Məhkəmə qərarları › İş №2-2(104)-166/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-166/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-166/2024 14.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, cavabdeh “X4-Nur” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı (MMC) cavabdeh “X4-Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı borc tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 2(115)-180/2024 saylı qətnaməsindən cavabdeh “X4-Nur” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-180/2024 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddianın qismən təmin edilməsi, cavabdeh “X4-Nur” MMCdən 56,758 manat borc, 3,000 manat cərimə olmaqla, cəmi 59,758 manat məbləğində borcun, hüquqi yardımla bağlı ödənilmiş 220 manat və 400 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, cavabdeh “X4-Nur” MMC-dən 269.27 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnаməsinin tam ləğv edilməsini, iddiа tələbinin təmin еdilməməsini və iş üzrə yеni qətnаmə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı MMC cavabdeh “X4Nur” MMC-yə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 07 yanvar 2020-ci il tarixli 001 nömrəli müqavilənin dəyəri olan 56,758 manat, 28,208.73 manat cərimə, 400 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 220 manat xidmət haqqı olmaqla ümumilikdə 85,586.73 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 yanvar 2020-ci ildə “X4Nur” MMC ilə "xxxx" MMC (VÖEN: **********) hazırkı adı İddiaçı MMC arasında bağlanan 30 dekabr 2020-ci il tarixli, 001 saylı müqaviləyə əsasən satıcı alıcıya həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşma protokolunda qeyd edilmiş malları satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilədə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 16 dekabr 2020-ci il tarixli 4 nömrəli qiymətlərin razılaşdırılması protokoluna və digər sənədlərə əsasən İddiaçı MMC tərəfindən “X4-Nur” MMC-yə 56,758 manat dəyərində müxtəlif markalı nasoslar təhvil verilmişdir. Satılmış avadanlıqların dəyərinin ödənilməsinə dair "xxxx" MMC tərəfindən “X4-Nur” MMC-yə 16 dekabr 2020-ci il tarixli 726 nömrəli hesab-faktura və 24 dekabr 2021-ci il tarixli elektron qaimə təqdim edilmişdir. Dəfələrlə şifahi şəkildə müraciət etmələrinə və rəsmi qaydada pretenziya ünvanlamaqlarına baxmayaraq cavabdeh tərəfindən bu günə qədər 56.758 manat vəsait İddiaçı MMC-yə (keçmiş "xxxx" MMC) ödənilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd edilən onun tərəfindən iddiaçıya 56,578 manat borcun necə yaranmasının dəqiq mexanizmi göstərilməmişdir. Həmçinin məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş alqı-satqı müqaviləsində qeyd edilən malın real bazar qiymətlərinə uyğun olubolmamasını araşdırmamış və iddiaçıya alqı-satqı müqaviləsində qeyd edilən malların yarı hissəsindən çoxunu qaytarmağını nəzərə almamışdır. Halbuki, məhkəmə qeyd edilən məbləği dəqiq müəyyənləşdirmək üçün iş üzrə ekspertiza təyin edə bilərdi. Həmçinin məhkəmə işə baxarkən cavabdeh olaraq onların iştirakını təmin etməmiş, nəticədə cavabdehin maraqlarına uyğun qərar qəbul etmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X4-Nur” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Mülki Prosessual Məcəllə: Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, cavabdeh və iddiaçı tərəfin nümayəndələrinin izahatlarını dinəyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. "xxxx" MMC ilə “X4-Nur” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 001 nömrəli müqavilədən görünür ki, satıcı - "xxxx" MMC müqavilədə müəyyən olunmuş şərtlərlə əlavədə razılaşdırılmış malı alıcıya satmağı, alıcı - “X4-Nur” MMC isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən alıcı bu müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə gecikdirdiyi hər bir gün üçün ödənilməyən məbləğin 0.1 %-i həcmində cərimə ödəyəcəkdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat İdarəsinin xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, "xxxx" MMC adı dəyişdirilərək xx.xx.2011-ci il tarixdən İddiaçı MMC kimi qeydiyyata alınmışdır. Malların xx.xx.2021-ci il tarixli EBBO 724645 nömrəli elektron qaimədən görünür ki, 56758 manat məbləğində mal -"xxxx" MMC tərəfindən alıcı-“X4-Nur” MMC-yə təqdim edilmişdir. Pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcla bağlı məlumat verilmiş, məsuliyyəti ilə bağlı xəbərdarlıq edilmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli 001 saylı alğı-satqı müqaviləsinin 1.2-ci bəndinə görə mal haqqında məlumat qiymətlərin razılşadırılması protokolunda qeyd edilmişdir. Həmin protokola əsasən nasosların alğı-satqısı müqavilənin predmetini təşkil etmişdir, eyni zamanda həmin müqavilənin 4.1-ci bəndində isə müqavilədə nəzərdə tutulmuş malın miqdarı, çeşidi, qiyməti və təhvil verilməsi tarixi bu müqaviləyə əlavə olunan qaimə-faktura və razılaşdırma protokoluna əsasən müəyyən edilməsi nəzərdə tutulmuşdur. Şəmkir rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış istintaqla müəyyən edilmişdir ki, “X4-Nur” MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən xx.xx.2020-ci il tarixli 2883 nömrəli qaimə faktura əsasında 1 ədədi 2500 manat olan 12 ədəd ESV 10-65- 110 marlaı nasoslar, 1 ədədi 1900 manat olan 4 ədəd ESV 8-25- 150 markaı nasoslar və 1 ədədi 1750 manat olan 6 ədəd ESV 8-16-140 markalı nasoslar isgəndərov Kənan Komissar oğlunun faktiki rəhbərlik etdiyi “X4-Nur” MMC-yə təhvil verilmiş, həmin vaxtdan bu günə kimi “X4-Nur” MMC-yə faktiki rəhbərlik edən X1 X3 direktoru olduğu "xxxx" MMC-yə 56578 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2020ci il tarixli 001 nömrəli alğısatqı müqaviləsinə əsasən, satıcı-"xxxx" MMC müqavilədə müəyyən olunmuş şərtlərlə əlavədə razılaşdırılmış malı alıcıya satmağı, alıcı- “X4-Nur” MMC isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüş, ancaq alıcı müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 3,000 manat məbləğində tutulmalıdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “X4Nur” MMC-dən 56,758 manat borc, 3,000 manat cərimə olmaqla, cəmi 59,758 manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 220 manat və 400 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 567. alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və cavabdehlə iddiaçı arasında bağlanmış müqavilənin yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, İddiaçı MMC müqavilədə müəyyən olunmuş şərtlərlə əlavədə razılaşdırılmış malı cavabdehə vermiş, lakin cavabdeh təhvil aldığı məhsullara görə tam ödəniş etməmiş, öhdəliyə lazımi qaydada əməl etməmişdir. Birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməkdə haqlı olmuşdur. Borc vaxtında ödənilmədiyinə görə hesablanmış cəriməyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehdən 28,208.73 manat məbləğində dəbbə pulunun (cərimə) tutulmasını xahiş etmiş olsa da, məhkəmə qanunvericiliyin yuxarıda istinad olunan normasına əsaslanaraq və işin hallarını nəzərə alaraq həmin məbləği azaldaraq ödənilməsi üçün cavabdehin üzərində 3,000 manat məbləğində cərimə saxlamışdır ki, iddiaçı da həmin xüsusatı mübahisələndirməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərilir ki, məhkəmə qətnaməsində qeyd edilən onun tərəfindən iddiaçıya 56,578 manat borcun necə yaranmasının dəqiq mexanizmi göstərilməmişdir. Həmçinin məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş alğı-satqı müqaviləsində qeyd edilən malın real bazar qiymətlərinə uyğun olubolmamasını araşdırmamışdır Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayaraq qeyd edir ki, xx.xx.2020-ci il tarixli 001 saylı alğı-satqı müqaviləsinin 1.2-ci bəndinə görə mal haqqında məlumat qiymətlərin razılşadırılması protokolunda qeyd edilmişdir. Həmin protokola əsasən nasosların alğı-satqısı müqavilənin predmetini təşkil etmişdir, eyni zamanda həmin müqavilənin 4.1-ci bəndində isə müqavilədə nəzərdə tutulmuş malın miqdarı, çeşidi, qiyməti və təhvil verilməsi tarixi bu müqaviləyə əlavə olunan qaimə-faktura və razılaşdırma protokoluna əsasən müəyyən edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan elektron qaimə və müqavilənin qiymət razılaşdırma protokolundan da görünür ki, 1 ədədi 2500 manat dəyərində 12 ədəd ESV 10-65-110 markalı Nasos, 1 ədədi 1,900 manat dəyərində 4 ədəd ESV 8-25-150 markalı Nasos və 1 ədədi 1,750 manat dəyərində 6 ədəd ESV 8-16-140 markalı Nasosun cəmi qiyməti ƏDV daxil olmaqla 56,758 manat müəyyən edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları Şəmkir rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə də əsaslandırmışdır. Göründüyü kimi müqavilədə aldığı malların dəyərini satıcıya ödəmək vəzifəsi cavabdehin, yəni alıcının vəzifəsi kimi müəyyən edilmişdir. Cavabdeh həmçinin apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iddiaçıya alqı-satqı müqaviləsində qeyd edilən malların yarı hissəsindən çoxunu qaytarmağını nəzərə almamışdır. Buna münasibətdə kollegiya qeyd edir ki, cavabdeh tərəf malların yarı hissəsindən çoxunu qaytardığını bildirsə də bu halı təsdiq edə biləcək hər hansısa mötəbər dəlillərlə əsaslandıra bilməmiş, həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili də öz izahatında bu halı təsdiq edə biləcək dəlillərinin olmadığını bildirmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin dəlillərindən digəri işə onun iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasıdır. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Mülki Prosessual Məcəllə: Maddə 9.1. ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.2. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Maddə 9.3. hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 185.2. işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Təsdiq olunur ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən cavabdehə məhkəmə bildirişi göndərmiş, cavabdeh baxış iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimni apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-180/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar