Məhkəmə qərarları › İş №2-2(104)-138/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-138/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-138/2025 28.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Ağentliyinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏTNAMƏ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Ağentliyinin (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(115)-447/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 1953-GL/16 nömrəli lizinq müqaviləyə əsasən lizinq verən ümumi məbləği 7800 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizin alannın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. 04 iyul 2013-cü il tarixli təhvil aktına əsasən, 1 ədəd “Belarus 892” markalı, 29000 manat dəyərində olan traktor, 1 ədəd “AG-14-4” markalı, 2600 manat dəyərində olan kotan, 1 ədəd “Fort-300” markalı 389,40 manat dəyərində olan “GPS terminal” cavabdehə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin xx.xx.2016-cı il tarixli 1953- GL/16 nömrəli lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 5070 manat gecikdirilmiş əsas borcu və 7898,94 manat cərimə borcu olmaqla cəmi 12968,94 manat borcu qalmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-cı il tarixli 1092-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən, lizinq verən ümumi məbləği 3555 manat olan və spesifikasiyada göstərilən (1 ədəd “Karataş T-200” markalı, 11850 manat dəyərində olan Çiləyici ventilyatorlu qoşulan) kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq etməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. 08 iyun 2018-ci il tarixli təhvil aktına əsasən, 1 ədəd “Karataş T-200” markalı, 11850 manat dəyərində olan Çiləyici ventilyatorlu qoşulan cavabdehə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin xx.xx.2020-cı il tarixli 1092- GL/18 nömrəli lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 3555 manat gecikdirilmiş əsas borcu və 6260,81 manat cərimə borcu olmaqla cəmi 9815,81 manat borcu qalmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış, "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığın, damazlıq heyvanların kənd təsərrüfatı istehlakçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2016-cı il tarixli 1953- GL/16 nömrəli müqavilə üzrə yaranmış 5070,00 manat gecikdirilmiş borc və 7898,94 manat cərimə borcu, eləcə də xx.xx.2020-ci il tarixli 1092-GL/18 nömrəli müqavilə üzrə 3555,00 manat gecikdirilmiş borcu və 6260,81 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manatın cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1953-GL/16 nömrəli və xx.xx.2020-ci il tarixli 1092-GL/18 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2016-cı il tarixli 1953-GL/16 nömrəli müqavilə üzrə 5070,00 manat gecikdirilmiş borcu və 7898,94 manat cərimə borcu, eləcə də xx.xx.2020-ci il tarixli 1092-GL/18 nömrəli müqavilə üzrə 3555,00 manat gecikdirilmiş borcu və hesablanmış 6260,81 manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2-2(115)-447/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixə xx.xx.2016-cı il tarixli 1953-GL/16 nömrəli müqavilə üzrə 5070 manat gecikdirilmiş borc və hesablanmış 253,50 manat cərimə borcu, cəmi 5323,5 (beş min üç yüz iyirmi üç manat əlli qəpik) manat, xx.xx.2020-ci il tarixli 1092-GL/18 nömrəli müqavilə üzrə isə 3555 manat gecikdirilmiş borc və hesablanmış 177,75 manat cərimə borcu, cəmi 3732,75 (üç min yeddi yüz otuz iki manat yetmiş beş qəpik), ümumilikdə 9056,25 (doqquz min əlli altı manat iyirmi beş qəpik) manat borcun, 300 (üç yüz) manat vəkilə ödənilmiş xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 1953-GL/16 nömrəli lizinq müqaviləyə əssən lizinq verən 1 ədəd “Belarus-892” markalı, 29000 manat dəyərində olan Traktor, xx.xx.2020-cı il tarixli 1092-GL/18 nömrəli lizinq müqaviləyə əsasəsən isə 1 ədəd “Karataş T-200” markalı, 11850 manat dəyərində olan Çiləyici ventilyatorlu qoşulan ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq etməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. Lizinq verən öz öhdəliyini yerinə yetirmiş, lizinq obyektlərini lizinq alanın sahiblik və istifadəsinə vermiş, lakin lizinq alan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, lizinq ödənişini tam ödəməmişdir. Lizinq müqavilələri üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Vəkilə ödənilməli olan məbləği isə 300 manat həddində müəyyən edilməlidir. Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 447, 448.1, 462, 465, 467, 747.1, 747-5, 748-1.12.4, 748-10.1, 748-10.2 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)- 447/2025 nömrəli qətnaməsində apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə tam həcmdə təmin olunması haqqında yeni qətnamə çıxarılması xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 500 manat vəsaitin 300 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərclərlə bağlı konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 300 manat məbləğində pulun tutulması daha ağlabatan hesab edilə bilər. Belə ki, hazırki iş üzrə 3 məhkəmə iclası keçirilmiş və iddiaçının vəkili və nümayəndəsi həmin məhkəmə iclaslarında iştirak etməyərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi barədə məhkəməyə ərizə ünvanlamışdır. Belə olan halda məhkəmə hesab edir ki, yalnız iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin hazırlanması üçün xidmət haqqı olaraq 300 manat məbləğində pulun tutulması daha ağlabatandır. Qeyd etməyi zəruri hesab edirik ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 904-VİQD nömrəli Qanunu ilə 121.1ci maddədə “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” sözləri “təqdim edilmiş məlumatlar qiymətləndirilməklə” sözləri ilə əvəz edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və tərəflər bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı tərəf qətnaməni hüquqi yardım məbləği hissəsində mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamə hüquqi yardım məbləğinə münasibətdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-447/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, "xxxx" ASC ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 1953-GL/16 nömrəli və xx.xx.2020-cı il tarixli 1092-GL/18 nömrəli lizinq müqavilələrinə əsasən lizinq verən kənd təsərrüfatı texnikasını cavabdehə lizinqə verilmiş və cavabdeh müqavilənin şərtinə uyğun olaraq şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən onun lizinq verənə borcu qalmışdır. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab etdiyindən qismən təmin etmişdir. İddiaçının apelyasiya şikayətinin dəlili kimi birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya edilmiş hüquqi yardıma görə məbləğin əsassız az tutulması ilə bağlı olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iddiaçının vəkillə təmsil olunmasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, vəkilin məhkəmə iclaslarında iştirak etməməsini və ödənilməli olan məbləğin ağlabatanlığını nəzərə alaraq hesab edir ki, birinci instansiyası məhkəməsi vəkilə ödənilməli olan xərcin məbləğini 300 manat miqdarında müəyyən etməkdə haqlı olmuşdur. Belə ki, vəkilin işin hazırlanması və məhkəmə araşdırmaları dövründə çəkdiyi xərclərin məbləğinə münasibətdə 300 manat ağlabatandır. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, apellyasiya şikayəti ilə mübahisələndirilən məbləğ 10000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Ağentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-447/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar