Məhkəmə qərarları › İş №2-2(104)-143/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-143/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-143/2025 04.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə X11 Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-301/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli İF/06045 nömrəli daxili maliyyə lizinq müqaviləsindən görünür ki, lizinq verən lizinq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti (“X15” minik markalı, **-AX-*** dövlət nömrə nişanlı, Ban: SALFA24A28H109913, ağ rəngli avtomobil) qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1-ə müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür.

2. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən əsasən, “X15” minik markalı, **-AX-*** dövlət nömrə nişanlı, SALFA24A28H109913, ağ rəngli avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir.

3. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən dəyəri 22 000 manat olan “X15” minik markalı, **-AX-*** dövlət nömrə nişanlı, SALFA24A28H109913, ağ rəngli avtomobil lizinq alan-Cavabdeh təhvil verilmiş və onun imzası ilə təsdiq edilmişdir.

4. “X15” minik markalı, **-AX-*** dövlət nömrə nişanlı avtomobil idarə edilməsi ilə bağlı "xxxx" MMC tərəfindən X4 xx.xx.2023-cü il tarixli və X5 xx.xx.2023-cü il tarixli etibarnamələr verilmişdir.

5. 01.02.2024-cü il tarixli müstəqil ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan “X15” minik markalı, **-AX-*** dövlət nömrə nişanlı, ağ rəng, SALFA24A28H109913, 2008-ci il buraxılışlı avtomobilə dəymiş ziyanın məbləğini təyin etmək üçün yerində baxış keçirilmiş, ehtiyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 2170 manat təşkil edir.

6. 01.02.2024-cü il tarixli avtomobilin qalıq hissəsinin qiymətləndirmə aktından görünür ki, avtomobilin qalıq hissəsinin dəyəri 12830 manat məbləğində müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən daxili maliyyə lizinq müqaviləsi üzrə 8561 manat 24 qəpik borcun, lizinq obyektinin ehtiyat hissələri və təmir xərci kimi ümumi 2170 manat pulun, avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 122 manat 34 qəpik məbləğində pulun alınaraq cəmiyyətə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(062)-2142/2024 saylı qərardadı ilə tərəflər arasında mövcud münasibətlərin lizinq münasibətlərindən yarandığından, iddiaçı hüquqi şəxs olduğundan, cavabdeh isə vergi ödəyicisi olaraq qeydə alındığından iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə təşkilat arasında xx.xx.2022-ci il tarixli İF/06045 saylı 36 ay müddətli daxili maliyyə lizinq müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “X15” minik markalı **-AX-*** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Lizinq obyekti cavabdehə təhvil verildikdən ilk üç ayın aylıq ödənişləri edilsə də daha sonra borc öhdəlikləri icra edilməmişdir. 06 yanvar 2023-cü il tarixindən başlayaraq 06 fevral 2024-cü il tarixinə qədər hər ay 778 manat 66 qəpik olmaqla 10901 manat 24 qəpik ödəniş etməli olduğu halda cəmi 2340 manat ödəniş etmişdir. Cavabdehin qalıq borcu 8561 manat 24 qəpikdir (10901 manat 24 qəpik – 2340 manat). Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 2170 manat təşkil edir. Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı iddiaçı tərəfindən müstəqil ekspertə ödənilən xidmət haqqı 50 manat təşkil edir.

10. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş materiallarından da göründüyü kimi lizinq obyekti təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmişdir. Cavabdehin istifadəsində olarkən onun şifahi razılığı ilə başqa şəxslərə etibarnamə verilmişdir. Uzun müddət ödəniş olmadığından lizinq obyektinin axtarılıb tapılması üçün müvafiq orqana müraciət olunmuşdur. X17 Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onlara təhvil verilmişdir. Tərəflərindən avtomobilə dəymiş zərərlə bağlı qiymətləndirmə aprarılmış və dəymiş zərər və müqavilə üzrə yaranmış borc iddia ərizəsində qeyd olunmuşdur. Odur ki, məhkəmə baxış iclasına onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, sözügedən avtomobil cavabdehin 3 aylıq istifadəsində olmuş, daha sonra şirkətə təhvil verilmişdir. Qarşı tərəf təhvili təsdiq edir. İddiaçı cavabdehə söz vermişdir ki, müqavilə başqa şəxsin adına keçiriləcəkdir. İstifadə olunmamış avtomobilə görə ödənişlər, həmçinin başqa şəxslərin avtomobilə vurduğu zərər əsassız olaraq cavabdehdən tələb olunur. İlqar adlı şəxs həmin avtomobil ilə avto-xuliqanlıq əməli törətmişdir. Polis əməkdaşları avtomobili dayanacağa yerləşdirmişdir. Bununla bağlı polis şöbəsinə sorğu göndərsə də, sorğusuna cavab ala bilməmişdir. Cavabdeh avtomobili yaxın qohumunun istifadəsi üçün öz adına rəsmiləşdirmişdir. Ödənişi 3 ay etmişdir. Avtomobili təhvil verəndə heç bir borcu qalmamışdır. Avtomobil təhvil veriləndə heç bir sənədləşmə aparılmamışdır.

13. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Həm iddiaçı təşkilat tərəfindən cavabdehin xəbəri olmadan başqa üçüncü şəxslərə verdiyi etibarnamələr, həmçinin başqa şəxslərin adına gələn yol hərəkətinə dair cərimələr bir daha onu sübut edir ki, avtomobil iddiaçı təşkilatın öz istifadəsində və sərəncamında olmuşdur. Avtomobil yalnız ödənişlərin edildiyi qısa müddətində cavabdehdə olmuş sonradan isə iddiaçı təşkilata qaytarılmışdır. Avtomobilin qaytarılmasını iddiaçının nümayəndəsi də Tovuz rayon Məhkəməsində keçirilən hazırlıq iclasında etiraf etmişdir. Həmçinin məhkəmə iclasında dindirilmiş şahidlərdən Məmişov Bəşir də 2023-cü ilin aprel ayında avtomobili iddiaçının məsul şəxslərindən istifadə üçün aldığını 1 ay sonra isə özlərinə qaytardığını bildirmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, iddia tələbi tam əsassızdır və rədd edilməlidir. Ölkə xaricində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcək. Məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd edilən ərizələri nəzərə alaraq işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

15. Şahid qismində dindirilmiş X7 məhkəmə iclasında (xx.xx.2025-ci il tarixdə) ifadəsində bildirmişdir ki, Cavabdeh yaxın münasibətdə olduğu bir şəxsdir. Uzun illər qonşu olmuşlar. Azad Sumqayıt şəhərində, Kimyaçılar qəsəbəsində yaşayır. 2005-ci ildən bir-birlərini tanıyırlar. Sözügedən avtomobil əvvəlcə Orxan adlı şəxsin adına olub. Daha sonra Cavabdeh adına qeyd etdirmişdir. Müqavilə Azadın adına bağlanılıb, lakin özü istifadə etmişdir. Etibarnaməni lizinq şirkəti onun adına vermişdir. İlkin ödəniş olaraq 6000- 6500 manat ödəniş etmişdir. 3 ayda lizinq ödənişi etmişdir. 2335 manat 98 qəpik məbləğində pul ödəmişdir. Daha sonra ödəniş edə bilmədiyinə görə avtomobili iddiaçıya təhvil vermişdir. Ona demişlər ki, maşını satanda sizə xəbər edəcəyik ki, müqaviləyə imza çəkəsiniz. O, tez-tez bu barədə şirkətin işçiləri Məhəmməd və İlqar adlı şəxslərlə danışmişdır. Avtomobili 2023-cü ilin aprel ayında təhvil vermişdir. Ona demişlər ki, xəbər edəcəklər. Sonra məlum oldu ki, avtomobili Bəşir adlı şəxsə satıblar. Daha sonra isə Aygün adlı xanıma təhvil veriblər. Ancaq Aygün xanım deyir ki, mənim əlaqəm yoxdur. Ona sadəcə etibarnamə verilib, lakin avtomobili Anar adlı şəxs almışdır. O, avtomobili 2022-ci ilin dekabr ayında almışdır. Azad avtomobili istifadə etməmişdir. İlkin və aylıq ödənişləri etmişdir. Anar adlı şəxs avtomobili saxta nömrə ilə sürmüşdür. Bununla bağlı videolar da onda var.

16. Şahid qismində dindirilmiş X8 məhkəmə iclasında (xx.xx.2025-ci il tarixdə) ifadəsində bildirmişdir ki, təxminən 2003-cü ilin mart ayında “X15” markalı **-AX-*** dövlət nömrə nişanlı avtomobili almışdır. 1 ay 780 manat ödəniş etmişdir, avtomobili 1 ay sürmüşdür, sonra isə avtomobilin aylıq ödənişləri və xərcləri baha olduğundan Məhəmməd və İlqar adlı şəxsə vermişdir. Avtomobil təhvil verəndə saz vəziyyətdə idi. Avtomobili ondan alıb, Anar adlı şəxsə veriblər. Avtomobil alınan və ya təhvil verilən vaxt Cavabdehı orada görməmişdir. Avtomobili Məhəmməd adlı şəxsə təhvil vermişdir. Avtomobil təhvil verilən zaman təhvil-təslim aktı olmamışdır. Ona yol vərəqəsi verilmişdir.

17. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-301/2025 nömrəli qətnaməsi (hakim R.Məmmədov) ilə, iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında lizinq müqaviləsi bağlanaraq lizinq obyekti olan sözügedən avtomobil cavabdehin üç aylıq istifadəsində olmuş və həmin ayların ödənişləri də cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Eyni zamanda, iddiaçı da iddia ərizəsində üç aylıq ödənişlərin edildiyini təsdiq etmişdir. Həmin aylar üzrə ödənişlər edilməklə cavabdeh tərəfindən avtomobil 2023-cü ilin mart ayında iddiaçıya qaytarılmışdır. Lizinq obyekti cavabdehin üç aylıq istifadəsində olduğundan və həmin ayların ödənişini də ödənildiyindən, lizinq obyektinin iddiaçıya təhvil verdiyi vaxt cavabdehin borcu olmamışdır.

19. İş materiallarından həmçinin görünür ki, iddiaçının nümayəndəsi X2 Rayon Məhkəməsində verdiyi izahatında da cavabdehin həmin avtomobili borcunu ödəyə bilmədiyi üçün 2023-cü ilin aprel ayında təşkilata təhvil verdiyin təsdiq edir. Avtomobil iddiaçı tərəfindən təhvil alınandan sonra şahid ifadələri və iş materiallarında olan etibarnamələr ilə də təsdiq olunur ki, başqa şəxslərin istifadəsinə verilmişdir.

20. Həmçinin şahid ifadələri ilə də müəyyən olunur ki, həmin şəxslər tərəfindən də avtomobil iddiaçıya təhvil verilən zaman təhvil-təslim aktı tərtib edilməmiş, həmin şəxslərə sadəcə yol vərəqələri verilmişdir.

21. Məhkəmə hesab etmişdir ki, lizinq obyekti iddiaçıya geri qaytarılan vaxt cavabdehin iddiaçıya borcu qalmadığından, lizinq obyekti geri qaytarıldıqdan sonra yaranmış lizinq borcuna və lizinq obyektinə vurulmuş ziyana görə cavabdeh mülki məsuliyyət daşımır. Ona görə də, iddia tələbi əsassız sayılmaqla təmin edilə bilməz.

22. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 747.1 və 748-1.12.4-cü maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etmişdir.

23. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-301/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, şahid izahatlarından arasında ziddiyət vardır. Hər iki şahid qeyd edir ki, avtomobili iddiaçıya təhvil vermişdirlər. Birinci şahid X7 müqavilə bağladıqdan (xx.xx.2022-ci il) sonra 3 ay (birinci ödəniş yanvar ayı, ikinci ödəniş fevral ayı, üçüncü ödəniş mart ayı) 2335.98 manat ödəniş etdiyini daha sonra ödəniş edə bilmədiyi üçün avtomobili aprel ayında iddiaçıya təhvil verdiyini bildirir. Sonra ona məlum olub ki, avomobil iddiaçı tərəfindən (ən azı aprel ayında sonra) Bəşir adlı şəxsə satılmışdır. X8 izahatında bildirir ki, 2023-cü ilin mart ayında (avtomobili kimdən aldığını bildirmiriddiaçıdan alıb yoxsa başqa şəxsdən) “X15” markalı **-AX-*** dövlət nömrə nişanlı avtomobili almışdır. 1 ay 780 manat ödəniş etmişdir, avtomobili 1 ay sürmüşdür, sonra isə avtomobilin aylıq ödənişləri və xərcləri baha olduğundan Məhəmməd və İlqar adlı şəxsə vermişdir (bir ay sürdüyünü nəzərə alsaq aprel ayında avtomobili iddiaçıya qaytarıb). Məhkəmə öz qətnaməsində əsaslandırmalı idi, avtomobil hansı şahiddə olarkən iddiaçıya təhvil verilmişdir. Şahidlərin ziddiyətli ifadələri bir daha müəyyən edir ki, avtomobil iddiaçı tərəfə şahidlər tərəfindən qaytarılmamışdır. Amma təəəsüf ki məhkəmə tələbin rədd olunması üçün hər iki şahidin ifadəsini sübut kimi qiymətləndirib. Digər tərəfdən nümayəndələri X3 Tovuz rayon məhkəməsində cavabdehin borcunu ödəyə bilmədiyi üçün avtomobili 2023-cü ilin aprel ayında təşkilata təhvil verdiyini təsdiq edir. Bildirmək istəyirlər ki, nümayəndələri ümumiyyətlə belə ifadə verməyib və avtomobili nə vaxt təhvil aldıqlarını təsdiq edən təhvil-təslim aktını məhkəmə təqdim etmişlər və bu məzmunda izahat vermişdir. Bildirmək istəyirlər ki, lizinq obyekti nə cavabdeh nə də qeyd olunan iki şahid tərəfindən təşkilatılarına qaytarılmamışdır. Həmin lizinq müqaviləsi üzrə ödəniş olunmadığı üçün, lizinq obyektinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi üçün müvafiq orqana etdikləri müraciət əsasında xx.xx.2024-cü il tarixində Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Lizinq obyektinin mülkiyyətçisi olaraq həmin orqan tərəfindən avtomobil onlara təhvil verilmişdir. Avtomobil təhvil alındıqdan sonra dəymiş zərərin hesablanmsı üçün müstəqil ekspet tərəfindən zərər aktı hazırlanmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

31. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

32. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

33. Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

34. Maddə 748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir.

35. Maddə 748-1.3. Lizinq alan bilavasitə lizinq obyektinin satıcısı qarşısında bu obyektin keyfiyyət və komplektliyi, göndərilmə müddətləri barədə və satıcı ilə lizinq verənin arasında alğı-satqı müqaviləsi ilə nəzərdə tutulan digər tələbləri irəli sürə bilər.

36. Maddə 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vatından əvvəl ləğv etməu hüququ vardır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

44. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

45. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

49. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-301/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri lizinq müqaviləsi üzrə yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına lizinqlə bağlı qanunvericiliyin və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəalarına əsasən hüquqi qiymət verilməlidir.

52. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.

53. Bu baxımdan tərəflər arasında bağlanmış və yuxarıda göstərilən lizinq müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsində lizinq müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

55. 748-1.5-ci maddəsində deyilir ki, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır.

56. 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.

57. Mülki Məcəllənin lizinq alanın məsuliyyətindən bəhs edən 750-ci maddəsində göstərilir ki, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

58. Mülki Məcəllənin 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:

59. 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə;

60. 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə;

61. 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə;

62. 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

63. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında 06 dekabr 2022-ci il tarixli, İF/06045 nömrəli daxili maliyyə-lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən “X15” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, VİN kodu SALFA24A28H109913 olan nəqliyyat vasitəsi lizinq verən tərəfindən lizinq alanın istifadəsinə verilmişdir. Müqavilənin 6.6 və 7.2.5-ci bəndləri tərəflərin hesablaşmalarının qaydasını və lizinq obyektinin vaxtından əvvəl qaytarılması halında tərəflərin öhdəliklərini müəyyən edir.

64. Hazırda iddiaçı lizinq obyekti cavabdehə təhvil verildikdən ilk üç ayın aylıq ödənişləri edilsə də daha sonra borc öhdəlikləri icra edilmədiyindən liznq ödənişlərinin və dəymiş ziyanın ödənilməsini tələb edir.

65. Cavabdeh isə iddia tələbinə etiraz edərək, iddiaçı təşkilat tərəfindən onun xəbəri olmadan başqa üçüncü şəxslərə verdiyi etibarnamələr, həmçinin başqa şəxslərin adına gələn törədilmiş inzibati xətalara dair cərimələr bir daha onu sübut edir ki, avtomobil iddiaçı təşkilatın öz istifadəsində və sərəncamında olmuşdur. Avtomobil yalnız ödənişlərin edildiyi qısa müddətində cavabdehdə olmuş sonradan isə iddiaçı təşkilata qaytarılmışdır. Avtomobilin qaytarılmasını iddiaçının nümayəndəsi də Tovuz rayon Məhkəməsində keçirilən hazırlıq iclasında etiraf etmişdir. Həmçinin məhkəmə iclasında dindirilmiş şahidlərdən Məmişov Bəşir də avtomobili 2023-cü ilin aprel ayında avtomobili iddiaçının məsul şəxslərindən istifadə üçün aldığını 1 ay sonra isə özlərinə qaytardığını bildirmişdir.

66. Məhkəmə qeyd edir ki, işdə mövcud təhvil-təslim aktı və nəqliyyat vasitəsinin qeydiyyat sənədi avtomobilin iddiaçının mülkiyyətində olduğunu təsdiqləyir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş etibarnamələr, torədilmiş inzibati xətalara dair cərimələrin tətbiqinə dair sənədlər avtomobilin idarə edilməsinə dair hüquqların cavabdeh də daxil olmaqla müxtəlif şəxslərə verildiyini göstərir. Bu hallar avtomobilin zədələnməsinə görə konkret olaraq cavabdehin məsuliyyətini təsdiqləyən birbaşa sübutların mövcud olmadığını göstərir.

67. Qeyd edilməlidir ki, lizinqdən irəli gələn münasibətlər mahiyyət etibarı ilə əmlakdan istifadəni ehtiva edir. Lizinqə götürən lizinq verənin mülkiyyətində olan əmlakdan istifadə edir və bunun müqabilində razılaşdırılmış məbləğdə muzd ödəyir. Lizinq alan lizinq predmetini lizinq verənə qaytararaq lizinq predmetindən istifadə etmirsə istifadə etmədiyi müddətə görə lizinq verənə muzd ödəməməlidir.

68. Hazırki iş üzrə müəyyən edildiyi kimi, lizinq predmetinin istifadə olunması ilə bağlı cavabdehdən başqa digər şəxslərə etibarnamələr vermişdir.

69. İddiaçı avtomobilə etibarnamələrin digər şəxslərə verilməsini cavabdehin müraciəti əsasında həyata keçirildiyini iddia etsə də bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin etibarnamələrin başqa şəxslərə verilməsini təsdiq edən iddiaçıya ərizəsi və sair müraciəti mövcud olmamaqla yanaşı cavabdeh tərəf bu halı inkar edir. Bu səbəbdən də iddia olunanların sübut edilməsi vəzifəsi iddiaçının üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

70. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə qeyd edir ki, tərəflər arasında lizinq müqaviləsi bağlandıqdan sonra lizinq obyekti olan sözügedən avtomobil üç ay müddətində cavabdehin istifadəsində olmuş və həmin ayların ödənişləri də cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Eyni zamanda, iddiaçı da iddia ərizəsində üç aylıq ödənişlərin edildiyini təsdiq etmişdir. Həmin aylar üzrə ödənişlər edilməklə cavabdeh tərəfindən avtomobil 2023-cü ilin mart ayında iddiaçıya qaytarılmışdır. Lizinq obyekti cavabdehin üç aylıq istifadəsində olduğundan və həmin ayların ödənişini də ödənildiyindən, lizinq obyektinin iddiaçıya təhvil verdiyi vaxt cavabdehin borcu olmamışdır.

71. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının protokolunda iddiaçının nümayəndəsinin izahatında lizinq predmetinin cavabdeh tərəfindən 2023-cü ilin aprel ayında təşkilata təhvil verildiyi göstərilmişdir.

72. İddiaçı apellyasiya şikayətində nümayəndəsi tərəfindən belə bir izahatın verilmədiyini göstərmişdir. Məhkəmə iclasının audio-video görüntüsünə baxış keçirilmiş və səslə bağlı danışılanlar tam aydın olmasa da cavabdehin vəkilinin suallarına iddiaçıınn nümayəndəsi “maşının təhvil verilməsi müqaviləni ləğv etmir” kimi cavablar verilmişdir.

73. Eyni zamanda iddiaçı tərəf nümayəndəsinin belə bir izahat vermədiyini iddia etsə də məhkəmə iclasının protokoluna qeyd verməmişdir.

74. Halbu ki, Mülki Prosessual Məcəllənin 273-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.

75. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

76. Beləliklə, avtomobilin 2023-cü ilin aprel ayında iddiaçı təşkilata təhvil verilməsi faktının iddiaçının öz nümayəndəsi tərəfindən məhkəmə iclasında etiraf olunması məhkəmə iclasının protokolunda öz əksini tapmış, iddiaçı tərəf həmin izahatın həqiqəti əks etdirməməsi ilə bağlı məhkəmə iclasının protokoluna qeyd verməmiş, həmin iclasda “maşının təhvil verilməsi müqaviləni ləğv etmir” kimi əlavə izahat vermişdir ki, bu hallar iddiaçının lizinq alandan başqa digər şəxslərə etibarnamə verməsinə dair hərəkətləri ilə birgə qiymətləndirilərək lizinq predmetinin 2023-cü ilin aprel ayında iddiaçıya təhvil verilməsi kimi qiymətləndirir.

77. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 10 mart 2023-cü il tarixində X4, 07 iyul 2023-cü il tarixində isə X5 avtomobilin idarə edilməsi ilə bağlı etibarnamələr verilmişdir.

78. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsinə əsasən, etibarnamə digər şəxsə konkret hüquqi hərəkətləri etmək səlahiyyəti verən yazılı sənəddir. Bu etibarnamələrin mövcudluğu göstərir ki, qeyd edilən tarixlərdə avtomobilin idarə edilməsi və istifadəsi hüquqları yalnız cavabdehə aid olmamış, digər şəxslərə də verilmişdir. Etibarnamənin verilməsi faktı, avtomobilin faktiki istifadəsinin yalnız cavabdeh tərəfindən həyata keçirildiyi barədə iddiaçının arqumentlərini zəiflədir, çünki səlahiyyətin başqa şəxslərə verilməsi avtomobilin idarə olunması nəticəsində yaranmış zərərin konkret olaraq cavabdeh tərəfindən vurulduğunu sübut etmir.

79. X1 xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixədək, X5 xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixədək verilmişdir.

80. Qeyd olunandan aydın olur ki, iddiaçı lizinqə verilmiş nəqliyyat vasitəsinə 1 aylıq və ya 1 aydan da az müddətə etibarnamə verməklə işgüzar adətini bu qaydada formalaşdırmışdır.

81. İddiaçı 2023-cü ilin aprel ayından etibarən lizinq ödənişlərinin həyata keçirilmədiyini iddia etsə də X5 xx.xx.2023-cü il tarixdə verdiyi etibarnamə ödənişin həyata keçirilmədiyini təsdiq etmir, əksinə bu halı inkar edir.

82. Belə ki, lizinq predmetinin istifadəsi ilə bağlı ödənişin edilmədiyi halda lizinq predmetinə ayda bir dəfə iddiaçı tərəfindən etibarnamə verməsi ağlabatan olmamaqla iddiaçının dəlillərini təkzib edir.

83. Həmin hallar lizinq predmetinin 2023-cü ilin aprel ayında təhvil verilməsini təsdiq edir və faktiki istifadəçisi dairəsini genişləndirir ki, lizinq predmetinin cavabdeh tərəfindən istifadə olunması və avtomobilə dəymiş zərərin bilavasitə cavabdeh tərəfindən vurulduğu barədə iddiaçının arqumentlərini zəiflədir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin əsaslarını sübut etməlidir. Etibarnamələrin mövcudluğu şəraitində cavabdehin məsuliyyətinin müəyyən edilməsi üçün əlavə, dəqiq və birbaşa sübutların təqdim edilməsi zəruridir. İddiaçı tərəfindən belə sübutlar təqdim edilmədiyindən, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qətnaməsi qanuni və əsaslı hesab olunur.

84. İddiaçı tərəf etibarnamələrin cavabdehin razılığı ilə üçüncü şəxslərin adına verildiyini iddia etsə də, məhkəməyə cavabdehin razılığını əks etdirən sübutlar təqdim edilməmişdir.

85. Eyni zamanda lizinq obyekti üzrə üçüncü şəxslərə verilmiş etibarnamələr faktiki istifadəçi dairəsini genişləndirdiyindən, cavabdehin avtomobilə dəymiş zərərə görə məsuliyyətini müstəsna qaydada təsdiqləyən sübut mövcud deyildir.

86. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

89. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

90. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

91. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

92. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-301/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar