Məhkəmə qərarları › İş №2-2(104)-185/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-185/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-185/2024 02.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 391/2024 saylı qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-391/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-391/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yaranan borc məbləği olan 43978 manatın və dövlət rüsumu və mediasiya çəkilmiş xərcə görə 410 manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə "xxxx" MMC arasında xx.xx.2017-ci ildə T/SM-01 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. İddiaçı QSC xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-nin hüquqi varisidir. Həmin müqaviləyə əsasən, İddiaçı QSC müqavilənin 1 saylı əlavəsində göstərilmiş malları, avadanlığı və servisləri təchiz edib "xxxx" MMC-yə təhvil vermişdir. Göndərilmiş malların dəyər 39997,28 manat təşkil etmişdir. Müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə bağlı İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə 08.2020-ci tarixli 143857 nömrəli elektron qaimə də göndərilmişdir. Həmin qaiməyə əsasən göndərilmiş mal və avadanlıqların dəyəri olan 39997,28 manat məbləğində pulun ödənilməsi "xxxx" MMC-dən xahiş edilmişdir. Lakin "xxxx" MMC hələ də öhdəliyini icra etməmişdir. Həmçinin tərəflər arasında qeyd edilən müqavilə müddətsiz bağlanmışdır. Müqavilə tərəflərin öz öhdəliklərini icra etdiyi vaxta qədər qüvvədədir. Həmin Müqavilənin 9-cu bəndinə əsasən icraçı müqaviləni (və ya onun hər hansı hissəsini) müqavilədə müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), sifarişçi digər hüquqlara ziyan vurmadan cərimə sanskiyaları (qarşısı alınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edə bilər. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra sifarışçi müqaviləni ləğv edə bilər. Sifarişçi müəyyən olunmuş müddət ərzində ödəmələri aparmasa, icraçı cərimə sanskiyaları tətbiq edə bilər. Tətbiq olunan gündəlik cərimə məbləği: Müqavilə qiymətinin 0,1%, tətbiq olunan cərimələrin yuxarı həddi: Müqavilə qiymətinin 10%-dir. İcra edilməyən öhdəliyin ümumi məbləği olan 39997,28 manat pula 10% cərimə də tətbiq edilməlidir. Beləliklə cavabdeh tərəfindən ödəniləcək ümumi məbləğ 43978 manat təşkil edir. İddiaçı QSC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC tərəfindən əsas borc məbləği olan 39997,28 manat və öhdəliyin icra edilməməsi ilə bağlı cərimə olaraq 3999,728 manat, cəmi 43997,008 manat pulun, dövlət rüsumu və mediasiyaya çəkilmiş xərcə görə 410 manat pulun alınıb İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində bildirmişdir ki, iş üzrə iddiaya etiraz edirlər. Belə ki, iddia tələbi müqavilələrdən irəli gələn öhdəliklərdən ibarətdir, yəni həmin müqavilənin şərtlərinə görə sifarişçi olan cavabdeh ödənişi əvvəlcədən ödədikdən sonra icraçı olan iddiaçı hər hansı malı təhvil verməyi öz öhdəsinə götürür. Müqavilənin şərtləri belədir. Həmçinin məhsulların cavabdeh təşkilatın anbarına təhvil verilməsi barədə hər hansı təhvil-təslim aktı yoxdur. Bundan başqa Mülki Məcəllənin tələblərinə görə iddia müddəti tətbiq edilməlidir. Belə ki, müqavilədən gələn mübahisələr üzrə iddia müddəti 3 ildir. Belə olan halda müqavilə tərəflər arasında 2017-ci ildə bağlanmış və burda 3 illik prosessual müddət ötürülmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanuni deyil. Belə ki, tərəflər arasında 2017-ci ildə müqavilə bağlanmışdır, həmin müqavilə müddətsiz olaraq bağlandığından, hələ də qüvvədədir. Müqavilə avadanlıqların verilməsi ilə əlaqədar olmuşdur. Mallar 2020-ci ildə təhvil verilmişdir. Malların verilməsi ilə bağlı elektron qaimə örütülmüşdür. O cümlədən qarşı tərəf elektron qaimələrin qəbulundan imtina etməmişdir. Bir saylı əlavə isə elektron qaimədə əks olunan malların siyahısıdır. Cavabdehə başqa mallar da verilmişdir, lakin onlar məhkəmədə dəyəri ödənilməyən mallarla əlaqədar mübahisə qaldırmışlar. Qaimələr onların qarşılıqlı fəaliyyət göstərdiklərini təsdiq edir. Cavabdeh tərəf təhvil-təslim aktının olmadığını bildirsə də, məhkəməyə təqdim etdikləri həmin qaimələrin qəbulu cavabdeh tərəfindən imtina edilməmişdir. Cavabdehin rəhbərliyi bir neçə dəfə dəyişmiş və hər rəhbərlik fərqli mövqedə olmuşdur. Sonuncu dəfə təxmini 40000 manat dəyərində mal göndərmişlər, lakin ödəniş ala bilməmişlər. 2020-ci ildə qarşı tərəfə qaimə ötürülməyinə baxmayaraq qarşı tərəf ödəniş etməmişdir. Ötürülən qaimə əsasında onların şirkətinə vergi hesablanmışdır. Qarşı tərəfə borcun ödənilməsi üçün vaxt verilmişdir. Mediasiya prosesində də borcun ödənilməsi xahiş edilmişdir. İddia müddəti müqavilənin icra müddəti başa çatdığı andan hesablanır, lakin müqavilə xidmət müqaviləsidir, müqavilədə müddət nəzərdə tutulmamışdır, onların münasibətləri 2017-ci ildən davam etmişdir. Müqavilə müddəti bitmədiyinə görə iddia müddəti də keçməmişdir. Yəni iddia müdətinin axımı cavabdeh təşkilata xəbərdatlıq (pretenziya) göndərildiyi vaxtdan hesablanmalıdır. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməyin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ya etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 15 iyul 2017-ci il tarixli T/SM-01 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsindən görünür ki, sifarişçi bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş malların, avadanlığın və servislərin təchiz edilməsinə dair icraçının təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulan şərtlər əsasında sifarişçiyə satılan malların təchiz edilməsi və servislərin sifarişçiyə çatdırılması, sifarişçi malların, işlərin və ya xidmətlərin icarçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 143857 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 39997,28 manat məbləğində malların qaiməsi ötürülmüşdür. İş materiallarında olan İddiaçı QSC-nin nizamnaməsindən görünür ki, bu nizamnamə xx.xx.2017-ci il tarixdə (VÖEN **********) qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" QAS-nin adının dəyişdirilməsi ilə əlaqədar 3-cü nizamnaməsidir. İş materiallarında olan elektron qaimələrdən görünür ki, İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə xx.xx.2018-ci il tarixli 072847 saylı qaimə üzrə 1062 manat, xx.xx.2018-ci il tarixli 072946 saylı qaimə üzrə 4035,84 manat, xx.xx.2018-ci il tarixli 071575 saylı qaimə üzrə 2105,19 manat, xx.xx.2018-ci il tarixli 781058 saylı qaimə üzrə 15193,28 manat, xx.xx.2018-ci il tarixli 745212 saylı qaimə üzrə 9092,61 manat, xx.xx.2018-ci il tarixli 185034 saylı qaimə üzrə 13066,97 manat məbləğində mallara dair qaimə ötürülmüşdür. İş materiallarında olan pretenziya məktubundan və məktubun elekton göndərilməsi barədə çıxarışdan görünür ki, cavabdehə yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan cavabdeh “Synergy Medıcal" MMC-nin ərizəsindən görünür ki, iş üzrə iddiaya etiraz edirlər. Belə ki, iddia tələbi müqavilələrdən irəli gələn öhdəliklərdən ibarətdir, yəni həmin müqavilənin şərtlərinə görə sifarişçi olan cavabdeh ödənişi əvvəlcədən ödədikdən sonra icraçı olan iddiaçı hər hansı malı təhvil verməyi öz öhdəsinə götürür. Müqavilənin şərtləri belədir. Həmçinin məhsulların cavabdeh təşkilatın anbarına təhvil verilməsi barədə hər hansı təhvil-təslim aktı yoxdur. Bundan başqa Mülki Məcəllənin tələblərinə görə iddia müddəti tətbiq edilməlidir. Belə ki, müqavilədən gələn mübahisələr üzrə iddia müddəti 3 ildir. Belə olan halda müqavilə tərəflər arasında 2017-ci ildə bağlanmış və burda 3 illik prosessual müddət ötürülmüşdür. Beləliklə də məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı QSC ilə "xxxx" MMC arasında xx.xx.2017-ci ildə T/SM-01 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, İddiaçı QSC müqavilənin 1 saylı əlavəsində göstərilmiş malları, avadanlığı və servisləri təchiz edib "xxxx" MMC-yə təhvil vermiş, göndərilmiş malların dəyər 39997,28 manat təşkil etmişdir. Müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə bağlı İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə xx.xx.2020-ci tarixli 143857 nömrəli elektron qaimə də göndərilmişdir. Həmin qaiməyə əsasən göndərilmiş mal və avadanlıqların dəyəri olan 39997,28 manat məbləğində pulun ödənilməsi "xxxx" MMCdən xahiş edilmişdir. Lakin "xxxx" MMC hələ də öhdəliyini icra etməmişdir. xx.xx.2020-ci il tarixdən sonra İcraçı tərəfindən Sifarişçiyə mal verilməsi, qaimə göndərilməsi və yaxud Sifarişçi tərəfindən hər hansı ödəniş edilməsi müəyyən edilmir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan üç ildən artıq müddət keçdikdən sonra müraciət etmiş, cavabdeh isə məhkəməyə ərizə təqdim edərək iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü qeyd edərək iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" MMC (indiki İddiaçı QSC) ilə "xxxx" MMC arasında 15 iyul 2017-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən İcraçı 1 saylı əlavədə göstərilmiş malların, avadanlığın və servislərin təchiz edilməsinə dair Sifarişçinin təklifini qəbul etməklə Sifarişçini mallarla təchiz etmək, servislər çatdırmaq, Sifarişçi isə mallar, işləri və ya xidmətləri İcarçıdan qəbul etməklə dəyərini ödəmək öhdəliyi götürmüşdür. Tərəflər arasındakı bağlanmış müqaviləyə əsasən 15 iyul 2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək alqı-satqı münasibətləri olmuşdur. İcraçı Sifarişçiyə müxtəlif adda mallar göndərilməsi ilə bağlı elektron qaimələr göndərmiş, Sifarişçi tərəfindən İcraçının bank hesabına müəyyən məbləğlər köçürülmüşdür. Tərəflər arasında axırıncı elektron qaimə xx.xx.2020-ci il tarixə 39997,28 manat dəyərində mallara görə ötürülmüşdür. Məhkəmə bildirir ki, qaimədə qeyd edilən malların təhvil verilməsi ilə bağlı ayrıca təhviltəslim aktı imzalanmasa da göndərilən həmin elektron qaimə Sifarişçi tərəfindən təsdiq edilmişdir. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi digər elektron qaimələrdən, bank hesablarından çıxarışdan və şahid ifadəsindən görünür ki, tərəflər arasında müqavilə üzrə malların təhvil verilməsi və dəyərinin ödənilməsi yalnız elektron qaimələrlə həyata keçirilmişdir. Ona görə də iddiaçı xx.xx.2020-ci il tarixli qaimə üzrə borcunu tələb etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarından göründüyü kimi tərəflər arasında müqavilə 15 iyul 2017-ci il tarixdə bağlanmış, mübahisələndirilən borc məbləğinə dair elektron qaimə isə cavabdehə xx.xx.2020-ci il tarixdə göndərilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndində göstərilmişdir ki, müqavilə üzrə ödəmələr Azərbaycan manatı ilə aparılır və 100% təşkil edən məbləğ qabaqcadan ödənilməlidir. Müqavilə şərtlərinə əsasən İcraçı malların dəyəri tam ödənildikdən sonra malları verməli idi, lakin hazırkı halda elektron qaimə ötürüldükdən sonra malların dəyəri ödənilmədiyi üçün iddia müddətinin axımı elektron qaimənin tarixdən başlamışdır. Həmin qaimənin Sifarişçi tərəfindən icra edilməsi müddəti xx.xx.2020-ci il tarixidir. Çünki ödəmə olmadığına görə İcraçı öz hüququnun pozulduğunu bilirdi və həmin tarixdən 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Halbuki iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Bundan başqa məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixdən sonra İcraçı tərəfindən Sifarişçiyə mal verilməsi, qaimə göndərilməsi və yaxud Sifarişçi tərəfindən hər hansı ödəniş edilməsi müəyyən edilmir. Müqavilədə isə müqavilənin bitmə müddətinin göstərilməməsi iddia müddətinin keçməməsi anlamına gəlmir. Çünki qanununvericilik iddia müddətinin axımının icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə icra müddəti bitdikdə başlanmasını ehtiva etmişdir, müqavilənin bitmə müddətini deyil. 143857 nömrəli elektron qaimə üzrə ödəmələrlə bağlı icra müddəti xx.xx.2020-ci il tarix olmuşdur. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gədiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İş materiallarından görünür ki, cavabdehin iddiaçıya yuxarıda qeyd olunan satınalma müqaviləsi üzrə ödənilməmiş borcları vardır. Müqavilə şərtlərinə əsasən İcraçı malların dəyəri tam ödənildikdən sonra Sifarişçiyə malları verməli idi, hazırkı halda isə elektron qaimə ötürüldükdən sonra malların dəyəri ödənilməmişdir. Sifarişçi sonuncu dəfə elektron qaiməni xx.xx.2020-ci il tarixində göndərmiş və bundan sonra tərəflər arasında borcla bağlı hər hansı hərəkət edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin tarixdən sonra İcraçı tərəfindən Sifarişçiyə mal verilməsi, qaimə göndərilməsi və yaxud Sifarişçi tərəfindən hər hansı ödəniş edilməsi müəyyən edilmədiyindən, iddia müddətinin başlanğıcı həmin tarixdən hesablanmalı, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, tərəflər arasında bağlanmış müqavilə müddətsiz olmuşdur, ona görə də məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsi qanunsuz olmuşdur. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə elektron qaimə xx.xx.2020-ci il tarixdə ötürüldüyündən və cavabdeh tərəfindən həmin qaimə üzrə ödəniş edilmədiyinə görə iddiaçı üçün müddət axımı həmin vaxtdan hesablanır. Çünki iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin şikayətlə mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, həmin şikayət təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-391/2024 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-391/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar