Məhkəmə qərarları › İş №2-2(104)-163/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-163/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-163/2023 16.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası- hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2-2(115)-87/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixə xx.xx.2016-cı il tarixli 2610-GL/16 nömrəli müqavilə üzrə yaranmış 15255 manat gecikdirilmiş əsas borc və 6346.08 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 manatın, cəmi 22101.08 manat pul vəsaitinin cavabdehdən tutularaq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, xx.xx.2022-ci il tarixə xx.xx.2016-cı il tarixli, 2610-GL/16 nömrəli müqavilə üzrə yaranmış 14955 manat gecikdirilmiş əsas borc və 6346.08 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat, hüquqi yardımla bağlı ödənilmiş 300 manatın, cəmi 21801.08 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 2610-GL/16 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2016-cı il tarixli 2610-GL/16 nömrəli müqavilə üzrə 15255.00 (on beş min iki yüz əlli beş) manat gecikdirilmişəsas borcu və 6346.08 (altı min üç yüz qırx altı manat, 08 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-2(115)-87/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2016-cı il tarixli 2610-GL/16 nömrəli müqavilə üzrə yaranmış 14955 (on dörd min doqquz yüz əlli beş manat) əsas borc, 500 (beş yüz) manat cərimə olmaqla, ümumilikdə 15455 (on beş min dörd yüz əlli beş manat) manat borc, hüquqi yardımla bağlı ödənilmiş 50 (əlli) manat və 200 (iki yüz) manat mediasiya xərcinin tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, Cavabdeh 136.26 (yüz otuz altı manat iyirmi altı qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 11 noyabr 2016-cı il tarixli, 2610-GL/16 saylı güzəşt müqaviləsindən, müqaviləyə əlavə olan ödəniş qrafıkindən və spesifıkasiyadan görünür ki, Sampo Rosenlew markalı taxılyığan kombayndan ibarət bir ədəd kənd təsərrüfatı texnikasının ilkin dəyərinə 40 faiz güzəşt tətbiq etməklə, ödəniş qrafıkinə uyğun olaraq 2024-cü il tarixinədək ilk ilin 2-ci və 3- cü rübü 3054 manar, qalan hər ilin isə 2 və 3-cü rübləri 3051 manat olmaqla, 42720 manat dəyərində lizinq obyektinin lizinqə verilməsi razılaşdırılmışdır. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, hüquqi yardımla bağlı 300 manat ödəniş edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-25/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətanməsindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, e- 2-2(115)-371/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 8312 (səkkiz min üç yüz on iki) manat əsas borc və 308,17 (üç yüz səkkiz manat on yeddi qəpik) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-25/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətanməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-2(115)-87/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-2(115)-87/2023 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təyin edilmiş 15.255 manat borc qanunsuz olaraq hesablanıb yazıldığı üçün onun həmin pulu ödəməyə heç bir maddi imkanı yoxdur. O rəsmi olaraq heç bir yerdə işləmir və aylıq qazancı olduqca azdır. Maddi imkanının aşağı olması ilə bağlı ödəyə bilmədiyi üçün borcun düzgün aydınlaşdırılmasını və ekspertiza təyin edilməsini istəyir. Onun əsas borcun az olmasına baxmayaraq iddia ərizəsində qanunsuz olaraq yüksək məbləğ qeyd edir və həmin pulu şişirdilmiş artıqlaması olaraq ondan tələb edir. Şişirdilmiş olaraq hesablanmış borcu əməkdaşının səhlənkar hərəkəti nəticəsində hesablanmışdır. Məhkəmə iclaslarında iştirak edə bilsəydi mütləq əsas borcun və faiz borcunun düzgün hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini istəyərdi. Hazırda qətnamədən narazı olduğu üçün apelyasiya şikayəti verir və qətnamənin ləğv olunaraq onun qanunla qorunan hüquqlarının bərpa olunmasını istəyir. Apellyasiya şikayətinə qarşı iddiaçının yazılı etirazı: İddiaçı Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, cavabdeh apellyasiya şikayətinin əsaslarından biri kimi onun əsas borcunun az olmasına baxmayaraq iddia ərizəsində qanunsuz olaraq yüksək məbləğin qeyd edildiyini, həmin pulun şişirdilmiş artıqlaması ilə tələb edildiyini, şişirdilmiş olaraq hesablanmış borcun əməkdaşın səhlənkar hərəkəti nəticəsində hesablandığını, məhkəmə iclaslarında iştirak edə bilsə idi məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini istəyəcəyini göstərmişdir. Cavabdeh ilə bağlanmış 2610-GL/16 saylı, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən lizinq verən texnikanın ilkin dəyərinə, 40 % lik güzəşt tətbiqindən sonra ümumi məbləği 42720 (qırx iki min yeddi yüz iyirmi) manat olan kənd təsərrüfatı texnikasını lizinq alana lizinqə vermişdir. Belə ki, sözügedən müqavilənin əlavəsi olan ödəniş qrafikinə (Əlavə № 2) nəzər saldıqda sadə riyazi hesablama aparmaqla müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 21.07.22-ci il tarixə ( qrafik üzrə 2022-ci ilin 1-ci və 2-ci rübləri də daxil olmaqla) ödənilməli cəmi məbləğin 33567 AZN olmasını müəyyən etmək olur. (2017-ci il üzrə ödənilməli 6108 AZN + 2018-ci il üzrə ödənilməli 6102 AZN + 2019-cu il üzrə ödənilməli 6102 AZN + 2020-ci il üzrə ödənilməli 6102 AZN + 2021-ci il üzrə ödənilməli 6102 AZN + 2022-ci ilin 3-cü rübünün əvvəlinədək ödənilməli 3051 AZN (2022-ci ilin 1-ci və 2-ci rübü daxil olmaqla) =33567AZN). Bu hesablama ilə yola çıxdıqda, əsas borc üzrə maliyyə arayışının tərtib edildiyi 21.07.22- ci il tarixə gecikdirilmiş borc məbləğinin 15255 AZN olmasını da asanlıqla müəyyən etmək olur. Belə ki, 33567 - 10000 AZN (cavabdehin müqavilə üzrə ödədiyi məbləğ) – 8312 AZN (Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(115)-371/2020 saylı qətnaməsindən ödənilməmiş məbləğ) =15255 AZN. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına nəzər saldıqda həmin arayışın Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(115)-371/2020 saylı qətnaməsinin nəzərə alınmaqla tərtib edildiyi müəyyən edilir. Əlavə olaraq bildiririk ki, iddia ərizəsindən də göründüyü kimi, tələb edilən cərimə məbəği 6346 (altı min üç yüz qırx altı manat 08 qəpik) manat təşkil etmişdir. Məhkəmə tərəfindən tələbin cərimə məbləğinə dair təmin edilmiş hissəsi formalaşmış məhkəmə təcrübəsində bir çox hallarda tətbiq edilən gecikdirilmiş əsas borc üzrə tələbin 10 faizi məbləğinə qədər də deyil, daha az, yəni 500 (beş) manat məbləğə kimi azaldılmışdır. İddiaçı humanist yanaşma sərgiləyərək cərimə məbləğinə dair iddianın təmin edilməyən hissəsi ilə razılaşmış, məhkəmə aktından şikayət verməmişdir. Qeyd olunanları nəzərə alaraq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Gəncə Kommersiya Məhkəməsinin 2- 2(115)-87/2023 saylı, 07 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı iddiaçının nümayəndəsi və vəkili X1 məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməmsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xıdmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 747.1.Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2- 2(115)-87/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC (hazırda Aqrar Kredit və İnkişaf Agentliyi) ilə Cavabdeh arasında bağlanmış 27 may 2014-cü il tarixli lizinq müqaviləsinə əsasən 106800 manat dəyərində kənd təsərrüfatı texnikası Cavabdeh lizinqə verilmiş, ilkin ödəniş 21360 manat təşkil etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasmın lizinqə verilməsi barədə 11 noyabr 2016-cı il tarixli, 2610- GL/16 saylı güzəşt müqaviləsinə əsasən kənd təsərrüfatı texnikasının ilkin dəyərinə 40 faiz güzəşt tətbiq edilmiş və qalıq dəyəri 42720 manat olan kənd təsərrüfatı texnikasının 2024-cü il tarixinədək ilk ilin 2-ci və 3-cü rübü 3054 manat, sonrakı illərin isə 2 və 3-cü rübləri 3051 manat ödıənilməklə lizinqə verilməsi razılaşdırılmışdır. Gəncə Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, e-2-2(115)-371/2020 saylı qətnaməsi ilə 2020-ci ilin 2-ci rübünədək yaranmış 8312 borc məbləğinin Cavabdeh tutlması qət edilmişdir. Hazırkı iş üzrə isə cavabdehdən 2020-ci ilin 2-cü rübündən 2022-ci ilin 3-cü rübünədək olan borc məbləği tələb edilmişdir ki, ödəniş cədvəlinə əsasən həmin dövr üzrə ödənilməli olan məbləği 15255 (3051 manat x 5 rüb=15255) manat təşkil etmişdir. Birinci instansiya məhkəməsində işə baxıldığı müddətdə cavabdeh tərəfindən 300 manat ödənilmişdir ki, buna görə də iddiaçı tərəfindən iddia tələbinin həcmi azaldılaraq, cavabdehdən 14955 manatın tutulması xahiş olunmuş, birinci instansiya məhkəməsi isə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləriniə münasibətdə isə qeyd edir ki, cavabdeh tələb olunan borc məbləğinin düzgün hesablanmadığını iddia etsə də buna dair hər hansı bir əsaslı dəlil irəli sürə bilməmişdir. Ekspertizanın isə nəyə görə keçirilməli olmasını da əsaslandıra bilməmişdir. Hərçənd ki, yuxarıda qeyd olunan adi riyazi hesablama yolu ilə tələb edilən borcun əsaslı olması müəyyən edilməkdədir. Belə ki, müqaviləyə və ödəniş cədvəlinə əsasən 2020-ci ilin 2-cü rübündən 2022-ci ilin 3-cü rübünədək olan dövr ərzində cavabdeh tərəfindən 15255 (3051 manat x 5 rüb=15255) manat ödənilməli olduğu halda, iş materiallarında olan ödənişə dair hesabat cədvəlindən göründüyü kimi həmin dövr ərzində cavabdeh tərəfindən yalnız 300 manat ödəniş edilmişdir. Belə olduğu təqdirdə lizinq müqaviləsi üzrə ödənilməli olan 14955 manatın əsaslı olması sübut olunur. 300 manat ödəniş məbləğindən əlavə isə hər hansı bir məbləğin ödənilməsi ilə bağlı isə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Buna görə də Gəncə Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2-2(115)-87/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası əlavə olarq qeyd edir ki, birinci instansiya məhkəməsi 16 mart 2023-cü il tarixli qərardadı ilə 07 mart 2023-cü il tarixli, e-2-2(115)-87/2023 saylı qətnaməsinin nəticə hissəsində yol verdiyi yanlışlığı aradan qaldıran zaman qərardadın nəticə hissəsində 15455 (on beş min dörd yüz əlli beş) manat əsas borc rəqəmləri sözlərinin 14955 (on dörd min doqquz yüz əlli beş) manat rəqəmləri və sözləri kimi oxunmasını qərara alsa da əslində qətnamənin nəticə hissəsində 15255 (on beş min iki yüz əlli beş) manat rəqəmləri və sözləri olmuşdur ki, bununla da qərardadında da texniki səhvə yol vermişdir. Lakin, birinci instansiya məhkəməsi ümumi məbləğ olan 15755 (on beş min yeddi yüz əlli beş manat) manat rəqəmləri və sözlərinin 15455 (on beş min dörd yüz əlli beş) manat rəqəmləri və sözləri kimi oxunmasını düzgün qeyd etdiyindən və bununla da cavadbehdən tutulmalı olan məbləği düzgün olduğundan məhkəmə kollegiyası qeyd ounan texniki səhvə görə qətnamənin dəyişdirilməsinə də zərurət görməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2-2(115)-87/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2-2(115)-87/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlansın Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar