Məhkəmə qərarları › İş №2-2(104)-162/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-162/2024

04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-162/2024 04.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Cavabdeh “X1-Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “X1-Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 321/2024 saylı qətnaməsindən cavabdeh “X1-Nur” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-321/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı ilə “X1-Nur” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixli NR- 16/09/19 saylı alğı-satqı müqaviləsi üzrə 11435 (on bir min dörd yüz otuz beş) manat 66 (altmış altı) qəpik borc, 210 (iki yüz on) manat ödənilmiş mediasiya xərcinin cavabdeh “X1- Nur” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, cavabdeh “X1- Nur” Məhdud Məsuliyyətli Cəmiyyətindən 124 (bir yüz iyirmi dörd) manat 31 (otuz bir) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh “X1-Nur” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddianın rədd edilməsi üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 sentyabr 2019-cu il tarixli NR-16/09/19 saylı alqı-satqı müqaviləsi üzrə icra etmədiyi öhdəlik olan ƏDV daxil 11435,82 manat pul vəsaitinin, çəkilmiş məhkəmə və mediasiya rüsumlarının cavabdeh “X1-Nur” MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X1 Nur” MMC arasında 16 sentyabr 2019-cu il tarixli NR-16/09/19 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin predmetini alıcının sifarişi əsasında metal tikinti materiallarının satışı və bu müqavilənin şərtlərinə uyğun olaraq mal-materialın qiymətinin ödənilməsi münasibətləri təşkil edir. Lakin İddiaçı MMC malları təchiz etsə də, məlum olmayan səbəblərdən “X1- Nur” MMC müqavilə üzrə yerinə yetirməli olduğu öhdəlikləri tam olaraq icra etməmiş, təchiz edilmiş mal-materialın qiyməti ödənilməyərək ƏDV daxil 11435,82 manat məbləğində öhdəlik icra edilməmiş qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin mövqeyi ilə razı deyillər. Belə ki, iddiaçı ilə aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin iddiaçı təmin etməli olan malları geçikdirmiş və vaxtında təmin etməmişdir. Həmçinin məhkəmə mülki işə baxarkən sadəcə ödəniş qaimələrinin mövcudluğuna baxmışdır. Belə ki, elektron qaimələr sistemdə mövcud olmasına baxmayaraq təsdiq edilməmişdir. Belə olan halda iddiaçı məhkəməyə təsdiq edilməmiş qaimələr təqdim edərək məhkəməni aldatmışdır. Yəni sadəcə qaimənin mövculuğu borcun dəlalət etmir. Cavabdeh dəfələrlə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin tam icrasını tələb etmiş lakin iddiaçı həmin tələbə məhəl qoymayaraq müqavilənin şərtlərini pozmuş və müqavilə öhdəliklərini icra etməmişdir. Borcun yaranmasına əsas olan yazılı notarial qaydada təsdiq olunmuş borc müqaviləsi movcud olamadığından cavabdehin həqiqətən həmin məbləğdə borcunun olmasını sual altındadır. Məhkəmə qətnaməni maddi hüquq normalarının pozulması konteksində qəbul etmişdir. Prosessual məsələlər və tərəfin izahatı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X1-Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya şikayətinin təmin edilməməsinə dair izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-321/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə “X1-Nur” MMC arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixli NR-16/09/19 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesfikasiyada göstərilən tərkibdə, həcmdə və standarta uyğun vəziyyətdə malları alıcıya satmağı, alıcı isə həmin malları satıcıdan alıb və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. İş materialllarında olan 24 dekabr 2019-cu il tarixli elektron qaiməyə əsasən 2935,07 manat, 24 yanvar 2020-ci il tarixli elektron qaiməyə əsasən 1960,17 manat, 22 iyul 2020-ci il tarixli elektron qaiməyə əsasən 6540,42 manat olmaqla, ümumilkdə 11435,66 manat dəyərində malların qaiməsi İddiaçı MMC tərəfindən “X1-Nur” MMC-yə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə “X1 Nur” MMC arasında 16 sentyabr 2019-cu il tarixli NR-16/09/19 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin predmetini alıcının sifarişi əsasında metal tikinti materiallarının satışı və bu müqavilənin şərtlərinə uyğun olaraq mal-materialın qiymətinin ödənilməsi münasibətləri təşkil edir. İddiaçı MMC müqavilə şərtlərini yerinə yetirib malları təchiz etsə də, cavabdeh “X1-Nur” MMC müqavilə üzrə yerinə yetirməli olduğu öhdəlikləri tam olaraq icra etməmiş, təchiz edilmiş mal-materialın qiyməti ödənilməyərək ƏDV daxil 11435,82 manat məbləğində öhdəlik icra edilməmiş qalmışdır. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə “X1-Nur” MMC arasında 16 sentyabr 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesfikasiyada göstərilən tərkibdə, həcmdə və standarta uyğun vəziyyətdə malları alıcı “X1Nur” MMC-yə satmağı, alıcı isə həmin malları satıcıdan alıb və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malları Alıcıya vermiş, lakin Alıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və malların dəyərini Satıcıya ödəməmişdir. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 sentyabr 2019- cu il tarixli tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehdən 11435,82 manat pul vəsaitinin tutulmasını tələb etsə də, 24 dekabr 2019-cu il, 24 yanvar 2020-ci il və 22 iyul 2020-ci il tarixli elektron qaimələrə əsasən müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 11435,66 manat məbləğində mal göndərmişdir və cavabdehin iddiaçıya 11435,66 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 11435,66 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.2-ci maddəsinə əsasən alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanan alğı-satqı müqaviləsinə əsasən “X1-Nur” MMC İddiaçı MMC-dən almış olduğu malın dəyərindən 24 dekabr 2019cu il tarixli elektron qaiməyə əsasən 2935,07 manat, 24 yanvar 2020-ci il tarixli elektron qaiməyə əsasən 1960,17 manat, 22 iyul 2020-ci il tarixli elektron qaiməyə əsasən 6540,42 manat olmaqla, ümumilkdə 11435,66 manatını ödəməmişdir. Malların dəyərini ödəmədiyi məhkəmə iclasında müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini həmin qismən təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri iddiaçının təmin etməli olan malları geçikdirməsi və vaxtında təmin etməməsi ilə bağlıdır. Kollegiya şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, cavabdeh malların iddiaçı tərəfindən gecikdirildiyini vurğulasa da, lakin bununla bağlı iddiaçıya pretenziya verdiyini və ya da etiraz etdiyini təsdiq edən sübut təqdim etməmişdir. Əksinə işdən göründüyü kimi tərəflər arasındakı müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış, mallar isə cavabdehə xx.xx.2019-cu il tarixdən başlayaraq hissə-hissə verilmişdir. Apellyasiya şikayətinin digər dəlili borcun yaranmasına əsas olan yazılı notarial qaydada təsdiq olunmuş borc müqaviləsinin movcud olamaması ilə bağlıdır. Azərbaycan Respublikası MPM-in 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. İşdən görünür ki, tərəflər arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixli NR- 16/09/19 saylı alqı-satqı müqaviləsi hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş və cavabdeh həmin müqavilənin həqiqiliyini şübhə altına ala bilən hər hansı mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “X1-Nur” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-321/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar