Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-179/2024 07.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli e-2-2(115)-1391/2024 nömrəli qərardadından ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizəsi ilə məhkəməyə mürаciət edərək, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs dövlət büdcəsinə 2651,61 manat, Dövlət Sosial Müdafiə Fonduna 5,85 manat borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli e-2-2(115)-1391/2024 nömrəli qərardadı ilə (hakim G.Quliyeva) ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, ərizəçiyə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardaddan ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi şikayət verərək qərardadın ləğv edilməsi, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir qətnamə qəbul edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizənin fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilməli olmasına istinad edərək, eyni zamanda Maraqlı şəxs qeydiyyatda olduğu və yaşadığı yerin Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi, ev 82, giriş 1, mənzil 17 olmasını göstərib ərizəni geri qaytarmışdır. Lakin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4470/2024 nömrəli qərardadında geri qaytarılmanın əsası kimi məhkəmə tərəfindən “Elektron Məhkəmə” informasiya sisteminin məlumatlarına görə Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatda olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Göründüyü kimi Mülki-Prosessual Məcəllənin sözügedən maddəsi həmin Məcəllənin 35.1-ci maddəsindən fərqli aidiyyət qaydası nəzərdə tutmuşdur. Şəxsin yaşayış yeri və olduğu yerin anlayışı isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində verilmişdir. Belə ki, şəxsin yaşayış yeri -tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri, şəxsin olduğu yer -onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd olunur ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi, şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağılabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Gəncə Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli e-2-2(115)-1391/2024 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli e-2- 2(115)-1391/2024 nömrəli qərardadından ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1391/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilir. İş materialları ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs qeydiyyatda olduğu və yaşadığı yer Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Mirmahmud Kazımovski küçəsi ev 82, giriş 1, mənzil 17-dir. Göründüyü kimi vergi orqanı maraqlı şəxsin yaşadığı yer üzrə, yəni Bakı Kommersiya Məhkəməsinə müraciət etməli olduğu halda Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Kollegiya qeyd edir ki, iddia ərizəsi icraata o halda qəbul edilir və onun məhkəmə icraatı mümkün hesab edilir ki, həmin ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsini icraata qəbul etmədən geri qaytarmaqda haqlı olmuşdur. Digər tərəfdən ərizəçinin öz ərizəsinə əlavə etdiyi maraqlı şəxsin şəxsiyyət vəsiqəsinin məlumatlarından, həmçinin maraqlı şəxsə ünvanlanmış xəbərdarlıqdan da görünür ki, ərizəçinin ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırılmasını xahiş etdiyi Maraqlı şəxs qeydiyyatda olduğu və yaşadığı yer Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon Mirmahmud Kazımovski küçəsi ev 82, giriş 1, mənzil 17-dir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398.0, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli e-2-2(115)-1391/2024 nömrəli qərardadından ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1391/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli e-2-2(115)-1391/2024 nömrəli qəradadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-179/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-179/2024
07.08.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver