Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-74/2023 09.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, Həsənov Müşfiq Kamil oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2- 2(121)-2389/2022 saylı qətnaməsindən ərizəçinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qət etdi: Birinci instansiya məhkəməsindəki icraat: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2198,4 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 20 sentyabr 2022-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2198,4 manat olmaqla, ümumilikdə 2198,4 manat məbləğdə borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 08 iyun 2021-ci il tarixli **********360100 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Cəlilabad rayon icra və probasiya şöbəsinin 31 iyul 2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2018-ci il tarixli 2-1(086)-368/2018 saylı icra vərəqəsinə əsasən borclu Maraqlı şəxs 2017-ci il 1 yanvar tarixədək yaranmış 1.510,03 manat məbləğində MDSSH-nın və maliyyə sanksiyasının əmlakının satılması yolu ilə DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsinə ödənilməsi qərara alınmış, borc ödənildiyinə görə icra vərəqəsi üzrə icraata xitam verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2-2(121)-2389/2022 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir. Birinci instansiya məhkəməsi işin hallarına istinad edərək belə nəticəyə gəlmişdir ki, maraqlı şəxs borclarını ödədiyinə görə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilməz. Məhkəmə öz mövqeyini VM-in 16.1.1, 23.1.15-3-cü maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli qərarına; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 78-ci; MPM-in 82.3, 355-5.1, 355-7.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Maraqlı şəxs 31 oktyabr 2022-ci il tarixdə həmin qətnamənin ləğv, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi üzrə icraat: Şirvan Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 15 dekabr 2022-ci il tarixli 2-2(106)-159/2022 saylı qətnaməsi ilə ərizəçinin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə məhkəmə kollegiyasının iclasında maraqlı şəxs izahatında göstərmişdir ki, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin təklifinə əsasən DSMF-nin uçot sistemində mövcud olan sığorta haqlarının silinməsi qaydasına əsasən sığorta haqqının 30 faizini, yəni 453.30 manat pulu 31 iyul 2018-ci il tarixində DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsinə ödəmiş, qaydaların tələbinə əsasən qalan 70 faizinin silinməsi nəzərdə tutulmuş, ona görə də, məhkəmə qərarı ilə verilmiş icra vərəqəsi üzrə icraata 31 iyul 2018-ci il tarixli qərarla xitam verilmişdir, lakin hesab vərəqində olan qalan 70 faiz borc qeyri-müəyyən səbəbdən hələ də silinməmişdir, ona görə də ona xəbərdarlıqlar və digər sanksiyaların tətbiq ediləcəyi barədə məlumatlar göndərilir. Apellyasiya şikayətinin dəlillərinə görə VM-in 88.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta üzrə yaranmış borcun ödənilməsinin sıra qaydası müəyyən edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən bu normanı nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlillərini araşdırarkən müəyyən etmişdir ki, maraqlı şəxs qeyd olunan borcun barəsində 2018-ci ildə məhkəmə qərarının qəbul olunduğunu, həmin borcu ödədiyini, həmin vaxtdan fəaliyyətini dayandırdığını, vergi orqanı tərəfindən icra sənədi üzrə borcun ödənilməsi səbəbindən icraata xitam verilməsi barədə qərar olduğu halda şəxsi hesabından borcun silinmədiyini bildirmişdir, bununla bağlı Baş İdarəyə müraciətlər etdiyini, lakin müraciətlərinə baxılmadığını qeyd etmişdir. Ona görə də, apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi ərizəçinin apellyasiya şikayətinə əlavə etdiyi maraqlı şəxsin şəxsi hesab vərəqəsinə münasibətdə qeyd etmişdir ki, ərizəçi həmin sənədi birinci instansiya məhkəməsində təqdim etməli olduğu halda təqdim etməmiş və təqdim edə bilməməsinin səbəblərini qeyd etməmişdir. Ərizəçinin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsasssız hesab etməklə, iş üçün sübut əhəmiyyəti daşımayan formal mülahizə hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, ərizəçi birinci instansiya məhkəmə baxışı iclasından məlumatlı olmuş, məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etməklə ərizəçinin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsasssız hesab etməklə, iş üçün subut əhəmiyyəti daşımayan formal mülahizələr hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ bəndlərinə; VM-in 16.1.1, 23.1.15-3, 88.2-ci maddələrinə; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarlarına; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 16.1, 16.2-ci bəndinə; MPM-in 14.2, 77.1, 82.3, 88, 233.3, 355-5.1, 355-7.3, 355-7.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Ərizəçi 09 fevral 2023-cü il tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv, ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instasiyası məhkəməsi üzrə icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 11 may 2023-cü il tarixli 2-2(102)-256/2023 saylı qərarı ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 dekabr 2022-ci il tarixli 2-2(106)-159/2022 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə ərizəçi xüsusi iddia icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fonduna 2198,4 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi ərizəni təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində belə qənaətə gəlmişdir ki, maraqlı şəxs qeyd olunan borcun barəsində 2018-ci ildə məhkəmə qərarının qəbul olunduğunu, həmin borcu ödədiyini, həmin vaxtdan fəaliyyətini dayandırdığını, vergi orqanı tərəfindən icra sənədi üzrə borcun ödənilməsi səbəbindən icraata xitam verilməsi barədə qərar olduğu halda şəxsi hesabından borcun silinmədiyini bildirib, bununla bağlı vergi orqanına müraciətlər etdiyini lakin müraciətlərinə baxılmadığını qeyd etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə məhkəmə kollegiyası ona görə apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır ki, işə baxan məhkəmələrin istinad etdikləri Cəlilabad rayon icra və probasiya şöbəsinin 31 iyul 2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2018-ci il tarixli 2-1(086)-368/2018 saylı icra vərəqəsinə əsasən maraqlı şəxsin 2017-ci il 1 yanvar tarixinədək yaranmış 1510,03 manat məbləğində MDSSH-nın və maliyyə sanksiyasının əmlakının satılması yolu ilə DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsinə ödənilməsi qərara alınmış, borc ödənildiyinə görə icra vərəqəsi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan icra orqanının həmin qərarında (i/v 33) hüquqi əsas kimi “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanunun 3.0.2-ci maddəsinə istinad edilmiş və qeyd olunmuşdur ki, maraqlı şəxs borcunun 30 faizini, yəni 453.30 manat pulu 31 iyul 2018-ci tarixində DSMF-in Bakı şəhəri Nəsimi rayon şöbəsinə ödəmişdir. Bu səbəbdən də, icra qurumu borcun qalan 70 faizinin də silinməli olması qənaətinə gəlmiş və icra sənədi üzrə icraata xitam vermişdir. İcra orqanının həmin qərarının ləğv olunması iş materiallarından görünmür. Sözügedən 1510,03 manat məbləğində vergi borcunun icra orqanı tərəfindən silinməsinin qanuniliyinə hüquqi qiymət verilməsi xüsusi icraat qaydasında keçirilən hazırkı kommersiya işinin predmeti ola bilməz. Bununla belə, ərizəçinin ərizəsindən məlum olur ki, Dövlət Sosial Müdafiə Fonduna 2198,4 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilmişdir. İşə baxan məhkəmələrin istinad etdikləri Cəlilabad rayon icra və probasiya şöbəsinin 31 iyul 2018-ci il tarixli icra sənədindən isə məlum olur ki, maraqlı şəxsin 01 yanvar 2017-ci il tarixinədək yaranmış 1510,03 manat məbləğində MDSSH-nın və maliyyə sanksiyasının silinməli olması hesab edilmişdir. Belə olan halda isə, mövcud borcla silinmiş borc arasında (həmin silmənin qanuni oub-olmaması nəzərə alınmadan belə) 688 manat fərq yaranmış olur (2198 manat - 1510 manat). Lakin apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində həmin fərqlə, yəni 688 manat faktiki mövcud borcla əlaqədar ərizəçinin ərizəsinin əsaslılığına heç bir münasibət bildirməmişdir. Belə olan vəziyyətdə isə iş üzrə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür. Kassasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri ümumiləşdirərək belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, nəticədə MPM-in 217.1-ci maddəsinə zidd olaraq əsassız qətnamə qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə Vergi Məcəlləsinin 88.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta üzrə yaranmış borcun ödənilməsinin sıra qaydası müəyyən edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən bu normanı nəzərə almamışdır. Apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli e-2-2(121)-2389/2022 saylı qətnaməsinin ləğv edilməsi, Dövlət Sosial Müdafiə Fonduna 2198,4 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndə ilə məhkəmə iclasında təmsil olunmamış, gəlməmələrinin səbəbləri barədə bildirməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, MPM-in həmin maddəsinin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək, 2020-ci ilə qədər Bakıda yerləşən mağazada işlədiyini, 1 nəfər işçisinin olduğunu, hazırda vergi borcunun olmadığını, vergi borcunu icra şöbəsinə ödədiyini, qalan borcunun dəbbə pulu qismində DSMF-yə olduğunu, borcun ödənilməsi üçün kifayət qədər vəsaitinin olmadığını, ona görə də, vergi borcunu ödəyə bilmədiyini, həmin borcun dəbbə pulundan ibarət olduğunu, 688 manatı isə hissə-hissə ödəməyə hazır olduğunu, dəbbə pulunu borcu kimi qəbul etdiyini, həmin borcu tam ödəməyə imkanının olmadığını, ancaq bir ay müddət verilsə, hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə kollegiyası maraqlı şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və ərizə qismən təmin olunmalıdır. MPM-in 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda ərizəçi verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini istəməklə, qətnaməni tam olaraq mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. HÜQUQİMƏSƏLƏLƏR: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından ərizəçinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararkən aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilən sənədlərdən görünür ki, Cəlilabad rayon icra və probasiya şöbəsinin 31 iyul 2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2018-ci il tarixli 2- 1(086)-368/2018 saylı icra vərəqəsinə əsasən borclu Maraqlı şəxs 01 yanvar 2017-ci il tarixədək yaranmış 1510.03 manat məbləğində MDSSH-nın və maliyyə sanksiyasının əmlakının satılması yolu ilə DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsinə ödənilməsi qərara alınmış, borc ödənildiyinə görə icra vərəqəsi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (VM) 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. VM-in 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. VM-in 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. VM-in 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. VM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2013-cü il tarixli qərarına əsasən VM-in 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxsin VM-in 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi vəzifəsi digər şəxslərin üzərinə qoyula bilməz. Kollegiya iş materiallarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 11 may 2023-cü il tarixli 2-2(102)-256/2023 saylı qərarında əksini tapmış göstərişlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin rədd edilməsi barədə yekun qərar qəbul edərkən Cəlilabad rayon icra və probasiya şöbəsinin 31 iyul 2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarına istinad etmişdir. Cəlilabad rayon icra və probasiya şöbəsinin adıçəkilən qərarı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 23 may 2018-ci il tarixli 2-1(086)-368/2018 saylı icra vərəqəsinə əsasən maraqlı şəxsin 01 yanvar 2017-ci il tarixinədək yaranmış 1510,03 manat məbləğində MDSSH-nın və maliyyə sanksiyasının əmlakının satılması yolu ilə DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsinə ödənilməsi qərara alınmış və borc ödənildiyinə görə icra vərəqəsi üzrə icraata xitam verilmişdir. Həmin 1510,03 manat məbləğində vergi borcunun silinməsi barədə qüvvədə olan və mübahisələndirilməyən qərar mövcuddur. Eyni zamanda, ərizədən görünür ki, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 2198,4 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilmişdir. Nəzərə alınsa ki, Cəlilabad rayon icra və probasiya şöbəsinin 31 iyul 2018-ci il tarixli icra sənədi üzrə icraata 1510,03 manat məbləğ üzrə icraata xitam verilmişdir. Kollegiya hesab edir ki, məhz qalan 688 manat məbləğdə borcun ödənilməsi iş üzrə təsdiq edilmir ki, həmin qalıq borc üzrə ərizənin təmini üçün hüquqi əsas mövcuddur. Bundan başqa, diqqətə çatdırılmalıdır ki, Maraqlı şəxs məhkəmədə verdiyi izahatında Dövlət Sosial Müdafiə Fonduna borcunun olduğunu, lakin ödəməyə imkanı olmadığını bildirmiş, kollegiya onun şifahi vəsatəti əsasında məhkəmə iclasını təxirə salsa da, borcun ödənilməsi təmin edilməmişdir. Qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin apellyasiya şikayəti qismən təmin olunmalı, Şirvan Kommersiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2-2(121)-2389/2022 saylı qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə qismən təmin edilməli, borclu fiziki şəxs Maraqlı şəxs dövlət büdcəsinə olan 688 (altı yüz səksən səkkiz) manat vergi borcunun ödənilməsini təmin etmək məqsədilə Maraqlı şəxs (doğulduğu tarix – xx xxxxxx 1983-cü il, doğulduğu yer - Azərbaycan, Cəlilabad rayonu, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti olaraq, hüququn məhdudlaşdırılmasına əsas olan hal aradan qalxanadək məhdudlaşdırılmalı, ərizə qalan hissədə təmin olunmamışdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını yuxarıda qeyd olunan maddi hüquq normaları baxımından təhlil edərək hesab edir ki, apellyasiya şikayəti qismən əsaslı olmaqla, apellyasiya baxışı zamanı qismən öz təsdiqini tapdığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, ərizənin qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. MPM-in 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.2, 385.1, 355-7.4, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2-2(121)-2389/2022 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə qismən təmin edilsin. Borclu fiziki şəxs Maraqlı şəxs dövlət büdcəsinə olan 688 (altı yüz səksən səkkiz) manat vergi borcunun ödənilməsini təmin etmək məqsədilə Maraqlı şəxs (doğulduğu tarix – xx xxxxxx 1983-cü il, doğulduğu yer - Azərbaycan, Cəlilabad rayonu, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti olaraq, hüququn məhdudlaşdırılmasına əsas olan hal aradan qalxanadək məhdudlaşdırılsın. Ərizə qalan hissədə təmin olunmasın. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-74/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-74/2023
09.08.2023 · Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver