Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-138/2024 29.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-191/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-191/2024 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2017-ci il tarixli 2444-GL/17 nömrəli müqavilə üzrə 8295 (səkkiz min iki yüz doxsan beş) manat əsas borc, 400(dörd yüz) manat cərimə olmaqla, cəmi 8695 (səkkiz min altı yüz doxsan beş) manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 100 (bir yüz) manat və 210 (iki yüz on) manat mediasiya xərcinin tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, Cavabdeh 106.95 (bir yüz altı manat doxsan beş qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-2(115)-191/2024 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017ci il tarixli 2444-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023cü il tarixə hesablanmış 8295 manat gecikdirilmiş borcun və hesablanmış 6122,88 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, 210 manat mediasiyaya dair xərcin, cəmi 15127,88 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2444-GL/17 nömrəli müqaviləyə əsasən borclu kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2017-ci il tarixli 2444-GL/17 nömrəli müqavilə üzrə 8295 manat gecikdirilmiş borcu və hesablanmış 6122,88 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Аpellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Belə ki, 2023-cü ilin oktyabr ayında ağır insult keçirmiş, təxminən 6 ay yataq xəstəsi olmuş, səhhətində olan problemlər səbəbindən məhkəmədə iştirak edə bilməmişdir. İddiaçının onun ödədiyi məbləğlər nəzərə alınmadan ondan 8295 (səkkiz min iki yüz doxsan beş) manat əsas borc tələbi qanunsuz və əsassızdır. Belə ki, Agentliyə ödədiyi məbləğlər çıxılsa idi, onda borcun dəqiq məbləğini müəyyən etmək olardı. Bunun üçün isə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Ona görə də hesab edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli və sözügedən qətnamə ləğv edilməlidir. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüququ məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2444-GL/17 nömrəli lizinq müqaviləsindən görünür ki, ümumi məbləği 14200 manat olan kənd təsərrüfatı texnikası ilkin dəyərinin 40 %-nə güzəşt təbiq edilməklə Cavabdeh lizinqə verilmişdir. Müqavilənin 4.2-ci bəndinə lizinq alanın ödəniş qrafikinə əsasən ödənişi bir dəfədən artıq yerinə yeritmədiyi halda gecikdirilən hər günə görə 0,1% həcmində cərimə hesablanması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli təhvil qəbul barədə aktdan görünür ki, texnikalar saz, nizamlanmış və kompekt halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 2444-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 8295 manat gecikdirilmiş borc, 6122.88 manat cərimə olmaqla, cəmi borc 14417.88 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, hüquqi yardımla bağlı 500 manat ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmin Fərmanın 2.2-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2444-GL/17 nömrəli nömrəli müqaviləyə əsasən borclu kənd təsərrüfatı texnikasını dəyərini 6 (altı) il müddətə ödəmək şərti ilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir, yəni vaxtaşırı ödənişləri ödəniş qrqfikində nəzərdə tutulmuş müddətlərdə etməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2017-ci il tarixli 2444-GL/17 nömrəli müqavilə üzrə 8295 manat gecikdirilmiş borcu və hesablanmış 6122,88 manat cərimə borcu yaranmışdır Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2444-GL/17 nömrəli lizinq müqaviləsinin şərtləri baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüş olsa da, lakin öz üzərinə düşən öhtəliyi lazimi qaydada icra etməmiş və bu faktı təkzib edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. İddiaçının cavabdehə münasibətdə tələbi əsas borc hissəsində qanuni və əsaslı olduğu üçün məhkəmə iddianı həmin hissədə tam təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdeh isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludurlar. Birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan cərimənin (dəbbə pulunun) məbləği məsələsini müzakirə edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən tələb olunan 6122,88 manat cərimə iddiaçıya vurulmuş ziyana tənasübsüz dərəcədə uyğun olmamaqla yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-ci maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.Lakin dəbbə pulunun miqdarı zərərdən tənasübsüz dərəcədə yüksək olmamalıdır. Dəbbə pulunun məbləği kreditorun zərərinə tənasübsüz surətdə uyğun olmadıqda istər qanun üzrə istərsə də müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun məbləği məhkəmənin təşəbbüsü ilə azaldıla bilər. Məhkəmənin dəbbə pulunu azaltmaq səlahiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddədə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq cavabdehə hesablanmış dəbbə pulunu azaltmışdır ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmiş, məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır. Kollegiya apellyasiya şikayətinin borcun düzgün hesablanmaması, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməli olmasına dair dəlili də razılaşmır. Ona görə ki, Cavabdeh iddiaçı tərəfindən lizinq müqaviləsi üzrə qalıq borcun düzgün hesablanmamasına dəlalət edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən də kollegiya cavabdehin şikayətinin həmin dəlilini əsassız sayır. Göründüyü kini apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən, qətnamə iş üxzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, həmin şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-191/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-191/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-138/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-138/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver