Məhkəmə qərarları › İş №2-2(104)-162/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-162/2025

23.07.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-162/2025 23.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1224/2025 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 8,589.76 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 589 manat, İşsizlikdən sığorta fonduna olan 3.65 manat, İcbari Tibbi Sığorta Fonduna olan 166.37 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 589 manat, İcbari Tibbi Sığorta Fonduna 166.37 manat, dövlət büdcəsinə 8,489.76 manat məbləğində (o cümlədən, vergilər üzrə 411.07 manat, faizlər üzrə 33.81 manat, maliyyə sanksiyası üzrə 8,044.88 manat), İşsizlikdən sığorta fonduna 3.65 manat olmaqla, ümumilikdə 9,248.78 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Birinci instansiya məhkəməsində icraat Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 12 iyun tarixli e-2-2(115)-1224/2025 nömrəli qətnaməsi ilə (hakim R.Qələndarzadə) ərizənin təmin edilməsi, Maraqlı şəxs ölkədən getmək hüququ Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 589 manat, İcbari Tibbi Sığorta Fonduna 166.37 manat, dövlət büdcəsinə 8,489.76 manat məbləğində (o cümlədən, vergilər üzrə 411.07 manat, faizlər üzrə 33.81 manat, maliyyə sanksiyası üzrə 8,044.88 manat), İşsizlikdən sığorta fonduna 3.65 manat olmaqla, ümumilikdə 9,248.78 manat məbləğində borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılma, Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən vergi borcu və cərimələr düzgün yazılmamışdır. Belə ki, icarəyə götürdüyü obyekt təmirlə bağlı tam fəaliyyət göstərmirdi. Obyektin daxilində təmir və dizayn işlərininin tamamlanması gedirdi. Verginin əməkdaşları obyektə gəldikdə bildirmişdir ki, 2 rəsmi işçisi var digər üç nəfər obyektin təmiri ilə bağlı ustalara kömək edirlər. Verginin əməkdaşları 3 nəfərində qeydiyyatın aparıb narahat olmayın bunlara cərimə yazılmayacaq dedilər. Kassa aparatı ilə posterminala görə də akt tərtib etdilər. Özlərinin də, gördüyü kimi həm kassa aparatı həm də posterminalı var ancaq qeyd etdiyi kimi obyekt təmirdə olduğu üçün istifadə etmirdi. Verginin əməkdaşları getdikdən bir müddət sonra məlum oldu ki, ona qeyd edilən üç nəfərin hər birinə 2,000 manat olmaqla ümumilikdə 6,000 manat və kassa aparatı və posterminala görə hərəsinə 1,000 olmaqla ümumilikdə 2,000 manat, cəmi 8,000 manat cərimə yazılmışdır. O, sahibkarlıq fəaliyyətinə banklardan 40,000 manat kredit götürüb icarəyə götürdüyü obyekti təmir etməklə fəaliyyətə başlamaq istədikdə artıq vergi ona 8,000 manat haqsız cərimə yazdı. Qeyd olunanlara əsasən maraqlı şəxs Gəncə Kommersiya Məhkəməsinin 12 iyun 2025-ci il tarixli e-2-2(115)-1224/2025 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə dair qərar qəbul edilsini xahiş etmişdir. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, maraqlı şəxs isə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mövcud sübutlar əsasında düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərində maraqlı şəxs vergi borcunun əsasız olduğunu bildirərək, icarəyə götürdüyü obyektin fəaliyyət göstərmədiyi dövrdə vergi orqanı tərəfindən obyekt daxilində olan 3 nəfərə görə və həmçinin kassa aparatı və postterminala dair akt tərtib edilərək ümumilikdə 8.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edildiyini qeyd etmişdir. Lakin iş üzrə təqdim olunmuş sənədlərdən görünür ki, vergi orqanı tərəfindən Maraqlı şəxs fəaliyyətində vergi qanunvericiliyinin tələblərinin pozulması faktları qeydə alınmış, bu pozuntulara görə müvafiq maliyyə sanksiyası tətbiq olunmuş, nəticədə Dövlət Sosial Müdafiə Fonduna 589 manat, İcbari Tibbi Sığorta Fonduna 166.37 manat, dövlət büdcəsinə 8,489.76 manat (o cümlədən, vergilər üzrə 411.07 manat, faizlər üzrə 33.81 manat, maliyyə sanksiyası üzrə 8,044.88 manat), İşsizlikdən sığorta fonduna 3.65 manat olmaqla ümumilikdə 9,248.78 manat məbləğində borc yaranmışdır. Maraqlı şəxs tərəfindən həmin borcun silinməsinə, ləğv edilməsinə və ya tam və ya qismən ödənilməsinə dair hər hansı rəsmi sənəd, bank çıxarışı, ödəmə tapşırığı və ya inzibati aktın etibarsız sayılması haqqında qərar məhkəməyə təqdim edilməmişdir. Vergi orqanı isə qanunla müəyyən edilmiş qaydada, təqdim edilən sübutlara əsasən borcun mövcudluğunu təsdiqləmişdir. Bu səbəbdən də, borcun qanuni qüvvədə olduğu hallarda ərizəçinin Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən vergi borcunun təminatı məqsədilə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə təqdim etməsi qanuni və əsaslı hesab edilir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisənin həlli baxımından düz olaraq Vergi Məcəlləsinin 77.1, 23.1.15-3, habelə Mülki Prosessual Məcəllənin 355-5.1, 355-7.3, 355-7.4-cü maddələrinə istinad etməklə belə qənaətə gəlmişdir ki, ərizə təmin edilməlidir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş məsələləri təkrarlamağa lüzum yoxdur. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1224/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar