Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-142/2023 12.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-2(115)-1568/2022 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, qərardad qəbul etdi. Birinci instansiya məhkəməsində icraat və işin halları: Ərizəçi 14 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs Tovuz rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 3328,65 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 14048,65 manat, İşsizlikdən sığorta fonduna olan 290,28 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Tovuz rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin (VÖEN:**********) dövlət büdcəsinə 3328,65 manat məbləğində (o cümlədən, vergilər üzrə 2889,08, manat, faizlər üzrə 439,57 manat), İşsizlikdən sığorta fonduna 290,28 manat, Dövlət Sosial Müdafiə Fonduna 14048,65 manat olmaqla, ümumilikdə 17667,58 manat borcu vardır, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1568/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Quliyeva) ərizə təmin edilərək, Tovuz rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin (VÖEN: **********) dövlət büdcəsinə 3328,65 manat məbləğində (o cümlədən, vergilər üzrə 2889,08 manat, faizlər üzrə 439,57 manat), işsizlikdən sığorta fonduna 290,28 manat, Dövlət Sosial Müdafiə Fonduna 14048,65 manat olmaqla, ümumilikdə 17667,58 manat borcu ödənilənədək Maraqlı şəxs (doğulduğu tarix-xx xxx 1964-cü il, doğulduğu yer- Azərbaycan, Tovuz rayonu, Alakol kəndi, şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA2541209) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Apellyasiya və kassasiya instansiyalarında birinci icraat: Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1568/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsindən narazı qalan Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-2(104)-175/2022 saylı qətanməsi ilə (sədrlik edən – Ə.Abdullayev, hakimlər – Ş.Rzaquliyev və A.Bayramov). apellyasiya şikayəti təmin edilməyərək, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1568/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-2(104)-175/2022 saylı qətanməsindən narazı qalan Maraqlı şəxs kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-2(102)- 107/2023 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2- 2(104)-175/2022 saylı qətanməsi ləğv edilmiş və iş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyasında ikinci icraat: İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştiakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 387.1. prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 384.0.4. apellyasiya instansiyası işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər:
420. kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunu
8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124- cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları).
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə
1.6. Müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. Rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir. 1.7. Yerli icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yerli icra hakimiyyəti başçısının yanında olan orqanların və yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri (yerli icra hakimiyyəti başçısının tabeliyində olan hüquqi şəxslərin möhürləri istisna olmaqla) və müvafiq yerli icra hakimiyyətinin adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarı
12. məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
23. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. ...”
25. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2022-ci il 19 dekabr tarixli, 6 saylı Qərarı
2.4.MPM-nin 26.2 və 355-5-ci maddələrinin tələbləri nəzərə alınaraq, Plenum Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlin “Mübahisə üzrə hüquq münasibətinin xarakterinə dair tələblər” hissəsindən və bilavasitə Cədvəlin özünün “Xüsusi icraat qaydasında baxılan aşağıdakı tələblərdən birinə aiddir?” hissəsindən “və ya hüquqi şəxslərin icra orqanının rəhbəri” sözləri, “və ya sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda hüquqi şəxslərin icra orqanının rəhbəri” sözləri ilə əvəz edilsin.”
Apellyasiya məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası işdə olan sənədləri araşdırıb hesab edir ki, iddiaya məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə Gəncə Kommersiya Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-2(115)-1568/2022 saylı qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-2(102)- 107/2023 saylı qərarında qeyd olunduğu kimi Tovuz rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilati-hüquqi forması dövlət idarəetmə orqanı, yuxarı təşkilatı isə Tovuz rayon İcra Hakimiyyəti olmaqla, əsas fəaliyyət növü isə ümumi xarakterli dövlət idarəetməsidir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Hazırkı mübahisə üzrə maraqlı şəxs Tovuz rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhəri İnzibati Ərazi İdarəsi üzrə nümayəndəsi olmaqla, onun rəhbəri olduğu nümayəndəliyin əsas fəaliyyət növü ümumi xarakterli dövlət idarəetməsidir. İş materiallarına əsasən isə yaranmış borc Tovuz rayon İcra Hakimiyəti Başçısının Tovuz şəhər İnzibati Ərazi İdarəsi üzrə nümayəndəliyinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə də bağlı olmamışdır. Hərçənd ki, nümayəndəlik, sahibkarlıq fəaliyyəti ilə bağlı deyil, müvafiq inzibati ərazi vahidində rayon icra hakimiyyəti başçısının fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan dövlət qurumu olmuşdur. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarını nəzərə almadan məhkəmə aidiyyəti qaydalarını pozmaqla ərizəni icraata götürmüş və işə mahiyyəti ürə baxmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Gəncə Kommersiya Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-2(115)- 1568/2022 saylı qətnaməsi ləğv edilməli və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 266, 385, 387.2.1 və 402-ci maddələrini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
Gəncə Kommersiya Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-2(115)-1568/2022 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-2(115)-1568/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə qərardad çıxarıslın. İş baxılması üçün məhkəmə aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.