Məhkəmə qərarları › İş №2-2(104)-159/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-159/2023

23.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-159/2023 23.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi vəkil X4 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi vəkil X2 iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul”, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələblərinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2-2(115)-540/2022 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı idda üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, qərardad qəbul etdi. 1.Birinci instansiya məhkəməsində icraat və işin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 378633 manat 52 qəpik əsas borc, 44375 manat 90 qəpik əldən çıxmış fayda, 790 manat dövlət rüsumu, 168 manat vəkilə ödənilən xidmət haqqı cəmi 423967 manat 42 qəpik pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qaynatasıdır. 2008-ci ildə iş üzrə maraqlı şəxs onun atası Maraqlı şəxs ilə cavabdeh tanış olmuş, 2010-cu ildə bu tanışlıq qohumluğa çevrilmişdir. Tanışlıq əsasən atasının qurduğu və ailəsinə məxsus biznes fəaliyyəti ilə bağlı olmuşdur. Tanışlıq qohumluğa çevriləndən sonra onların münasibətləri yavaş yavaş isinişməyə başladı. Bir birə olan etimad və inam formalaşırdı. Əslində biznes fəaliyyətinin hamısını atası Maraqlı şəxs qurmuşdur. Sadəcə Cavabdeh qohum kimi müəyyən işlərə ortaq etmiş, ona güvənərək bəzi işləri tamamilə ona həvalə etmişdir. Cavabdeh həm bu güvəncədən həm də qohumluq münasibətlərindən istifadə edərək külli miqdarda vəsaitlərini əsassız varlanma şəkilində ələ keçirtmişdir. Qeyd etdiyi kimi ailəsinə məxsus biznes iş üzrə maraqlı şəxs olan atası X1 tərəfindən qurulmuşdur və idarə edilirdi. Atası 2016-cı ilin yanvar ayında tutulmuşdur. İşləri etibarnamə üzrə ona həvalə etmişdir. Onun başı atasının türmədən qurtarması işlərinə qarışan zaman cavabdeh olan qaynatası Cavabdeh işləri aparmağa başladı. O da qohum kimi ona etimad edirdi. Ancaq o bu etibardan sui istifadə edərək ilk öncə biznes fəaliyyətini 70% bizə olan hissəni 50%-ə endirməyə və ona məxsus olan 30% hissəni isə 50% ə qaldırmağa müvəffəq olmuşdur. Bütün bu işləri onun etimadından, atasının türmədə olmasından və qaynatası olmasından istifadə edərək etmişdir. xx.xx.2019-cu il tarixdə atası və iş üzrə Maraqlı şəxs hələ türmədə olan vaxt Cavabdeh və onun arada şəriklikləri ilə bağlı şahidlərin (Etibar İsgəndərov, Ayaz İsmayılov və Sakit Abbasov) iştirakı ilə akt tərtib edilmişdir. Həmin akta əsasən onların qurduqları ailə biznesinin 20% Cavabdeh keçmiş və hər birisi 50% pay olmaqla şərik olublar. Akta əsasən hər birinin sərmayəsi 378633,52 manat (üç yüz yetmiş səkkiz min altı yüz otuz üç manat 52 qəpik) olmaqla payları bərabərləşmşdir. Baxmayaraq ki, onların şərikli işlərindən onlara məxsus 378633,52 manat (üç yüz yetmiş səkkiz min altı yüz otuz üç manat 52 qəpik) vəsait cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən idarə edilir ancaq həmin gündən bu günədək nə həmin pulumuzu qaytarmır nə də onlara qazanc verməmişdir. Ona görə də hesab edirlər ki, cavabdeh onun etibarından sui istifadə edərək əsassız varlanmaq məqsədi ilə ələ keçirdiyi 378633,52 manat (üç yüz yetmiş səkkiz min altı yüz otuz üç manat 52 qəpik) manat pulu və neçə ilərzində dəymiş zərəri geri ödəməlidir. Hesab edirlər ki, vurulmuş zərər Mərkəzi Bankın faiz dərəcəsinə uyğun hesablanaraq cavabdehdən əlavə olaraq tələb olunmalıdır. Belə ki, Mərkəzi bankın rəsmi saytında dərc edilmiş illik faiz dərəcələri illər üzrə ortalama 2019-cu il üzrə 8,37%, 2020-ci il üzrə 6,89%, 2021-ci il üzrə 6,91% və 2022-ci il üzrə 7,5% olmuşdur. Buradan belə hasil olur ki, cavabdeh əsas borc məbləğindən (378633,52 manat) əlavə olaraq vurduğu zərərə görə ümumilikdə 70458,2 manat (yetmiş min dörd yüz əlli səkkiz manat 20 qəpik), o cümlədən 2019-cu il üzrə 15845,8 manat, 2020-ci il üzrə 26087,8 manat, 2021-ci il üzrə 26163,60 manat və 2022-ci il üzrə isə 2366,5 manat cəmi 44375,9 manat əldən çıxmış fayda da ona ödəməlidir. Eyni zamanda hazırkı iddia üzrə ödənilmiş dövlət rüsumu və vəkil xidmət haqqı da cavabdehdən tutularaq ona ödənilməlidir. Belə ki, iş üzrə iddia və iddianın təmin tədbiri üçün ödənilən 790 manat dövlət rüsumu və iddianın hazırlanması və məhkəməyə təqdim edilməsi üçün vəkilə 168 manat xidmət haqqı ödənilmişdir. 2020-ci ilin noyabr ayının 17- dən cavabdehlə arasında olan bütün münasibətlər korlanmışdır və ona görə də hesab edirlər ki, bundan sonra ümumiyyətlə onlara hər hansı bir vəsait ödənməyəcəkdir. Ona görə də iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edir ki, hazırkı iddia ilə bağlı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə də müraciət etmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş kommersiya mübahisəsi olduğu üçün geri qaytarılmışdır. Sonradan qanunamüvafiq qaydada mediasiyaya müraciət edilmiş və barışıq əldə olunmamasına dair arayış alınmışdır. Həmçinin, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı pul tələbinə iddiasının rədd edilməsi və onun qarşılıqlı iddia tələbinin təmin edilməklə İddiaçı nağd şəklində verdiyi 50000 manat məbləğində pulun, həmçinin 50000 manatın əvəzi olaraq verilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Sahil 53 ünvanında yerləşən ferma kompleksində ona məxsus olmuş ikidə bir payın dəyəri olan 50000 manat məbləğində pulun, cəmi olaraq isə 100000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi xx.xx.2019-cu il tarixli heç bir hüquqi nəticə olmayan sənədə istinad edərək ondan 378633,52 manat əsas borc, 44375,90 manat əldən çıxmış fayda, 790 manat dövlət rüsumu 168 manat, vəkilə ödənilən xidmət haqqı olmaqla cəmi 423967,42 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, akta əsasən guya hər birinin sərmayəsi 378633,52 manat olmaqla bərabərləşdirilmiş və o ona məxsus olan 378633,52 manat vəsatİ idarə etməklə ona nə qazanc verib, nə də ki pulunu qaytarmır. Bildirir ki, onun İddiaçı ilə heç bir şərikli biznesi olmamışdır. xx.xx.2018-ci ilindən vergi örəyicisi kimi fəaliyyətini dayandırmışdır və bu vaxta kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. 2019-cu il tarixə kimi İddiaçı və onun atası Maraqlı şəxs ona 200000 manatdan çox borcları var idi, dəfələrlə tələb etsə də, onlar ona olan borclarını ödəmirdilər. Belə ki, İddiaçı atası Maraqlı şəxs CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilmişdi. Ona olan borclarını ödəmək və əvəzləşdirmək məqsədi ilə İddiaçı ona təklif etmişdir ki, o onunla şərikli biznes fəaliyyəti ilə məşğul olsun. Belə ki, Sultanın atası Ələddinin Bakı şəhərində “Baksol” deyilən yerdə satış mərkəzi olmuşdur. Sultan onu həmin yerə şərik etmək istəmişdir. Buna görə Sultanın təklifi ilə aralarında belə bir akt bağlanmışdır ki, Ələddin özü ilə bağlı olan müştərilərdə qalan “ölü pullar”- a (yəni alacaqlısı olduğu, lakin müştərilərindən ala bilmədiyi, ziyanında olan pullara), həmçinin o fermada olan yarı (50%) payını 50000 verir, bu şərtlə ki, onu o Bakı şəhərində olan qapı- pəncərə satış işlərinə şərik edir. Bundan başqa, İddiaçı 50000 manat da pul vermişdir. Qalan fərqi isə öz aralarında razılaşıblar. Sonradan Sultan ona demişdir ki, atası tələb edir ki, Türkiyədə fəaliyyət göstərəri “Uniplast” firmasına olan borclarına da şərik olmalıdır ki, şərikli işləri başlasın. Bildirir ki, Sultanın atası Ələddinin “Uniplasta” olan borcu 467231.90 ABŞ dolları məbləğində idi. Bu borca da şərik olmaqla biznez İşlərinə şərik olmaq ona sərf etmədiyi üçün şərikli iş görməmişdir. Odur ki, onun İddiaçı ilə şərikli biznes fəaliyyəti olmamışdır. Bundan başqa İddiaçı özü təsdiq edir ki, 2018-ci ildən indiyədək olan dövrdə ünvan 2 ünvanında yerləşən və fəaliyyət göstərən "Azvinil” MMC-yə aidiyyəti olmamış, həmin MMC Elxan Süleymanovla qaynı Arzu Əmirov tərəfindən şərikli olaraq təsis olunmuşdur və onun həmin MMC-yə aidiyyəti və qarışacağı olmamışdır. Bütün bu dediklərinin hamısı Azərbaycan Respublikasının DİN Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli qərarında öz əksini tapmışdır. Gəncə Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli e-2-2(115)-540/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) ilk iddia qismən təmin edilərək, 378633 manat 52 qəpik məbləğində pul və ödənilmiş 315 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması, 353 manat 63 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, ilk iddianın qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, 100000 manat məbləğində pul, ödənilmiş 390 manat dövlət rüsumu və 210 manat hüquqi yardıma görə xərcin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli e-2-2(115)-540/2022 saylı qətnaməsindən narazı qalan ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2-2(115)-540/2022 saylı qətnaməsinin ilkin iddianın qismən təmin edilən hissəsində ləğv edilməsi və ilk iddia tələbinin tamamilə rədd edilməsi, apellyasiya şikayətinin verilməsinə görə tərəfindən ödənilmiş 358 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində qanunsuz və əsassız olmaqla, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında biznes fəaliyyətinin nədən ibarət olmasını, iddia edilən 378633,52 manat məbləğində payın nələrdən ibarət olmasını və harada mövcud olmasını, əgər mövcud olmuşsa həmin əmlakın hansı şəkildə onda olmasını müəyyən etmədən, ilkin iddia tələbinin təmin olunması barədə qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi tərəfindən istinad edilən hallar heç bir sübuta əsaslanmamışdır. Onun nə fərdi qaydada, nə də ki, hər hansı bir hüquqi şəxsin payında iştirak etməklə İddiaçı ilə heç bir şərikli biznes fəaliyyəti olmamışdır. Ümumiyyətlə, o, 15 may 2018-ci il tarixindən vergi ödəyicisi kimi fəaliyyətini dayandırmışdır. Birinci instansiya məhkəməsi tərəfindən öhdəliklə bağlı maddi hüquq normalarına istinad edilsə də, lakin onun öhdəliyinin nədən ibarət olması və bu öhdəliyin hansı qaydada icra edilməməsi sübuta yetirilməmişdir. İddiaçı ünvan 2 ünvanında hər hansı malı olmamış, biznes fəaliyyəti ilə Gəncə şəhəri "İmamzadə yolunda" mövcud olan qeyri-yaşayış sahəsində həyata keçirmişdir. Gəncə Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli e-2-2(115)-540/2022saylı qətnaməsindən narazı qalan ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e- 2-2(115)-540/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi, Cavabdeh qarşılıqlı iddia tələbinin rədd edilməsi və İddiaçı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin olunması hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini əldən çıxmış fayda hissəsində əsassız olaraq təmin etməmişdir. Onun 378633,52 manat pulu Cavabdeh olmasaydı, Mərkəzi Bankın faiz dərəcəsinə uyğun olaraq həmin puldan gəlir götürə bilərdi. Həmçinin birinci instansiya məhkəməsi qarşılıqlı iddianı icraata götürməklə Mülki Prosessual Məcəllənin və "Mediasiya haqqında" Qanunun tələblərini pozmuşdur.

2. Gəncə Apellyasiya Məhkəməsində birinci icraat:

Gəncə Apellyasiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2-2(104)-170/2022 saylı qətnaməsi (sədrlik edən Ə.Abdullayev, hakimlər L.Süleymanov və R.Mamedov) ilə Gəncə Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2-2(115)-540/2022 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı idda üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2-2(115)- 540/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2-2(104)-170/2022 saylı qətnaməsindən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı idda üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti vermişdir.

3.Kassasiya instansiyasında icraat:

Azırbaycan Respublikası Ali Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2-2(102)- 122/2023 saylı qərarı ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı idda üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2-2(104)-170/2022 saylı qətnaməsi ləğv edilmiş və iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4.Apellyasiya instansiyasında ikinci icraat:

Tərəflərin izahatları:

Əvvəlki məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmənin suallarına cavabında izahat verib bildirmişdir ki, iş materiallarına olan xx.xx.2019-cu il tarixli aktda qeyd olunan razılaşma onun "xxxx" MMC və "xxxx" MMC-də olan qeyri-rəsmi şərikliyi ilə bağlı olmuşdur. Belə ki, rəsmiyyətdə "xxxx" MMC-nin təsisçiləri Cavabdeh və X5, daha sonra isə "xxxx" MMC-nin təsisçisi Cavabdeh oğlu X10 və X5 olsa da əslində onun da hüquqi şəxslərdə şərikliyi olmuşdur. xx.xx.2019cu il tarixli aktla olan razılaşmaya əsasən onun şirkətdəki payı 50 faizə qaldırılmış və verilmiş 50000 manat pul məbləği də payların bərabərləşdirilməsi ilə əlaqədar olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi vəkil X7 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi vəkil X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, İddiaçı "xxxx" MMC və "xxxx" MMC-də nə rəsmi, nə də ki qeyri-rəsmi təsisçiliyi olmuşdur. Azplast” MMC-nin və "xxxx" MMC-nin müvafiq olaraq təsisçiləri Cavabdeh və X5, X10 və X5 olmuşdur. Cavabdeh İddiaçı ilə nə rəsmi, nə də qeyri-rəsmi hər hansı bir şərikli sahibkarlıq fəaliyyəti olmamışdır.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 387.1. prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 384.0.4. apellyasiya instansiyası işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyyəsi:

“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarı:

Hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır. Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) kommersiya məhkəmələri baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, iddiaya məhkəmə aidiyyətinin pozulması ilə baxıldığına görə Gəncə Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2-2(115)- 540/2022 saylı qətnaməsi ləğv olunmalı və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ilk iddia üzrə İddiaçı "xxxx" MMC və "xxxx" MMC-də qeyri-rəsmi təsisçiliyinin olmasını, xx.xx.2019-cu il tarixli razılaşmada göstərilən gəlirin həmin hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini, o cümlədən qarşılıqlı iddiaçının da tələb etdiyi pul məbləğinin xx.xx.2019-cu il tarixli razılaşmadan irəli gəldiyini iddia etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı tələb üzrə iddiaçı Cavabdeh isə İddiaçı ilə nə rəsmi, nə də qeyri-rəsmi hər hansı bir şərikli sahibkarlıq fəaliyyətinin olmadığını iddia etsə də qarşılıqlı iddiada tələb etdiyi pul məbləğini hansı əsasla tələb etdiyini isə iddiasında izah edə bilməmişdir. Lakin, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli razılaşmadan tərəflər arasında qeyri-rəsmi sahibkarlıq fəaliyyətindən irəli gələn hansısa birgə fəaliyyətin olması sezilməkdədir. İşin mübahisə edilməyə halı kimi isə İddiaçı "xxxx" MMC və "xxxx" MMC-də rəsmi qaydada təsisçiliyinin və həmin hüquqi şəxslərdə rəsmi payı olmamışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarında qeyd olunmuşdur ki, hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır. Həmçinin, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) kommersiya məhkəmələri baxır. Məhkəmə kollegiyası qeyd edir ki, kommersiya hüquqi şəxslərinin təsisçiləri və payçıları arasında olan mübahisələrin kommersiya məhkəməsində baxılması müəyyən edilmişdir. Hazırkı iş üzrə ilk iddia üzrə iddiaçı tələbininin onun hüquqi şəxsdə olan payı ilə əlaqədar olduğunu iddia etmişdir. Lakin, qeyd olunan hüquqi şəxslərdə onun təssisçiliyinin olması və müəyyən paya malik olması müəyyən edilməməklə, bu hal həm də işin mübahisəsiz halı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunduğu kimi fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə ümumi məhkəmələrdə baxılır ki, anoloji olaraq hər hansı bir hüquqi şəxsin qeyri-rəsmi təsisçisi və payçısı olduğunu iddia edən şəxsin həmin hüquqi şəxsin fəaliyyəti ilə bağlı iddiasına da ümumi məhkəmələrdə baxılmalıdır. İşə baxan birinci instansiya məhkəməsi isə mübahisənin subyekt tərkibini, onlar arasında olan hüquq münasibətlərinin xarakterini və tərəflər arasında olan fəaliyyətin qanuni və hüquqi əsaslar üzrə keçirilib-keçirilməməsini aydınlaşdırmadan işə kommersiya mübahisəsi kimi baxmaqla, parosessual qanunvericiliyin tələbini pozmuşdur. Buna görə də apellyasiya şikayətləri qismən təmin edilməli, iddiaya məhkəmə aidiyyətinin pozulması ilə baxıldığına görə Gəncə Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2-2(115)-540/2022 saylı qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2, 25.1, 35.1, 384 və 402-ci maddələrini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

Gəncə Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2-2(115)-540/2022 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı idda üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, e-2-2(115)-540/2022 saylı qətnaməsi ləğv edilsin. İş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar