Məhkəmə qərarları › İş №2-2(104)-140/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-140/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-140/2024 05.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2-2(115)-885/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Ala Metals” LLC-dən ******* manat pulun, 400 manat mediasiya xərcinin, 2430 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli 01 nömrəli mis şpilkaların alqı-satqısı ilə bağlı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən malın dəyərinin hər bir partiya üçün alıcıya çatdırıldıqdan sonra ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə nəzərdə tutulmuş mallar cavabdehin tələbinə uyğun olaraq partiyalarla xx.xx.2020-ci il-xx.xx.2020-ci il tarixlərində ümumi dəyəri ******* manat təşkil edən mallar X4, Tupe.Bug.İnd.X5-yə, xx.xx.2020-ci il-xx.xx.2020-ci il tarixlərində isə ümumi dəyəri ******* manat təşkil edən mallar Fusion Metals Limited-ə göndərilmişdir. Lakin malların ümumi dəyərini təşkil edən ******* manat pul məbləği bu günədək ona ödənilməmişdir. Odur ki, Ala Metals LLC-yə qarşı ******* manat pul məbləğinin ödənilməsi tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Gəncə Kommersiya Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2-2(115)-885/2024 nömrəli qərardadı ilə (hakim G.Quliyeva) İddiaçı cavabdeh “Ala Metals” LLCyə qarşı pul tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi, İddiaçı X1 səlahiyyətli məhkəməsinə müraciət etmək hüququnun izah edilməsi, hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 2430 (iki min dörd yüz otuz) manat məbləğində dövlət rüsumu İddiaçı (qəbzin nömrəsi:**********) qaytarılması qərara alınmışdır. İş üzrə İddiaçı qərardaddan şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-885/2024 saylı qərardadının ləğv edərək, işin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qanunvericilliyə əsasən, məhkəmənin vurğuladığı mübahisələrin həll olunması qaydasının müqavilədə göstərilməsi və icra yerinin qeyd olunması müqavilənin mühüm şərti deyil. Göründüyü kimi, müqavilə ümumi qaydada bağlanıb və artıq icra olunmuş məkan əsas götürülməlidir. Məhkəmənin qərardadda qeyd etdiyi icra barədə ayrıca müqavilə şərti olmaması iddianın qəbulundan imtina üçün əsas deyildir. Belə ki, müqavilə müfəssəl olmaya və ya onda lazımi şərtlər göstərilməyə bilər. Ancaq faktiki olaraq hazırkı xx.xx.2020-ci il tarixli 01 nömrəli alqı-satqı müqaviləsi Azərbaycan Respublikası ərazisində icra edilmişdir. Buna görə də Azərbaycan Respublikasının məhkəmələri bu işə baxmaqda səlahiyyətlidir. Həmçinin məkəmə istinad edir ki, Mülki Prosessual Məcəlləndə səlahiyyətli olması ilə bağlı müvafiq maddə əks olunmayıb. Ancaq 443.0.7-ci maddəyə nəzər yetirilsə, icra olunmuş və ya həyata keçirilmiş müqavilə üzrə yaranan mübahisələrdə Azərbaycan Respublikasının məhkəmələri səlahiyyətlidir. Məhkəmənin qərardadda qeyd etdiyi dövlətlərarası müqavilədə müvafiq müddəanın əks olunmaması həqiqəti əks etdirmir. Belə ki, 19-cu maddənin c bəndinə əsasən, tərəflər arasındakı xx.xx.2020-ci il tarixli 01 nömrəli alqı-satqı müqaviləsi Azərbaycan Respublikasının ərazisində icra olunduğuna görə Azərbaycan Respublikasının məhkəmələri bu məsələdə yurisdiksiyaya malikdir. Eyni zamanda iş materiallarından da müəyyən olunur ki, mallar Azərbaycan Respublikasında Sınıq Körpüdən (Qırmızı Körpü) ixrac olunmuşdur. Bu da bir daha sübut edir ki, müqavilənin icra yeri Azərbaycan Respublikası olmuşdur. Məhkəmə qərardadın məzmununda Ali Məhkəmənin Plenum qərarının müddəalarına istinad etmişdir. Lakin düzgün nəticə çıxarmamışdır. Ali Məhkəmənin Plenum qərarında göstərilən 3 şərtdən 2-si, yəni Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilənin mövcudluğu (Azərbaycan Respublikası və X3 arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında müqavilənin 19-cu maddəsinin c bəndi) və MPM-də nəzərdə tutulan beynəlxalq səlahiyyət (Mülki Prosessual Məcəllənin 443.0.7-ci maddəsi) mövcuddur. Plenum qərarında göstərilən ilk şərt – yəni tərəflər arasında ayrıca razılaşma olmaması isə mülki məcəlləyə əsasən müqavilənin mühüm şərti deyil. Eyni zamanda məhkəmənin digər 2 şərti nəzərə almayıb yalnız bu şərtə görə iddianı qəbul etməkdən imtina etməsi qərəzli yanaşmadır. Məhkəmə qərar qəbul edərkən, müvafiq qanunvericiliyi kifayət qədər araşdırmamış, sübutlara və iş materiallarına diqqət yetirməmişdir. Qanunvericilliyə əsasən məhkəmənin vurğuladığı mübahisələrin həll olunması qaydasının müqavilədə göstərilməsi və icra yerinin qeyd olunması müqavilənin mühüm şərti deyil. Göründüyü kimi, müqavilə ümumi qaydada bağlanıb və artıq icra olunmuş məkan əsas götürülməlidir. Gəncə Kommersiya Məhkəməsinin 06 may 2024-cü il tarixli 2-2(115)-885/2024 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2- 2(115)-885/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024 -cü il tarixli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2-2(115)- 885/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-885/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, e-2-2(115)-885/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Həmin Məcəllənin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 443.0 və 443.0.7-ci maddələrinə əsasən iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/2023 saylı qərarının 2.2-ci bəndində göstərilmişdir ki, xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin qərarın 2.4-cü bəndinə əsasən əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1ci maddəsinin tələbləri əsas götürülməlidir. Həmin maddənin tələbləri baxımından xarici elementli kommersiya mübahisəsində məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtləri aşağıdakılardır: - işdə iştirak edən şəxslərdən hər hansı birinin xarici şəxs olması; - xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yerin olması. Həmin qərarın 2.5-ci bəndinə əsasən həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: - iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yerin olması; - xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması; - cavabdehin Azərbaycan Respublikasının ərazisində əmlaka malik olması; - əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər halın Azərbaycan Respublikasının ərazisində baş verməsi; - iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi; - iddianın Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəlməsi. Həmin qərarın 2.10-ci bəndində göstərilmişdir ki, qeyd olununlara əsasən, məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır: - tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu; - əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu; - əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPMdə belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən müqavilədən görünür ki, tərəflər müqavilə bağlayarkən xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələrinin beynəlxalq səlahiyyətə malik olması, mübahisə yarandığı təqdirdə mübahisəyə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılacağı ilə bağlı hər hansı razılaşma yoxdur. Bundan başqa 10 aprel 2007-ci il tarixdə təsdiq edilmiş Azərbaycan Respublikası və X3 arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında müqavilənin 19-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlaka aid olan işlərdən başqa, Tərəflərin məhkəmələri aşağıdakı hallarda yurisdiksiyaya malikdir: a. əgər iddianın verildiyi anda cavabdeh həmin Tərəfin ərazisində yaşayırsa; b. və ya iddianın verildiyi anda həmin Tərəfin ərazisində cavabdehin sahibliyində sənaye və ya ticarət obyekti və ya onun nümayəndəliyi varsa və ya o, orada gəlir qazanmaq üçün işləyirsə və iddia belə fəaliyyətə aiddirsə; c. və ya iddiaçı ilə cavabdeh arasında hər hansı formada mövcud olan sazişə əsasən məhkəmə mübahisəsinə səbəb olan əqd üzrə öhdəliklər həmin Tərəfin ərazisində icra edilməlidir; d. və ya əqddən irəli gəlməyən məsuliyyət olduğu təqdirdə qanunsuz hərəkət həmin Tərəfin ərazisində törədilmişsə; e. cavabdeh hər hansı formada məhkəmənin yurisdiksiyasını qəbul etmişsə; f. və ya müvəqqəti tədbirlər üzrə hər hansı iddianı qəbul etmişsə, o şərtlə ki, bu Müqavilənin müddəalarına uyğun olaraq həmin Tərəfin məhkəmələri əsas mübahisəyə baxmaq səlahiyyətinə malik olsunlar. İş materiallarından P.O.BOX-66688, DUBAİ UAE ünvanında yerləşən “Ala Metals” LLC-nin iddianın verildiyi anda Azərbaycan Respublikasının ərzisində olması, Azərbaycan Respublikasının ərzisində sahibliyində sənaye və ya ticarət obyekti və ya onun nümayəndəliyinin olması, gəlir qazanmaq üçün işləməsi müəyyən edilmir və iddia da belə fəaliyyətə aid deyildir. Bundan başqa tərəflər arasında bağlanan müqavilədə müqavilənin icra yeri ilə bağlı hər hansı bir şərt göstərilməmişdir. Müqavilədən əlavə də iddiaçı ilə cavabdeh arasında məhkəmə mübahisəsinə səbəb olan əqd üzrə öhdəliklərin hansı tərəfin ərazisində icra edilməli olması ilə bağlı hər hansı saziş bağlanmamışdır. Göründüyü kimi Azərbaycan Respublikası və X3 arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında beynəlxalq müqavilədə də Azərbaycan Respublikasının məhkəmələrinin hazırkı mübahisəyə baxmaq səlahiyyətinin olması nəzərdə tutulmamışdır. Qeyd edilənlərlə yanaşı cavabdeh “Ala Metals” LLC-nin Azərbaycan Respublikasında olduğu yerin olması, habelə idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin olması, Azərbaycan Respublikasının ərazisində əmlaka malik olması müəyyən edilmir. İddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlmir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh “Ala Metals” LLC-nin ünvanı X2 yerləşir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01 nömrəli alqı-satqı müqaviləsinin icra edildiyi və ya mübahisənin həll edildiyi yer kimi Azərbaycan Respublikasının ərazisi qeyd edilməmişdir. Birinci instansiya məhkəməsi məhz yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/2023 saylı qərarının 2.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrin beynəlxalq səlahiyyəti, xarici elementli mübahisələrin konkret dövlətin milli məhkəmələrinə olan aidiyyətidir. Əgər hər hansı dövlətin milli məhkəməsi xarici şəxslərin iştirakı ilə olan müvafiq iş üzrə beynəlxalq səlahiyyətə malik deyilsə, həmin işə baxa bilməz. Azərbaycan Respublikasının kommersiya məhkəmələri də xarici şəxslərin iştirakı ilə olan mübahisələrə yalnız o zaman baxa bilərlər ki, həmin mübahisələr üzrə beynəlxalq səlahiyyətə malik olsunlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 28-ci maddəsinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi xarici elementli şəxslərin iştirakı ilə olan işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsində dövlətlərarası sazişlərə, beynəlxalq müqavilələrə və ya tərəflərin sazişinə xüsusi önəm verir və qanunvericilik müəyyən edir ki, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. Azərbaycan Respublikası və X3 arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında müqavilədə Tərərfin məhkəməsinin yurisdiksiyaya malik olduğu hallar müəyyən edilmişdir ki, həmin hallar da hazırki iş üzrə müəyyən edilmir. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, iddia ərizəsi geri qaytarılarkən məhkəmə Mülki Prosessual Məcəlləsinin 439, 440 və 443-cü maddələrinə istinad etmişdir. Mülki Prosessual Məcəllənin həmin fəsli xarici işlərin iştirakı ilə əlaqədar icraatda Azərbaycan Respublikası Məhkəmələrinin beynəlxalq səlahiyyətlərini əhatə edir. Yəni həmin fəsildə əks olunan müddəlar Azərbaycan Respublikasının hüquqi şəxslərinin xarici hüquqi şəxslərə qarşı tələblərini deyil, xarici hüquqi şəxslərin pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququnu əhatə edir. Kollegiya qeyd edir ki, iddia ərizəsi icraata o halda qəbul edilir və onun məhkəmə icraatı mümkün hesab edilir ki, həmin ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 440.1-ci maddəsində isə göstərilir ki, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Göründüyü kimi qanunvericiliyin istinad olunan norması təkcə xarici hüquqi şəxslərin pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququnu yox, həm də Azərbaycan Respublikasının vətəndaşlarının xarici şəxslərə qarşı pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququnun olduğu halları tənzimləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsini icraata qəbul etmədən geri qaytarmaqda haqlı olmuşdur. Həmin Məcəllənin 398.0. və 398.0.1-ci maddələrinəəsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398.0, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-885/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, e-2-2(115)-885/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar