Məhkəmə qərarları › İş №2-2(104)-188/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-188/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-188/2023 06.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-351/2023 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 11650 manat məbləğində borcun və Samux 1 saylı Mediasiya Təşkilatına ödənilmiş 200 manat rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC-nin ona qarşı pul tələbinə dair iddiasının rədd edilməsi və cavabdehə ödədiyi 25350 manat pulun və təmir üçün 300 manat və yol xərci kimi ödədiyi 200 manat pulun, həmçinin əldən çıxmış fayda kimi 5000 manat zərər olmaqla, cəmi 30850 manat məbləğində pulun və 182 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-351/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) ilk iddianın təmin edilməsi, 11650 manat məbləğində borcun və ödənilmiş 200 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, ilk iddia üzrə ödənilməli olan 124 manat 95 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, Cavabdeh İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-351/2023 saylı qətnaməsinin ləğv edilərək, ilk iddianın rədd edilməsi, qarşlıqılı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021- ci il tarixli alğı-satqı müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malı sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. Müqaviləyə və qiymətlərin razılaşma protokoluna əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 37000 manat olmaqla mal almışdır. Həmin məbləğin 7000 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 30000 manatı xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşma protokoluna əsasən qrafikə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləg üzrə qalıq borc 11650 manat təşkil edir. Bununla bağlı olaraq cavabdehin elektron vergi kabinetinə bildiriş və pretenziya məktubu da göndərilmişdir. xx.xx.2022-ci il tarixdə “X7 “MMC tərəfindən borcluya alğı-satqı müqaviləsi əsasında pul tələbi barədə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair təklif göndərilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı MMC tərəfindən Samux 1 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət edilmiş, ərizələr icraata qəbul olunmuş, mediasiya sessiyasi təyin olunmuşdur. Lakin borclu Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş və bu barədə xx.xx.2023-cü il tarixli müvafiq arayış verilmişdir. Ümumi mediasiya xərci 200 manat təşkil etmiş və cəmiyyət tərəfindən ödənilmişdir. İddia ərizəsi, maliyyə arayışı, mediasiya arayışı və mediasiyaya ödənilmiş rüsumun qəbzi cavabdehin elektron vergi kabinetinə göndərilmişdir. xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin 5.2-ci maddəsinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sonra “Alıcı” hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində “Satıcı”ya cərimə ödəyir. Həmin müqavilənin 6.5-ci maddəsinə əsasən 1.1-ci bəndində qeyd olunan mala dair mülkiyyət hüququ malın dəyəri “Alıcı” tərəfindən tam ödənilənədək “Satıcı”nın özündə qalır. “Alıcı” mükiyyət hüququ ona keçənədək əşyanı özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. “Alıcı” malın dəyərini müqavilədə qeyd olunmuş şərtlər əsasında qrafikə uyğun olaraq vaxtında ödəmədikdə və ya müqavilə üzrə götürdüyü öhdəlikləri pozduqda “Satıcı” istənilən vaxt malı “Alıcı”dan geri götürə bilər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC Gəncə Kommersiya Məhkəməsində ona qarşı 11650 manat məbləğində borcun və 200 manat mediasiya təşkilatına ödənilmiş rüsumun cəmiyyətin xeyrinə ondan tutulması tələbi ilə iddia qaldırmışdır. İddianı əsassız hesab edir, iddia rədd edilməlidir. Həmçinin, onun cavabdeh İddiaçıMMC-yə qarşı ödənilmiş borcun qaytarılması və vurulmuş ziyana dair tələbi vardır. Belə ki, cavabdehlə xx.xx.2021-ci tarixdə WERTEX 1200“FG2000- D+”modeldə lazer epilyasiya cihazının alğı-satqı müqaviləsini bağlamışlar. Cihazın qiyməti 37000 manat hesablanmışdır. İlkin ödənişlə birlikdə cəmi 25350 manat pul ödəmişdir. 11650 manat ödənilməmiş borc qalmışdır. Cihazın 1 il qarantiya müddəti olmuşdur. Bildirir ki, xx.xx.2022-ci il tarixdə cihaz xarab olmuşdur. Cihazdan kənar səslər çıxdı, müştərinin dərisini yandırdı. Zəng edib cavabdeh cəmiyyətə bu barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə cəmiyyətin əməkdaşı Amir adlı usta gəlib aparatın blokunu dəyişib dedi ki, düzəlmişdir. Aparat xx.xx.2022-ci il tarixədək işləyib yenidən xarab oldu. 3-4 gündən sonra usta gəlib yenidən bloku dəyişdirib getdi. Aparat yenə normal qaydada işləmədi. Zəng edib bu barədə cavadehə bildirmişdir. Demişlər ki, xarab olan hissəyə dair Çin Respublikasına sifariş vermişlər. Həftədə bir dəfə onlara zəng etmiş, hərdən demişlər ki, hələlik aparatı aşağı dərəcədə işlətməlidir. Dekabr ayında usta Hikmət demişdir ki, əlindən gələni etmişdir, düzəlməmişdir, ola bilsin ki, cihaz zavoddan qüsurlu olmuşdur. O, tələb etmişdir ki, aparat işləmədiyi vaxt (bəzən normal işləmədiyi vaxt) o, nə qədər müştəri itirmişdir, ziyana düşmüşdür, ona yeni cihaz verilsin. (cavabdehlə telefon danışıqlarını sənəd və disk kimi ərizəsinə əlavə edir). Cavadeh cəmiyyətdən demişlər ki, yeni cihaz da belə çıxa bilər, axır vaxtlar mallar tez-tez xarab çıxır. Həm də təzə cihaz versələr əlavə 12000 manata qədər pul ödəməlidir. O isə cihazı nəzərdə tutulduğu kimi işlədə bilmədiyi üçün aylıq borcu çox vaxt borc alıb ödəmişdir. Əlavə pul ödəməyə imkanı yox idi. Bildirir ki,cəmiyyətdən əvvəlcə 12000 manat qiyməti olan cihaz almaq istəmiş, ona demişlər ki, bu cihaz zəifdir onu ancaq diot kimi işlətmək olar, daha güclüsünü alın həm də alexsandrit kimi işlədin. Lakin cihazı o, ancaq diot kimi işlədə bilmişdir. Bu barədə cəmiyyətin rəhbəri Rəşad müəllimə iradını bildirəndə ona demişdir ki, onlar belə söz deməmişlər. O demişdir ki, internetdə olan reklamınıza baxın, bütün reklamınızda bu cihazın həm alexsandrit, həm də diot kimi işləməsi göstərilmişdir. (reklamdan çıxarışı məhkəməyə təqdim edəcəkdir). Şirkətdən ona demişlər ki, əgər yeni cihaz versələr əlavə 12000 manat pul ödəməlidir. Belə çıxır ki, aparata iki dəfə pul ödəməlidir. Buna görə də, ziyana düşmüşdür. Cihazı bir neçə dəfə Bakı şəhərinə aparıb gətirmişlər. Demək olar ki, bütün yayı aparatı qaytarmamışlar. Yayda ona müvəqqəti olaraq işlətmək üçün başqa cihaz vermişlər. Bir aya qədər onu işlətmişdir. Sonra onun cihazını qaytarıb demişlər ki, düzəlibdir. Onlar gedəndən sonra görmüşdür ki, cihaz düzgün işləmir. Əlavə olaraq cihazın uc başlıq hisəssindən gel dolur. Məcbur olub cihazı təmir üçün təmirçi şirkət "xxxx" MMC-yə göndərmişdir. Təmirə 300 manat xərci çıxmışdır. Ona demişlər ki, başlıq dəyişdirilməldir. Bundan sonra da xarab ola bilər. Cavabdeh cəmiyyətin rəhbəri Rəşad müəllimə bu barədə müraciət etmişdir. O demişdir ki, dəyişsələr əlavə 7600 manat pul ödəməlidir. Cihazı iki dəfə təmir üçün aparıb gətirmişdir. Hər dəfə 100 manat olmaqla 200 manat maşına yol pulu vermişdir. Lakin cihazı təyinatı üzrə işlətmək mümkün olmamışdır. O, alğı-satqı müqviləsinin 7.3-cü maddəsinə əsasən onların ona zəmanət şərtləri müqabilində verilən texniki servisin göstərilməsi və qüsur aradan qalxmazsa avadanlığın yenisi ilə əvəz olunmasının satıcı tərəfindən tam təmin olunması vəzifəsini demişdir. Qeyd etmişdir ki, alğı-satqı zamanı cavabdeh müqavilə ilə onu tanış etməmişdir. O, cihazı maşına yerləşdirib gedəndə qapının ağzında ona müqaviləyə və digər bir neçə sənədə imza etdirmişlər. O isə bildirdi ki, gəlib cihazı aparacaqlar, onlar isə pul qaytarmayacaqlar. O, məhkəməyə müraciət edəcəyini bildirmişdir. O, qorxub aylıq borcu ödəmişdir. Noyabr ayında ödəməni 10 gün gecikdirmişdir. Demişdir ki, nə vaxt cihazı düzəldərlər onda da ödəyər. Dedilər ki, cihazın içində qurğu qoymuşlar, cihazı uzaqdan idarə edirlər. İstədikləri vaxt söndürə bilərlər, cihaz düzəlsə də, düzəlməsə də, pulu ödəməlidirlər deyib cihazı söndürmüşlər. O, məcbur olub noyabr ayının borcunu ödəmişdir. Son vaxtlar cəmiyyətə zəng edəndə onu söyüb, təhqir edirdilər. O, məcbur olub bir neçə yuxarı təşkilatlara şikayət etmişdir. Təmir üçün xx.xx.2022-ci il tarixdə digər təmirçi şirkətə müraciət etmişdir. Onun iştirakı ilə avadanlığın müayinəsi keçirilmişdir, cihazın içində onun ana platasına kustar üsulla yapışdırıcı lentlə bərkidilmiş naməlum çip olduğu aşkarlanmışdır. Hətta çipin üzərində yerli mobil nömrə də mövcud olmuşdur. Çip avadanlıqdan kənarlaşırıldıqdan sonra avadanlıq normal işləmişdir. Amma yenə də alexandrit atış işlədə bilməmişdir. O, cavabdeh cəmiyyətdən avadanlıq alanlardan öyrənmişdir ki, onlarda da eyni vəziyyət yaranmışdır. Hesab edir ki, çiplərin quraşdırılmasında əsas məqsəd cihazları istədikləri vaxt nasaz vəziyyətə gətirib onların “təmirindən” mütəmadi gəlir əldə etmək olmuşdur. Onların bu cinayətlərinin aşkar edilməsi üçün məhkəmənin ekspertza rəyi almasına ehtiyac vardır. Bundan başqa baş verənlərə görə cihaz barədə internet üzərindən məlumat alanda görmüşdür ki, cihazın adı üstündə olan adı ilə deyildir. Onun adına əlavəni özləri sonradan yazmışlar. Həm də ona ehtiyat hissələri və ya xidmət göstərərkən yalan olaraq dəfələrlə baha qiymət demişlər. Cihazı alandan bir neçə gün sonra internetdə görmüşdür ki, başqa yerdə bu cihaz 10000 manata qədər ucuz satılır. Cəmiyyətə cihazı qaytarmaq üçün müraciət edəndə demişlər ki, satılan malı 3 gün ərzində geri qaytarmaq olar. Əlavə olaraq bildirmişlər ki, onların cihazının hissələri Amerika istehsalıdır, ona görə bahalıdır. Sonradan isə cihazı təmir edən ustalar demişlər ki, hissələrin hamısı Çindən gəlir. Bundan başqa alğı-satqı müqaviləsinin 5.1-ci maddəsinə görə bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Satıcı qarantiya müddətində öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş nə cihazı vaxtında lazımi qaydada təmir etməmiş, nə də tələb etməyinə baxmayaraq yenisi ilə əvəz etməmişdir. Buna görə bu müddət ərzində cihazı normal qaydada işlədə bilməmişdir. Qazancını və müştərilərini itirmişdir. Cavabdehin iddia ərizəsində ona qarşı tətbiq edilməsini tələb etdiyi Mülki Məcəllənin 21-ci, 1097-ci və 442-ci maddələri onun özünə qarşı tətbiq edilməlidir. Burada zərərçəkən tərəf cəmiyyət deyil, odur. Göstərilənlərə əsasən və qanunvericiliyin tələblərinə görə satıcı ona ödədiyi 25350 manat pulu və təmir üçün 300 manat və yol xərci kimi ödədiyi 200 manat pulu, həmçinin əldən çıxmış fayda kimi 5000 manat zərəri, cəmi 30 850 manat məbləğində pulu ona qaytarıb cihazını özünə götürməlidir. Beləliklə, cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində ona 30850 manat məbləğində ziyan dəymişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh ”X7” MMC ilə xx.xx.2021-ci il tarixdə WERTEX1200 “FG2000-D+” modeldə lazer epilyasiya cihazının alğı-satqı müqaviləsini bağlamışlar. Cihazın qiyməti 37000 manat hesablanmışdır. İlkin ödənişlə birlikdə cəmi 25.350 manat pul ödəmişdir. 11650 manat ödənilməmiş borc qalmışdır. Cihazın 1 il qarantiya müddəti olmuşdur. xx.xx.2022-ci il tarixdə cihaz xarab olmuşdur. Cihazdan kənar səslər çıxmış, müştərinin dərisini yandırmışdır. O, zəng edib cavabdeh cəmiyyətə bu barədə məlumat vermişdir. xx.xx.2022ci il tarixdə cəmiyyətin əməkdaşı Amir adlı usta gəlib aparatın blokunu dəyişib demişdir ki, düzəldi. Aparat xx.xx.2022-ci il tarixədək işləyib yenidən xarab olmuşdur. 3-4 gündən sonra usta gəlib yenidən bloku dəyişdirib getmişdir. Aparat yenə normal qaydada işləməmişdir. Zəng edib bu barədə cavadehə bildirmişdir. Həftədə bir dəfə onlara zəng etmişdir. Hərdən demişlər ki, hələlik aparatı aşağı dərəcədə işlətsin. Bir müddətdən sonra gələn usta Hikmət demişdir ki, əlindən gələni edib, lakin düzəlmədi, ola bilsin ki, cihaz zavoddan defektlə çıxmışdır. O, tələb etmişdir ki, aparat işləmədiyi vaxt (bəzən normal işləmədiyi vaxt) o, nə qədər müştəri itirmiş, ziyana düşmüşdür, ona təzə cihaz versinlər. Cavabdeh cəmiyyətdən demişlər ki, təzə cihaz da belə çıxa bilər. Axır vaxtlar mallar teztez xarab çıxır. Həm də təzə cihaz versələr əlavə 12000 manata qədər pul ödəməlidir. O, isə cihazı nəzərdə tutulduğu kimi işlədə bilmədiyi üçün aylıq borcunu çox vaxt borc alıb ödəmişdir. Əlavə pul ödəməyə imkanı olmamışdır. Bildirir ki, cəmiyyətdən əvvəlcə 12000 manat qiyməti olan cihaz almaq istəmişdir. Ona demişlər ki, bu cihaz zəifdir onu ancaq diot kimi işlətmək olar, daha güclüsünü alsın ki, həm də alexsandrit kimi işlətsin. Lakin cihazı o, ancaq 8 ay alexsandrit və diot kimi işlədə bilmişdir. Bu barədə cəmiyyətin rəhbəri Rəşad müəllimə iradını bildirəndə, o, demişdir ki, onlar elə söz deməmişlər. O, demişdir ki, onlar internetdə olan reklamlarına baxsınlar, bütün reklamlarında bu cihazın həm alexsandrit, həm də diot kimi işləməsini göstərmişlər. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, guya cihaz cəmi 3 dəfə təmir edilmişdir. Əslində isə cihaz 7 dəfə təmirə dayanmışdır. Məhkəmənin sualına cavab olaraq cavabdeh tərəfin nümayəndəsi əvvəl demişdir ki, hər dəfə təmirdən sonra müştəriyə təhvil aktı tərtib edilərək imza etdirilmişdir. Lakin onların təqdim etdiyi akta baxanda görmüşdür ki, oradakı imza onunki deyildir, imza saxtalaşdırılmışdır. Sənəd məhkəmə tərəfindən işə əlavə edilməmişdir. Sonrakı məhkəmə iclasında bildirmişlər ki, səhvən məhkəməyə başqasının sənədini təqdim etmişlər. Aydın oldu ki, heç vaxt cihazın təmir edilməsi və ona təhvil verilməsi barədə akt tərtib edilməmişdir, çünki cihazı tam təmir olunmamış ona qaytarmışlar. 3-5 gün işləyəndən sonra cihaz işləməmişdir. Cihazı bir neçə dəfə Şəmkirdə, bir neçə dəfə Bakı şəhərinə aparıb guya təmir etmişlər. Demək olar ki, bütün yayı aparatı aparıb qaytarmamışlar. Yayda ona müvəqqəti olaraq işlətmək üçün təlimdə işlətdikləri başqa cihaz vermişlər. Bir aya qədər onu, həm də ancaq diot atış kimi işlətmişdir. Sonra onun cihazını qaytarıb demişlər ki, düzəlib. Onlar gedəndən sonra görmüşdür ki, cihaz düzgün işləmir. Əlavə olaraq cihazın uc başlıq hisəssindən gel dolur. Lakin cihazı təyinatı üzrə işlətmək mümkün olmamışdır. Cavabdeh özü də bildirmişdir ki, dəfələrlə cihaz təmir edilmişdir. Amma aprel ayından sonra o, aparatı alexsandrit kimi işlədə bilməmişdir, diot kimi isə normal qaydada heç bir ay işlətməmişdir. Bildirir ki, o, o qədər pul verib cihazı əsas alexsandrit kimi işlətmək üçün almışdır, çünki müştərilərin çoxu bu atışa görə müraciət edirlər. Bu atışa görə pul qazanıb borcunu ödəyəcəyini nəzərdə tutmuşdur. Cavabdeh cəmiyyət onu aldatdığına görə lazımi qədər pul qazanıb borcu qaytara bilməmişdir. Təkcə diotla işləyən aparatların qiyməti cəmi 12000 manatdır. Cavabdeh onu savadsızlığından istifadə edərək hərtərəfli aldatmışdır. Məhkəmədə cavabdehin hüquqşünası demişdir ki, 9 ay işlədib, daha niyə narazılıq edir. O, bildirmişdir ki, 37 000 manata cihaz almışdır ki, 9 ay işlətsin? O, qarantiya müddətinin axırlarında cavabdehə bildirmişdir ki, qaraniya müddəti qurtarır, ancaq hələ də cihazı düzəldə bilməmişlər. Demişlər ki, cihaz xarab olduğuna görə qarantiya müddəti ötsə də düzələnə qədər təmir edəcəklər, xarab olan hissəyə dair Çin Respublikasına sifarış vermişlər. O, ”X7” MMC ilə bağladığı alğı-satqı müqviləsinin 7.3-cü maddəsinə əsasən onların ona zəmanət şərtləri müqabilində verilən texniki servisin göstərilməsi və qüsur aradan qalxmazsa avadanlığın yenisi ilə əvəz olunmasının satıcı tərəfindən tam təmin olunması vəzifəsini demişdir. Onlar isə onu hədələyib bildirmişlər ki, gəlib cihazı aparacaqlar, ona isə pul qaytarmayacaqlar. Noyabr ayında ödəməni 10 gün gecikdirmişdi. Demişdi ki, nə vaxt cihazı düzəldərlər onda da ödəyəcəkdir. Onlar isə demişlər ki, cihazın içində qurğu qoymuşlar, cihazı uzaqdan idarə edirlər, istədikləri vaxt söndürə bilərlər, cihaz düzəlsə də, düzəlməsə də pulu ödəməlidir deyib cihazı söndürdülər. Məcbur olub sələmə pul götürüb noyabr ayının borcunu ödəmişdir. Son vaxtlar cəmiyyətə zəng edəndə onu söyüb, təhqir etmişlər. O, məcbur olub bir neçə yuxarı təşkilatlara şikayət etmişdir. Bundan sonra cəmiyyətin direktoru ona məktub göndərib avadanlığın yeni avadanlıqla dəyişdirilməsi imkanının mövcud olduğunu bildirmişdir. Cavabdeh tərəf məhkəmədə bildirmişdir ki, guya o, məsələnin həllinə dair təşəbbüs göstərməmişdir. Ağlabatan hal deyil ki, o, dəfələrlə bu barədə cəmiyyətə müraciət etmişdir, cəmiyyətin əməkdaşları tərəfindən dəfələrlə şərəf və ləyaqətini alçaldan sözlər eşitmiş, nəhayət məcbur olub əlaqədar təşkilatlara müraciət etmişdir. Axırda isə necə olur ki, təklifə təşəbbüs göstərməsin. Əslində isə şikayətlərindən sonra ona qeyd edilən məktubu göndərəndən sonra cəmiyyətin direktoru Rəşad müəllim şifahi olaraq demişdir ki, təzə cihaz versələr həm qalan borcunu ödəyəcək, həm də əlavə 12000 manat pul verəcək. Həmin formal yazılmış məktubda göstərilmişdi ki, “keyfiyyət parametrlərinə uyğun olaraq digər lazer epilyasiya avadanlığı ilə dəyişdirilməsinini istisna etmirlər. Həmçinin seçim üzrə iki avadanlıq arasında böyük qiymət fərqi olacağı təqdirdə isə şirkətləri tərəfindən ona nəzərəçarpacaq güzəştlər ediləcəyi bildirilmişdir”. Cəmiyyətin direktoru ilə bu təklif barədə danışanda demişdir ki, həm aleksandrit, həm də diot kimi işləyən aparat 100 000 manatdır. Ona 10 000 manat gözəşt edə bilərlər. Əlbəttə ki, o, bu şərtlərlə razılaşmamışdır. Üstəlik də ona demişlər ki, bilmək olmaz gələn yeni cihaz necə çıxacaqdır. Axır vaxtlar Çindən gələn avadanlıqların çoxu xarab çıxır. O, ümumiyyətlə müştəriləri aldadan bu şirkətlə bundan sonra işləmək istəmədiyini bildirmişdir. Təklif etmişdir ki, bu xarab cihazı götürsünlər. Bu şərtlə ki, qalan borcunu ödəməsin, onsuz da aparatı hədsiz baha qiymətə satmışlar və artıqlaması ilə qazanc götürüblər. Lakin cavabdeh razı olmamışdır. Məcbur olub cihazı təmir üçün xx.xx.2022-ci il tarixdə digər təmirçi şirkətə - "xxxx" MMC-yə göndərmişdir. Təmirə 300 manat xərci çıxmışdır. Ona demişlər ki, başlıq dəyişdirilməlidir. Bundan sonra da xarab ola bilər. O, başlığın dəyişdirilməsi barədə cəmiyyətə müraciət etmişdir. Onlar bildirmişlər ki, başlıq üçün 7600 manat pul ödəməlidir. Bundan başqa digər şirkətdə onun iştirakı ilə avadanlığın müayinəsi keçirilmişdir, cihazın içində onun ana platasına kustar üsulla – yapışdırıcı lentlə bərkidilmiş naməlum çip olduğu aşkarlanmişdir. Hətta çipin üzərində yerli mobil nömrə də mövcud olmuşdur. Çip avadanlıqdan kənarlaşırıldıqdan sonra avadanlıq normal işləmişdir. Amma yenə də alexandrit atış işlədə bilməmişdir. O, cavabdeh cəmiyyətdən avadanlıq alanlardan öyrənmişdir ki, onlarda da eyni vəziyyət yaranmışdır. Hesab edir ki, çiplərin quraşdırılmasında əsas məqsəd cihazları istədikləri vaxt nasaz vəziyyətə gətirib onların “təmirindən” mütəmadi gəlir əldə etmək olmuşdur. Bundan başqa baş verənlərə görə cihaz barədə internet üzərindən məlumat alanda görmüşdür ki, cihazın adı üstündə olan adı ilə eyni deyildir. Onun adına əlavəni özləri sonradan yazmışlar. Həm də ona ehtiyat hissələri və ya xidmət göstərərkən yalan olaraq dəfələrlə baha qiymət demişlər. Cihazı alandan bir neçə gün sonra internetdə görmüşdür ki, başqa yerdə bu cihaz 10000 manata qədər ucuz satılır. O gündən sonra Cəmiyyətə cihazı qaytarmaq üçün müraciət edəndə savadsızlığından istifadə edərək demişlər ki, satılan malı 3 gün ərzində geri qaytarmaq olar. Əlavə olaraq bildirmiş lər ki, onların cihaz hissələri Amerika istehsalıdır, ona görə bahalıdır. Sonradan isə cihazı təmir edən ustalar demişlər ki, hissələrin hamısı Çindən gəlir. Cavabdeh cihaz və onun hissələri barədə ona düzgün məlumat verməmişdir, Amerika malı kimi baha qiymətə satmışdır. Hazırda o, məcbur olub özünə başqa iş axtarır, cihaz isə lazımsız bir əşyaya çevrilmişdir. Hazırda o, VÖEN-ni bağlatmış, hüquqi şəxs kimi fəaliyyəti yoxdur. O, 3 körpə uşaqla ailəni dolandırmaq üçün od qiymətinə aldığı bu yararsız avadanlığın və müştərisini aldadan, ona düzgün informasiya verməyən, hər cür yolla bu zay məhsulun dəyərindən qat-qat artıq qazanc götürməyə çalışan satıcının və qərəzli olaraq işə birtərəfli baxan məhkəmənin ədalətsizliyinin qurbanı olmuşdur. Prosessual məsələlər: İş üzrə tərəflər məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş olsalar da, xx.xx.2023-cü il tarixə, saat 16:30-a təyin edilmiş iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi - Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(115)-351/2023 saylı qətnaməsinin ləğv edilərək, ilk iddianın rədd edilməsi, qarşlıqılı iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh həmçinin göstərdi ki, o, internet üzərindən İddiaçı MMC-nin lazer epilasiya aparatının reklamını görmüşdür. Həmin MMCyə müraciət edərək sonuncu ilə qeyd olunan aparatın alğı-satqına dair xx.xx.2021-ci il tarixdə müqavilə bağlamış, bundan əvvəl isə həmin aparatla işləmək üçün İddiaçı MMCnin mütəxəssisləri tərəfindən təlimə cəlb edilərək sonda ona müvafiq sertifikat verilmişdir. O, lazer epilasiya cihazını alanda həm aleksandrit, həm də diot olduğunu düşünmüşdür, çünki aparatı bu cür reklam etmişlər. Müqavilə bağlanılan zaman həmin cihaz üçün 1 il qarantiya müddəti müəyyən edilmişdir. Aparatın qiyməti 37000 manat olmuş, o, 25350 manat ödəniş etmiş, hazırda 11650 manat borcu qalmışdır. xx.xx.2022-ci ildə aparat xarab olmuş, o, ”AzEstetik Group”MMC-yə müraciət etmiş, lakin xx.xx.2022-ci ildə aparatı düzəlmişlər. xx.xx.2022-ci ildə yenidən xarab olmuş, aparatı gəlib düzətmişlər. Bundan sonra aparat normal işləməməyə başlamışdır. Aparatı yalnız 8 ay həm aleksandrit, həm də diot kimi işlədə bilmişdir. Müştərilərin demək olar ki, hamısı aleksandrit üçün müraciət edirdilər. Aparat isə müştərilərin dərisini yandırırdı. Cihazı bir neçe dəfə Şəmkirdə, bir neçə dəfə Bakıda olmaqla 7 dəfə təmir etmişlər, lakin cihaz tam şəkildə düzəlməmişdir. O, aparatın dəyişdirilməsini tələb etdikdə isə əlavə olaraq 12000 manat ödəməli olduğunu demişlər. Aparat keyfiyyətsiz olmuş, dəfələrlə təmir edilməsinə baxmayaraq düzəlməmişdir. Ona satılan lazer epilasiya aparatının keyfiyyətsiz olmasına görə o, müştərilərini itirmiş, maddi ziyana düşmüşdür. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)- 351/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021- ci il tarixli lazer epilyasiya aparatının alğı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin satılan malla bağlı qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Malın dəyəri 37000 manat olmuş, Cavabdeh həmin məbləğin 7000 manatını ilkin olaraq ödəmiş, 30000 manatı isə qrafikə əsasən xx.xx.2021ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ödənilməmiş 11650 manat borcu qalmışdır. Cavabdeh müraciətinə əsasən aparat 4 dəfə, hətta qarantiya müddətindən sonra da aparat ödənişsiz təmir edilmişdir. Cavabdeh müraciətindən sonra sonuncuya aparatın dəyişdirilməsi təklif olunmuş, lakin o, razı olmamışdır. Nümayəndə suala cavab olaraq dəyişmənin əlavə ödəniş edildikdən sonra mümkün olacağını bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilərək ilk iddianın qismən təmin edilməsi ilə bağlı yeni qətnamə çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Cavabdeh tanıyır, müştəriləridir. Zəmanət müddəti ərzində avadanlığa baxış keçirmişdir. Avadanlığa 2-ci dəfə baxış keçirdikdə isə onun qida blokunu dəyişmişdir. Bundan əlavə 2 dəfə aparatın qolu servisə göndərilib, baxış keçirilib, yoxlanılıbdır. O, şəxsən avadanlığa müştərinin öz obyektində baxış keçirtmişdir. Şəmkirə müştərinin obyektinə 1-ci dəfə sadəcə baxış üçün getmişdir. Zəmanət müddəti bitdikdən sonra da aparat yandırdığına görə cavabdehin obyektinə getmişdir. Hansı ki, həmin vaxt aparat onun da əlini yandırmışdır. Bu hal qida blokuna görə yaranmışdır. 1 ildən artıq işləyən bir aparat üçün bu hal hardasa normal idi. Belə ki, aparatı əvvəlcə yoxlamış, görmüşdür ki, bir az aqressivdir, yəni yandırır. Buna görə də elə yerindəcə aparatın qida blokunu dəyişmişdir. Bu hadisə zəmanət müddəti bitəndən sonra oldu, tarixi dəqiq xatırlamır. Sonradan bildiyi qədəri ilə müştəri yenidən şirkətə zəng edərək bildirmişdir ki, aparatda yenə problem var. 3-cü dəfə aparata Bakıda servisdə baxış keçirmişlər və görmüşlər ki, aparat bir az artıq yandırır. Hansı ki, dəridə qızartı olur, lakin sonradan keçir. Bu da o demək idi ki, aparat həmin vaxt normal deyildi. Aparata 3-cü dəfə baxış keçirəndə qida blokunu bir daha dəyişmişlər. Tədrisdə də aparat bir daha yoxlanılmışdır. Təmirdə o, iştirak etmişdir. O, qida blokunu 2 dəfə dəyişdirmişdir. Aparatın üz şüşəsini isə başqa ustalar təmir etmişdir. Aparat 2-ci dəfə təmir olunanda zəmanət müddəti artıq keçmişdir. Qarantiya müddətində aparata baxış keçirmiş və müəyyən etmişdir ki, aparatda problem yoxdur. Digər təmirlər isə zəmanət dövrü bitdikdən sonra baş vermişdir. Aparata yerində baxış keçirmiş, lakin sənədləşdirmə etməmişdir. Cavabdehin obyektində təxminən 2 dəfə olmuş, bu zaman sənədləşdirilmə aparılmamışdır. Sənədləşdirilmə işi onun vəzifə səlahiyyətində deyildir. O, aparatı təmir edib, tədris şöbəsinə vermişdir. İşdə olan Satıcı:Beijinq ADSS Development Co., Ltd. (Beijinq, Çin Xalq Respublikası) ilə Alıcı: X7 arasında 31 may 2020-ci il tarixdə bağlanmış X1 surətindən görünür ki, alıcı satıcı ilə satıcının məhsullarını Azərbaycanda eksklüziv distrubyutor kimi satmaq üçün razılığa gəlmişlər. Həmin Müqavilənin 1-ci bəndinə görə bu müqavilədə istinad edilən məhsullar Satıcının istehsal etdiyi yeni FG2000D/FG2000D + 15 düyümlük ekran görünüşlü maşınlardır. Həmin Müqavilənin 6-cı bəndinə görə satıcı alıcıya təqdim edilən maşınlara iki illik zəmanət təmin edir. İlk iddia üzrə cavabdeh tərəfindən təqdim olunmuş reklam daşıyıcısı olan video materialdan görünür ki, Wertex 1200 lazer epilyasiya aparatı “aleksandirit” və “diod” rejimi ilə işləyən aparat kimi təqdim olunur. İşdə olan Təlimatdan görünür ki, FG2000D+ tüklərin xaric edilməsi üçün diodlu lazer aparatıdır, aparat cədvəldə göstərildiyindən 1-2J az olmaqla gel enerjisi olmadan aleksandrit növü üzrə işləyə bilər. İşdə olan EC Sertifikatından da görünür ki, həmin məhsul kateqoriyası üzrə tibbi istifadə üçün Fraksiyalı CO2 X2, Tibbi istifadə üçün Diod X2nə aiddir. İş materiallarına əlavə edilmiş satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya malları satmağı, alıcı isə həmin malı qəbul edib, müqaviləyə uyğun şərtlərlə və məbləğdə pul vəsaitini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən “satıcı” bu müqavilə üzrə satdığı malların keyfiyyətinə müqavilənin tərkib hissəsi olan “zəmanət talonu”nda nəzərdə tutulmuş qaydalara və müddətə uyğun qarantiya (zəmanət) verir. Qarantiya (zəmanət) müddəti “satıcı” tərəfindən malın “alıcı”nın sahibliyinə verildiyi andan başlayır. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən satıcının zəmanət verdiyi xüsusiyyətlər özünü təsdiqləmədikdə avadanlığa zəmanət şərtləri müqabilində verilən texniki servisin göstərilməsi və qüsur əgər aradan qalxmazsa avadanlığın yenisi ilə əvəz olunması satıcı tərəfindən tam təmin olunur. İş materiallarına əlavə olunmuş həmin müqaviləyə dair tərəflər arasında imzalanmış qiymətlərin razılaşdırma protokuluna əsasən alıcı Cavabdeh satıcı İddiaçı qarşısında 7000 manat ilkin ödəniş olmaqla 24 aylıq dövrü ilə 37000 manat məbləğində pulu iddiaçıya ödəmək öhdəliyi götürmüşdür. İş materiallarına əlavə olunmuş həmin müqaviləyə dair tərəflər arasında imzalanmış zəmanət talonundan görünür ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh satılmış “Wertex 1200 (FG2000D+)” adlı avadanlığa xx.xx.2021-ci il tarixdən 12 ay müddətinə zəmanət verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixdə tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsasən alıcı Cavabdeh 37000 manat məbləğində “Wertex 1200 (FG2000D+)” adlı avadanlığı və ona aid digər malları İddiaçındən təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli avadanlıqların təmirə qəbul blanklarından görünür ki, Cavabdeh istifadəsində olan “ADSS Wertex 1200 (FG2000D+)” cihazı İddiaçı tərəfindən təmir olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli geri təhvil-təslim aktından görünür ki, xx.xx.2021-ci il tarixdə alıcıya satılmış “ADSS Wertex 1200 (FG2000D+)” cihazında yaranmış nasazlıqla bağlı təmirə götürülmüş, bu səbəbdən alıcı Cavabdeh xx.xx.2022-ci il tarixində eyni cihazın yenisi “ADSS Wertex 1200 (FG2000D+)” müvəqqəti istifadə üçün təhvil verilmişdir. İş materillarına əlavə olunmuş İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 19 noyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, avadanlığa dair texniki servis tarixçəsindən göründüyü kimi xx.xx.2021-ci ii tarixli alğı-satqı müqaviləsi üzrə onlardan alınan “WERTEX” markalı lazer epilyasiya avadanlığında baş vermiş nasazlıqlarla bağlı əməkdaşları tərəfindən yerində texniki servis xidməti göstərilmişdir. Hal-hazırda sözügedən avadanlıq işlək vəziyyətdədir və istifadəsindədir. Buna baxmayaraq, gələcəkdə sözügedən avadanlıqda bir daha nasazlıq baş verdiyi təqdirdə, şirkətlərində mövcud olan və “aldığı avadanlığın xarici və keyfiyyət parametrlərinə uyğun olaraq digər lazer epilyasiya avadanlığı ilə dəyişdirilməsini istisna etmirlər. Həmçinin seçim üzrə iki avadanlıq arasında böyük qiymət fərqi olacağı təqdirdə isə şirkətləri tərəfindən ona nəzərəçarpan güzəştlər ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş 18 yanvar 2023-cü il tarixli "xxxx" MMC tərəfindən tərtib olunmuş servis talonundan görünür ki, başlığın ön şüşə hissəsi yenilənmiş, soyuma plitələri bərpa olunmuş, qida bloku yerinə bağlanılmış və data kabel bərkidilmişdir. Heç bir yeni ehtiyyat hissəsi əlavə olunmamışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi Cavabdeh 11650 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında lazer epilasiya aparatının alğı-satqısına dair xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən aparatın (avadanlığın) qiyməti 37000 manat olmuş, Cavabdeh 7000 manatı ilkin ödəmiş, qalan hissəsini isə ödəniş qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. O, ümumi olaraq 25350 manat ödəniş etmiş, 11650 manat borcu qalmışdır. Aparatın keyfiyyətinə dair 1 illik qarantiya verilmişdir. Qarantiya müddətində, yəni xx.xx.2022-ci ildən başlayaraq aparat bir neçə dəfə nasaz vəziyyətə düşmüş, alıcının müraciətinə əsasən satıcı şirkət tərəfindən aparat təmir edilmişdir. Aparat tam şəkildə saz vəziyyətə gətirilmədiyindən Cavabdeh müraciətinə əsasən "xxxx" MMC tərəfindən aparat təmir edilmişdir. Lakin Cavabdeh hələ də lazer epilyasiya aparatının işləməməsindən narazıdır və o, aparatın yerdə qalan pulunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Apellyasiya şikayətində qeyd edilmişdir ki, Cavabdeh alğı-satqı müqaviləsi əsasında İddiaçındən aldığı lazer epilyasiya aparatı 8 ay normal işləsə də, sonradan işləməmiş, dəfələrlə təmir olunmasına baxmayaraq düzəlməmişdir. Aparat keyfiyyətsiz olmuş, aparatın işləməməsinə görə o, müştərilərini itirmiş, ona maddi ziyan dəymişdir. Ona görə də ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək aparatın geri qaytarılması, ödədiyi satın alma pulunun, təmir və yol xərcinin, həmçinin ona dəymiş maddi zərərin ödənilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, göründüyü kimi Cavabdeh İddiaçı ilə dəyərini hissə-hissə ödəmək şərti ilə alğı-satqı müqaviləsi bağlayaraq lazer epilyasiya aparatı almışdır. Müqavilə bağlanarkən razılaşma protokoluna əsasən aparatın qiyməti ilə bağlı qarşılıqlı razılaşma olmuş, aparat satıcı tərəfindən alıcıya təhvil verilmiş, istehsalçı müəssisə tərəfindən həmin avadanlıq FG2000D/FG2000D + 15 düyümlük ekran görünüşlü maşın kimi iki illik zəmanətlə ilk iddia üzrə iddiaçıya satılmış, ilk iddia üzrə iddiaçı tərəfindən isə “Wertex 1200 (FG2000D+) kimi və bir illik zəmanətlə ilk iddia üzrə Cavabdeh dəyərini 24 ay müddətinə hissə-hissə ödəmək şərti ilə satılmış, sonuncu lazer epilyasiya aparatını 8 ay normal işlətmiş, xx.xx.2023-cü ildən başlayaraq aparatda nazsazlıqlar yaranmağa başlamışdır. Qeyd olunan müddət ərzində Rəna Məmədova aparatı normal şəkildə istifadə etmiş, gəlir götürmüş, aparatdan hər hansı narazılığı olmamış, aparatın qrafik üzrə ödənişini həyata keçirmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini aparatın geri qaytarılması, ödədiyi satın alma pulunun, təmir və yol xərcinin, həmçinin ona dəymiş maddi zərərin ödənilməsi hissəsində əsassız sayır və birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın təmin edilməməsi qənaəti ilə razılaşır. Digər tərəfdən satıcı Cavabdeh ilə İddiaçı arasında alğı-satqı müqaviləsi bağlanarkən malın keyfiyyəti ilə bağlı 1 il qarantiya müddəti verilmişdir. Lakin xx.xx.2022-ci ildən başlayaraq, yəni qarantiya müddəti başa çatmamış avadanlıqda nasazlıqlar yaranmışdır. Belə ki, avadanlığı aleksandrit kimi istifadə etmək mümkün olmamış, müştərilərin dərisini yandırmışdır. Qeyd olunan halı birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş X3 da təsdiq etmişdir. Qeyd olunan tarixdə alıcı satıcı MMC-yə aparatın xarab olması ilə bağlı müraciət etmiş, lakin aparat gec, yəni xx.xx.2022-ci ildə təmir edilmiş, xx.xx.2022-ci ildə yenidən xarab olmuş, aparatdakı nasazlıq aradan qaldırılmış, bundan sonra aparat bir neçə dəfə də xarab olmuş, Rəna Məmədovanın müraciətinə əsasən təmir edilmiş, lakin aparat tam şəkildə saz vəziyyətə gətilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1 və 581.2-ci maddələrinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 582.1 və 582.2-ci maddələrinə əsasən, satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Həmin Məcəllənin 583.1-ci maddəsinə əsasən qarantiya müddətinin axımı, əgər alğısatqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. Həmin Məcəllənin 583.2-ci maddəsinə əsasən əgər alıcı müqavilə ilə qarantiya müddəti müəyyənləşdirilmiş əşyadan istifadə etmək imkanından satıcıdan asılı səbəblərə görə məhrum olarsa, qarantiya müddətinin axımı satıcı müvafiq səbəbləri aradan qaldırdıqdan sonra başlanır. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, qarantiya müddəti əşyada aşkar edilmiş qüsurlara görə ondan istifadənin mümkün olmadığı müddət qədər artırılır, bu şərtlə ki, əşyanın qüsurları haqqında satıcıya bu Məcəllənin 595-1-ci maddəsində müəyyənləşdirilmiş qaydada bildiriş verilsin. Həmin Məcəllənin 587.1-ci maddəsinə görə, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını (587.1.1); əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını (587.1.2.); əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini (587.1.3) tələb etsin. Mülki qanunvericiliyin qeyd olunan müddəalarının tələbinə görə, satıcı alıcıya alğısatqı müqaviləsində nəzərdə tutulan keyfiyyətdə əşya verməli, müqavilədə əşyanın keyfiyyəti barədə şərtlər göstərilmədikdə həmin əşyanın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməlidir. Əgər mal üçün əşyanın keyfiyyəti barədə qarantiya müddəti müəyyənləşdirilmişdirsə, əşya həmin müddət ərzində müqavilədə nəzərdə tutulan keyfiyyətə, müqavilədə keyfiyyət barədə şərt göstərilməmişdirsə əşyanın adətən istifadə edildiyi məqsədlərə uyğun olmalıdır. Satıcı tərəfindən lazımi keyfiyyətli olmayan əşyanın verildikdə isə alıcının alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək ixtiyarı vardır. Reklam haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. Yuxarıda istinad olunan qanunvericik normalarından reklam əmtəə istehlakçılarını stimullaşdırmalı, onları aldatmamalı, əgər əşya üçün qarantiya müddəti verilmişdirsə, əşya həmin müddət ərzində keyfiyyətli olmalıdır. Lakin Cavabdeh tərəfindən İddiaçındən alınmış lazer epilyasiya aparatı 8 ay normal işləsə də, həmin vaxtdan sonra, yəni qarantiya müddəti başa çatmamış mal xarab olmuş, dəfələrlə təmir edilməsinə baxmayaraq düzəlməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı tam təmin etməkdə haqlı olmamışdır. İddiaçı Cavabdeh “Wertex 1200 (FG2000D+)” adı ilə satdığı avadanlıq lazımi keyfiyyətli olmadığına görə onun alış qiyməti 9000 (doqquz min) manat həddində azaldılmalıdır. Kollegiya həmin avadanlığın alış qiymətinin ilk iddia üzrə cavabdeh üçün 9000 (doqquz min) manat həddində azaldılmasını həmin avadanlıqda aşkara çıxmış çoxsaylı qüsurlar səbəbindən və istehlakçının bu səbəbdən müştərilərini itirməsi baxımından ədalətli sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-29/2023 nömrəli qətnaməsi qismən-ilkin iddianın tam təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, ilkin iddia qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-29/2023 nömrəli qətnaməsi qismən - 11650 manat məbləğində borc və ödənilmiş 200 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi və ilk iddia üzrə ödənilməli olan 124 manat 95 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İlk iddia qismən təmin edilsin. Cavabdeh 2650 (iki min altı yüz əlli) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçınə verilsin. İlk iddia üzrə ödənilməli olan 46,50 (qırx altı manat 50 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh, 75,45 (yetmiş beş manat 45 qəpik) manat məbləğində dövlət rüsumu İddiaçındən tutularaq dövlət büdcəsinə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar