Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-156/2025 03.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, İddiaçı (MMC) Cavabdeh qarşı əmlak tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-701/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2.8, ümumi dəyəri 25,000 ABŞ dolları olan dondurma saxlamaq üçün anbarın (motor qrupunun) geri qaytarılması, bu mümkün olmadıqda isə əmlakın ümumi dəyərini təşkil edən 25,000 ABŞ dolları pulun (qətnamə icra olunan tarixə dollar ekvivalentinə uyğun olaraq) və 218 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-nin istehsal etdiyi dondurma məhsullarının satışı ilə məşğul olmuş, bununla əlaqədar müəssisə tərəfindən Cavabdeh zəruri şərait yaradılmışdır. Belə ki, Gəncə şəhəri və ətraf rayonlarda satışın həyata keçirilməsi məqsədilə müəssisə tərəfindən Cavabdeh eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2.8, ümumi dəyəri 25,000 ABŞ dolları olan dondurma saxlamaq üçün anbar (motor qrupu) müvəqqəti istifadə üçün verilmişdir. Göstərilən əmlakın Cavabdeh müvəqqəti istifadəsinə verilməsi faktı 5 aprel 2007-ci il tarixli üzləşmə aktı ilə təsdiq olunur. Həmçinin xx.xx.2018 tarixində üzləşmə aparılmış və nəticədə tərtib olunan üzləşmə aktına əsasən yuxarıda adıçəkilən əmlakın qanunsuz olaraq Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. Cavabdehlə müəssisə arasında olan alqı-satqı əməliyyatları artıq 2 ildir ki, dayandırılmışdır. Cavabdehdən dəfələrlə şifahi və yazılı qaydada yuxarıda adıçəkilən əmlakın geri qaytarılması və ya onun dəyərinin ödənilməsi tələb olunsa da, sonuncu əmlakın dəyərini ödəməmiş və əmlakı geri qaytarmamışdır. Odur ki, Cavabdeh qarşı eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2.8, ümumi dəyəri 25,000 ABŞ dolları olan dondurma saxlamaq üçün anbarın (motor qrupunun) geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 25,000 ABŞ dolları pulun müəssisəyə ödənilməsi tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışlar. Bundan əlavə, Cavabdeh xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilərək eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2.8, ümumi dəyəri 25,000 ABŞ dolları olan dondurma saxlamaq üçün anbarın (motor qrupunun) geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 25,000 ABŞ dolları pulun 5 gün müddətində qaytarılması tələb edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə tələbi icra etməmişdir. Birinci instansiya məhkəməsində icraat Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-701/2024 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın təmin edilməsi, 1 ədəd eni 4 metr, uzunluğu 11 metr, hündürlüyü 2.8 metr olan dondurma saxlamaq üçün anbar (motor qrupu) və ya onun dəyəri olan 25,000 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 218 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə verilməsi qət edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və mülki prossesual hüquq normaları kobudcasına pozulması ilə qəbul edilmiş, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hallar subut edilməmişdir. Məhkəmə qətnaməsi dəlillərə və sübutlara əsasən qəbul edilməyib. Qətnamə ehtimallara əsasən qəbul edilmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi əsası olmayan sübutlara əsaslanmışdır. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını kobudcasına pozaraq xeyli əvvəl dəyərini ödədiyi həmin əmlakın iddiaçıya qaytarılması, olmazsa dəyərinin iddiaçıya ödəliməsi qənaətinə gəlmişdir. Halbuki, motor qurupunun dəyərini iddiaçıya hələ 2017- 2018-ci illərdən əvvəl ödəməyinin 10-15 şahidi var. İddia müddətinin tətbiq edilməsinə görə verdiyi ərizəyə heç bir hüquqi qiymət və əhəmiyyət verilməmişdir. Gəncə Kommersiya Məhkəməsi Mülki Məcəllənin tələblərini pozaraq həmin münasibətlərə iddia müddətini tətbiq etməkdən imtina etmişdir. Məhkəmə onu dinləməmiş, iddiaçıya suallar verilməsinə şərait, imkan yaratmamış, iş üzrə əsassız qətnamə qəbul etmişdir. Ona görə sözügedən qətnamə ləğv edilməlidr. Qeyd olunanlara əsasən cavabdeh Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-701/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edib, İddiaçı MMC-nin ona qarşı əmlak tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 16 noyabr tarixli 2-2(104)-195/2024 nömrəli qətnaməsi ilə (hakimlər: Ş.Rzaquliyev – sədrlik edən və məruzəçi, R.Məcidov və L.Süleymanov) apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılaraq iddia təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 30 aprel tarixli 2-2(102)-188/2025 nömrəli qərarı ilə (hakimlər: R.Qurbanov (məruzəçi), B.Qəribov, E.Şamayev) İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 16 noyabr tarixli 2-2(104)-195/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, hazırkı işdə apellyasiya instansiyası məhkəməsi cavabdehin təqdim etdiyi yeni sübutları qəbul edərək araşdırmış və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmışdır. Lakin MPM-in qeyd olunan maddələrinin tələblərini pozaraq yeni sübutların təqdim edilməsi səbəblərini tərəflərlə müzakirə etməmiş və qətnamədə həmin sübutların qəbul edilməsi səbəblərinə aydınlıq gətirməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin hansı hüquqi münasibətdə olmalarına tam aydınlıq gətirməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin 2004cü ildən 2020-ci ilədək iddiaçının istehsal etdiyi dondurma məhsullarının satışı ilə məşğul olmasını və bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dondurma məhsulları, həmçinin dondurmaların saxlanması üçün soyuducuların verilməsini müəyyən etsə də, tərəflər arasında olan həmin münasibətlərin hüquqi xarakteri, yəni hansı növ müqavilə münasibətlərində olmaları üzrə hüquqi dəyərləndirmə aparmamışdır. Halbuki bu məsələ həll olunmadan iş üzrə hansı qanunun tətbiq edilməli olduğunun müəyyən edilməsi mümkün deyildir. Çünki mübahisə predmeti olan soyuducu cavabdehə əvəzsiz istifadə müqaviləsi üzrə verildiyi halda MM-in 36-cı fəslinə aid müddəalar, kirayə və ya icarə müqaviləsi üzrə verildiyi halda MM-in 33-34-cü fəsillərinə aid müddəalar və yaxud başqa növ müqavilə üzrə verildiyi halda MM-in müvafiq müqaviləsinə aid müddəalar tətbiq olunmalıdır. Həmin müddəalar əsasında isə tərəflərin öhdəlikləri, hüquq və vəzifələri müəyyən edilməli və bundan asılı olaraq onların üzərinə düşən sübutemə vəzifəsi müəyyən edilərək tələbin əsaslı olub-olmamasına qiymət verilməlidir. Eyni zamanda, tərəflər arasında olan müqavilə münasibətləri üzrə hüquqi dəyərləndirmə aparılarkən nəzərə alınmalıdır ki, MM-in 407.1, 408.1, 409.1, 409.4-cü maddələrinin tələblərinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Oferta o zaman verilmiş sayılır ki, təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı isə aksept sayılır. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Bu baxımdan izah edilir ki, qanunvericilikdə müqavilənin formasına dair tələblər olmadıqda və tərəflərin konklyudent hərəkətlərindən onların faktiki müqavilə münasibətlərinə daxil olduğu müəyyən edildikdə qəbul edilməlidir ki, MM-in 408.1, 409.4, 407.1-ci maddələrinə uyğun olaraq oferta verilmiş, oferta aksept edilmiş və müqavilə bağlanmışdır. Yalnız belə hüquqi dəyərləndirmə aparılmaqla qəbul edilmiş məhkəmə qətnaməsi MPM-in 217.1-ci maddəsində müəyyən edildiyi kimi qanuni və əsaslı hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə həmin normanın tələblərinə cavab vermir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Cavabdehin nümayəndəsi (vəkili) Vəkil3 məhkəmə iclasında bildirmişdir ki, müvafiq sənədlərin birinci instansiya məhkəməsinə yox məhz apellyasiya instansiya məhkəməsinə sübut qismində təqdim edilməsinin səbəbi ondan ibarətdir ki, birinci instansiya məhkəməsində cavabdehin vəkili başqa şəxs olmuşdur. Cavabdeh həmin sənədləri məhkəməyə təqdim edilməsi üçün vəkilə verməsinə baxmayaraq o, sənədləri məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı o, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə razılaşmaya əsasən sonuncunun istehsal etdiyi dondurma satışı ilə məşğul olmuş və bu məqsədlə iddiaçı tərəfindən ona müəyyən şərait yaradılmışdır. İddia tələbinin predmeti olan motor qrupu hazırda onun sahibliyindədir. Belə ki, iddiaçı tərəflə əldə etdikləri razılşamaya əsasən həmin motor qrupunun dəyəri olan 25,000 ABŞ dolları onun tərəfindən iddiaçıya ödənilməli idi və o, həmin razılaşmaya uyğun olaraq müxtəlif vaxtlarda həmin məbləği iddiaçının nümayəndələrinə hissə-hissə ödəmişdir. Qarşılıqlı etibar olduğundan buna dair hər hansı yazılı qeydiyyat aparılmamışdır. Dəyəri tam ödənildiyindən aralarında təhvil təslimlə bağlı tərtib edilmiş sonuncu aktlarda həmin motor qrupu qeyd edilməmişdir. Bundan başqa, məhz bu səbəbdən də iddiaçı bundan əvvəl irəli sürdüyü iddia tələblərində həmin motor qrupunu qeyd etməmişdir. Apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 bildirimişdir ki, cavabdeh tərəf müvafiq sənədlərin birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbi kimi həmin sənədlərin əvvəl iclasda iştirak edən vəkilə təqdim edilməsi və sonuncunun həmin sənədləri məhkəməyə təqdim etməməsi, cavabdehin özünün isə qanunu bilməməsi qeyd etsə də, bu, cavabdeh tərəfi məsuliyyətdən azad etmir. Cavabdeh peşəkar hüquqşünasla təmsil olunub, həmin vəkil dəfələrlə elektron sistemə müxtəlif sənədlər və ərizələr yükləyib. Belə çıxır ki, buna imkan olduğu təqdirdə sənədlər məhkəməyə təqdim edilməyib. Kassasiya instansiyasının da mövqeyi bundan ibarət olmuşdur ki, bu hal araşdırılmalıdır ki, niyə sənədlər təqdim olunmayıb. Tərəfin mövqeyində açıq şəkildə ziddiyyətlər var. Əvvəlki icraatda məhkəmə iclasında və apellyasiya şikayətində bildirmişdir ki, 2017-ci ildə ödəyib borcunu. Hazırda isə bildirir ki, 2018-ci ildə ödəyib. Eyni zamanda mövcud üzləşmə aktlarında tərəfin borcu azalır, artır, soyuducuların sayında dəyişiklik var, amma motor qrupuna münasibətdə deyir ki, həmin hissəni biz adi qaydada razılaşmışdıq. Əgər dediyi kimi hissə-hissə ödəniş var idisə onda sübut etməli idi ki, 25,000 ABŞ dolları olan borcdan 5,000 ABŞ dolları, 3,000 ABŞ dolları və s. ödənişlər olunub. Hətta buna dair özünün təqdim etdiyi üzləşmə aktı var hansı ki, onlar həmin akta etiraz edirlər, orada belə 5,600 mübahisəli borc var sözü qeyd olunub. Yəni kifayət qədər bu barədə məlumatlı olubdur və tələblərini edibdir vaxtında. Pretenziya məktubunu onlar həm elektron, həm də poçt vasitəsilə göndərmişlər, lakin ona heç bir cavab yazılmayıb. İcrada buna dair qeyd olmayıb. Tərəf məsuliyyətdən yayınmaq üçün həmin aktdan istifadə edir və məsələni qabardır. Onlar motor qurğunu əvəzsiz olaraq vermişlər. Bundan başqa birinci məhkəmə mübahisələri var hansı ki, soyuducuları tələb etmişlər. Eyni məsələdir, həm soyuducu, həm motor qrupu vermişlər. Onlardan aldığı dondurmanı satdığı üçün iddiaçı tərəfindən bütün şərait yaradılıb. Tərəflər arasında yazılı müqavilə olmamış, sadəcə etibarlı münasibətlər olmuşdur. Onların arasında məhkəmə mübahisələri olmazdan qabaq razılaşma var idi ki, tərəf pulu hissə-hissə ödəyəcək, ayda 1,000 manat olaraq. Sonra razılıq pozuldu, daha sonra birinci instansiya məhkəməsində dəfələrlə təxirlər oldu onların razılığa gəlməsi üçün soyuducular və motor qrupları ilə bağlı. İddiaçı tərəf 2020-ci il tarixli aktın həqiqiliyini qəbul edir. Orada motor qrupunun qeyd olunması ilə bağlı kassasiya şikayətində də geniş qeyd etmişlər ki, tərəfin qeyd etdiyi Azər Şükürov direktorun doğma xalası oğludur. Uzun müddət orada direktor, sonra satış direktoru işləyib. 2022-ci ildə işdən ayrıldıqdan sonra müəssisəyə qarşı müxtəlif məhkəmələrdə şikayət ərizələri irəli sürür. MMC-nin qaldırdığı iddialarda şahidlik edir hansı ki, iddiaları təmin olunur. 2020-ci il tarixli aktda motor qrupunun niyə yazılmamasının səbəbini düşünürəm ki, ya texniki səhv edilib ya da qərəz olub. Əks olaraq tərəf də deyir borcu ödəmişəm, amma ödəməsinə dair qeyd yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mövcud sübutlar əsasında düzgün olaraq müəyyən etmişdir ki, cavabdehə iddiaçı MMC tərəfindən eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2.8, ümumi dəyəri 25,000 ABŞ dolları olan dondurma saxlamaq üçün anbar (motor qrupu) müvəqqəti istifadə üçün verilmiş, tərəflər arasında olan alqı-satqı əməliyyatları dayandırılmasına rəğmən sözügedən əmlak qanunsuz olaraq cavabdehin istifadəsindədir. Belə ki, müəyyən olunur ki, iddiaçı tərəfindən, istehsal etdiyi dondurma məhsullarının satışının təşkili məqsədi ilə, cavabdehlə razılıq əldə edilmiş və ona bu sahədə tələb olunan müxtəlif əşyalar, o cümlədən hazırkı iddia tələbinin predmeti - dəyəri 25,000 ABŞ dolları olan dondurma saxlamaq üçün anbar (motor qrupu) iddiaçı tərəfindən cavabdehə verilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir, cavabadeh tərəfin apellyasiya instansiyasında birinci baxış zamanı təqdim etdiyi sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun təqdim edilmədiyindən hər hansı halın təsdiqi kimi qəbul edilə bilməz. İddianın predmeti olan dondurma saxlamaq üçün anbarın (motor qrupu) hazırda cavabdehdə olması, eləcə də, onun dəyərinin 25,000 ABŞ dolları müəyyən olunması sonuncunun özünün etirafı ilə tam olaraq təsdiqini tapır. Məhkəmə kollegiyası tərəflərin hüquqi davranışlarını nəzərə alaraq hesab edir ki, tərəflərin münasibətlərinə əvəzsiz istifadə müqaviləsinə dair mülki qanunvericiliyin tələblərinə uyğun qiymət verilməlidir. Belə ki, dəyəri 25,000 ABŞ dolları olan dondurma saxlamaq üçün anbarın (motor qrupu) iddiaçının istehsal etdiyi dondurmanın satışının təşkil etmək məqsədi ilə cavabdehə verilməsi mövcud sübutlar və cavabdehin etirafı ilə tam təsdiqini tapmışdır. Cavabdeh, həmin motor qrupunun alqı-satqısına dair iddiaçı ilə razılıq əldə etdiyini və onun dəyəri olan 25,000 ABŞ dollarını hissə-hissə iddiaçının səlahiyyətli şəxslərinə ödədiyini bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Cavabdeh bunun dəlili olaraq məhz bu səbəbdən həmin motor qrupunun özünün və ya dəyərinin iddiaçı tərəfindən əvvəllər verilmiş iddia tələblərində və sonradan aralarında tərtib edilmiş üzləşmə aktlarında qeyd edilmədiyini bildirsə də, bu, tərəflər arasında alqısatqı münasibətlərinin mövcudluğunu və alqı-satqı predmeti olan əşyanın dəyərinin ödənilməsinin təsdiqi kimi qəbul edilə bilməz. Belə ki, əşyanı tələb etmək hazırkı halda iddiaçıya məxsus hüquqdur və o, istənilən vaxtda özünə məxsus əşyanı tələb edə bilər. Birinci instansiya məhkəməsi əsaslı olaraq Mülki Məcəllənin 152.5 və 157.2-ci maddələrinə istinad edib belə qənaətə gəlmişdir ki, iddiaçının özünə məxsus dondurma saxlamaq üçün anbarın (motor qrupu) və ya onun dəyərinin tələbi əsaslıdır və təmin edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi Mülki Məcəllənin 36-cı fəslinə aid maddələrin tələbləri baxımından əsaslıdır. Bundan başqa, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Mülki Məcəllə: Maddə 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir; Maddə 732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Maddə 736.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Maddə 736.2. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Maddə 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Qeyd olunan normanın müddəalarını işin halları ilə əlaqəli şəkildə təhlil edən məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan anbar (motor qrupu) cavabdehə iddiaçıdan aldığı dondurma məhsullarının satışının daha səmərəli həyata keçirilməsi məqsədilə əvəzsis istifadə etməsi məqsədi ilə verildiyindən və artıq tərəflər arasında alqı-satqı əməliyyatları dayandırıldığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən haqlı olmuşdur. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisənin həlli baxımından düz olaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş məsələləri təkrarlamağa lüzum yoxdur. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-701/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-156/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-156/2025
03.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver