Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-138/2023 12.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair kommersiya iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2-2(115)-1830/2022 saylı qətnaməsindən ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, qərardada qəbul etdi.
1. Birinci instansiya məhkəməsində icraat:
Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 16672 manat 41 qəpik məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx xxx 1995-ci il, doğulduğu yer – Azərbaycan, Xanlar rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan “Hərbi Vətənpərvərlik və X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Gəncə Şəhər 3 nömrəli Filialının (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 16672 manat 41 qəpik olmaqla, ümumilikdə 16672 manat 41 qəpik borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********883200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Buna görə də iddia tələbinin təmin olunması xahiş olunmuşdur. Gəncə Kommersiya Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2-2(115)- 1830/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir.
2. Apellyasiya şikayəti və onun dəlilləri:
Gəncə Kommersiya Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2-2(115)- 1830/2022 saylı qətnaməsindən ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Kommersiya Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2-2(115)-1830/2022 saylı qətnaməsinin ləğv edilməsini və “Hərbi Vətənpərvərlik və X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin Gəncə Şəhər 3 Nömrəli Filialının (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 16672 manat 41 qəpik məbləğində borcun ödənilməsini təmin etmək məqsədi ilə həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizələrinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə səhv hüquqi nəticəyə gəlmişdir. Vergi qanunvericiliyinin istinad olunmuş hüquq normalarına əsasən vergitutma obyektindən vergini ödəməli şəxs vergi ödəyicisi hesab edilir. Yəni vergi ödəyicisi Vergi Məcəlləsinin 13.2.1-ci maddəsində göstərilmiş şəxsləri əhatə edir. Həmin şəxslərdən biri də hüquqi şəxsdir. Hüquqi şəxs də həmin Məcəllənin 13.2.2-ci maddəsinə görə qanunvericiliyə uyğun yaradılmış müəssisədir. Öz növbəsində müəssisənin hüquqi anlayışını göstərən Vergi Məcəlləsinin 13.2.39-cu maddəsinə əsasən müəssisə bu məcəllənin məqsədləri üçün sahibkarlıq fəaliyyətini həyata keçirən qurumlardan ibarətdir. Həmin quruma VM-nin 13.2, 39.3-cü maddəsinə əsasən filiallar da aiddir. Yəni normaların ifadə etdiyi hüquqi mənalara da istinad olunaraq bildirilir ki, filial da hüquqi şəxsdir. Bu mənada məhkəmə Mülki Məcəlləyə istinad etməklə sözügedən filialı hüquqi şəxs hesab ətməməkdə haqlı olmamışdır. Vergi qanunvericiliyində filialın anlayışı göstərildiyindən məhz məhkəmə VM-nin 13.1-ci maddəsini tətbiq edərək VM-dəki hüquqi yanaşmanı əsas götürməli idi. Həmçinin məhkəmə nəzərə almamışdır ki, VM-nin 33.2-ci maddəsinin 3-cü hissəsinə görə filial ayrıca uçota alınır və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir. İş materiallarından da göründüyü kimi "Hərbi Vətənpərlik və X2" MMC-nin Gəncə şəhər 3 nömrəli filialı özünə aid VÖEN-lə fəaliyyət göstərir. "Hərbi Vətənpərlik və X2" MMC-nin Gəncə şəhər 3 nömrəli filialının Əsasnaməsinin 1.4-cü bəndinə əsasən filial üzərində Azərbaycan Respublikasının dövlət gerbi və öz adı həkk olunmuş möhürü və müvafiq ştampları, bankda hesabı mövcuddur. Yəni Əsasnaməsində də Gəncə şəhər 3 nömrəli Filialın hüquqi şəxsə aid hüquqi elementlərinin olduğu açıq-aydın görsənir. Vergi Məcəlləsinin və Filialın Əsasnaməsinin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, Gəncə şəhər 3 nömrəli Filialı vergi öhdəliklərinin yerinə yetirilməsində cavabdehlik daşıyır. Həmçinin nəzərə alınmalıdır ki, vergi ödəyicisi kimi vergi orqanında ayrıca qeydiyyatdan keçmiş maraqlı şəxsin rəhbəri olduğu hüquqi şəxs vergi qanunvericiliyinə əsasən yaranmış vergi öhdəliyini yerinə yetirməlidir. Bu baxımdan ərizəçi vergi orqanı olaraq həmin vergi ödəyicisi tərəfindən vergi öhdəliyinin icrasının təmin edilməsi üçün barəsində müvafiq tədbirlərin görülməsində qanunda əks olunmuş hüquqi imkanlardan istifadə etmişdir. Məhkəmənin hazırki işlə bağlı ərizəni təmin etməməsi faktı borclu vergi ödəyicisi olan Gəncə şəhər 3 nömrəli Filialın müvafiq fond qarşısında icra olunmamış öhdəliyinin mövcudluğunun davam etməsinə və vergi orqanının bu hallarla bağlı səlahiyyətlərinin həyata keçirilməməsinə şərait yaradacaqdır. Ona görə də, ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Apellyasiya instansiyasında birinci icraat:
Gəncə Apellyasiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(104)-200/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və Gəncə Kommersiya Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2-2(115)-1830/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(104)-200/2022 saylı qətnaməsindən narazı qalan ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi kassasiya şikayəti verərək, kassasiya şikayətinin təmin edilməsini, Gəncə Apellyasiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(104)-200/2022 saylı qətnaməsinin ləğv edilməsi və "Hərbi Vətənpərlik və X2" MMC-nin Gəncə şəhər 3 nömrəli filial (VÖEN: **********) tərəfindən X1 16.672,41 manat məbləğində borcun ödənilməsini təmin etmək məqsədi ilə həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizələrinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Kassasiya intansiyasında icraat:
Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2(102)-84/2023 qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(104)-200/2022 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır .
5. Apellyasiya instansiyasında ikinci icraat:
İştirakçılıqla bağlı prosessual məsələlər və proses iştirakçılarının izahatları
Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayənədsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəm kollegiyasının iclasında iştirak edən ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
91.1. məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 53.2. hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3. nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər.
Mülki Prosessual Məcəllə:
355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.5. apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. 387.1. prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 402.2.4.iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə bilər.
420. kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2-2(115)- 1830/2022 saylı qətnaməsindən ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2-2(115)-1830/2022 saylı qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs hüquqi şəxsin filialının rəhbəri olduğunu, qanunvericiliyin tələbinə görə filialın hüquqi şəxs hesab olunmadığını, buna görə də onun hüquqi şəxsin icra orqanının rəhbəri kimi ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasının qanunsuz olmasını əsas gətirərək iddianı rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2(102)-84/2023 qərarında qeyd olunduğu kimi birinci instansiya məhkəməsi hüquqi şəxsin filialının məhkəmədə tərəf ola bilmədiyinə istinad etsə də, mübahisəyə mahiyyəti üzrə baxaraq filial rəhbərinə qarşı yönəlmiş ərizəni rədd etməkdə haqlı olmamışlar. Bu o halda qanuni hesab edilə bilərdi ki, ərizə üzrə maraqlı şəxs əsl olmayan tərəf kimi, digər vergi öhdəliklərinə cavabdeh olmayan hüquqi şəxsin rəhbəri olsun, ərizəçi isə həmin şəxsin əvəz edilməsi ilə razı olmasın. Digər tərəfdən mübahisəyə mahiyyəti üzrə baxılaraq ərizənin rədd edilməsi həmçinin o anlama gələ bilər ki, digər analoji hallarda belə müraciətlərin təmin edilməsi halları da istisna edilmir. Prosessual hüquq və fəaliyyət qabiliyyəti olmayan qurumun mülki prosesdə tərəf kimi iştirak etməsi, hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının rəhbərlərinin tərəf kimi göstərildiyi xüsusi icraat qaydasında verilmiş ərizələrə mülki məhkəmə icraatı qaydasında baxılması qeyrimümkündür. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli olduğu halda, iddia ərizəsini icraata qəbul etmiş, daha sonra isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməli olduğu halda, prosessual qanunvericiliyin tələbini pozaraq işə mahiyyəti üzrə baxmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2-2(115)-1830/2022 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq,
Qəraraaldı: Gəncə Kommersiya Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2-2(115)- 1830/2022 saylı qətnaməsindən ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2-2(115)- 1830/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.