Məhkəmə qərarları › İş №2-2(104)-165/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-165/2024

14.08.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-165/2024 14.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi ilə bağlı kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü tarixli, e-2-2(115)-969/2024 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü tarixli, e-2-2(115)-969/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsinin təmin edilməməsi qət edilmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-969/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə mürаciət edərək, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Mənzil-Tikinti Kooperativinin dövlət büdcəsinə 11756,22 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 164,94 manat məbləğində (o cümlədən, faizlər üzrə 64,94 manat, maliyyə sanksiyası üzrə 100 manat), "xxxx" Mənzil-Tikinti Kooperativinin (VÖEN: **********) dövlət büdcəsinə 11591,28 manat (o cümlədən, vergilər üzrə 140 manat) olmaqla, ümumilikdə 11756,22 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, məhkəmə ərizəni təmin etməməklə "xxxx" MMC-nin və "xxxx" Mənzil-Tikinti Kooperativinin dövlət büdcəsinə olan vergi borcunu ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmış, həmçinin vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan hüququ şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. Vergi öhdəliyinin qanunvericiliklə müəyyən olunmuş müddətdə yerinə yetirilməməsi kifayət edir ki, vergi orqanı bu hüququndan istifadə edərək məhkəməyə müraciət etsin. Məhkəmə bunu qətnaməsində qeyd etsə də, vergi orqanının bu hüquqdan istifadəsinin nəticəsini səmərəsiz etməsini yenə də mütənasiblik prinsipi ilə əlaqələndirmiş, həmçinin ağlabatan və ədalətli olmadığını qeyd etmişdir. Lakin qətnamədə vergi ödəyicisinin əmlakının satılması barədə məhkəmədə iddia qaldırılmanın mütənasiblik prinsipini hansı formada pozması əsaslandırmamışdır. Məhkəmə qətnaməsində digər borc məbləğinə münasibətdə borc məbləğinin az olmasının da mütənasiblik meyarına cavab vermədiyini qeyd edir. Bu mənada birinci halla ikinci halın bir-birindən tamamilə fərqləndiyini nəzərə alsaq, məhkəmənin hər iki hala eyni formada əsaslandırma verməsi ağlabatan və ədalətli deyil. Məhkəmənin maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin seçiməsinin ağlabatan və ədalətli olmamasını qeyd etməsi də anlaşılan deyil. Məhkəmənin də qeyd etdiyi kimi sözügedən borc məbləği 2021-ci ilə aid olduğundan və həmin borc məbləğinin ödənilməsi bu günə qədər təmin edilmədiyindən vergi orqanının əlində olan bütün vasitələrdən istifadə edərək borcun alınması istiqamətində tədbirlərin görməsi tam ağlabatan və ədalətlidir. Bu birbaşa Vergi Məcəlləsinin 24.1.1-ci maddəsinin tələbidir və vergi orqanı bu vəzifəsini icra etməyə borcludur. Vergi ödəyicisinin əmlakının siyahıya alınması, bu əmlakın satılması barədə məhkəmədə iddianın qaldırılması, məhkəmənin həmin iddia tələbini təmin etməsi vergi öhdəliyinin yerinə yetirilməsi kimi qəbul edilə bilməz. Vergi ödəyicinin şəxsi hesab vərəqəsindən göründüyü kimi vergi öhdəliyi hələ də vergi ödəyicisi tərəfindən icra edilməmişdir. Göründüyü kimi sözügedən tədbir nəticə verməmişdir. Bu səbəbdən də vergi ödəyicisinin konstitusion vəzifəsini icra etməməsi nəticəsində mövcud olan borcunun alınması üsulu kimi vergi orqanı özünün digər hüququnu realizə etmişdir. Məhkəmənin "xxxx" MMC-nin dövlət büdcəsinə olan 164,94 manat borcunun, habelə "xxxx" Mənzil-Tikinti Kooperativinin dövlət büdcəsinə olan 140 manat borcunun ödənilməsi üçün icra orqanının rəhbəri barəsində məhdudiyyətin tətbiq edilməsinin mütənasiblik meyarına cavab verməməsi ilə bağlı mövqeyi də əsassızdır. Belə ki, qanunvericilikdə borc məbləğinin miqdarının vergi orqanının hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə ərizə ilə müraciət etmək hüququnu məhdudlaşdırması nəzərdə tutulmamışdır. Digər tərəfdən məhkəmə borcun hansı miqdarının mütənasiblik meyarına cavab verməsini də qətnaməsində qeyd etməmişdir. Çünki qanunvericlikdə belə bir meyar mövcud deyildir. Vergi öhdəliyinin qanunvericiliklə müəyyən olunmuş müddətdə icra edilməməsi kifayət edir ki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququ məhdudlaşdırılsın. Qanunverici vergi orqanına hüquqlarının realizəsi üçün hər hansı ardıcıllıq müəyyən etməmişdir. Vergi orqanın vəzifəsi ona verilmiş hüquqi imkanların hamısından istifadə edərək vergi borcunun ödənilməsini təmin etməkdir. İş üzrə vergi ödəyicisi olan hüquqi şəxslərin onlara aid şəxsi hesab vərəqəsindəki borcları onların icra edilməmiş vergi öhdəliyini təşkil edir. Məhkəmə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi əsasında Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdulaşdırılmaması yuxarıda adları qeyd olunmuş hüquqi şəxslərin dövlət büdcəsi qarşısında olan mövcud vergi öhdəliyinin onun tərəfindən bilavasitə icra edilməməsi ilə nəticələnəcəkdir. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçinin nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş hüquqi şəxslər haqqında məlumat cədvəlindən görünür ki, hüquqi şəxslərin rəhbəri Maraqlı şəxsdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli **********494400, xx.xx.2023-cü il tarixli **********486000, xx.xx.2022-ci il tarixli **********610800 nömrəli bildirişlərdən görünür ki, vergi ödəyicisinə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs xx.xx.1971-ci ildə Ağdam rayonu Başqərvənd kəndində doğulmuşdur. Ağdam rayonu Qərvənd Ərazi Dairəsi Baş Qərvənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, "xxxx" Mənzil- Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 280 manat məbləğində borcu vardır. Həmçinin əmlaka yönəldilən məbləğ üzrə xx.xx.2023-cü il tarixə xx.xx.2021ci il tarixli 2-2(113)-2713/21 və xx.xx.2021-ci il tarixli 2-2(113)-2798/21 saylı qətnamələr üzrə 11451,28 manat təşkil edir. İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 173,55 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-2713/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" Mənzil- Tikinti Kooperativinə qarşı cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 11541,31 manat ödənilməmiş vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinin siyahıya alınmış 15000 (on beş min) manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclər, "xxxx" Mənzil-Tikinti Kooperativinin dövlət büdcəsinə olan 11541,31 manat borcunun və 10 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-2798/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" Mənzil- Tikinti Kooperativinə qarşı cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən 1071,77 manat məbləğində məcburi dövlət sosial siğorta haqqları üzrə borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinin siyahıya alınmış 15000 (on beş min) manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclər, "xxxx" Mənzil-Tikinti Kooperativinin Dövlət Sosial Müdafıə Fonduna olan 1071,77 manat borcu və 10 manat məbləğində dövlət rüsumu tutulması qət edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 164,94 manat məbləğində (o cümlədən, faizlər üzrə 64,94 manat, maliyyə sanksiyası üzrə 100 manat), "xxxx" Mənzil-Tikinti Kooperativinin (VÖEN: **********) dövlət büdcəsinə 11591,28 manat (o cümlədən, vergilər üzrə 140 manat) olmaqla, ümumilikdə 11756,22 manat borcu yaranmışdır. "xxxx" MMC-nin 11451,28 manat borcunun ödənilməsi məqsədilə onun 15000 manat məbləğində əmlakı siyahıya alınmış, vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddia qaldırılmış, məhkəmə qətnaməsi ilə ərizə təmin edilmiş, 11541,31 manat borcun 15000 manat məbləğində siyahıya alınmış əmlakıın ixtisaslaşdırılmış açıq hərracda satılmaqla əldə edilmiş vəsait hesabına dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Ərizəni təmin etməmiş birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, ilk öncə məhkəmə ərizənin "xxxx" Mənzil-Tikinti Kooperativinin əmlaka yönəldilən məbləğ üzrə 11451,28 manat borcu ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin hüquqi şəxsin qeyd edilən məbləğdə borcunun ödənilməsi məqsədilə onun 15000 manat məbləğində əmlakı siyahıya alınmış, vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddia qaldırılmış, məhkəmə qətnaməsi ilə ərizə təmin edilmiş, 11541,31 manat borcun 15000 manat məbləğində siyahıya alınmış əmlakıın ixtisaslaşdırılmış açıq hərracda satılmaqla əldə edilmiş vəsait hesabına dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Vergi orqanı görülmüş həmin tədbirin tətbiqinin nəticə verməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, hansı səbəbdən görülən tədbirin nəticə verməməsi və başqa tədbirin görülməli olmasının vacibliyi əsaslandırılmamışdır. Həmçinin qeyd etmək lazımdır ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin birinin seçildiyi təqdirdə digərinin seçilməsinin istisna olunmasına dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə müddəa olmasa belə borclunun siyahıya alınmış əmlakının satılaraq ödənilməsi nəzərdə tutulan eyni borca görə vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin seçilməsi mütənasiblik prinsipinin tələbinə zidd olmaqla yanaşı ağlabatan və ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə hər iki hüquqi şəxsin dövlət büdcəsinə olan digər borcları ilə bağlı bildirir ki, ərizəçi həm də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan 164,94 manat borcunun, habelə "xxxx" Mənzil-Tikinti Kooperativinin dövlət büdcəsinə olan 140 manat borcunun ödənilməsi məqsədilə icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edilən borc məbləğlərini nəzərə alaraq həmin məbləğdə (164,94 manat və 140 manat, cəmi 304,94 manat) borcun ödənilməsi üçün icra orqanının rəhbəri barəsində məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab vermir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1 və 23.1.15-3-cü maddələrinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi orqanları vergilərin ödənilməsini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş mümkün olan bütün vasitələrdən məhdudiyyətsiz istifadə edə bilər. Həmçinin iş üzrə inzibati orqanın borclu hüquqi şəxsin rəhbəri barədə tətbiq olunmasını istədiyi məhdudiyyət tədbiri qanuni olmaqla yanaşı, həm də çatmaq istədiyi məqsədə mütənasibdir. Bu kimi işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinə (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) riayət olunması mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiqi üçün kifayət deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi maraqlı şəxsin borcu ödəmək imkanının olub-olmamasını müəyyən etmədiyindən birinci instansiya məhkəməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan 164,94 manat borcun, habelə "xxxx" Mənzil-Tikinti Kooperativinin dövlət büdcəsinə olan 140 manat borcunun ödənilməsi məqsədilə icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə ərizəni təmin etməməkdə və maraqlı şəxsin ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırmamaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, qanunvericilikdə borc məbləğinin miqdarının vergi orqanının hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə ərizə ilə müraciət etmək hüququnu məhdudlaşdırması nəzərdə tutulmamışdır. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, həqiqətən də qanunvericiliyin tələbinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin bununla belə qeyd olunmalıdır ki, hüquqdan sui-istifadə edilməsinə yolverilmir. Hüquqi şəxsin bank hesabı və tələb yönəldilə bilən əmlakı olduğu halda hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması mütənasiblik prinsipinin tələbinə zidd olmaqla, həm də ədalətsizdir. Beləliklə, kollegiyanın qənaətinə görə yuxarıda qeyd olunanlara əsasən ərizəçinin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla mübahisələndirilən qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olduğuna, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğuna görə həmin şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 355-7.3, 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü tarixli, e-2-2(115)-969/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar