Məhkəmə qərarları › İş №2-2(104)-139/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-139/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-139/2023 31.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)- 85/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 1178- GL/15 nömrəli müqavilə üzrə yaranmış 8747,60 manat gecikdirilmiş borcunun və hesablanmış 15159,28 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 manatın və 200 manat çəkilmiş mediasiya xərcinin, cəmi 24406,88 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-85/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-85/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin qanunsuz və əsassız olduğundan ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 1178-GL/15 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2015-ci il tarixli 1178-GL/15 nömrəli müqavilə üzrə yaranmış 8747,60 manat gecikdirilmiş borcu və hesablanmış 15159,28 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Goranboy Rayon Məhkəməsinin icraatında olan iş üzrə iddiaçı "xxxx" ASC” iddia ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə X4 arasında 415-L nömrəli 15 sentyabr 2010-cu il tarixli və 202-L nömrəli 28 fevral 2011-ci il tarixli müqaviləyə əsasən cavabdehin dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərtilə müvafiq olaraq birinci müqavilə üzrə ümumi dəyəri 5550 manat və ikinci müqavilə üzrə ümumi dəyəri 29550 manat olan müxtəlif kənd təsərrüfatı texnikalarını lizinqə götürdüyünü, cavabdeh tərəfindən texnikaların dəyərindən birinci müqavilə üzrə 15 sentyabr 2010-cu il tarixdə 1110 manat və ikinci müqavilə üzrə 28 fevral 2011-ci il tarixdə 2960 manat ilkin ödəniş aparıldığını, cavabdehin üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirmədiyini, belə ki, hər iki müqavilənin tərkib hissəsi olan ödəniş qrafikləri üzrə xx.xx.2015-ci il tarixədək 17860 manat ödəməli olduğu halda, 7582,40 manat ödəniş olunduğunu nəzərə alaraq, 10277 manat əsas borc, 4466 manat cərimə borcunun, 30 manat dövlət rüsumunun X1 tutularaq iddiaçıya ödənilməsi, müqavilələrin ləğv edilərək lizinq obyekti olan 1 ədəd AGSD-24 markalı taxılsəpənin, 1 ədəd MTZ-89.2 markalı traktorun və 1 ədəd KR-14 markalı kotanın saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli 2(045)-539/2015 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 4466 manat 45 qəpik məbləğində cərimə silinməklə 10277 manat 60 qəpik əsas borc (hər iki lizinq müqaviləsinə münasibətdə) və 30 manat dövlət rüsumu, cəmi 10307 manat 60 qəpik məbləğində pulun cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi, "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış 415-L nömrəli 15 sentyabr 2010-cu il tarixli və 202- L nömrəli 28 fevral 2011-ci il tarixli lizinq müqavilələrinin ləğv edilməsi, 1 ədəd MTZ-89.2 markalı traktor, 1 ədəd KR-14 markalı kotan və 1 ədəd AGSD-24 markalı taxılsəpənin cavabdeh X1 alınaraq "xxxx" ASC-yə qaytarılması qət edilmişdir. Bundan sonra, cavabdeh tərəfindən dəyəri 5550 manat olan 1 ədəd AGSD-24 markalı taxılsəpənin lizinqə verilməsini nəzərdə tutan 415-L nömrəli 15 sentyabr 2010-cu il tarixli müqavilə üzrə borc tam şəkildə ödənilmişdir. Hansı ki, bu məbləğin bir hissəsi (Goranboy Rayon Məhkəməsinin qətnaməsi qəbul edilənədək bu müqavilə üzrə borcun ödənilmiş hissəsi çıxılmaqla) Goranboy RayonMəhkəməsinin müvafiq qətnaməsi ilə təmin olunan iddia tələbində (10 277 manat) ehtiva olunub. Habelə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 13 avqust 2014-cü il 273 nömrəli Qərarının 3-cü bəndinə əsasən bu qərar qüvvəyə mindiyi tarixdən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Müvafiq olaraq, 13 iyul 2015-ci il tarixli 3047/ü nömrəli əmrlə "xxxx" ASC ilə X4 arasında bağlanmış 28 fevral 2011-ci il tarixli 202-L/11 və nömrəli müqaviləyə xitam verilməsi, 248ü/xx.xx.2011 əmrin qüvvədən düşmüş hesab edilməsi qərara alınmış, "xxxx" ASC ilə X4 arasında xx.xx.2015ci il tarixli 1178-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən 1ədəd Belarus-892 markalı traktor və 1 ədəd kotan 4 gövdəli asma KR-14 güzəşt tətbiq edildikdən sonra yenidən lizinqə verilmişdir. Traktor Belarus-892-nin güzəşt məbləği 10920 manat, qalıq məbləği 9227,60 manat, 1 ədəd kotan 4 gövdəli asma KR-14-ün güzəşt məbləği 900 manat, qalıq məbləği 300 manat, hər ikisi bir yerdə güzəşt məbləği 11820 manat, qalıq məbləği 9527,60 manat müəyyən edilmişdir. Göründüyü kimi, 13 iyul 2015-ci il tarixli 3047/ü nömrəli əmrlə xx.xx.2015-ci il tarixli 1178-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən lizinq alana münasibətdə tətbiq edilən 11820 manat güzəşt məbləği və cavabdeh tərəfindən dəyəri 5550 manat olan 1 ədəd AGSD-24 markalı taxılsəpənin lizinqə verilməsini nəzərdə tutan 415-L nömrəli 15 sentyabr 2010-cu il tarixli müqavilə üzrə borcun tam şəkildə ödənilməsi nəzərə alınarsa, Goranboy Rayon Məhkəməsinin müvafiq qətnaməsi icra olunmuş hesab olunmalıdır. Gəncə Kommersiya Məhkəməsinin icraatında olan iş üzrə isə nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən tələb olunan 8747,60 manat gecikdirilmiş borc xx.xx.2015-ci il tarixli 1178-GL/15 nömrəli müqavilə üzrə yaranmış borcdur. Belə ki, Aqroservis” ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 1178-GL/15 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2015-ci il tarixli 1178-GL/15 nömrəli müqavilə üzrə yaranmış 8747,60 manat gecikdirilmiş borcu və hesablanmış 15159,28 manat cərimə borcu yaranmışdır. 25 may 2015-ci il tarixli 1178-GL/15 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC ilə X4 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən "xxxx" ASC ümumi məbləği 9527,60 manat olan və 1 nömrəli əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra X2 mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. 25 may 2015-ci il tarixli 1178-GL/15 nömrəli lizinq müqaviləsi üzrə ödəniş qrafikinin surətindən görünür ki, X4 ödənişləri xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hissə-hissə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. 25 may 2015-ci il tarixli 1178-GL/15 nömrəli lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, 1 ədəd traktor Belarus-892-nin ilkin qiyməti 27300 manat, ödənilmiş məbləğ 7152,40 manat, güzəştdən sonrakı qalıq məbləğ 9227,60 qəpik, 1 ədəd kotan 4 gövdəli asma KR-14-ün ilkin qiyməti 2250 manat, ödənilmiş məbləğ 1050 manat, güzəştdən sonrakı qalıq məbləğ 300 manat. Hər iki texnika üçün ümumilikdə ilkin qiymət 29550 manat, ödənilmiş məbləğ 8202,40 manat, güzəştdən sonrakı qalıq məbləğ 9527,60 manat qeyd edilmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsini əsas götürərək hazırkı iddia ərizəsinin təmin edilib cavabdehdən 8747,60 manat əsas borc məbləğinin tutularaq iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab etməyən məhkəmənin bu mövqeyi ilə bağlı bildirir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi (Goranboy Rayon Məhkəməsinin müvafiq qətnaməsi) 415-L nömrəli 15 sentyabr 2010-cu il tarixli müqavilə üzrə borcun tam şəkildə ödənilməsi və tərəflər arasında bağlanan yeni müqavilə (25 may 2015-ci il tarixli 1178- GL/15 nömrəli lizinq müqaviləsi) ilə lizinqalana tətbiq olunan güzəşt məbləği nəzərə alınmaqla icra olunmuş hesab olunmalıdır. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiuyasının iclasında iştirak etmiş cavabdeh X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq göstərdi ki, 28 fevral 2011-ci il tarixli 202-L/11 nömrəli və 28 fevral 2011-ci il tarixli 202-L/11 nömrəli lizinq müqavilələrinə əsasən ona lizinqə verilmiş texnikalar Goranboy Rayon Məhkəməsinin 23 iyun 2015-ci il tarixli 2(045)-539/2015 nömrəli qətnaməsində göstərilməsinə baxmayaraq ondan geri alınmamış və onunla yenidən lizinq müqavilələri bağlanmışdır. Lakin maddi vəziyyəti imkan vermədiyinə görə lizinq borcunu ödəməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edən cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan 15 sentyabr 2010-cu il tarixli 415-L nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC ilə X4 arasında müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" ASC ümumi məbləği 5550 manat olan ödəmə müddəti 4 il müəyyən edilmiş 1 ədəd qiyməti 5550 manat olan AGSD-24 markalı taxıl səpənin dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra X2 mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın dəyərindən 1110 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28 fevral 2011-ci il tarixli 202-L/11 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC ilə X4 arasında müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" ASC ümumi məbləği 29550 manat olan ödəmə müddəti 9 il müəyyən edilmiş 1 ədəd qiyməti 27300 manat olan MTZ-89.2 markalı traktor və ödəmə müddəti 4 il müəyyən edilmiş 1 ədəd qiyməti 2250 manat olan KR-14 markalı kotanın dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra X2 mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan tərəflər arasında imzalanmış "xxxx" ASC-yə məxsus texnikaların təhvil qəbulu barədə 01 mart 2011-ci il 2745 nömrəli aktın surətindən görünür ki, qiyməti 27300 manat olan 1 ədəd MTZ-89.2 markalı traktor və qiyməti 2250 manat olan 1 ədəd KR-14 markalı kotan "xxxx" ASC tərəfindən X3 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin 23 iyun 2015-ci il tarixli 2(045)-539/2015 nömrəli qətnaməsindən görünür ki, "xxxx" ASC-nin X3 qarşı iddiası qismən təmin edilmiş, 4466 manat 45 qəpik məbləğində cərimə silinməklə 10277 manat 60 qəpik əsas borc və 30 manat dövlət rüsumu, cəmi 10307 manat 60 qəpik məbləğində pulun cavabdeh X1 tutularaq "xxxx" ASC-yə ödənilməsi, "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış 415-L nömrəli 15 sentyabr 2010-cu il tarixli və 202-L nömrəli, 28 fevral 2011-ci il tarixli lizinq müqavilələrinin ləğv edilməsi, 1 ədəd MTZ-89.2 markalı traktor, 1 ədəd KR-14 markalı kotan və 1 ədəd AGSD-24 markalı taxılsəpənin cavabdeh X1 alınaraq "xxxx" ASC-yə qaytarılması qət edilmişdir. İş materiallarında olan Goranboy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 115961/2021 nömrəli məktubundan görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(045)-539/2015 nömrəli icra sənədi xx.xx.2021-ci il tarixdə Goranboy rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış, borclu hissə-hissə borcundan ödənişlər etmiş və etməkdədir. İş materiallarına əlavə edilmiş 25 may 2015-ci il tarixli 1178-GL/15 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC ilə X4 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən "xxxx" ASC ümumi məbləği 9527,60 manat olan və 1 nömrəli əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra X2 mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 25 may 2015-ci il tarixli 1178-GL/15 nömrəli lizinq müqaviləsi üzrə ödəniş qrafikinin surətindən görünür ki, X4 ödənişləri xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hissə-hissə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. İş materiallarında olan 25 may 2015-ci il tarixli 1178-GL/15 nömrəli lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, 1 ədəd traktor Belarus-892-nin ilkin qiyməti 27300 manat, ödənilmiş məbləğ 7152,40 manat, güzəştdən sonrakı qalıq məbləğ 9227,60 qəpik, 1 ədəd kotan 4 gövdəli asma KR-14-ün ilkin qiyməti 2250 manat, ödənilmiş məbləğ 1050 manat, güzəştdən sonrakı qalıq məbləğ 300 manat. Hər iki teknika üçün ümumilikdə ilkin qiymət 29550 manat, ödənilmiş məbləğ 8202,40 manat, güzəştdən sonrakı qalıq məbləğ 9527,60 manat qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş 13 iyul 2015-ci il tarixli 3047/ü nömrəli əmrdən görünür ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış 28 fevral 2011-ci il tarixli 202-L/11 və 248ü/xx.xx.2011 nömrəli müqavilələrə xitam verilməsi, əmrlərin qüvvədən düşmüş hesab edilməsi qərara alınmış, əvvəlki 202-L/11 saylı müqaviləyə əsasən Belarus-892 traktorunun güzəşt məbləği 10920 manat, qalıq məbləği 9227,60 manat, 1 ədəd kotan 4 gövdəli asma KR-14-ün güzəşt məbləği 900 manat, qalıq məbləği 300 manat, hər ikisi bir yerdə güzəşt məbləği 11820 manat, qalıq məbləği 9527,60 manat müəyyən edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası müəyyən etmişdir ki, "xxxx" ASC ilə X4 arasında 15 sentyabr 2010-cu il tarixdə və 28 fevral 2011-ci il tarixdə kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilələr bağlanmış, ümumi məbləği 5550 manat və 29550 manat olan kənd təsərrüfatı texnikalarının dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Lakin cavabdeh nüqavilə şərtlərini pozaraq ödənişləri vaxtında etmədiyinə görə iddiaçı müvafiq iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət etmiş və Goranboy Rayon Məhkəməsinin 23 iyun 2015-ci il tarixli 2(045)-539/2015 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 4466 manat 45 qəpik məbləğində cərimə silinməklə 10277 manat 60 qəpik əsas borc və 30 manat dövlət rüsumu, cəmi 10307 manat 60 qəpik məbləğində pulun cavabdeh X1 tutularaq "xxxx" ASC-yə ödənilməsi, "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış 415-L nömrəli 15 sentyabr 2010-cu il tarixli və 202-L nömrəli 28 fevral 2011-ci il tarixli lizinq müqavilələrinin ləğv edilməsi, 1 ədəd MTZ-89.2 markalı traktor, 1 ədəd KR-14 markalı kotan və 1 ədəd AGSD-24 markalı taxılsəpənin cavabdeh X1 alınaraq "xxxx" ASC-yə qaytarılması qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Aqrolizinq” ASC ilə X4 arasında 25 may 2015-ci il tarixdə kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə yenidən müqavilə bağlanmış, ümumi məbləği 9527,60 manat olan və 1 nömrəli əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra X2 mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. 13 iyul 2015-ci il tarixdə "xxxx" ASC ilə X4 arasında bağlanmış müqaviləyə əsasən onların arasında əvvəllər bağlanmış 28 fevral 2011-ci il tarixli 202-L/11 və 248ü/xx.xx.2011 nömrəli müqavilələrə xitam verilməsi, əmrlərin qüvvədən düşmüş hesab edilməsi qərara alınmış, əvvəlki 202-L/11 saylı müqaviləyə əsasən Belarus-892 traktorunun güzəşt məbləği 10920 manat, qalıq məbləği 9227,60 manat, 1 ədəd kotan 4 gövdəli asma KR-14-ün güzəşt məbləği 900 manat, qalıq məbləği 300 manat, hər ikisi bir yerdə güzəşt məbləği 11820 manat, qalıq məbləği 9527,60 manat müəyyən edilmişdir. İddiaçı (lizinqə verən) müqavilə şərtlərini yerinə yetirmiş olsa da, lizinq alan üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir və onun yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər iki texnikaya görə müəyyən edilmiş qalıq məbləğ olan 9527,60 manatın X1 tutularaq "xxxx" ASC-yə ödənilməsi ilə bağlı qanuni qüvvəsini alan məhkəmə qətnaməsi vardır (qətnamədə iki müqavilə üzrə üç lizinq obyektinə görə ümumlikdə 10277 manat 60 qəpik pul vəsaitinin tutulması qət edilmişdir), həmin qətnamə icraya yönəldilmiş və borclu tərəfindən hissə-hissə ödənişlər edilməkdədir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsi nəzərə alınmaqla hazırkı iddia ərizəsinin təmin edilərək cavabdehdən 8747,60 manat əsas borc məbləğinin tutulub iddiaçıya ödənilməsi qanuni və əsaslı hesab edilə bilməz. Çünki lizinqə verilmiş iki eyni texnika üçün həm qətnamə ilə ödənilən məbləği, həm hazırkı iddia ilə tələb edilən məbləği, 2015-ci il tarxidə yenidən müqavilə bağlanılarkən ödənilən məbləği, güzəşt məbləğini ümumlikdə götürdükdə texnikalar üçün müəyyən edilmiş ilkin qiymətdən, yəni 29550 manatdan daha artıq olur ki, belə bir məbləğdə də lizinq alan hər hansı bir müqavilə bağlamamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Həmçinin iddia tələbi təmin edilmədiyindən mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş pul vəsaiti iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, Goranboy Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdehdən 15 sentyabr 2010-cu il tarixli 415-L nömrəli və 28 fevral 2011-ci il tarixli 202-L nömrəli lizinq müqavilələri üzrə yaranmış borclar tələb edilmiş, həmin tələb üzrə iş Goranboy Rayon Məhkəməsinin icraatında olanda cavabdehlə yenidən lizinq müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı tərəfindən tələb olunan borc məbləği xx.xx.2015-ci il tarixli 1178-GL/15 nömrəli müqavilə üzrə yaranmış borcdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı rədd edərkən nəzərə almamışdır ki, qüvvədə olan Goranboy Rayon Məhkəməsinin qətnaməsi üzrə olan borc 25 may 2015-ci il tarixli müqaviləyə əsasən yaranmış borc deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. İstinad olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi müqavilə tərəflərinin hər biri müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməlidir. Müqavilə şərtlərinin lazımi qaydada icra edilməməsi müqavilə öhdəliyinin pozulması hesab edilir. İşin hallarından göründüyü kimi Goranboy Rayon Məhkəməsinin 23 iyun 2015-ci il tarixli 2(045)-539/2015 nömrəli qətnaməsinə uyğun olaraq 10277 manat 60 qəpik əsas borc və 30 manat dövlət rüsumu, cəmi 10307 manat 60 qəpik məbləğində pul cavabdeh X1 tutularaq "xxxx" ASC-yə ödənilməli, "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış 415-L nömrəli 15 sentyabr 2010-cu il tarixli və 202-L nömrəli, 28 fevral 2011-ci il tarixli lizinq müqavilələrinin ləğv edilməli, 1 ədəd MTZ-89.2 markalı traktor, 1 ədəd KR-14 markalı kotan və 1 ədəd AGSD-24 markalı taxılsəpənin cavabdeh X1 alınaraq "xxxx" ASCyə qaytarılmalı idi. Cavabdeh məhkəmə qətnaməsi qanuni qüvvəsini almasına baxmayaraq həmin texnikaları qeri qaytarmamış, iddiaçı ilə yenidən lizinq müqaviləsi bağlamışdır. Lakin bununla belə o, müqavilə üzrə ödənişlər etməmişdir, yəni müqavilə şərtlərini pozmuşdur. Ona görə də kollegiya hesab edir ki, xx.xx.2015-ci il tarixli 1178- GL/15 nömrəli müqavilə üzrə cavabdeh X1 8747,60 manat əsas borc cavabdehdən iddiaçının xeyrinə alınmalıdır. Həmçinin məhkəmə kollegiyası iddiaçının cərimə tələbi bağlı qeyd edir ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1178-GL/15 nömrəli lizinq müqaviləsinin 4.2-ci bəndində göstərilir ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Ona görə də iddiaçının xx.xx.2015-ci il tarixli 1178-GL/15 nömrəli müqavilə üzrə tələb etdiyi 15159,28 manat hesablanmış cərimə borcu azaldılaraq ödənilməsi üçün üzərində 159 (bir yüz əlli doqquz) manat miqdarında cərimə borcu saxlanılmalıdır. Kollegiyanın qənaətinə görə bu məbləğdə cərimə ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Məhkəmə xərci ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət edərkən zəruri xərcləri ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 300 manat hüquqi yardımın cavabdehdən tutulması məqsədəuyğundur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsində göstərilmişdir ki, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia ərizəsinə əlavə olunmuş 05363 nömrəli xx.xx.2022-ci il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə mediasiya arayışından göründüyü kimi, iddiaçı 200 manat mediasiya xərci ödəmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-85/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1178-GL/15 nömrəli müqavilə üzrə cavabdeh X1 8747,60 manat əsas borc, 159 manat manat cərimə borcu olmaqla ümumilikdə 8906,60 (səkkiz min doqquz yüz altı manat altmış qəpik) borc, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və 200 manat çəkilmiş mediasiya xərcinin əvəzi alınaraq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qətidir. Ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar