Məhkəmə qərarları › İş №2-2(104)-140/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-140/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-140/2025 16.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı (indiki "xxxx" MMC-nin) nümayəndəsi Nümayəndə3 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-131/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-131/2025 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 91 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 9987 manat (doqquz min doqquz yüz səksən yeddi) 40 (qırx) qəpik pul və ödənilmiş 119 (bir yüz on doqquz) manat 88 (səksən səkkiz) qəpik dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək 9987 manat 40 qəpik borcun, 119 manat 88 qəpik ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 91 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən, bu müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. Lakin alıcı müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı malların dəyərini bu günədək ödəməmişdir. 14 sentyabr 2022-ci il tarixdə borcun dəqiqləşdirilməsi və etirafı məqsədilə, tərəflərin iştirakı ilə tərtib olunaraq ikitərəfli qaydada imzalanmış üzləşdirmə aktına əsasən, Cavabdeh 9987 manat 40 qəpik məbləğində qalıq borcunun olduğu müəyyən edilmişdir. Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçı ilə aralarında olan alqı-satqı və ödənişlərlə bağlı audit yoxlamasının keçirilməsinə dair vermiş olduqalrı vəsatəti təmin etməyərək işin tam və obyektiv araşdırılmasını təmin etməmişdir. Sadəcə bir təhvil-təslim aktına əsaslanaraq iddianı təmin etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, o, mağazadan ayrılmış və onlar onun şəriki olan Orxanla işləməyə davam etmişlər. Sonradan onların arasında 18000 manata yaxın borc yaranmışdır və Orxan onlara olan borcu ödəməmişdir. Bundan başqa o öz ifadəsində göstərir ki, həqiqətən də pulu nağd olaraq şəxsən özü götürmüş, Asif müəllimdən də, Orxan müəllimdən də pul almışdır. Pulları alan kimi müştəriyə ödəniş barədə SMS gəlmişdir. Şirkətin bazasında hansı tarixlərdə ödəniş edilməsi qeyd edilmişdir. Pulu sırf özü götürmüşdür. Lakin, məhkəmə ödənişlərin taixlərini dəqiqləşdirmədən ödənişlərin hansı tarixdə kim tərəfindən ödənilməsi məsələsinə aydınlıq gətirmədən iddianı təmin etmişdir. Bundan başqa "xxxx" MMC-dən daxil olan məktubun məzmunu ziddiyət təşkil edir. Belə ki, iş materiallarına əlavə edilmiş SMSlərdən aydın görünür ki, iddiaçıya məxsus ********* mobil telefon nömrəsindən ona məxsus ********* mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixdək SMS göndərilməməsi qeyd edilmişdir. Lakin, şahid ifadəsində və məhkəməyə təqdim etdiyi sənədlərdən də aydın görünür ki, ona məxsus mobil telefon nömrəsinə SMS-lər göndərilmişdir. Burdan da aydın görünür ki, iddiaçı qərəzli olaraq və təhrif olunmuş məlumatın verilməsinə nail olmuşdur. Məhkəmə isə bu kimi halları düzgün qiymətləndirməmiş və bu barədə "xxxx" MMC-yə təhrif olunmuş və yalan məlumatların verilməsinə görə heç bir xəbərdarlıq etməmiş və məlumatın təkrar yoxlanılması üçün heç bir prossesual hərəkət etməmişdir. Bu məsələnin araşdırılmaması onun konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. İşin tam və və hərtərəfli araşdırlması üçün həmin SMS-lərin məhkəməyə tədim olunması mütləqdir. Məhkəmə iş üçün əhəmiyyətli olan bütün halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, məhkəməyə təqdim etdiyi sənədlərdən aydın görünür ki, onun iddiaçıya heç bir borcu yoxdur, son ödənişlərini həyata keçirərək mağazadan ayrılmışdır. Onun şəriki həmin mağazada fəaliyyət göstərmişdir. 2023-cü ilin fevral ayında VÖEN-i dondurmuş, mağazadan ayrılandan sonra şəriki mağazanı işlətməyə davam etmişdir. O, mağazadan ayrılsa da iddiaçı həmin tikinti mağazasına mallar verməyə davam etmişdir. Ona görə də hazırda həmin mağazının iddiaçıya borcu vardır, iddiaçı da həmin borcu ondan tələb edir, lakin həmin borc onun borcu deyildir. Ona göndərilmiş pretenziya məktubundan görünür ki, tələb olunan məbləğ fərqlidir, iddiaçı 17037,65 manat borc tələb edir. Lakin, iddia ərizəsində 9987 manat borc tələb olunur. xx.xx.2022-ci ildə üzləşmə aktı imzlanmışdır , hansı ki, üzləşmə aktında qeyd edilən məbləğ iddia ərizəsindəki məbləğlə eynidir. Üzləşmə aktı olsa da onun iddiaçıya borcu yoxdur, borc tam şəkildə ödənilmişdir. O, inşaat materialları mağazası işlədən zaman iddiaçıdan mal almış, lakin daha sonra həmin mağazada olan fəaliyyəti bitirmiş, bu barədə vergi oqranının rəsmi qaydada məlumat da vermişdir. İddiaçı məhkəməyə üzləşmə aktından başqa hər hansı sənəd təqdim edə bilməmişdir. Tərəflər arasında olan münasibətlər qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İddiaçı vergi qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Malları elektron qaimə olmadan satmış və ödənişləri əməkdaşlarının vasitəsi ilə qəbul edərək öz sistemlərində qeydiyyat aparmış və müştəriyə SMS göndərərək borcunu xatırlatmışdır. 9987 manat dəyərində akt isə ilk dəfə mal verilərkən, yəni mağazanın açılışı zamanı təhvil verilən malın dəyəridir. Çünki, iddiaçının öz iddiasının əsası kimi təqdim edə biləcək başqa sübutu yoxdur. İddiaçıya dəfələrlə israr edilsə də alqı-satqı ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir. İddiaçı da bilir ki, bu borc onun şərikinə məxsus borcdur, ödənişlər də əlbəəl olmuşdur. Onun mobil nömrəsinə gələn SMS-lərdən də görünür ki, ödənişlər həyata keçirilmişdir. İddiaçı ödəniş cədvəli təqdim etmir ki, cavabdehin həqiqətən bugünki günə olan borcu nə qədərdir. İddiaçı bir tək üzləşmə aktını təqdim edərək borcu ondan tutulmasını tələb edir. İddiaçı tərəfindən hər hansı elektron qaimə də təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdehə göndərilən SMS məktublarında borcun artıbazaldığı və borcun ödənilməsi görsənir. Qətnamənin nəticə hissəsində göstərilənlər işin hallarına uyğun deyildir. Çünki, məhkəmə işi tam və obyektiv araşdırmamış və onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan bir qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi xahiş etdi. Əlavə olaraq göstərdi ki, malların alğı-satqısı ilə bağlı müqavilə onunla bağlanmış olsa da, mal alınması ilə bağlı sifarişləri şəriki Orxan vermişdir. O, 2023-cü ilin əvvəlində həmin obyektdən ayrılmışdır. Həmin vaxtdan sonra yaranmış borcun ona aidiyyəti yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, malların alğı-satqısı ilə bağlı müqavilə cavabdehlə bağlanmış, malların alınması ilə bağlı sifariş cavabdehin göstərdiyi telefon nömrəsi ilə verilmiş, malların göndərilməsi və ödənişlərlə bağlı məlumatlar da həmin telefon nömrəsinə göndərilmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməsinə dair cavabdehin, həmin şikayətin təmin edilməməsinə dair iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-131/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 91 saylı alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada adları göstərilən malları satıcı satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci və 3.1-ci bəndinə əsasən malların miqdarının ölçü vahidi, malların çeşidi, malların hər vahidinin qiyməti müqavilənin ayrılmaz hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə aktından görünür ki, həmin tarixə borcun 9987,40 manat təşkil etməsi İddiaçı MMC-nin nümayəndəsinin və Cavabdeh imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan SMS məlumatlarından görünür ki, xx.xx.2023-cü il tarixdə (saat 13:51) ********** nömrəsindən gələn məlumata əsasən 5100 manat ödəniş edilməsi, ödənişdən sonrakı borcun 6086,13 manat olması, xx.xx.2023-cü il tarixdə (saat 18:37) ********** nömrəsindən gələn məlumata əsasən 3967,60 manat sifarişin yola düşdüyü, sifarişdən sonrakı borcun 10053,73 manat olması, xx.xx.2023-cü il tarixdə (saat 11:05) ********** nömrəsindən gələn məlumata əsasən 3967,60 manat sifarişin yola düşdüyü, sifarişdən sonrakı borcun 14021,33 manat olması, xx.xx.2023-cü il tarixdə gələn məlumata əsasən 4272,80 manat sifarişin yola düşdüyü, sifarişdən sonrakı borcun 18294,13 manat olması, xx.xx.2023-cü il tarixdə ********** nömrəsindən gələn məlumata əsasən 305,20 manat sifarişin yola düşdüyü, sifarişdən sonrakı borcun 18599,33 manat olması qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 19 fevral 2025-ci il tarixli 2872 nömrəli məktubundan görünür ki, təqdim edilən məhkəmə qərardadında qeyd edilən ********* mobil telefon nömrəsindən ********* möbil telefon nömrəsində xx.xx.2021- xx.xx.2023-cü il müddətində SMS göndərilməmişdir. "xxxx" MMC-də “WhatsApp” vasitəsilə göndərilən səsli və yazılı mesajların qeydiyyatı aparılmır. Məhkəmə kollegiyasının iclasında təqdim olunmuş 2 saylı Ərazi Vergilər Baş İdarəsinin verdiyi sənəddən görünür ki, İddiaçı MMC-nin hazırkı adı "xxxx" MMC-dir. Məhkəmə kollegiyasının iclasında təqdim olunmuş "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, İddiaçı MMC təsisçinin xx.xx.2025-ci il tarixli qərarına əsasən "xxxx" MMC adlandırılır. Məhkəmə kollegiyasının iclasın müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı MMC (hazırda "xxxx" MMC) arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 91 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinə əsasən həmin müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. Lakin alıcı müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı malların dəyərini ödəməmişdir. 14 sentyabr 2022-ci il tarixdə borcun dəqiqləşdirilməsi və etirafı məqsədilə, tərəflərin iştirakı ilə tərtib olunaraq ikitərəfli qaydada imzalanmış üzləşdirmə aktına əsasən, Cavabdeh 9987 manat 40 qəpik məbləğində qalıq borcunun olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq yerinə yetirməmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada adları göstərilən malları satıcı satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin, habelə şahid ifadəsi ilə müəyyən edilir ki, Cavabdeh Orxan adlı şəxslə şərik olaraq tikinti materialları mağazası işlətmiş, İddiaçı MMC həmin mağaza ilə alqı-satqı aparmışdır. Verilən malların məbləği və ödənilən pulun məbləği SMS vasitəsilə aparılmışdır. Cavabdeh 2023-cü ilin fevral-mart ayından həmin mağazadan ayrılmışdır. Şəriki olan Orxan isə iddiaçı ilə alqı-satqı münasibətlərini davam etdirmişdir. Həmçinin Cavabdeh 2023-cü ilin fevral-mart ayınadək, yəni mağazadan ayrılanadək iddiaçı tərəfindən miqdarı və məbləği müəyyən edilməsə də mağazaya mal verilməsi və mağaza tərəfindən iddiaçıya pul ödənilməsi davam etmişdir. 2023-cü il fevral-mart ayından sonra müqavilə Cavabdeh adına olduğundan mağazaya verilən mallar və ödənilən pullarla bağlı SMS məlumatlar cavabdehə məxsus mobil nömrəyə gəlmişdir. 2023-cü ilin avqust ayından sonra isə Cavabdeh məxsus nömrəyə SMS-lərin göndərilməsi dayandırılmışdır. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə üzləşdirmə aktı imzalanmış, borcun 9987,40 manat təşkil etməsi hər iki tərəfin imzaları ilə təsdiq edilmişdir. Üzləşmə akında qeyd edilən məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi ilə bağlı işdə hər hansı sübut yoxdur. İş materialları ilə, habelə cavabdehin izahatı ilə müəyyən edilir ki, 2023-cü ilin fevral-mart ayından SMS-lər Cavabdeh məxsus nömrəyə gəlsə də, həmin tarixdən, habelə üzləşmə aktının tərtib edildiyi tarixdən iddiaçı tərəfindən cavabdehə mal təhvil verilməmişdir. Cavabdeh onun nömrəsinə gələn SMS-lərdə qeyd edilən 5100 manat pulun (şərik işlədiyi mağazadan ayrıldıqdan sonra xx.xx.2023-cü il tarixdə) onun tərəfindən ödənildiyini qeyd etsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş üzrə şahid qismində dindirilmiş və iddiaçı tərəfindən verilən malların ödənişini yığmaqla məşğul olan Şahid da həmin məbləğin Cavabdeh tərəfindən ödənilmədiyini qeyd etmişdir. Belə olan halda cavabdeh üzləşmə aktında qeyd edilən borc məbləğini iddiaçıya ödədiyini təsdiq edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 9987,40 manat borc Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin alğı-satqı müqaviləsinə əsasən iddiaçıdan haqqını sonradan ödəmək şərti ilə almış olduğu malların 9987,40 manat təşkil edən dəyərini sonradan ödəmədiyi məhkəmə iclasında müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin məhkəmə tərəfindən audit yoxlamasının keçirilməməsinə dair dəlili ilə razılaşmayan kollegiya qeyd edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə üzləşdirmə aktı imzalanmış, borcun 9987,40 manat təşkil etməsi hər iki tərəfin imzaları ilə təsdiq edilmişdir. Ona görə də kollegiya apellyasiya şikayətinin borcun düzgün hesabanmaması dair dəlili ilə də razılaşmır. Kollegiya apellyasiya şikayətinin 2023-cü ilin əvvəlindən mağazadan ayrılmasına dair dəlili ilə bağlı qeyd edir ki, işdən göründüyü kimi inşaat mallarının alğı-satqısı ilə bağlı müqavilə iddiaçı ilə cavabdeh arasında bağlanmış, cavabdeh iddiaçı ilə bağladığı müqavilənin ləğv olunması ilə bağlı iddiaçını məlumatlandırmamış, digər tərəfdən yaranmış borc xx.xx.2022-ci il tarixədək olan dövr üzrə olduğuna görə cavabdeh həmin dövr üçün yaranmış borcun ödənilməsi öhdəliyini daşıyır. Kollegiya apellyasiya şikayətinin məhkəmənin iş üçün əhəmiyyətli olan bütün halları tam və hərtərəfli araşdırmadığı, məhkəməyə təqdim etdiyi sənədlərdən onun iddiaçıya heç bir borcunun olmadığı, son ödənişlərini həyata keçirərək mağazadan ayrılması kimi dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından məhkəmənin iş üzrə tam və hərtərəfi araşdırma apardığı, cavabdehin iddiaçıya olan borcunun işdəki sübutlarla təsdiqini tapdığı, alğı-satqı müqaviləsi iddiaçı ilə cavabdeh arasında bağlanmaqla, həmin müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı cavabdehin iddiaçını məlumatlandırdığı iş materialları ilə təsdiq olunmadığına görə kollegiya şikayətin həmin dəlillərini də əsassız sayır. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-131/2025 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar