Məhkəmə qərarları › İş №2-2(104)-173/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-173/2023

23.06.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-173/2023 23.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, e-2-2(115)-539/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizə ilə məhkəməyə mürаciət edərək, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs 7940,73 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 6503,75 manat məbləğində (o cümlədən, vergilər üzrə 420 manat, faizlər üzrə 83,75 manat, maliyyə sanksiyası üzrə 6000 manat), İcbari Tibbi Sığorta Fonduna 4,68 manat, Dövlət Sosial Müdafiə Fonduna 1432,3 manat olmaqla, ümumilikdə 7940,73 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, e-2-2(115)-539/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ərizənin təmin edilərək, dövlət büdcəsinə 6503,75 manat, İcbari Tibbi Sığorta Fonduna 4,68 manat, Dövlət Sosial Müdafiə Fonduna 1432,3 manat olmaqla, ümumilikdə 7940,73 (yeddi min doqquz yüz qırx manat yetmiş üç qəpik) manat borcun ödənilənədək Maraqlı şəxs (doğulduğu tarix xx.xx.1991-ci il, doğulduğu yer Gəncə şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. İşdə olan sübutlar: 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim оlunmuş sənədlərdən görünür ki, vergi ödəyicisi olan Maraqlı şəxsnın dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna 7940,73 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, vergi ödəyicisinə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs xx.xx.1991-ci ildə Gəncə şəhərində doğulmuşdur. Qeydiyyat yeri Gəncə şəhəri Nizami rayonu A.İmanquliyeva küçəsi 320 ev 16 mənzil 41-dir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 11 may 2019-cu il doğum tarixli X4 atası Maraqlı şəxsdur. Talassemiya Mərkəzi tərəfindən verilmiş epikrizdən görünür ki, X2 limfoblast leykemiya xəstəliyindən əziyyət çəkir. Milli Hematologiya və X3 Hüquqi Şəxsin 7556 nömrəli xx.xx.2021-ci il tarixli tibbi arayışından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X6 xx.xx.2021-ci il tarixdən “B hüceyrəli kəskin limfoblast leykoz” diaqnozu ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin stasionar şöbəsində ambulator mülicədə olmuşdur. X1 xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Sunay Məmmədvoa xx.xx.2022-ci il tarixdən həmin xəstəxanada X8 diaqnozu əsasında müalicə almaqdadır və onun müalicəsinin daha bir il davam edəcəyi planlaşdırılır. X4 pasportundan görünür ki, o, 30 dentyabr 2022-ci il tarixdə Türkiyyə Respublikasına giriş etmişdir. Maraqlı şəxs pasportundan çıxarışdan görünür ki, o, 30 sentyabr 2022-ci il tarixdən 2023-cü ilin aprel ayına kimi bir neçə Türkiyyə Respublikasına gedib-gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, e-2-2(115)-539/2023 saylı qətnaməsindən Maraqlı şəxs apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-539/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmış, qətnaməydə qeyd edilmişdir ki, guya o, üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Halbuki onun məhkəməyə vaxtında (2 dəqiqə gecikmişəm) gəlməməyinin səbəbi, məhkəmənin keçiriləcəyi yerin Gəncə İnzibati Məhkəməsinin binasında olacağını düşünüb, ora getməsi və orada Gəncə Kommersiya Məhkəməsinin ünvanını dəqiqləşdirdikdən sonra 2 dəqiqə gecikməklə Gəncə Kommersiya Məhkəməsinə olmuşdur. Lakin, məhkəmədə hakim bildirmişdir ki, artıq məhkəmədə qətnamə qəbul edilmişdir. Məhkəməyə sübutlarını təqdim etsə də qəbul etməmiş və bildirmişdir ki, Apellyasiya Məhkəməsinə şikayət versə həmin sübutlarını Apellyasiya Məhkəməsinə təqdim edər. Belə ki, o, X5 ilə ailə qurmuş və Gəncə “ASAN xidmət mərkəzin Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Birgə nikahlarından - xx.xx.2019-cu il təvəllüdlü X7 anadan olmuşdur. Lakin, qızı xx.xx.2019-cu il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə həkim müayinəsindən keçəndən sonra bilmişlər ki, “Leykemiya” xəstədir və uşağın həyatını xilas etdirmək üçün əvvəlcə Bakı şəhərində müalicə etdirmiş, hazırda isə xaricdə Türkiyə Respublikasnda müalicə alır. Qızının müalicəsi ilə əlaqədar ata olaraq Türkiyə Respublikasına getməlidir. Uşağının müalicəsinin davam etdirilməsi ilə əlaqədar Türkiyə Respublikasının Acıbadem xəstəxanasından 07.04. 2023-cü il tarixli teleqramma da almışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs izahat verib bildirmişdir ki, onun vergi borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur. 2-3 ay müddətinə borcunu ödəyəcəkdir. Sadəcə olaraq 11 may 2019-cu il təvəllüdlü qızı Sunay Məmmədova kəskin limfoblast leykemiya xəstəliyindən əziyyət çəkir ki, 2022-ci ilin oktyabr ayından etibarən Türkiyə Respublikasındakı Acıbadəm xəstəxanasında müalicə almaqdadır. Hazırda arvadı uşağın yanındadır. Qızı müalicə aldığı vaxtdan indiyədək 3-4dəfə Türkiyə Respublikasına gedib-gəlmişdir. Uşağının xəstəliyi ilə əlaqədar xərcləri həddən artıq çox olduğundan vergi borcunu vaxtında ödəyə bilməmişdir. Bununla belə təxminən 2000 manata yaxın vergi borcundan ödəmiş, 3-4 aya isə borcunu tam olaraq ödəyəcəkdir. Həmin borca görə ölkədən getmək hüququ məhdudlaşdırıldığından uşağının yanına gedə bilmir. Halbuki, onun uşağının yanına getməsi zəruridir. Buna görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası maraqlı şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gəncə Kommersiya Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, e-2-2(115)-539/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28ci maddəsinin İİİ hissəsində və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş sərbəst hərəkət etmək hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Bundan başqa Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Məhkəmə kollegiyası maraqlı şəxsin konstitusion hüququnun məhdudlaşdırılması ilə bağlı yuxarıda qeyd olunan mütənasibliyin dəyərləndirilməsinə münasibətdə qeyd edir ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən maraqlı şəxsin övladı 11 may 2019-cu il doğum tarixli Sunay Məmmədova kəskin limfoblast leykemiya xəstəliyindən əziyyət çəkməklə, 2022-ci ilin oktyabr ayından etibarən Türkiyə Respublikasındakı Acıbadəm xəstəxanasında müalicə almaqdadır. Maraqlı şəxsin övladının sağlamlığı ilə əlaqədar valideynlik vəzifələrini həyata keçirməsi üçün Türkiyə Respublikasında müalicə alan övladının yanına getməsi vacibdir. Bu hal uşağın mənafeyi baxımından da son dərəcə zəruri hesab olunur. Maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması isə onun valideynlik hüquqlarını və vəzifələrini həyata keçirməsinə məhdudiyyət yaratmaqla, uşağın mənafeyi baxımından da yol verilən deyildir. Məhkəmə kollegiyası hesab edir ki, vergi borcuna görə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması maraqlı şəxsin hazırkı vəziyyətinə görə mütənasib tədbir hesab oluna bilməz. Buna görə də Gəncə Kommersiya Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, e-2-2(115)-539/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, e-2-2(115)-539/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, e-2-2(115)-539/2023 saylı qətnaməsi ləğv edilsin və ərizə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar