müzakirə edərkən işin konkret halları və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hazırkı işdən görünür ki, vəkil tərəfindən müvafiq iddia ilə məhkəməyə müraciət edilməsi ilə bağlı müəyyən hazırlıq işləri görülmüş, o cümlədən zəruri sənədlər toplanılaraq, pretenziya və mediasiya ilə bağlı təklif hazırlanılaraq göndərilmiş, mediasiya təşkilatına müraciət edilmiş və iddia ərizəsi hazırlanaraq iş məhkəməyə göndərilmişdir. Yəni müəyyən qədər əmək sərf etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə alaraq iddia tələbini həmin hissədə 300 manat miqdarında təmin etməkdə haqlı olmuşdur. Ona görə də və cavabdeh tərəfindən qətnamənin mübahisələndirilmədiyi nəzərə alınaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə də razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, həmin şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-196/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-196/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-137/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-137/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver