Məhkəmə qərarları › İş №2-2(104)-176/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-176/2024

12.09.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-176/2024 12.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1173/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim оlunmuş sənədlərdən görünür ki, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 2815,25 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli **********312500 xx.xx.2024-cü il tarixli **********345700 nömrəli bildirişlərdən görünür ki, vergi ödəyicisinə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs doğum tarixi və yeri xx.xx.1971-ci il, ünvan 1 ünvanı ünvan 2razi Vergilər Baş İdarəsi tərəfindən cavab olaraq göndərilmiş 28 avqust 2024-cü il tarixli məktub və məktuba əlavə sənədlərdən görünür ki, "xxxx" MMC-nin 06 may 2024-cü il tarixli qərarı ilə Maraqlı şəxs Cəmiyyətin direktoru vəzifəsindən azad edilmiş və Cəmiyyətin direktoru X4 təyin edilmişdir. Birinci instansiya məhkəməsində icraat Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizəsi ilə məhkəməyə mürаciət edərək, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 2815,25 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 2815,25 manat məbləğində (o cümlədən, faizlər üzrə 2775,25 manat, maliyyə sanksiyası üzrə 40 manat) borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1173/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ərizənin təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 2815,25 (iki min səkkiz yüz on beş manat iyirmi beş qəpik) manat məbləğində borcu ödənilədək Maraqlı şəxs (doğulduğu tarix xx xxxxx 1971-ci il, doğulduğu yer Gədəbəy rayonu, Novo Saratovka kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qətnamənin dərhal icra edilməsi, Maraqlı şəxs 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin və Vergi Məcəlləsinin müvafiq normaları ilə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat Qeyd olunan qətnamədən narazı qalan Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024cü il tarixdə “AGRO ALİ" MMC-nin təsisçisi Maraqlı şəxs nizamnamə kapitalında olan 100 faiz həcmində olan təsis payını X1. Alqı-satqı müqaviləsi 52 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən rəsmiləşdirilmişdir. “AGRO ALİ" MMC-nin təsisçisi X2 xx.xx.2024-cü il tarixli qərarına əsasən MMC-nin hüquqi ünvanı dəyişdirilmiş, yeni redaksiyada nizamnamədə təsdiq edilmiş və MMC-nin direktoru(rəhbəri) Maraqlı şəxs vəzifəsindən azad edilərək X4 yeni direktor təyin edilmişdir. Qeyd edilən dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün xx.xx.2024-cü il tarixində vergi orqanına müraciət edilmiş və hüquqi şəxsin məlumat dəyişikliyi vergi orqanı tərəfindən dövlət reyesterində qeydiyyata alınmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli reyestrdən çıxarış qeyd edilən dəyişiklikləri təsdiqləyir. Gəncə Kommersiya Məhkəməsində işə baxılarkən ərizəçi inzibati orqan olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi məhkəmə iclaslarında iştirak etməmiş və “AGRO ALİ" MMC-nin rəhbərinin dəyişikliyi ilə bağlı məhkəməyə müvafiq məlumatları verməmişdir. Belə ki, 04 may 2024-cü il tarixində artıq müəssisə alqı-satqı edilmişdir. Alqı-satqıdan sonra yeni təsisçi X4 əvvəlki rəhbər olan Maraqlı şəxs rəhbər vəzifəsindən azad edərək, 06 may 2024-cü il tarixində özünü müəssisənin yeni rəhbəri təyin etmişdir. Müəssisənin alqısatqısı barədə məlumatlar avtomatik qaydada vergi orqanına real vaxt rejimində ötürülür və müəssisələrdə olan təsisçi dəyişikliyi vergi orqanına dəyişikliklərin dövlət reyestrində qeydiyyata alınmasına qədər olan dövrdə artıq məlum olur. Eyni zamanda müəssisənin məlumat dəyişikliklərinin qeydiyyata alınması üçün vergi orqanına müraciət olunmuş və müraciət vergi orqanı tərəfindən təsdiq edilməsinə baxmayaraq vergi orqanı bu barədə məlumatları məhkəməyə təqdim etməmiş və artıq iş məhkəmədə baxıldığı dövrdə müvafiq məlumatlar təsdiq edilmiş, hüquqi qüvvəyə minmişdir. Bildiyiniz kimi vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Məhkəmə tərəfindən qətnamə xx.xx.2024-cü il tarixdə çıxarılmışdır. Lakin MMC-nin təsis payının alqı-satqısı, rəhbər dəyişikliyi, rəhbər dəyişikliyinin dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın vergi ödəyicisinə verilməsi məhkəmənin yekun qərarından əvvəl baş vermişdir. Bu məlumatların ərizəçi inzibati orqan tərəfindən məhkəməyə göndərilməməsi, məhkəməyə təqdim edilmiş ərizədə və sənədlərdə olan dəyişikliklər barədə məhkəməyə məlumat verilməməsi yekunda Maraqlı şəxs hüquqlarının pozulması ilə nəticələnmişdir. Gəncə Kommersiya Məhkəməsi ərizəçi vergi orqanının təqdim etdiyi sənədlərin düzgünlüyünü araşdırmamış və tərəflərin iştirakı olmadan, məhkəməyə təqdim edilmiş sənədlərin tamlığı və düzgünlüyü barədə araşdırma aparmadan maraqlarını kobud surətdə pozan yekun qərar qəbul etmişdir. MMC-nin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasında məqsəd MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etməkdir. Gəncə Kommersiya Məhkəməsində işə baxılan zaman artıq Maraqlı şəxs öz vəzifəsindən uzaqlaşdırılmışdır. Beləliklə, "xxxx" MMC ilə heç bir əlaqəsi qalmayan, rəhbər vəzifəsindən kənarlaşdırılmış olan Maraqlı şəxs ölkədən getmə hüququnun məhdudlaşdırılması Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına ziddir. Prosessual məsələlər: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası AR MPM 376.2. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 73. İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsi 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.2. Vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir. 77.4.2. Verginin ödənilməsi öhdəliyinin xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda vergi öhdəliyinə xitam verilmiş hesab olunur. 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 78.2. Vergi öhdəliklərinin yerinə yetirilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş ardıcıllıqla həyata keçirilir. 78.3. Vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Maddə 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs "xxxx" MMC-nin direktoru olmuşdur, lakin "xxxx" MMC-nin 06 may 2024-cü il tarixli qərarı ilə Maraqlı şəxs Cəmiyyətin direktoru vəzifəsindən azad edilmiş və Cəmiyyətin direktoru X4 təyin edilmişdir. Məhkəmə kolegiyası qeyd edir ki, Maraqlı şəxs "xxxx" MMC-nin direktoru kimi fəaliyyətinə xitam verildiyinə və Maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəri olmadığına görə onun ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməli, Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1173/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.3, 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, qət etdi: Apelyasiya şikayəti təmin edilsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1173/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar