Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-157/2024 24.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 2-2(115)-1090/2023 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə mürаciət edərək, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 747055,01 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1090/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ərizə təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 747055,01 manat olmaqla, ümumilikdə 747055,01 (yeddi yüz qırx yeddi min əlli beş manat bir qəpik) manat məbləğində borcu ödənilənədək Maraqlı şəxs (doğulduğu tarix xx xxx 1998-ci il, doğulduğu yer Daşkəsən rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İş üzrə Maraqlı şəxs 20 may 2024-cü il tarixdə Gəncə Kommersiya Məhkəməsinin 27 iyul 2023-cü il tarixli e-2-2(115)-1090/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə verərək müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə ilə bağlı tərəfə heç bir məhkəmə bildirişi təqdim edilməmişdir. Bu səbəbdən də tərəf məhkəmə iclasında iştirak edə bilməmiş və işin mahiyyətindən məlumatlı olmamışdır. Məhkəmə iclasında maraqlı şəxsin iştirakı təmin edilmədiyi üçün qətnamədə qeyd edilən şirkətin ona məxsus olmadığını, şirkətin saxta sənədlərlə onun adına açıldığını məhkəməyə bildirə bilməmişdir. Məhkəmə qətnaməsi təxmini olaraq 2023-cü ilin oktyabr ayında maraqlı şəxsə təqdim edilmişdir. Bundan sonra o, məhkəmə qətnaməsi ilə tanış olduqdan sonra həmin şirkətin ona aid olmadığını, onun adına saxta sənədlər əsasında şirkət açıldığını görərək mətbuata çıxmış və hüquqlarının qorunması üçün ictimaiyyətdən ona kömək edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru sözügedən məsələni nəzarətə götürmüş, maraqlı şəxsin müraciəti əsasında məsələnin araşdırılması məqsədilə İstintaq idarəsinə göstəriş vermişdir. Hal-hazırda istintaq idarəsində məsələ araşdırılır. Həmin məsələ ilə bağlı artıq bir neçə şəxs dindirilmişdir. İstintaqın nəticəsində müəyyən olunmuşdur ki, Maraqlı şəxs sözügedən məsələ ilə heç bir bağlılığı yoxdur. Bundan sonra maraqlı şəxsin ölkədən gedişinə qoyulmuş məhdudiyyətin necə aradan qaldırılması barədə işi aparan müstəntiqdən soruşduqda isə ona bildirilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğvini tələb etsinlər. Əgər məhkəməyə müraciət ediləcəyi təqdirdə isə prokurorluq tərəfindən iş üzrə aidiyyəti sənədlər də məhkəməyə təqdim ediləcəkdir. Prokurorluğun apardığı araşdırma nəticəsində maraqlı şəxsin həmin şirkətlə heç bir əlaqəsinin olmadığı müəyyən edilmişdir. Maraqlı şəxsin bacısı ağır xəstədir və valideyni rəhmətə getdiyi üçün onun himayəsindədir. Bacısının ağır xəstəliyi səbəbindən onu müalicə məqsədilə Türkiyə Respublikasına müalicəyə aparmalıdır, lakin hazırki məhdudiyyət səbəbindən ölkədən kənara çıxa bilmir Gəncə Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 2-2(115)-1090/20223 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 27 iyul 2023-cü il tarixli e-2-2(115)- 1090/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Maraqlı şəxs tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Məhkəmənin qeyd edilən qərardadından Maraqlı şəxs şikayət verərək şikayətin təmin edilməsini, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)- 1090/2023 saylı qərardadının ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəbdən ötürüldüyü üçün müddətin bərpa edilməsini və apellyasiya şikayətinin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs "xxxx" MMC-ni təsis etməmiş, belə bir hüquqi şəxs barəsində məlumatı yoxdur. "xxxx" MMC-ni cinayət işi üzrə təqsirli şəxslər təsis etmişlər. İstintaq zamanı məlum olmuşdur ki, bir qrup cinayətkar şəxs hər iki valideynini itirən, xəstə bacısının müalicəsi üçün pula ehtiyacı olduğundan iş axtaran Maraqlı şəxs işə düzəltmək adı altında onun vəsiqəsini əldə edərərk onun adına asan imza almaqla saxta şirkəti açmışlar. Maraqlı şəxs bu barədə yalnız 24 noyabr 2023-ci ildə qətnamə ona məhkəməyə çağrılıb təqdim edərkən məlumatı olmuşdur. Məhkəmə qətnaməsi maraqlı şəxsə göndərildikdən dərhal sonra o, mətbuata çıxmış və hüquqlarının qorunması üçün ictimaiyyətdən ona kömək edilməsini xahiş etmişdir. Hətta bununla əlaqədar Maraqlı şəxs YouTube platformasında çıxış etmişdir. Sözügedən videodan məlumatı olmuş Azərbaycan Respublikasının Baş Prokuroru sözügedən məsələni nəzarətə götürmüş, maraqlı şəxsin müraciəti əsasında özünün dərkənarı ilə məsələnin araşdırılması məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinə göstəriş vermişdir. Hal hazırda istintaq idarəsində məsələ araşdırılır. Həmin məsələ ilə bağlı artıq bir neçə şəxs dindirilmişdir. İstintaqın nəticəsində müəyyən olunmuşdur ki, Maraqlı şəxs sözügedən məsələ ilə heç bir bağlılığı yoxdur. Maraqlı şəxsin bacısı ağır xəstədir və hər iki valideyni rəhmətə getdiyi üçün onun himayəsindədir. Bacısının ağır xəstəliyi səbəbindən onu müalicə məqsədilə Türkiyə Respublikasına müalicəyə aparmalıdır, lakin hazırki məhdudiyyət səbəbindən ölkədən kənara çıxa bilmir. Hazırda maraqlı şəxs prokurorluğun məsləhəti ilə qətnamənin ləğv edilməsi və məhdudiyyətin götürülməsi məqsədilə vəkil olaraq onunla hüquqi xidmət müqaviləsi bağlamış və hazırki apellyasiya şikayətinin verilməsi qərara alınmışdır. Maraqlı şəxs maddi durumu çox pis olduğundan hüquqi xidmət müqaviləsini ödəmək imkanı olmamış və həmin vəsaiti isə şəxsi vəsaiti hesabına ödəmişdir. Maraqlı şəxs qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq şikayət vermə müddətini üzrlü səbəbdən ötürmüşdür. Belə ki, o dərhal ictimaiyyətə kömək üçün müraciət etmiş, dövlət bu müraciətə dərhal reaksiya vermiş, Baş Prokuror şəxsən özü dərkanarı ilə işin araşdırılmasını tələb etmişdir. Maraqlı şəxs prokurorluğun müraciətinə münasibətdə müvafiq araşdırmaya dair onunla bağlı mövqeyini əldə etdikdən sonra dərhal qətnamədən şikayət vermiş və müddətin bərpası barədə ərizə təqdim etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 2-2(115)-1090/2023 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 2-2(115)- 1090/2023 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 2- 2(115)-1090/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs bildiriş göndərilmiş, lakin maraqlı şəxs 27 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında iştirak etməmişdir. Gəncə Kommersiya Məhkəməsinin qətnaməsi 27 iyul 2023-cü il tarixdə çıxarılmış, həmin qətnamənin surəti 01 avqust 2023-cü il tarixdə poçt vasitəsilə Maraqlı şəxs ünvanı olan Göygöl rayonu, Yeni Qızılca kəndinə göndərilmiş, lakin poçt tərəfindən zərfə maraqlı şəxs bu ünvanda yaşamır (Rusiyadadır) qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Daha sonra Maraqlı şəxs məhkəməyə gələrək Gəncə Kommersiya Məhkəməsinin 27 iyul 2023-cü il tarixli e-2-2(115)-1090/2023 saylı qətnaməsinin surətini 24 noyabr 2023-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə təhvil almışdır. Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə vermişdir. Göründüyü kimi uzun müddət sonra, yəni 6 aya yaxın müddətdən sonra apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Müddətin ötürülməsinə dair hər hansı üzürlü səbəb gətirməmiş, qətnamədən uzun müddət ərzində apellyasiya şikayəti verməmişdir. Ərizəsində və izahatında qətnaməni aldıqdan sonra prokurorluğa müraciət etdiyini qeyd etmişdir ki, həmin hal da qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpası üçün əsas ola bilməz. Həmçinin maraqlı şəxs valideynlərini itirdiyini, bacısının xəstə olmaqla onun himayəsində olduğunu, bacısına tək baxdığını, onun müalicəsi ilə əlaqədar vaxtında apellyasiya şikayəti verməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün işdə hər hansı bir əsas yoxdur. Ona görə də ərizə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Gəncə Kommersiya Məhkəməsinin 27 iyul 2023-cü il tarixli e-2-2(115)-1090/2023 saylı qətnaməsinin surətini 24 noyabr 2023-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə təhvil almışdır və onun qətnamədən şikayət vermə müddətini buraxması işin mübahisəsiz halıdır. Maraqlı şəxs tərəfindən müddətin bərpa edilməsi ilə bağlı ərizəsinə, habelə qərardaddan verilmiş şikayətə maraqlı şəxsin valideynlərini itirməsi, bacısının xəstə olmaqla onun himayəsində olması, bacısına tək baxması, bacısının xəstəliyi ilə bağlı xarici ölkədə müalicə almalı olması bağlı hər hansı sənəd əlavə edilmədiyindən birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətinin bərpasından imtina etməkdə haqlı olmuşdur. Şikayətin dəlillərində qeyd edilir ki, hazırda maraqlı şəxsin prokurorluğun məsləhəti ilə qətnamənin ləğv edilməsi və məhdudiyyətin götürülməsi məqsədilə vəkil olaraq onunla hüquqi xidmət müqaviləsi bağlamış və hazırki apellyasiya şikayətinin verilməsi qərara alınmışdır. Şikayətin bu kimi dəlilini maraqlı şəxsin formal mülahizəsi hesab edən kollegiya qeyd edir ki, maraqlı şəxs qətnamənin surətini xx.xx.2023-cü il tarixdə almışdır və qətnamənin nəticə hissəsində həmin qətnamədən şikayət vermə hüququnun qətnamənin surəti rəsmi təqdim edildiyi gündən 1 (bir) ay olduğu aydın şəkildə göstərilmişdir. Maraqlı şəxs isə şikayəti 6 aya yaxın müddət keçdikdən sonra vermişdir. Onun şikayəti vaxtında verməsi onu hüquq mühafizə orqanlarına, o cümlədən prokurorluğa müraciət etmək hüququndan məhrum etmirdi və ya da onun bu kimi hüququnu məhdudlaşdırmırdı. Göründüyü kimi Maraqlı şəxs Gəncə Kommersiya Məhkəməsinin 27 iyul 2023-cü il tarixli e-2-2(115)-1090/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddəti üzrsüz səbəbdən buraxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 2-2(115)-1090/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 25 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. .
Məhkəmə qərarları › İş №2-2(104)-157/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-157/2024
24.06.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver