Məhkəmə qərarları › İş №2-2(104)-164/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-164/2024

02.10.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-164/2024 02.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 və Maraqlı şəxs nümayəndəsi Vəkil Fərhad oğlunun iştirakı ilə, Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2-(115)-952/2024 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2-(115)-952/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsinin təmin edilməməsi qət edilmişdir. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək iş üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2-2-(115)-952/2024 saylı qətnaməsini ləğv edərək ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə xx.xx.2024-cü il tarixdə Gəncə Kommesiya Məhkəməsinə mürаciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 8297,81 manat, İşsizlikdən Sığorta fonduna 349,03 manat, İcbari Tibbi Sığorta Fonduna 1350,13 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 349,03 manat, İcbari Tibbi Sığorta Fonduna 1350,13 manat, Dövlət Sosial Müdafiə Fonduna 8297,81 manat olmaqla, ümumilikdə 9996,97 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qeydiyyata alınmamış dəyişiklik faktlarına istinad olunması nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən hüquqi şəxslərin reyestrində qeydə alınmamış fakt nəzərə alınmışdır. Həmin faktın 12 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilməsi ilə bağlı hər hansı bir sübut təqdim edilməmiş, o cümlədən Cəmiyyətin icra orqanının rəhbərinin dəyişdirilməsi ilə bağlı vergi orqanına müraciət edilməmiş, reyestrdə müvafiq dəyişiklik edilməmişdir. İş üzrə maraqlı şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri olması, hüquqi şəxsin şəxsi hesab vərəqəsinə əsasən onun dövlət büdcəsinə borclarının olması barədə dəlillər məhkəmənin diqqətinə çatdırılsa da məhkəmə bu sübutlara münasibət bildirməyərək və prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq yalnız maraqlı şəxsin gətirdiyi dəlilə istinad etməklə iş üzrə yanlış qərar vermişdir. Belə ki, hər hansı dəyişiklik faktını təsdiq edən sübut olmadan məhkəmə X2 MMC-nin rəhbəri kimi tanımışdır. Halbuki, reyestrdə xx.xx.2024-cü il tarixə olan fakta əsasən “X8” MəhdudMəsuliyyətli Cəmiyyətinin rəhbəri Maraqlı şəxsdur. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən maraqlı şəxs nümayəndə vasitəsilə təmsil olunsa da, özü məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2-(115)-952/2024 saylı qətnaməsini ləğv edərək Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxsin nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəliləri ilə bağlı ərizəçinin və maraqlı şəxsin nümayəndələrini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməlii və ərizənin təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarındakı hüquqi şəxs haqqında məlumatdan görünür ki, “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2021-ci ildə vergi orqanında qeydiyyata alınmış və əsas fəaliyyət kilinika fəaliyyətidir. Hüquqi şəxsin rəhbəri Maraqlı şəxsdur. İş materiallarına əlavə edilmiş ərizəçi tərəfindən təqdim оlunmuş sənədlərdən görünür ki, vergi ödəyicisi olan hüquqi şəxs “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna xx.xx.2024-cü il tarixə 9996,97 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti borc məbləğindən xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024cü il tarixdə 500 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 10/05-1 nömrəli 10 may 2024-cü il tarixli əmrdən görünür ki, “X8” Klinikası bölməsində direktor vəzifəsində işləyən Maraqlı şəxs ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə icraçı direktor Maraqlı şəxs tərəfindən “AR ƏM-nin 68.2 “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü tarixində, yəni ərizəçi müvafiq ərizə ilə məhkəməyə müraciət etdikdən sonra xitam verilmişdir. İş materiallarına əlavə edilmiş 10 may 2024-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirşindən görünür ki, X3 “X8” MMC-də direktor vəzifəsinə təyin edilmişdir Ərizəni təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlandığı vaxt “X8” MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs olmuş, ərizə məhkəməyə daxil olduğu gündən iki gün sonra, yəni xx.xx.2024-cü il tarixdə onun tutduğu vəzifə səlahiyyətlərinə xitam verilmiş, X3 “X8” MMC-də direktor vəzifəsinə təyin edilmiş və hazırda həmin hüquqi şəxsin icra orqanın rəhbəridir. Göründüyü kimi Maraqlı şəxs hazırda “X8” MMC-nin icra orqanın rəhbəri deyildir. Ona görə də hüquqi şəxsin borclarına görə hazırda icra orqanının rəhbəri olmayan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir vergi orqanının ərizəsi əsaslı sayıla və təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1 və 23.1.15-3-cü maddələrinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 349,03 manat, İcbari Tibbi Sığorta Fonduna 1350,13 manat, Dövlət Sosial Müdafiə Fonduna 8297,81 manat olmaqla, ümumilikdə 9996,97 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ərizəni təmin etməməkdə haqlı olmamışdır. Kollegiya qeyd edir ki, hazırkı halda məhkəmə araşdırmasının predmetini yaranmış borcun vaxtında ödənilməməsinə görə vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təşkil edir və onun ölkədən getmək hüququnun məhdudlaşdırılması dövlət büdcəsinə olan vergi borcunun yubadılmadan ödənilməsinə xidmət edir. Təsadüfi deyil ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək Azərbaycan Respublikasının Konstitusiyasında hər bir kəsin borcu kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxsin nümayəndəsi “X8” Məhdud Məsuliyyətli Cəmiyyətində direktorun - maraqlı şəxs olan Maraqlı şəxs dəyişdirildiyini, hazırda icra orqanın rəhbəri X1 olmasını qeyd etsə də, bu barədə vergi orqanına müraciət etməmişlər və reyestrdə hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs kimi qalmışdır. Həm də Maraqlı şəxs tutduğu vəzifədən onu həmin vəzifəyə təyin etmiş şəxs – MMC-nin təsisçisi yox, özü özünü işdən azad etmiş və bu işdən azad olunma MMC-nin ödənilməmiş vergi borcuna görə ərizəçi tərəfindən vergi ödəyicisi olan “X8” MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə məhkəmənin icraatına daxil olduqdan sonra baş verir. Halbuki Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. İstinad olunan Qanunun tələbindən də göründüyü kimi hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Maraqlı şəxs “X8” MMC-də xx.xx.2024-cü il tarixdən direktor vəzifəsində işləmədiyini qeyd etmiş olsa da, hüquqi şəxsin təsis sənədlərində qanunla müəyyən edilmiş müddətdə müvafiq dəyişikliyin edildiyi iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, kollegiya ərizəçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilərək, ərizənin təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 355-7.3, 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2-(115)-952/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. Ərizə təmin edilsin. Vergi ödəyicisi olan “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 349,03 manat, İcbari Tibbi Sığorta Fonduna 1350,13 manat, Dövlət Sosial Müdafiə Fonduna 8297,81 manat olmaqla, ümumilikdə 9996,97 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (Şəxsiyyət vəsiqəsinin FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar