Məhkəmə qərarları › İş №2-2(104)-152/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-152/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-152/2024 14.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakim Rzaquliyev Şamil Qəhrəman oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov İslam Telman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-115/2024 saylı qərardadından iş üzrə borclu Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-115/2024 saylı icra sənədinə əsasən 10636 manat məbləğində borc və ödənilmiş 210 manat mediasiya xərci borclu Cavabdeh tələbkar İddiaçı xeyrinə tutulmalı, ödənilməli olan 101 manat 91 qəpik məbləğində dövlət rüsumu borclu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə borclu Cavabdeh məhkəməyə ərizə verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-115/2024 saylı qətnaməsinin hissə-hissə, yəni ayda 200 manat olmaqla icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli e-2-2(115)-115/2024 saylı icra sənədi Goranboy rayon İcra və probasiya şöbəsinə daxil olmuşdur. Maddi vəziyyəti çox ağır olduğuna görə icra sənədində göstərilmiş pul vəsaitini ödəyə bilmir. O, hər ay 306 manat ipoteka krediti ödəyir. Hal-hazırda onun daimi iş yeri yoxdur. Onun borcdan hər ay 200 manat ödəmək imkanı var. Tələbkar İddiaçı nümayəndəsi məhkəməyə etiraz göndərərək edərək bildirmişdir ki, 2023-cü ilin əvvəlindən başlayaraq həm borcun tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl, həmçinin məhkəmə gedişatı dövründə Cavabdeh ilə borcun ödənilməsi istiqamətində dəfələrlə danışıqlar aparılmışdır. Borclu ötən ilin yay-payız aylarında, yəni məhsul biçimi mövsümündə əkdiyi məhsulların satışından sonra borcu bağlayacağını bildirmiş, lakin buna əməl etməmişdir. Borcluya tələbkar tərəfindən bir il yarımdan artıq dövr ərzində borcun ödənilməsi üçün şərait yaradılmış, güzəştlər edilmiş, lakin bu vaxtadək borc ödənilməmişdir. Hazırda borclu tərəfindən qətnamənin hissə-hissə icra edilməsi barədə ərizənin verilməsində məqsəd işi yubatmaq və süründürməçiliyə yol verməkdir. Qətnamə üzrə qət edilmiş, ümumilikdə 11056 manat mövcud borcun qarşılığında aylıq 200 manat ödənişin aparılması onlar üçün qəbul edilməzdir. Belə ki, ayda 200 manat ödənişlə borc 55 aydan artıq müddət ərzində bağlanacaqdır. Bu isə tələbkarın maraq və mənafeyinə ziddir. Bundan başqa, borclu maddi vəziyyətinin pis olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, yalnız formal olaraq ərizə ilə müraciət etmişdir. Odur ki, borclu Cavabdeh tərəfindən verilmiş qətnamənin hissə-hissə icra edilməsi barədə ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-115/2024 saylı qərardadı ilə (R.Məmmədov) xx.xx.2024-cü il tarixli e-2-2(115)-115/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu Cavabdeh ərizəsi təmin edilməmişdir. Borclu Cavabdeh həmin qərardaddan şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-115/2024 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Borclu Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-2(115)-115/2024 №-li məhkəmə bildirişi xx.xx.2024- cü il tarixdə poçtla göndərilmiş, xx.xx.2024-ci il tarixdə poçt vasitəsilə ilə ona çatdırılımışdır. Məhkəmə iclası isə xx.xx.2024-ci tarixdə, saat 11:00-a təyin edilmiş və həmin gün də şikayət etdiyi qərardad qəbul edilmişdir. Ona məhkəmə bildirişi vaxtında çatdırılmdığından o, məhkəmə iclasında iştirak edə bilməmiş, icra sənədinin hissə-hissə icra edilməsinə əsas ola biləcək əmlak vəziyyəti və digər hallara dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə qətnamənin icrası üçün çətinlik törədən və borclu üçün yaranmış əlverişsiz hallardan tamamilə məlumatsız olmuşdur. Şikayətə əlavə etdiyi xx.xx.2024-cü il tarixli, ********** №-li Məşğulluq haqqında arayışdan görünür ki, o, işaxtaran kimi Məşğulluq idarəsində uçotdadır. "xxxx" ASC-nin Gəncə filialının xx.xx.2024-cü il tarixli GNCF-2024/175 №-li arayışından görünür ki, Cavabdeh (FİN: xxxxxxx) xx.xx.2015-ci il tarixində AİF vəsaiti hesabına, Gəncə Bank ASC – dən 300 ay “ ASC-yə təhkim olunmuş həmin ipoteka krediti üzrə xx.xx.2024 – cü il tarixinə, kreditin qalıq məbləği 31099.16 AZN və bu kredit üzrə aylıq ödəniş 259.33 AZN təşkil edir. Buna görə də, hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-115/2024 saylı qərardadı ləğv edilməlidir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-115/2024 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)- 115/2024 saylı qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2-2(115)-115/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli e-2- 2(115)-115/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatlarıətraflı təsvir edən “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı işüzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Həmin məsələyə eyni mövqedən yanaşan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrasıüçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərlərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri tərəfindən bir ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələbindən də göründüyü kimi icra sənədi alındığı vaxtdan iki ay müddətində icra məmuru icra sənədində göstərilən tələblərin icrasını təmin etməlidir. Məhkəmə kollegiyası icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəni təmin etməmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.5-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Tələbkarın birinci instansiya məhkəməsinə göndərdiyi etirazından görünür ki, 2023-cü ilin əvvəlindən başlayaraq həm borcun tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl, həmçinin məhkəmə gedişatı dövründə Cavabdeh ilə borcun ödənilməsi istiqamətində dəfələrlə danışıqlar aparılmışdır. Borclu ötən ilin yay-payız aylarında, yəni məhsul biçimi mövsümündə əkdiyi məhsulların satışından sonra borcu bağlayacağını bildirmiş, lakin buna əməl etməmişdir. Borcluya tələbkar tərəfindən bir il yarımdan artıq dövr ərzində borcun ödənilməsi üçün şərait yaradılmış, güzəştlər edilmiş, lakin bu vaxtadək borc ödənilməmişdir. Hazırda borclu tərəfindən qətnamənin hissə-hissə icra edilməsi barədə ərizənin verilməsində məqsəd işi yubatmaq və süründürməçiliyə yol verməkdir. Ərizəçi tərəfdən hissə-hissə icra edilməsini xahiş etdiyi qətnamənin hissəhissə icra edilməsinə razı deyildir. Digər tərəfdən icra sənədinin icra müddətinin daha uzun müddətə müəyyən edilməsi tələbkarın mənafeyinə əhəmiyyətli zərər vura bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-115/2024 saylı qətnaməsi üzrə icra sənədinin icrası ilə bağlı borclu Cavabdeh tərəfindən verilmiş ərizəni təmin etməməkdə haqlı olmuşdur. Odur ki, şikayət təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-115/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli e-2-2(115)-115/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu Cavabdeh şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-115/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli e-2-2(115)-115/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar