Məhkəmə qərarları › İş №2-2(104)-151/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-151/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-151/2024 14.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-89/2024 saylı qərardadından iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7.516,30 manat məbləğində pulun və 110 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında bağlanmış 15 may 2021-ci il tarixli müqaviləyə əsasən sement məhsullarının alğı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə əsasən iddiaçı norm sement məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli elektron qaimələrə əsasən müəyyən edilmişdir ki, Cavabdeh 8.610.05 manat dəyərində norm sement məhsulları satılmış, cavabdeh isə cəmi 1.093.75 manat pul ödəmiş, qalıq 7.516,30 manatı isə bu günə kimi ödənilməyərək İddiaçı ASCyə cəmi 7.516,30 manat borcu mövcud olmuşdur. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-89/2024 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-89/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilərək işə apellyasiya qaydasında yenidən baxılması, apellyasiya şikayətinin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “704/2021 nömrəli, 15 may 2021-ci il tarixli aqlı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və pul tələbinə” dair mülki iddia üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-89/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Eyni zamanda Gəncə Kommersiya Məhkəməsinin icraatında (hakim Gülnaz Quliyeva) İddiaçı ASC-nin cavabdeh X2 qarşı e-2-2(115)-95/2024 nömrəli aqlı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və pul tələbinə dair mülki iş olub. Məhkəmə e-2-2(115)-95/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsini qət etmişdir. Göründüyü kimi, eyni məhkəmənin icraatında eyni yaxın tərəflər arasında olan iki mübahisəsi üzrə iki yekun məhkəmə aktı mövcud olub. Həmin məhkəmə aktlarının qəbul edilməsi tarixləri də, iş nömrələri də yaxın olduğundan elektron kabinetdə hazırki iş üzrə qətnamənin yerləşdirildiyi tarix texniki olaraq iddiaçı tərəfindən yanlış olaraq dəyərləndirlib, yəni Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)- 89/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə İddiaçı ASC-nin elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq, iddiaçı bu işi digər işlə qarşışdırmışdır. Nəticədə, hazırki iş üzrə apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət üzürlü səbəb olaraq ötürülmüşdür. Buraxılmış prossessual müddətin bərpa edilməsi həm də ona görə zəruridir ki, iş üzrə birinci instansiya məhkəməsində təqdim edilməyən yeni sübutlar var. Həmin sübutlara əsasən iş apellyasiya qaydasında baxılan zaman iddianın təmin edilməsi ehtimalı yüksəkdir. Buna əsasən prosessulal müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-89/2024 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-89/2024 saylı qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməli Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2-2(115)-89/2024 saylı və xx.xx.2024-cü il tarixli, e-2-2(115)-89/2024 saylı qərardadları ləğv edilərək yeni qərardad çıxarılmalı, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-89/2024 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti verməsi üçün prosessual müddət bərpa edilərək sözügedən qətnamədən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərdən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-89/2024 saylı qətnaməsi İddiaçı ASC-nin elekron kabinet ünvanına xx.xx.2024-cü il tarixində göndərilmişdir. İddiaçı ASC isə apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə vermiş, bununla da, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmışdır. İddiaçı vəsatətində Gəncə Kommersiya Məhkəməsində eyni yaxın tərəflər arasında olan iki mübahisə üzrə iki yekun məhkəmə aktı mövcud olduğunu, həmin məhkəmə aktlarının qəbul edilməsi tarixləri və iş nömrələri yaxın olduğundan, iş üzrə qətnamənin yerləşdirildiyi tarix texniki olaraq iddiaçı tərəfindən yanlış olaraq dəyərləndirildiyi üçün apellyasiya şikayəti vermək üçün prosessual müddəti ötürdüyünü bildirsə də, bu halda, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzrlü hesab edilə bilməz. Məhkəmənin baxdığı işin nəticəsinin hüquqi şəxsin hüquqşünas olan işçisi tərəfindən düzgün dəyərləndirilməməsi buraxılmış müddətin üzürlü səbəbi ola bilməz. Odur ki, müddətin bərpasından imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 357.1 və 357.2-ci maddələrinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Prosessual müddətin bərpasına dair ərizəyə əlavə edilmiş Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-95/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ASC-nin X3 qarşı iddiasına xx.xx.2024-cü il tarixdə baxılmış və iddia təmin edilmişdir. Göründüyü kimi, eyni məhkəmənin icraatında eyni yaxın tərəflər arasında olan iki mübahisəsi üzrə iki müxtəlif yekun məhkəmə aktı qəbul edilmişdir. Kollegiya iddiaçının narazı qaldığı məhkəmə aktından şikayət verə bilməsi hüququnun realizə edilməsinin mümkün edilməsi üçün hesab edir ki, verilmiş ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində təsbit olunmuş İnsan və vətəndaş hüquqularının müdafiəsi adlanan maddəsində göstərilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsində isə göstərilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 08 may 2008-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı hüquqi mövqeyini aşağıdakı qaydada nümayiş etdirmişdir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli Qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etməmiş cavabdehin prosessual müddətin bərpasına dair ərizəsini təmin etməməklə, onu yuxarı məhkəmə instansiyasına müraciət etmək, bununla da, onun apellyasiya instansiyası məhkəməsində öz hüquq və azadlıqlarını müdafiə etmək hüququndan məhrum etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-89/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadları ləğv edilərək yeni qərardad çıxarılmalı, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)- 89/2024 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti verməsi üçün prosessual müddət bərpa edilərək sözügedən qətnamədən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0 və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 133, 264, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-89/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək yeni qərardad çıxarılsın. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-89/2024 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti verməsi üçün prosessual müddət bərpa edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-89/2024 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilsin və baxılması üçün Kommersiya Kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar