Məhkəmə qərarları › İş №2-2(104)-157/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-157/2023

26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-157/2023 26.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, cavabdeh X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 28 mart 2023-cü il tarixli, e-2- 2(115)-141/2023 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Azərbaycan Resublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X3 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli, 2451-GL/17 nömrəli lizinq müqaviləsi üzrə yaranmış 8368 manat gecikdirilmiş borcu və hesablanmış 6927,17 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və 100 manat çəkilmiş mediasiya xərcinin, cəmi 15795,17 manat pul vəsaitinin cavabdeh X1 tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 2451-GL/17 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Ona öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-2(115)-141/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: "xxxx" ASC ilə X4 arasında 19 dekabr 2017-ci il tarixdə bağlanmış 2451-GL/17 nömrəli müqavilədən görünür ki, "xxxx" ASC ümumi məbləği 10238 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra X2 mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. 19 dekabr 2017-ci il tarixli 2451-GL/17 nömrəli lizinq müqaviləsi üzrə ödəniş qrafikinin surətindən görünür ki, X4 ödənişləri xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hissə-hissə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Bank sənədindən və arayışdan görüür ki, hüquqi yardımla bağlı 300 manat vəkilə, 100 manat isə mediasiya təşkilatına ödənilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-2(115)-141/2023 saylı qətnaməsindən narazı qalan iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-2(115)-141/2023 saylı qətnaməsi hüquqi yardım və mediasiya xərcinin iddiaçıya aid edilən hissələrdə ləğv edilərək, iddia tələbinin həmin hissələrdə tam həcmdə təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. İlk növbədə nəzərə çatdırmaq lazımdır ki, məhkəmənin mövqeyi ilə bağlı qeyd edilməsi zəruridir ki, mülki qanunvericiliklə dəbbə pulu qazanc əldə etmək və ya hər hansı digər məqsədlər üçün deyil, yalnız öhdəliyin icrasının təmin üsulu kimi nəzərdə tutulmuşdur. Bundan başqa Mülkİ Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Yəni, məhkəmə gedişi zamanı əsas öhdəliyin icra edilməsi (gecikdirilmiş icra) borclunu onu təmin edən öhdəliyin icrasından azad etmir. Digər tərəfdən məhkəmə iddianın təmin edilməməsinin əsası kimi qeyd etmişdir ki, lizinq ödənişlərini tam olaraq iddiaçıya ödədiyindən hər iki müqavilə üzrə cərimənin tətbiq edilməsi onun əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Lakin məhkəmə nəzərə almamışdır ki, dəbbə pulunun tənasüblüyü müəyyən edilən zaman borclunun deyil, kreditorun mənafeləri nəzərə alınmalı idi. Həmçinin qeyd etmək lazımdır ki, müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafıkinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Cavabdehin 2023-cü il ərzində müxtəlif vaxtlarda ümumilikdə əsas borcu üzrə 8370 manat məbləğində ödəniş edərək, əsas borc öhdəliyini yerinə yetirməsi, onu ödənilməmiş cərimə borcu və məhkəmə xərclərindən azad etmir və iddiaçı cərimə borcunu tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəmə iddiaçı tərəfındən tələb olunan mediasiya xərcini təmin etməmiş və bununla məhkəmə yenə də səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləğinin təsdiq edilməsi barədə" 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarına əsasən iddia qiyməti 5001 manatdan 10000 manatadək olduqda ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq 100 manat təşkil edir. Mübahisənin sonrakı mərhələsindən (işin məhkəməyə verilib-verilməməsindən, iddianın təmin edilibedilməməsindən) asılı olmayaraq, bu xərc borcluya aid hesab olunur. Buna görə də hazırkı iş üzrə mediasiya ilə əlaqədar iddiaçı tərəfindən borclunun əvəzinə ödənilmiş vəsaitlə bağlı tələbin təmin edilməməsi cavabdehin əsassız varlanmasına gətirib çıxarır. Eyni zamanda iddiaçının büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin və mediasiya xərcinin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Göründüyü kimi mediasiya xərcinin hansı halda digər tərəfdən tam tələb edilməsi, hansı halda isə tərəflər arasında bölüşdürülməsi halları qanunvericilikdə açıq-aydın tənzimlənmişdir. Qeyd olunanlara əsasən ilkin mediasiya sessiyası zamanı ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci tam həcmdə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. "Mediasiya prosesinin tətbiqi barədə müqavilə"də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfın üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya "mediasiya prosesinin tətbiqi barədə müqavilə"nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi mediasiya xərcinin hansı halda digər tərəfdən tam tələb edilməsi, hansı halda isə tərəflər arasında bölüşdürülməsi halları qanunvericilikdə açıq-aydın tənzimlənmişdir. İddia qiyməti 5001 manatdan 10000 manatadək olduqda ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq 100 manat təşkil edir. Buna görə də apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 izahat verib bildirmişdir ki, onun hazırda iddiaçı təşkilata heç bir borcu qalmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı o, borcunu tamamilə ödəyib qutarmışdır. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunu 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.3. İş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Apellyasiya baxışının hədləri: Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Resublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X5 Kommersiya Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-2(115)-141/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən iddianın cavabdehdən tələb olunan cərimə məbləği hissəsində razılaşmadığını qeyd etsə də, apellyasiya şikayətinin tələb hissəsində Gəncə Kommersiya Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-2(115)-141/2023 saylı qətnaməsi hüquqi yardım və mediasiya xərcinin iddiaçıya aid edilən hissələrdə ləğv edilərək, iddia tələbinin həmin hissələrdə tam həcmdə təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Buna görə də məhəkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qanunuliyi və əsaslılığını hüquqi yardım və mediasiya xərci hissəsində yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 28 mart 2023-cü il tarixli, e-2- 2(115)-141/2023 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 28 mart 2023-cü il tarixli, e-2- 2(115)- 141/2023 saylı qətnaməsi mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin iddiaçıya aid edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilərək, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və 100 manat çəkilmiş mediasiya xərci cavabdeh X1 tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin əsası cavabdehin məhkəmə prosesi dövründə ondan tələb edilən lizinq müqaviləsi üzrə əsas məbləği ödəməsi olmuşdur. Qeyd edilən fakt iddiaçının iddiasının əsaslı olmasını sübut etməkdədir ki, iddia tələbi də məhz iddianın birbaşa əsassız olması ilə əlaqədar deyil, iddia tələbinin cavabdeh tərəfindən məhkəmə prosesi müddətində icra olunması səbəbindən rəddinə əsas vermişdir. İş materiallarında olan mediasiya arayışından isə görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı da hüquqi yardım və mediasiya ilə bağlı müvafiq xərcləri çəkməklə iddia qaldırmağa məcbur olmuşdur. Birinci instansiya məhkəməsi isə məhkəmə xərclərinin bölüşdürülməsində Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsini tətbiq etmək əvəzinə səhvən 119.1-ci maddəsini tətbiq edərək, məhkəmə xərclərini iddiaçıya aid etmişdir. Halbuki, həmin xərclər əsaslı iddia tələbinə qarşı cavabdehin vaxtında cavabsız hərəkətləri nəticəsində yaranmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin 28 mart 2023-cü il tarixli, e-2-2(115)-141/2023 saylı qətnaməsi qətnaməsi hüquqi yardımla bağlı ödənilmiş 300 manat və 100 manat mediasiya xərcinin cavabdeh X1 tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq, məhkəmə xərci qismində hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat və 100 (yüz) manat mediasiya cavabdeh X1 tutularaq, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Kommersiya- Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 28 mart 2023-cü il tarixli, e-2-2(115)-141/2023 saylı qətnaməsi hüquqi yardımla bağlı ödənilmiş 300 manat və 100 manat mediasiya xərcinin cavabdeh X1 tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddia tələbi təmin edilsin. Məhkəmə xərci qismində hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat və 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 400 (dörd yüz) manat cavabdeh X1 tutularaq, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar